YORULMUŞ ATLARI GÜLLƏLƏYİRLƏR...
60-cı illərin məşhur
bir filmi var: "Yorulmuş atları güllələyirlər,
elə deyilmi?". Ceyn Fonda bu filmdə baş rolu
oynayırdı. Qısa məzmununu xatırladım - 30-cu illərin
Amerikası - Böyük Depressiyanın
yıxıb-dağıdan vaxtıdı. Aclıq çəkən,
iş tapa bilməyən bir qrup adam rəqs marafonuna
qatılır. Bu yarışma elə-belə yarışma
deyil, gecə-gündüz meydançada olub rəqs eləməlisən.
Arada bir neçə dəqiqə fasilə verirlər ki, yemək,
su, tualet ehtiyaclarını ödəyəsən. Azacıq
dinclikdən sonra yenə qayıdırsan meydançaya, rəqs
edirsən. Saatlarla, günlərlə, aylarla.
Yarışın sonu görünmür, aradabir
yarışmaçılar sıradan çıxırlar.
Yıxılan kim, ölən kim, dəli olan kim. İşdi əgər
partnyorun yıxılsa, bir neçə saat ərzində sənə
tək oynamağa icazə verirlər. Əgər bu bir
neçə saat ərzində yeni partnyor tapmasan, səni də
yarışmadan çıxarırlar. Hər kəs bir-birinin
yıxılmağını, düşməyini gözləyir.
Hər kəs bir-birinin gözlərinə nifrətlə
baxır. Ətrafda tamaşaçılar oturub seyr edirlər.
Onların öz favoritləri var, mərcə girənlər
var, pul qoyanlar var, lap at yarışmalarındakı kimi.
Finişə çatanları isə deyilənə görə,
böyük mükafat gözləyir. Bu, ölüm-dirim
mübarizəsidi. Sonda aylarla, günlərlə davam edən
marafonun finalçısına deyirlər ki, heç nəyə
ümidli olmasın. Mükafat üçün
ayrılmış pulu onun yeməyinə, geyiminə xərcləyiblər.
Və bu marafon da nə qədər adamın başını
qatmaq üçün bir vasitədi. Finalçı qadın
intihar qərarına gəlir. Özü bu aktı icra edə
bilmədiyindən tərəfmüqabili olan oğlanı onu
öldürməyə məcbur edir.
Bu film Ceyn Fondanın
yaradıcılığında ən parlaq işlərdən
biridir. "Oskar"a təqdim olunsa da, ala bilməyib.
Amerikalıların içində də vicdanlı adamlar var.
Və onlar zaman-zaman kapital dünyasının bəşəriyyətə
gətirdiyi faciələri təsvir edə bilirlər. Filmin
adı isə çox şey deyir - Yorulmuş atları
güllələyirlər. Yadımdadı ki, ilk dəfə
bu filmi seyr edəndə uşaq idim və Böyük
Depressiya sözü ilə tanışlığım bu film
vasitəsilə olmuşdu. Sonra Steynbekin "Qəzəb
salxımları"nı da oxudum. Bu əsər də 30-cu
illərdə yaşanmış iqtisadi, həm də mənəvi
böhrana həsr olunub. Amma nəsə son illər bu filmi
tez-tez xatırlayıram. Özlərini satışa
çıxaranları gördükcə, pula iman gətirənlərin
artdığına baxdıqca, bütün dəyərlərin
itdiyini ürək ağrısı ilə izlədikcə
xatırlayıram. Yəqin ki, günümüzdə baş
verənlər də nə zamansa böyük əsərlərin
mövzusu olacaq.
Uzun müddət 30-cu
illərdə dünyada baş verən iqtisadi
çöküşü Böyük Depressiya
adlandırıblar. İndi nəsə depressiya sözünə
ehtiyatla yanaşırlar. Ancaq böhranla depressiya arasında nə
qədər məsafə var ki?!
