""ÇADIR, ÇADIR RƏNGLƏRİ""

 

... Bu günlərdə şəxsiyyətinə qələminə böyük sayğı ilə yanaşdığım Mətləb Misir redaksiyamıza gəlmişdi... Sözarası dedi ki, may ayında 70 yaşım tamam olacaq. Doğrusu, onun bu sözünə içimdə inanmadım. Çünki mən Mətləb Misiri tanıdığım gündən indiyə qədər onun xarici görkəmində elə bir ciddi dəyişikliklər hiss etməmişəm. Sadəcə, gözlərindəki yorğunluq hərdən məni təsirləndirmişdi. Bunun da onun yaşından daha çox, yaşadığı qaçqın taleyi ilə bağlı olduğunu düşünmüşdüm. Fikirləşmişdim ki, həssas, səmimi söz adamı olan Mətləb Misir yəqin ki, zamanın sərt sınaqları ilə üz-üzə qaldığından gözləri yorulub. bir ona görə yorulub ki, bu gözlər hələ gecəgözlü kəndinin yollarını arayıb axtarır. Gizli, xəyali o yolları, o yerləri gəzib qayıdır. Həqiqətən zülüm işdi elinin-obanın pərən-pərən düşməsi. Doğulduğun yurd-yuvaya həsrət qalmaq. Bunlar mənim üçün yaşanan ağrı-acı olduğundan mən Mətləb Misirdə ancaq bunları görüb, hiss edib duymuşdum. Sən demə, illər öz sözünü deyirmiş. ilk dəfə 1972-ci ildə "Araz" qəzetinin redaksiyasında "Ərgünəş" ədəbi birliyində üzbəüz tanıdığım ilk canlı şair olan Mətləb Misir, sən demə, gəlib 70-ə çatıbdı.   

Mətləb Misirlə redaksiyamızdakı görüşün sonunda o mənə özünün "Çadır, Çadır rəngləri" şerlər kitabını bağışladı. Qələminə, nəfəsinə yaxşı bələd olduğum Mətləb müəllimin bu kitabı bir neçə fəsildən, qəzəllər poemalardan ibarətdir. Hər bir şerdə, hər bir misrada özünü, düşündüklərini diqqətə çatdıran şair yazır:

    

   Bu gün qəmli oldu,  

   İncidin öz günündən.  

   Ömür keçdi, qəm qaldı,  

   Həsrətli üzgünündən.

     

   Günlərin qara gəldi,

   Qarabaqara gəldi,  

   Ümid müdarə gəldi,  

   Qəmə taraz günündən...

    

   ... Mətləb Misir qocaldı,  

   Qəmli gündən öc aldı.   

   Ümidiylə ucaldı  

   Bir qəmli söz günündən.

     

   Elə bu şerlərin ardınca da sıralanan növbəti misraların birində Mətləb Misir yazır ki:

     

   Nanə yarpağı tək əsir,  

   Qisas gününə tələsir...  

   Qəm içində Mətləb Misir   

   - Kövrək ağrıdı, ağrıdı...

 

Ümumiyyətlə, Mətləb Misirin istər sərbəst, istər ənənəvi poeziya janrında yazdığı şerlərin hər birinin arxasında özünəməxsusluğu dayanır. Şair fikirlərini öz dünyasında boya-başa çatdırıb sonra kağıza köçürür. Ona görə bu şerlər adama müəllifin özü qədər tanış gəlir. Hiss edirsən ki, oxuduğun şerlər səninlə müəllifi kimi həmsöhbət olur. Mətləb Misir yazır ki:

    

   ... Sevgi dolu bir ürəyəm,  

   Bir az kəmşirin, kövrəyəm.  

   Qoy yerisin üstümə qəm,  

   Görsünlər ki, aşdı-daşdı.

 

Kitabdakı poemaların hər biri öz mövzusuna görə zamanla, xalqın, millətin ağrı-acıları ilə səsləşir. İstər "Didərginlər", istər "Şəhidlər", istərsə "Oğul gəzər analar" poemaları özü-özlüyündə sanki bir zəncirvari düzülüşdü. Çünki bu poemalarda mövzu yenə təkrar xatırladım ki, vətəndi, onun ağrı-acısını çəkən insanlarıdı, qaçqınlarıdı, bir sözlə, Azərbaycan vətəndaşlarıdı. Mətləb Misir öz qələmiylə Azərbaycan insanının həyatını, daha doğrusu, bu həyatın rənglərini vərəqlərə köçürüb. Biz o rənglərin fərqli çalarlarından bir oxucu kimi bəhrələnirik.  

Son olaraq onu da deyim ki, 70 yaşını haqlayan Mətləb Misirin "Çadır şerləri" bölümündəki şerlərin hər birində onun öz yaşantıları, özünün tanıdıqları, hətta soyköklərinə bələd olduğu insanların dünyası qələmə alınıbdır. Bu, yaşanmış bir ömürdü. mən Mətləb Misirə öz növbəmdə bu günədək yaşadığı ağrı-acıları sözə çevirməkdə bundan sonrakı xoş günlərini nəğmə ruhunda kökləməyi arzu edirəm. İstəyirəm ki, şair Mətləb Misirin növbəti kitabları çadırlardan, çadır dünyasından yox, onun xatirələrindən bir ümidli sabahlardan bəhs eləsin.

  

  

ƏBÜLFƏT

 

Ədalət.- 2009.- 14 mart.- S. 19.