ANAR: - GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN TƏRƏFLƏRİYLƏ

 

(ESSEVARİ YAZI)

 

KƏRAMƏT

    

   "Əslində, həyat insanın necə yaşadığı deyil, onu necə xatırladığı və başqalarına anlatmaq məharətidir".

  

   (Q.Q.Markesin   

   "Anlatmaq üçün   

   yaşamaq" romanından)

      

    ***

Anarın bütün əsərlərində bir Obraz var və bu obraza yazıçı müxtəlif rakurslardan baxır, fərqli yönlərdən yanaşır, bu obrazı müxtəlif obrazlarla süsləyir. Həmin obraz 60-cı, 70-ci, 80-ci, 90-cı, 2000-ci illərdə də Anar imzasıyla təqdim olunan irili-xırdalı Yazıların hamısında boyaboy görünür və ciddi-cəhdlə özünü nişan verir, bizsə onda tamamilə ayrı şeyləri axtarırıq, hər birimizin öz baxış yeri var axı. Biz görmək istədiyimizi yox, bizə göstəriləni görəndə Əlahəzrət Həqiqətə qapı açırıq.   

Anarın bizə göstərmək istədiyi və bizim israrla görmək istəmədiyimiz həmin Obrazın adı ZAMAN-dır; heç vədə solmayan obraz.

    

   ***

Xeyli vaxtdı ki, sürətli bir gurultuyla hara getdiyi bilinməyən dünyanın toz-dumanı içində zaman məkanlaşmır, yəni bu və ya digər şəkildə özünüifadəyə, heç olmasa, özünüizaha da macal tapmır. Sonucu haqqında heç də nikbin notlar eşitmədiyimiz yaşadığımız dönəmdə bu məhkum dünyaya son söz belə verilmir. Bəlkə elə bütün zamanlarda bu gözəlim dünya sonu bəlli olmayan bir yerə tələsib, insan oğlunun içinə doluban onu da ora-bura qovub, tələsdirib, sadəcə, onun yaxasından tutub saxlayan gərəkir həmişə. Müqəddəs kitablar da, tarixi abidələr də, ayinlər, əsərlər də bu üzdən yaranmağa ehtiyacın sonucudu, məncə. Yoxsa "Hanı gördüyüm bəy ərənlər, dünya mənim deyənlər" (Kitabi-Dədə Qorqud), "Kimi kim bivəfa dünyada gördüm bivəfa gördüm" (Füzuli), "Dünya duracaq yer deyil, ey can, səfər eylə" (Nəsimi) deyilməzdi, "Macal"ın (Anar) yazılmasına macal da tapılmazdı: Doğrudan doğruya "Vaxtım olsaydı, özümlə görüşərdim" ("Macal"dan).  

   Özüm öz yadımdan çıxmışam. Güzgüyə baxanda belə özümə yad gəlirəm.

    

   ***

Mənim ömür yaddaşımda folklorlaşan, sərt bir sarkazmla məna-məzmun qazanan, alt qatı olan, hırıltıdan uzaq "Özümü öldürsəm, məni tutmazlar ki?" açıq qalan sualı ancaq ədəbi ictimaiyyətin tanıdığı Vidadi Məmmədovda "Bir əməlli-başlı səbəb də yoxdu ki,intihar eləyəsən" şəklində cavablanacaq, 15 il bundan öncənin bu gənc şairi də

     

Yaşamağa həvəs yox,  

Ölməyə də bəhanə,-  

yazacaqdı.

  

   ***

Zamanı Məkana, torpağı Vətənə çevirən tarixi şəxsiyyətlər vazkeçilməz simalardı, burası müzakirə mövzusu deyil, hal-həlbət belədir. Elə bu səbəbdən də zaman məkanlaşmayanda zamanı məkanlaşdıranların ətəyindən tuturuq həmişə. Gözlə görülməyən, ələ gəlməyən Zaman da hər ötüb keçən başılovlu illərlə, hər kişinin əliylə məkanlaşmır ki...  