... Birinci Dünya
Müharibəsindən sonra Birləşmiş
Ştatların iqtisadiyyatı görünməmiş templərlə
yüksəlməyə başladı. Səbəb isə sadə
idi - müharibə vaxtı bütün dünyanın
varlıları öz qızıl ehtiyatlarını ora
köçürmüşdü. 1913-cü ildən 27-ci ilə
qədər milli gəlir 32 milyarddan 89 milyarda yüksəlmişdi.
Sənayedə, fond və daşınmaz əmlak bazarında əməlli
qalxınma nəzərə çarpırdı.
Torpağın və daşınmaz əmlakın bahalanma
prosesi başlayırdı. Siyasi mübarizə arxa plana
keçmişdi. Ancaq şirkətlərin gəliri
üç dəfə artsa da, sadə insanların qazancı
yerində saymaqda idi. Lakin hər bir halda həyat səviyyəsi
yüksəlirdi. Orta statistik amerikalının evində
maşın, telefon, qramafon yayğın hala gəlir.
Dövriyyədə olan pul kütləsinin sayı durmadan
yüksəlir. Və nəticədə 1921-29-cu illərdə
dövlət büdcəsindəki kəsir artmağa
başlayır. Çünki pulun qızılla tənzimlənməsi
prosesi pozulur. Kağız üzərindəki yalançı
rəqəmlər şişdiyindən (iqtisadçılar
bunun izahını daha yaxşı verə bilərlər, amma
böhran deyilən bu məsələ başlayandan bunu bizə
adam dilində başa salacaq bir söhbət eşitmədim).
29-cu ilin oktyabrında aksiyaların qiyməti kəskin
düşməyə başlayır. Və bir neçə həftə
ərzində Birləşmiş Ştatlar Birinci Dünya
Müharibəsində xərclədiyindən daha ciddi itkilər
verir. Bank sisteminin çöküşü başlanır,
kreditlərin verilməsi dayandırılır, panika içərisində
olan insanlar banklardan pullarını çəkməyə
çalışırlar. Aksiyaların düşməyi təxminən
20-25 milyon insanın maraqlarına toxunur. Ancaq bir məsələ
var ki, böyük əksəriyyət pulunu itirsə də,
kiçik bir qrup bundan yararlana bilir - vaxtında
kağızı qızıla çevirdiyi üçün.
Böyük Depressiya zamanı qiymətlər də kəskin
şəkildə düşür. Və təbii ki, iş
yerləri bağlanır, ticarət əlaqələri zəifləyir
və sonda bütün ümidlər puç olur. Maddi böhran
mənəvi böhrana keçid alır. Bu, depressiya deyilsə,
nədi? Çünki burda yalnız iqtisadi yox, həm də
psixoloji, mental elementlər də mövcuddur. İnsan cəmiyyəti
depressiv çabalarla əlləşərkən intiharlar
dalğası artır, cinayət adi hal alır, lokal
üsyanlar çıxır. Kimsəyə gücü
çatmayanlar özünü öldürür, azacıq
iradəsi olanlar müqavimət göstərməyə
çalışır. İqtisadçıların dediyinə
görə, Böyük Depressiyanın iki vacib xüsusiyyəti
vardı: birincisi, böhran bütün dünyanı əhatə
etmişdi, qlobal idi. Dünyanın qüdrətli dövlətləri,
sənaye və təsərrüfatın bütün sahələri
öz nəsibini almışdı. İkincisi isə sinxron
idi. Yəni Birləşmiş Ştatlar və Almaniyanı dərindən
sarsa da Fransaya ötəri toxunmuş, Böyük
Britaniyanı isə azacıq tərpətmişdi. Mərkəzi
Avropanın, Cənub-Şərqi Avropanın, Asiyanın,
Latın Amerikasının aqrar ölkələrinə isə
tam dağıdıcı təsir etmişdi. Dövlətlər
arasında manevr imkanları azaldığından ticarət və
valyuta savaşları başlayır. 1931-ci ildən 76 ölkə
gömrük rüsumlarını artırır, idxala kvota
qoyulur, südü okeana tökürlər, Braziliya kofesini
asfalt əvəzi yollara döşəyirlər, ocaq
yandırmağa sərf edirlər. Yüksək qiymətləri
saxlamaq üçün. Nəticə isə o olur ki, müxtəlif
ölkələrin iqtisadiyyatı bir-birindən kəskin
aralanır, çəpərlənir və inam yox olur.
