İQTİSADİYYAT VƏ
SOSİAL HƏYAT
GƏNCƏ NƏHƏNG
ADDIMLARINI ATIR
Bu gün gündən-günə çiçəklənən ölkəmizin ayrı-ayrı bölgələrində ötən ilə yekun vurulur, görülən işlər nəzərdən keçirilir, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Qədim Gəncə, tarixə şer-sənət yurdu, sənətkarlar məkanı, müstəqil Azərbaycanın ilk paytaxtı kimi düşən və bu gün, sözün əsl mənasında, gündən-günə çiçəklənən, nurlu sabaha doğru nəhəng addımlarını atan ulu diyarda da ötən ilə yekun vurulur, qarşıda duran vəzifələr ölçülüb biçilir. Son illər şəhərdə keçirilən tədbirlər yeni forması, demokratik ruhu ilə yadda qalır. Açıq mikrofonlar, şəhər rəhbərliyi ilə əhalinin qarşılıqlı təması öz bəhrəsini verir. Bu dəfə də yenilik diqqəti cəlb etdi. Fəallar yığıncağından bir neçə gün əvvəl şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun hesabatı şəhər qəzetlərində dərc olundu, ayrı-ayrı kollektivlərdə, fərdi söhbətlərdə müzakirə mövzusuna çevrildi.
Fəallar yığıncağına gələnlər ilk öncə şəhərin inkişafını əks etdirən sənədli filmə tamaşa etdilər. İcra hakimiyyəti başçısının mətbuatda əvvəlcədən dərc edilən hesabatı sənədli filmin görüntüləri ilə həmahəng səsləndi. Hiss olunurdu ki, iştirakçılar məruzəni diqqətlə oxuyub. Görülən işlərlə də monitorda əyani surətdə tanış olublar. Bu baxımdan birbaşa əyani, işgüzar söhbətə başlamaq, əməyə qiymət vermək olar. İclas zalında mikrofonlar quraşdırılmış, hər kəsin öz fikrini sərbəst söyləmək imkanı yaradılmışdır. Hər hansı məsələyə münasibətini bildirmək, suallar vermək, təkliflər irəli sürmək istəyirsən? Buyur! Yığıncaqda əsil demokratiya hökm sürür, tənqid və özünütənqid şəraitində açıq-aydın söhbət gedir.
Gəncə şəhər icra hakimiyyətinin başçısı
cənab Eldar Əzizov əsasən regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının yerinə
yetirilməsi sahəsində
görülən işlərdən,
ötən ilin uğurlarından söhbət
açdı. Göstərdi ki, ümummilli liderimiz, ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulan iqtisadi-siyasi strategiyanı
yeni dövrün tələblərinə uyğun
surətdə davam etdirən və qətiyyətli addımlar
atan ölkə başçısı cənab
İlham Əliyevin diqqət və qayğısı nəticəsində
Gəncə bu gün sürətlə inkişaf edir, gündən-günə böyüyür,
çiçəklənmə dövrünü yaşayır.
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin
bəhrəsi olaraq həyatımızın hər
sahəsində, ilk əvvəl
isə özəl bölmə, qeyri-neft sektoru həmişə dövlətin əsas diqqət mərkəzindədir.
Ölkə başçısı cənab
İlham Əliyev prezidentliyi dövründə
səkkiz dəfə Gəncəyə gəlişi
ilə hər dəfə şəhərin
həyatında, mədəni,
iqtisadi həyatında
yeni uğurların, dəyərli işlərin
təməli qoyulmuşdur. Elə bu diqqət, qayğı və köməyin nəticəsidir
ki, ötən il şəhər üzrə ümumdaxili məhsulun həcmi 339 milyon manat təşkil
etmiş, əvvəlki
ilə nisbətən
artım 23,2 faiz olmuş, iqtisadiyyatın əsasını təşkil
edən sənayedə
davamlı inkişaf təmin olunmuşdur.
Fəalların toplantısında hamı ürəklə çıxış etmək, görülən çoxsaylı işlərə münasibət bildirmək arzusundadır. Budur, iqtisadi inkişaf nazirliyi Gəncə şəhər şöbəsinin müdiri Natiq İmamquliyev, Kəpəz rayon icra hakimiyyətinin başçısı Çingiz Muxtarov, Nizami bələdiyyəsinin sədri Faiq Əhmədov, təhsil idarəsinin müdiri Mahal Əliyev, AKTA-nın professoru Qurban Əliyev, texnologiya universitetinin dosenti Hüseyn Budaqov, xalq artisti Pərvanə Qurbanova və başqaları hesabat dövründə şəhər həyatının bütün sahəsində əldə olunan uğurlardan, sahibkarlığın inkişafından, aztəminatlı ailələrə göstərilən kömək və qayğıdan, əhalinin təbii qaz və elektrik enerjisi ilə fasiləsiz təchizatından, sistemli surətdə görülən abadlıq və quruculuq işlərindən söhbət açdılar. Belə bir cəhət xüsusilə vurğulandı ki, bədxahlarımızın əsassız iddialarına baxmayaraq ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Bunu Gəncənin timsalında daha aydın görmək olar. Şəhərdə müxtəlif və mürəkkəb sənaye sahələri sürətlə inkişaf edir. Son beş ildə 30-dan artıq müəssisə tikilib və ya yenidən qurularaq istifadəyə verilib. Avtomobil və maşınqayırma zavodları, "Gəncə Tekstil", "Gəncə pambıqəyrici" ASC-ləri, "NEON", "ELBA" firmaları, "Fatoğlu" birgə müəssisəsi, "Gəncə şərab-2", "Gəncə qənnadı", "Əlvan metal emalı" səhmdar cəmiyyətləri şəhərin iqtisadi həyatında aparıcı rol oynayır. Özəl bölməyə, eləcə də qeyri-neft sektoruna daimi dövlət qayğısı nəticəsində belə müəssisələrin adı gündən-günə çoxalır. "İlin dörd fəsli" MMC-də asfalt-beton, "Əlvan metal emalı"nda sement, "MFK"də blok kərpic hazırlanır. Mənzil və ofis mebelləri, plastik boru, mərmər hissələr hazırlayan müəssisələrdə öz yerində!