Anar öz əsərlərində Vaxtın şəklini çəkib, onun əsas cizgiləri üzərində bədii gəzişmələr aparıb, onu tutub saxlayıb, onu məkanlaşdırıb. Biz bu əsərlərin qapısını açınca zamanın müəyyənləşən coğrafi ərazisinə daxil oluruq, hərfi mənada bir korun barmaqları İçərişəhərin divarlarına toxunurmuş kimi ona toxunuruq ("Gürcü familiyası" hekayəsinin "Gün keçdi"filminə transferində Vaxta, Tarixə əlinlə toxunursan), vaxtın nəfəsi üzümüzə dəyir, onunla üz-üzə, göz-gözə, diz-dizə oturub hal-əhval tuta, dərdləşə bilirik. Bu dünyada özümüzə yer tapmayanda şələ-küləmizi yığıb həmin bədi-coğrafi irreal olduğu qədər gerçək məkana köçə bilirik. "Mühacir" poemasında yazmışdım: "Kor olub korların barmaqları, Oxuya bilmir daş kitabələri, Ən qədim hərfləri-insan üzünü".

  

   ***

Yazılan əsərlərdən başqa heç nə, heç kəs Yazıçı ömrünə Şəhadət verə bilməz. Bu yanaşmamı hər bir yaradıcı kəs üçün keçərli sayıram.  

 Bir ölkənin işğalı onun fikir sahiblərinin, aydınlarının, öndə gedənlərinin əqlinin, ruhunun işğalından başlar. Öncə sərhədçilər döyüşə girir. Belə fikir sahibləri hər məmləkətdə, hər zaman çox azdı, çox az. Düşünməyə dəyər... Ona görə də coğrafi ərazinin işğalı şərt deyil,ona görə müasr işğalçılıqda tarixin, mədəniyyətin, ədəbiyyatın, bir sözlə, gələnəklərin-mənəvi dəyərlərin işğalı "aktuallıq" qazanıb və ...Anara (bütün dünyadakı dəyər daşıyıcılarına) bəslənən posmodern "məhəbbəti" də elə bu kontekstdə masaya oturtmaq bizə məsələnin kökünü göstərər. Adına qloballaşma deyilən gedişatda tarixi şəxsiyyətlərə, abidələrə, dini, milli-mədəni dəyərlərə qarşı, elə bil ki, bir səlib yürüşü var.  

Alınıb-satılmayan nə varsa "bombardman" edilir.

    

   ***

Anarın obrazları yaşadığımız vaxtın əqrəbləridi, onlara baxınca hansı zəmanədə yaşadığımızın fərqinə varırıq.

  

   ***

"Ağ qoç,Qara qoç" bir çox yönləriylə bərabər bizi, həm də zonalara ayrılan vaxtla, müxtəlif düşərgələrdə yaşamağa məhkum edilən ömrümüzlə üz-üzə dayanmağa məcbur edir, özümüzlə üzbəsurət gəlincə ürpənirik.  

"Əzan səsi zonanın hər tərəfinə yayılırdı.  

Zona! Məlik ürəyində nəfəskəsici bir ağrı duydu-onun doğulduğu, boya-başa çatdığı, oxuduğu, işlədiyi, sevib-sevildiyi, ailə qurduğu, oğul-uşaq sahibi olduğu şəhər indi Zona idi. Daha doğrusu, Zonalar. Ən dəqiqi - Üç Zona. Üç Zonaya bölünmüşdü onun Bakısı.  

Dünya bu üç siyasi quruluşa malik olan hissələri məhz elə-belə, Zona adlandırsa da, xarici kütləvi informasiya vasitələri imkan tapanda və xəsis məlumatlar alanda Birinci Zona, İkinci Zona, Üçüncü Zona istilahlarını işlətsələr də bu bölgələrin rəsmi adları da vardı - Birinci Zona - Behişti Badi-Kubə,İkinci Zona - Bakı Kommunası, Üçüncü Zona - BAKU SİTİ adlanırdı."  