1932-ci ildə Franklin
Delano Ruzvelt Amerikada prezident seçkilərində qələbə
qazanır. Nəzərə alsaq ki, 32-ci il Depressiyanın ən
ağır ili kimi qiymətləndirilir, Ruzveltə inamın nə
qədər güclü olduğunu anlamaq olar. Yeni prezident
ölkəyə "yeni kurs" vəd edir. Ayıq və hər
yeniliyə açıq siyasətçi bir çox güzəştlərə
gedə bilir. Sosial-iqtisadi islahatlar aparır, daxili siyasətdə
vacib tədbirlər həyata keçirir. Nəticədə
36-cı il seçkilərində o vaxt mövcud olan 48
ştatın 46-sı Ruzveltə səs verir. Bundan sonrakı
40 və 44-cü il seçkilərində də Ruzvelt
prezident seçilir, yəni dörd dəfə. Amerika tarixində
unikal hadisədi. Yalnız Ruzveltin ölümündən sonra
Amerikada iki müddətə prezident seçilmək
haqqında qanun qəbul olunur. Təbii ki, hər kəs, hər
prezident Ruzvelt ola bilməz. Parlaq natiq olan bu şəxs xalqa
apardığı dövlət siyasətinin, iqtisadi
islahatların məzmununu açmaqdan çəkinmirdi.
Mütəmadi olaraq radio ilə xalqa müraciət edirdi və
sonralar bu çıxışları "buxarı ətrafı
radio söhbətləri" adlandırdılar. Fiziki
çatışmazlığı ona səfərə
çıxmağa imkan verməsə də, Ruzveltin xalq
içərisində nüfuzu çox böyük idi. Deyək
ki, Böyük Depressiya Amerikada Ruzvelti hakimiyyətə gətirdi.
Amma Avropada Hitler, Mussolini, Franko yetişdi. SSRİ-də isə
hakimi-mütləq Stalin idi. Böyük böhranlar
böyük müharibələr doğurur, böyük dəyişmələr
doğurur. Böhranlar həm ölkə daxilində, həm də
beynəlxalq münasibətlərdə gərginlik yaradır.
Böyük Depressiyanın ardından İkinci Dünya
Müharibəsi gəldi. Savaş nəticəsində isə
dünya yenidən bölündü. İki düşmən
koalisiya yarandı. Özü də elə düşünməyək
ki, belə terminlər yalnız yeni tarixə aiddir.
... Hələ Roma
İmperiyasının qüdrətli dövründə
müstəmləkələrdən axıb gələn
var-dövlət Roma pulunun inflyasiyasına səbəb
olmuşdu. Və bu barədə tarixdə Siseronun Senatdakı
məşhur nitqi məlumdur. Siseron böhranın səbəbini
ucqarlarda axtarır və daha çox vassalları ittiham edir. Təbii
ki, o zamankı zənginlik də harınlıq
yaratmışdı. O dövr Roma əxlaqı haqqında
oxuduqlarımız nəsə bir təsəvvür verə
bilər. Böhran Roma cəmiyyətinin bütün təbəqələrini
əhatə etmişdi. Nəticə nə oldu? Antik
dünyanın süqutu, yeni eraya keçid, yeni əxlaqın
bərqərar olması, yeni dünyanın
(xristianlığın) yaranması.
