Ötən ilin uğurları

 

Statistik rəqəmlər bunu sübut edir

 

Ölkəmizin intensiv inkişafı üçün uğurlu hesab olunan ötən il regionlarımıza diqqət bir az da artdı. Bir vaxtlar Azərbaycanın ən böyük taxılçılıq təsərrüfatı olan Cəlilabadda bu sahə yenidən ölkə həyatında öz sözünü demişdir. Cəlilabadda ötən il 152 min tondan çox taxıl istehsal edilmişdir. Taxılçılıqla yanaşı, üzümçülüyün inkişafını diqqətdə saxlayan rayon zəhmətkeşləri ötən il daha 300 hektar ərazidə bağ salmaqla bu rəqəmi 1500 hektara çatdırmışlar. Aqrar bölmənin inkişaf etdirilməsi nəticəsində ötən il rayonda 120 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.  

Cəlilabadda yeni istehsal müəssisələrinin, ticarət, iaşə və məişət obyektlərinin tikilməsi hesabına "Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın yerinə yetirilməsi nəticəsində 2008-ci ildə daha 1620 iş yeri açılmışdır.   

Sakinlərin sosial həyatını yaxşılaşdırmaq məqsədi ilə elektrik enerjisinin fasiləsiz verilməsi üçün onlarla transformator təmir edilmiş, daha 7 yeni transformator əhalinin ixtiyarına verilmişdir. Rabitə xidməti inkişaf etdirilərək müasir tələblərin həddinə çatdırılmışdır. İndi rayon mərkəzi tam elektronlaşmışdır. Qarazəncir, Maşlıq kəndlərində 160, 384, Bayxanlı, Şorbaçı, Bravar, Badamağac kəndlərində isə 32 yerlik elektron ATS quraşdırılmışdır. Rayonda qaz xətlərinin artırılması, bu sahədə təmir işlərinin genişləndirilməsi meşələrə olan ehtiyacı tam dayandırmışdır. Arxada qoyduğumuz ildə təkcə Cəlilabad şəhərinin mərkəzində 4300 metr qaz xətti çəkilərək istifadəyə verilmişdir.   

Mübaliğəsiz demək olar ki, Cəlilabad rayonunda 2008-ci ildə aparılan tikinti abadlıq işlərinə bəlkə respublikanın heç bir yerində rast gəlinməyib. Rayon mərkəzinə yaraşıq verən Maliyyə İdarəsi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, "Respublika" bankının rayon filialı, "Kred - aqro" qeyri-bank kredit təşkilatı üçün inzibati binalar insanların istifadəsi üçün tikilmişdir. Rayonda fəaliyyət göstərən 3 dairə seçki komissiyalarının inzibati binaları, oftomoloji xəstəxana, 4 saylı orta məktəb binası əsaslı təmir olunmuşdur.   

Məktəblərdən söz düşmüşkən qeyd etmək lazımdır ki, Cəlilabad rayonunda da bu sahəyə xüsusi diqqət verilir. Rayonun Günəşli, Xəlilabad, Qarakazımlı kəndlərində müasir tələblərə cavab verən məktəb tikintiləri başa çatıb. Şiləvəngə, Zopun kəndlərində isə 260 şagirdlik məktəb binaları tikilməkdədir.   

Cəlilabadlıların sağlamlığını qorumaq üçün 18 xəstəxana, bir o qədər həkim ambulatoriyası, 46 feldşer-mama məntəqəsi, narkoloji poliklinika inşa edilərək onların ixtiyarına verilmişdir. Səhiyyə xidmətinin hərtərəfli aparılması nəticəsində rayonda uşaq ölümünün göstəricisi respublika səviyyəsindən 4 dəfə aşağıdır.   

Şübhəsiz, bu da xüsusi qeyd edilməlidir ki, ölkənin hər yerində olduğu kimi Cəlilabadda da Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda şəhid əlil olanlara qayğı çox yüksəkdir. Onlara bir sıra maddi mənəvi yardımlarla bərabər 2008-ci ildə 16 mənzilli yaşayış binası verilmişdir. Daha 36 mənzilli bina isə inkişaf etdirilməkdədir. Məcburi köçkünlər yaddan çıxmayıb, onlara bələdiyyə torpaqlarından 430 hektar sahə ayrılmışdır. Müvəqqəti qonaqların 181 nəfəri işlə təmin edilmişdir.   

Ərazisi qonşu İranla kifayət qədər böyük sərhəddə olan Cəlilabad rayonunda ictimai asayişi lazımi səviyyədə qorumaq elə asan deyil. Ötən il rayonda 360 cinayət hadisəsi qeydə alınmışdır ki, bunların 87 faizi polis işçiləri tərəfindən açılmışdır, 316 məhkəməyə göndərilmişdir. Rayonda narkotikaya qarşı aparılan çox kəskin mübarizə nəticəsində 68 cinayət faktı aşkar edilmiş, 86 kiloqramadək narkotik vasitə dövriyyədən çıxarılmışdır. Ölkənin cənubunda yerləşən Cəlilabadda bir sıra siyasi partiyalar, qeyri-hökumət təşkilatları, 96 məscid, 1 xristian yəhudi icması fəaliyyət göstərir. Onlara həssaslıqla yanaşaraq müxtəlif problemlərini aradan qaldırmaq yükü cəlilabadlıların üzərinə düşür.   

7 sentyabr 2008-ci ildə Cəlilabad rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev burdan yüksək təəssüratla ayrılmışdır. O, rayon mərkəzində orijinal tikinti olan Heydər Əliyev muzeyinin, şəhər sakinlərinin təhlükəsizliyinə xidmət edən yeraltı keçidin açılışında iştirak etmişdir. Sonra Prezident Heydər Əliyev seyrəngahı, Zərifə Əliyeva adına şəhər orta məktəbi ilə tanış olmuşdur. Prezident tikintisi davam edən olimpiya-idman kompleksinə müalicə-diaqnostika mərkəzinə baş çəkmişdir. Ölkə başçısı cəlilabadlılarla təəssüratını belə bölüşdürmüşdür. "Mən çox şadam ki, Cəlilabadın simasında biz Azərbaycanda son illər ərzində gedən işlərin nəticələrini görürük. Siz bunu görürsünüz. Siz burada yaşayırsınız, bəlkə bu yaxşı dəyişikliklərə tez öyrəşirsiniz, bu da çox yaxşıdır. Amma mən, misal üçün, keçən il gəlmişdim, ondan əvvəl 2005-ci ildə gəlmişdim hər dəfə gələndə bu dəyişiklikləri görürəm sizinlə bərabər mən buna sevinirəm".  

Qarşıda isə Azərbaycanın tarixində taleyində çox önəmli hadisə olan referendumun keçirilməsi durur. Rayondakı 3 dairə 84 məntəqədəki hazırlıq işləri yüksək səviyyədə aparılmışdır. Rayon sakinləri referendumu da uğurla keçirəcəklərinə əmindirlər. Onlar ölkənin siyasi kursuna həmişə sadiq olublar.

 

 

Səxavət Məmmədli

 

 Ədalət.- 2009.- 5 mart.- S. 5.