 Elə bilirəm ki,bu məqamda vaxtın əlində çırpınıram və nöqtələr qoyub bir azca ara verirəm... Əli Kərim demişkən: "Daha heç nə demirəm, Nöqtə, nöqtə və nöqtə...".

  

   ***

Anarı nağıla aparan və qaytaran səbəblər üzərində fikrən gəzişirəm və bic-bic gülümsəyirəm, saata baxıram, gecə saat 01:30-u göstərir (heç saata baxmağın yeridi?)  

"Yaxşı padşahın nağılı" xatırlayıram. "Beşmərtəbəli evin altıncı mərtəbəsi"nin kodu "Ağ liman"dadı, "Ağ qoç, Qara qoç"un kodu isə "Yaxşı padşahın nağılı"ndadı... Əlbəttə, "Mənim fikrimcə". (Rəsul Rza).

  

   ***

Dünyanın harasında, tarixin hansı dönəmində yaşamasına baxmayaraq, O-ların, seçilənlərin arasındakı rabitə yaranışın əvvəlinin və sonrasının işidi, bizim balaca qafamızın dərki xaricindədi. Bu ulduz keçidlərindən ancaq bu yolu intixab eləyənlər keçə bilər, özünə vaxt-məkan dayanacağı yarada bilər. 

Məsələyə bu səmtdən yanaşanda anlaşılmazlıq bir balaca aradan qalxır. Bu mənada yazıçı Anar mənim həsbi-hal etdiyim müasir, həm də tarixi şəxsiyyətdir.

  

   ***

Anarın lideri olduğu 60-cı illər ədəbiyyatını sovet ədəbiyyatı kimi xarakterizə eləmək sənət kateqoriyası kimi metodoloji cəhətdən yanlışdır. Belə yanaşmanın özü siyasi-ideoloji yanaşmanın təzahürüdür, bədii-mədəni hadisəni müəyyən rejimin "təkərciyi və vintciyi" kimi yozum elmi-filoloji araşdırmadan uzaq bir zehniyyətdən qidalanır. Böyük Sənət bioloji yaşam çərçivəsinə sığmaz, statistik və xronoloji yanaşma tərzi ƏSƏRİN GƏLDİYİ-GETDİYİ ünvanı bizə göstərmək qüdrətində deyil. Bunu kəskinliklə söyləyirəm.

  

   ***

Azadlıq veriləndə belə hamı özgür olmur ki... Bir rejimin iş icraçılığı başqa bir rejimin iş icraçılığıyla sığortalana bilməz. Bu mənada Anar azad yazıçıdı. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" cəmiyyətin yazılan və yazılmayan qanunlarının, buxovlarının Təhminə faciəsinə elegiyadır. Zaurun Təhminəyə yetməsi fiziki hadisədi, Təhminə insan azadlığını təmsil edir və əslində Zaur özü-özüylə mübarizə aparır, bu mübarizədə məğlub olur, heç zaman ona çatmır. Məncə, əsər belə bir müstəvi üzərində təhlil olunmalıdır. Əsəri bir melodrama kimi yozum "Leyli və Məcnun"a sevgi poeması kimi yanaşmağa bərabərdir. Müsahibələrinin birində Anar bu məsələyə işarə vurmuşdu. Romanın ekran həllində ictimai məzmun arxa plandadı, deyərdim ki, hətta görünməz şəkildədi. "Təhminə və Zaur" filminin "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanından zəif alınması fikrini irəli sürənlərlə razılaşmada göstərilən amil mühüm rol oynayır.

  

   ***

Altmışıncı illərdə Anarı antisovetizmdə ittiham eləyən gerizəkalılar, ölkəmiz müstəqillik qazanandan sonra onu sovet yazıçılığında suçlamağa başladı, təkcə imzalar dəyişdi. Yüngülvari bir araşdırma sizlərə acı bir gülüş bəxş edər.