Orta çağlarda isə
Avropa inflyasiya ilə XVI əsrdə tanış olur. Eyni səbəblərdən
- müstəmləkələr artdığından,
ucqarlardan mərkəzə qızıl axdığından, həyat
bahalılığından, qiymət artımından. Həmin
dövrü dəyərləndirən tarixçilərin
sözünə görə, "İspaniyanı var-yoxdan
çıxaran onun zənginliyi idi". Bəzi tarixçilər
isə bunu əhali artımı ilə əlaqələndirirlər.
Kəndlilər böyük şəhərlərə üz
tuturlar, əmək haqqı qiymət artımından geri
qalır, böyük bir dilənçilər ordusu
yaranır, iri torpaq sahibləri maksimal gəlir əldə etməyə
çalışır, hökumətlər isə vergiləri
artırmaqda davam edirlər. XVII əsrin ortalarına qədər
eyni proseslər davam edir. Kapitalizmə keçid
üçün münbit şərait yaranır. Kilsə
Reformasiya ideyalarını təbliğ edir və artıq sələmçiliyə
günah kimi baxılmır. İnkişaf bütün sahələrdə
özünü göstərir, hətta hərbdə də.
Nizami ordu hissələri yaradılır. Yeniliklər bir-birini
əvəz edir və nəhayət, "Milli dövlət"
anlayışı meydana gəlir. Hakimiyyət, qanun, güc,
azadlıq haqqında əsərlər yaranır. Makiavellinin əsrarəngiz
obrazı bu günə qədər insanları cəzb edir. Mənə
görə, Makiavellinin dediyi "Roma kilsəsinə yaxınlaşdıqca
insanlar dindən bir o qədər uzaqlaşırlar" ifadəsi
hər zaman aktualdı. Bu aforizmi hər sahəyə tətbiq
eləmək olar.
... Mən bu gün nə
qədər xatırlatmalar elədim. Yəqin ki, izlədiyiniz
bu proseslərin içərisində öz həyatınıza
tanış gələn nə qədər epizodlar
gördüz. Yəni hər zaman eyni proseslər gedir.
İnsanlar varlanırlar, zənginləşirlər, sonra
harınlayırlar, bütün dəyərləri, prinsipləri
unudurlar, Allahsız olurlar. Sonra böhran başlayır - maddi,
mənəvi. İntiharlar, cinayətlər, müharibələr.
Bir azacıq özlərinə gəlirlər, sakitlik
yaranır, yeni dövrə keçid alırlar. Xronoloji
ardıcıllıqla baxsaq, tarixə məlum olan ilk
böhrandan sonra yeni ideologiya - xristianlıq gəldi. Orta əsrlərdəki
böhrandan sonra protestantizm və kapitalizm bərqərar oldu.
XX əsrin 30-cu illərində nasizm, kommunizm ideyaları tətbiq
olunmağa başladı və dünya sosialist və kapitalist
düşərgələrinə bölündü. XXI əsrin
başlanğıcında bizi nə gözləyir? Yaşaya
bilsək, görəcəyik.
... O filmi heç unuda
bilmirəm, Sidni Pollakın məşhur filmini:
"Yorulmuş atları güllələyirlər, elə
deyilmi?". Amerikalı olanda nə olar? Orda da vicdanlı
adamlar yox deyil. Bu film Ceyn Fondanın şəxsiyyət kimi
formalaşmasına güclü təsir etmişdi.
"Oskar"a təqdim olunan filmə mükafat verməmişdilər
(ola bilər siyasi-ideoloji çalarlarına görə).
Solçu qruplara qoşulan aktrisa sonradan müharibə əleyhinə
bütün kampaniyaların iştirakçısına
çevrilmişdi.
Yorulmuş atları
güllələyirlər... Marafon hələ sona
çatmayıb, möhkəm olun!
İradə TUNCAY
Ədalət.- 2009.- 14 mart.- S. 6.