ÇİÇƏKLƏNƏN
MİNGƏÇEVİR
Hələ Sovet dönəminin dillər əzbəri olan bir şer vardı və o şerin bir misrası - "Cənnət görmək istəyən Azərbaycana gəlsin!"- misrası hələ Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə də hər kəsin diqqətini çəkirdi. Sanki bu misralar Azərbaycanın təkcə gözəlliklərindən deyil, həm də onun özünəməxsus özəlliklərindən xəbər verirdi. Bu gün müstəqil Azərbaycanda da həmin o gözəlliklərin yeni ahəngini, yeni çalarını Ulu Öndərin siyasi-iqtisadi kursunu davam etdirən Azərbaycan prezidenti İlham Əliyev bölgələrdə, o cümlədən Mingəçevirdə də gerçəkliyə çeviribdir.
Ömrünün qalan hissəsini xalqın azadlığına, xoşbəxt və firavan gələcəyinə həsr etmək amalı ilə yaşayan və bu məqsədlə yenidən böyük siyasətə qayıdan Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu sosial və iqtisadi kürs bu gün ölkə rəhbəri, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla aparılmaqdadır. Məhz İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət nəticəsində son 5 il ərzində Azərbaycan beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirmiş, dövlət quruculuğu prosesi sürətlənmiş, Azərbaycanda uğurlu sosial və iqtisadi islahatlar aparılmışdır. Bu gün dövlət siyasətinin əsas təməli - Azərbaycanın möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasıdır.
2003-cü ildən etibarən Azərbaycanda uğurlu iqtisadi islahatlar aparılır. Bu məqsədlə yeni iqtisadi proqramlar qəbul edilmiş və onun icrasına başlanmışdır. Bu istiqamətdə 2003-2008-ci il Regionların Sosial, İqtisadi İnkişaf Proqramı tam həcmlə həyata keçirilmişdir. İqtisadiyyatın diversifikasiyası nəticəsində son 5 ildə Azərbaycanda qeyri-neft sektorunun inkişafında böyük uğurlar qazanılmış və bunun nəticəsi olaraq, Azərbaycanın bütün bölgələrində, rayon və şəhərlərində yeni zavodlar, fabriklər, ictimai-iaşə obyektləri, yeni iş yerləri açılmışdır ki, bu da insanların sosial həyatında köklü dəyişikliklərə səbəb olmuşdur.
Fəxrlə söyləmək olar ki, bu gün Azərbaycanın nəinki rayon və şəhərləri, hətta ən ucqar kəndləri belə abadlaşır, gözəlləşir, müasir standartlara cavab verən yeni yollar salınır, hətta Sovetlər İttifaqında əhalinin ən böyük problemi olan işıq və qaz problemləri qısa bir vaxt ərzində həll edilmişdir. Hər zaman öz gözəlliyi, təmizliyi, insanların gülərüz münasibətilə turistlərin diqqətini cəlb edən Mingəçevir artıq öz keçmiş nüfuzunu qaytarmaqdadır. Prezident İlham Əliyevin hər zaman diqqətində olan energetika şəhərinin inkişafında artıq yeni mərhələ başlamışdır. Bunun bariz nümunəsi kimi bu günlərdə Mingəçevirdə səfərdə olan prezident İlham Əliyev şəhərdə aparılan abadlıq-quruculuq işlərini çox müsbət qiymətləndirmişdir.
Prezident İlham Əliyev Mingəçevirdə Heydər Əliyev muzeyinin "KÜR" elektron avadanlıqları zavodunun "İZOLİT" ASC-nin, Kür çayının sahilində tikilən müasir 4 ulduzlu "River Side" otelinin açılışında olmuş, "İnterenerji" MMC-nin fəaliyyəti, "KÜR" Olimpiya tədris-idman mərkəzinin tikintisi ilə yaxından tanış olmuş və öz tövsiyələrini vermişdir.
2003-2008-ci illərdə
Mingəçevir şəhəri
daha da inkişaf
etmiş, şəhərdə
191 müəssisə yaradılmış,
7215 yeni iş yerləri açılmışdır.
Təhsil və səhiyyənin
inkişafı daim diqqət mərkəzində
olmuş, şəhərdə
yeni məktəb və xəstəxana binaları tikilmiş və əsaslı təmir olunmuşdur.
Uzun illərdir
Azərbaycanı nura qərq edən, bu yaxınlarda 60 illiyini qeyd edən
gözəl Mingəçevirimiz
gələcəyə inamla
addımlayır, şəhər
rəhbərliyi, sadə
vətəndaşlar Müasir
Azərbaycanın banisi
Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini əziz tutaraq, onun siyasətini
uğurla aparan möhtərəm prezidentimiz
İlham Əliyevin ətrafında sıx birləşərək onun
fəaliyyətini tam dəstəkləməkdədir.
Zamiq Şükürov
Ədalət.- 2009.- 14 mart.- S. 7.