Qədim şəhər bu gün əsil
yüksəliş yolundadır.
Hər sahədə görülən işlərin,
həyata keçirilən
tədbirlərin miqyası
getdikcə artır. Hesabat dövründə Gəncə şəhəri
üzrə iqtisadi və sosial sahənin inkişafına
bütün maliyyə
mənbələri hesabına
84,8 milyon manatlıq kapital qoyuluşu yönəldilmişdir. Bu
da əvvəlki ildəkindən 3,1 dəfə
çoxdur.
Çıxış edənlər ürəkdolusu razılıqla bildirdilər ki, cənab İlham Əliyevin ötən ilin martındakı səfəri zamanı "Daşkəsən filizsaflaşdırma" ASC-nin, polad kompleksinin, "DETAL" alüminium zavodunun təməlqoyma mərasimində iştirak etməsi hər birimizdə qürur hissi oyatdı. Sevindirici haldır ki, bu müəssisələrə kapital qoyuluşunun həcmi 1,2 milyard manatdan çox olacaqdır. Bu müəssisələr işə düşdükdən sonra Gəncədə 2 min nəfərdən çox adam işlə təmin ediləcəkdir. Ölkə başçısı həmin səfər zamanı "Gəncəsənayecihaz" ASC-də aparılan yenidənqurma işləri ilə də maraqlanmış, qaz və su sayğacları istehsal edən sexlərin günün tələblərinə uyğun qurulması üçün tövsiyyə və tapşırıqlar vermişdir. "Gəncəsənayecihaz" ASC-yə dörd milyon AVRO həcmində investiya yönəldilməsi də böyük hadisə kimi qiymətləndirilməlidir.
Gəncədə qeyri-neft sektorunun inkişafına qayğı və diqqətin nəticəsi belədir. Toplantı iştirakçıları avtomobil zavodunun uğurlarını da xüsusi vurğuladılar. Uzun illərin fasiləsindən sonra burada müxtəlif minik və yük avtomobilləri yığılır. Bir qədər əvvəl "OKA" markalı avtomobillər buraxan bu zavodda sonralar "MAZ" markalı yük maşınlarının və "Belarus" tipli traktorların yığımına başlandı. Bu gün Gəncənin bir sıra məhsulları respublikamızın hüdudlarını aşıb. Türkiyə, Ukrayna, Türkmənistan və digər ölkələrə ixrac olunur. Bütün bunların nəticəsidir ki, son illərdə Gəncənin iqtisadi strukturu əsaslı surətdə yeniləşir. Qədim diyar müasir sənaye obyektlərinin mərkəzinə çevrilir. Prezident İlham Əliyevin dediyi kimi: "Son beş il ərzində əksər rayonların iqtisadiyyatı iki dəfədən çox artıbdır. İlk növbədə bunun əsas səbəbi qeyri-neft sektorunun inkişafı olmuşdur. Yəni bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafına son beş il ərzində verilən dəstək və diqqət öz gözəl bəhrəsini verir".
Fəallar yığıncağının iştirakçıları tənqid
və özünütənqid
şəraitində bütün
sahələri ətraflı
təhlil etdi. Gündən-günə
geniş miqyas alan abadlıq
və yenidənqurma işlərindən, küçələrin,
yolların, park və
xiyabanların yeni görkəmindən, əhalinin
artan rifah halından və göstərilən diqqət
və qayğıdan söhbət açdılar.
Toplantıda Prezidentin icra aparatının məsul işçisi Canpolad Musayev iştirak edirdi. Sonda ölkə başçısı
cənab İlham Əliyevə müraciət
qəbul olundu.
***
...Fəallar
yığıncağı sona yetir. Hamı qürur
və iftixar hissi ilə şəhərin baş meydanı olan Heydər Əliyev meydanına çıxır.
Göydələn binalar musiqili
fontanın fonunda daha əzəmətli, daha möhtəşəm
görünür.
Qarşıdan gedən iki ixtiyar qocanın söhbəti məni özünə cəlb edir.
- Müstəqillik
ona görə qiymətlidir ki, qazandığın özünə,
öz ölkənə
qalır... Xeyli vaxt idi ki, Gəncəyə gəlmirdim. Gəldim və
gördüyünüz işə
heyran oldum. Əhsən!..
- Hələ
bu harasıdır... Bir neçə ildən sonra bu qədim
diyar daha abad, daha gözəl
olacaqdır. Gəncə də,
qədirbilən gəncəlilər
də son illər ölkə başçısının
qayğısı nəticəsində
firavan günlərini
yaşayır.
Yaşar NƏBİYEV
Ədalət.- 2009.- 6 mart.- S.5.