  

   ***

Anar haqqındakı qeydlərdə bəzən belə bir müşahidəylə qarşılaşırıq ki, yaratdığı obrazların hər birində onun xarakterindən nəsə var. Məncə, Anar yaratdığı obrazlarla öz arasında yazıçı məsafəsi saxlamaq qüdrətindədi, obrazlarının həyatına müdaxilə etmir. Hətta təhkiyələrində də,belə demək mümkünsə, tərəfsizdir. Yazıçı hüququnu və Ədalətini qoruyur. Hər bir Yazıçının Böyüklüyünü şərtləndirən amillərdən ən önəmlisi onun həyat hadisəsınə tərəfsiz yanaşmasıdır.

  

   ***

Anarın ədəbiyyatımızda, bütövlükdə götürdükdə mədəniyyətimizdə gördüyü işin siqlətini ancaq Üzeyir Hacıbəylinin xidmətiylə müqayisə eləmək mümkündür. Mədəni həyatımızdakı boşluqlar (konkret zaman kəsimində) məhz Anarın qələmiylə doldurulub, həmin sahə onun adıyla təmsil olunub.  

Mənə elə gəlir ki, bizlər mənəvi sərvətlərimizə yiyələnə bilməyəndə ona qənim kəsilirik, qısqanclıq və paxıllıqla yanaşı, ən yaxşı halda onu görməzdən gəlməklə nadancasına öyünürük. Tarix təkcə yaradanları, qurucuları deyil, küfr eləyənləri, yıxıcıları da yadında saxlayır, ancaq qarşısında mənfi işarəsi olmaqla.

     

    ***

Fərdi müstəvidə vaxtla mübahisəsi yoxdu və qıraqdan baxanda onun vaxta minnətdar olduğunu düşünənlər də yox deyil. Yəni Anarın (və ümumiyyətlə, yazıçının)taleyi ictimailəşmişdir, bir az bəsit şəkildə desək, O, öz taleyini yaşamır, Cəmiyyətin, İnsanın taleyini yaşayır. O, bu enerjiylə, bu missiyayla yüklənmişdir. Buna görə cəmiyyətimizdə ən nüfuzlu yazışıdır, bu Nüfuza qarşı mübarizə isə qabaqcadan məğlubiyyətə məhkumdur. Əlbəttə, heç nə qızıl sinidə ona verilməyib, bu nüfuz vətəndaşlıq mövqeyi, klassik ziyalı əxlaqı, davranışı, əsli-köküylə qazanılıb.  

Şablon səslənsə də dəyərli fikirləri səsləndirməkdə fayda var; torpaq fiziki varlığıyla, yeraltı, yerüstü maddi sərvətləriylə,bazarlıqlarıyla Vətən olmur, "imzasını imzalar içində" təsdiqləyə bilmir, torpağı Vətənləşdirən onun mənəvi sərvətləridir, qeyd-şərtsiz! Bu məqamda Anarın adını vurğulamağı belə yersiz sayıram.

     

    ***

"Həyatım ağrıyır" - bu ağrılı söz birləşməsi Ənvər Məmmədxanlıya məxsusdu, Anarın xatirələrindən yadımda qalıb. Niyə bu ifadəni bir də yada saldım? Bu ağırlıqda bir ifadə işlətdi Anar. On dörd mart O-nun doğum günüdü, təsadüfən bildim və bir yazı yazdım, bax, onda Anar elə-belə də dedi: "Bu gün həm də Babəkin qətliam günüdü, Kəramət, görəsən, Babəkin qətlində məni günahkar saymırlar ki?"  

Gülümsəmək istədim, guya ki zarafat eləyirdi, amma bu boyda ağrı-acıda zarafat olar? Sözün ağrısı və ağırlığı məni gülümsəməyə qoymadı... İndicə anlayıram, sözsüz ki, bu, belədir; Anar haqqındakı bu yazının ərsəyə gəlməsində "Görəsən, Babəkin qətliamında məni ittiham eləmirlər ki?"nin əvəzsiz xidmətləri var.  

Həm də Anardan danışa-danışa bir az da özümdən yazdım - bunu da halallıq xatirinə deyirəm.   

 

 

   (ixtisarla)

 

Ədalət.- 2009.- 14 mart.- S. 18.