90 İLİN ASTANASINDA
Respublikada ali təhsillə yanaşı, orta ixtisas kadrlarının yetişdirilməsinə də xüsusi diqqətlə yanaşılır. Bu istiqamətli təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın zənginləşməsi, müasir metodların tətbiqi son illər daha geniş miqyas almaqdadır. Belə təhsil ocaqlarından biri də Şəki Pedaqoji Texnikumudur. 1920-ci ildən əsası qoyulan Şəki Pedaqoji Texnikumu respublikanın ümumtəhsil müəssisələri üçün ixtisaslı müəllim kadrları hazırlanması sahəsində uğurlu fəaliyyət göstərir. Keçmiş SSRİ zamanı - 1987-ci ildən - fəaliyyəti dayandırılmış Texnikum Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1994-cü il tarixli qərarı ilə dövlət statuslu təhsil müəssisəsi kimi bərpa olunmuşdur. Texnikuma uzun illərdir bacarıqlı pedaqoq kimi tanınan Rafiq Şükürov rəhbərlik edir. Direktorla söhbətimiz zamanı o, texnikumun fəaliyyətindən, buradakı yeniliklərdən danışdı:
- Bizim texnikumda tələbələrin həm əyani, həm də qiyabi şöbələrdə təhsil almaq imkanları vardır. Şəki Pedaqoji Texnikumunun məzunları respublikanın əksər bölgələrində çalışır və biz onların həmişə xoş sədasını eşidirik. Məzunlarımız gənc nəslin təlim-tərbiyəsində bilik və bacarıqlarını əsirgəmirlər. Texnikumda 6 ixtisas üzrə orta ixtisas təhsilli müəllim kadrları hazırlanır. İbtidai təhsil üzrə ümumtəhsil məktəbləri, uşaq evləri, internat tipli məktəblərdə, lisey, gimnaziya və ev təhsilində ibtidai sinif müəllimi və tərbiyəçi müəllim; xarici dil (ingilis dili) üzrə ibtidai və əsas təhsil bazasından olan siniflərdə ingilis dili müəllimi, ingilis təmayüllü günüuzadılmış qruplarda tərbiyəçi; fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı üzrə ümumtəhsil məktəblərində orta ixtisas məktəbləri və peşə liseylərində idman müəllimi və hərbi rəhbər, uşaq idman məktəblərində idman müəllimi; əmək təlimi üzrə ümumtəhsil məktəblərində əmək müəllimi, uşaq yaradıcılıq müəssisələrində dərnək rəhbəri; incəsənət fənləri üzrə ibtidai və əsas təhsil pillələrində təsviri incəsənət fənni üzrə müəllim; musiqi təhsili üzrə ümumtəhsil məktəblərinin ibtidai və əsas təhsil pillələrində musiqi və nəğmə dərsləri üzrə müəllim və musiqişünas hazırlanır. Bütün ixtisaslar üzrə həm ödənişsiz, həm də ödənişli təhsil forması mövcuddur.
... Texnikumun geniş maddi-texniki bazası yaradılmış, 40 sinif otağı və fənn kabinəsi, 3 laboratoriya, tədris və təmir emalatxanaları, idman zalı, idman meydançası, atletizm otağı, 215 yerlik akt zalı vardır. Yeni-yeni dərsliklərlə və kitablarla zənginləşdirilmiş 22 min ədəd kitab fondu olan kitabxana, 2 bufet-çayxana və 395 yerlik yataqxana tələbələrin istifadəsindədir.
Nəzəri biliklərin təcrübədə təkmilləşdirilməsi və möhkəmləndirilməsi üçün şəhərin ən qabaqcıl ümumtəhsil məktəbləri və məktəbəqədər tərbiyə müəssisələri baza müəssisələri seçilmiş, onlarla sıx əlaqə yaradılmışdır. Azərbaycan Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzində bir sıra fənlər üzrə laboratoriya və praktik məşğələlər aparmaq imkanı vardır. Texnikumda "Şən və Hazırcavablar Klubu" və qızlardan ibarət rəqs qrupu daimi fəaliyyətdədir. Texnikumda eyni zamanda "Bacarıqlı əllər", "Rəngkar", "Biz ingilis dilini öyrənirik" adlı və digər fənlər üzrə dərnəklər də fəaliyyət göstərir.
M.ƏHMƏDOV
Ədalət.- 2009.- 5 mart.- S. 5.