Bir Vəli, bir Vəli

 

Adının önünə dərviş sözünü qazanmış şairin son kitabı haqqında kaç kəlmə

 

Şair Vəli Xramçaylının son kitabı haqqında çoxdan planlaşdırdığım yazını kağıza köçürməyə nəhayət ki, macal tapa bildim. Əslində "Şairin kitabı"nda toplanan şeirlər barəsində ölkənin tanınmış söz xiridarlarından ünlü fikirlər gözləməkdəydim. Bəziləri yazdı, bəzilərisə, belə deyək, ən azı paxıllıqdan özlərini kar kor olmağa qoydular... Çünki Azərbaycan poeziyasında bir şair kimi Vəli Xramçaylının yetərincə çəkiyə malik olduğunu kimlərəsə sübut etməyə ehtiyac yox: 

  

   ...Yükü yükdü duz daşınnan.  

   Bir gün keçər öz başınnan.  

   Öz içində göz yaşınnan  

   Göldü bir Vəli, bir Vəli.

    

Zənnimcə, poeziyaya az-çox bələd olanlara təkcə bu bənd yuxarıda söylədiklərimdə haqlı olduğuma şübhə yeri qoymur.

Bir vaxtlar - ötən əsrin 30-cu illərində millətin qaymağı olan ziyalıları Sibirə sürgün edərdilər. Tale elə gətirdi ki, Vəli Xramçaylı Sibirdən Azərbaycana qayıtdı, sözün əsil mənasında. Bilməyənlər üçün kiçik bir açıqlama. Vəli Xramçaylı ötən əsrin ikinci yarısında Sibirdə doğulub. Bir vaxtlar Azərbaycandan sürgün edilən ziyalı ailəsində... Bəlkə elə buna görədir ki. Vəlinin şeirlərindən kədərin dibi görünmür. başlıcası budur ki, həmin şeirlərdən boy göstərən kədərdə sızıltı, ağlaşma yox, dünyanın gərdişinə bir təpinmə var. Bu barədə bir qədər sonra...  

Söhbət poeziyadan gedirsə, öncə bu əsrarəngiz duyğular üzərində yüngülvari bir gəzişməyə ehtiyac yaranır. Nədir poeziya, şeir?! Min illərdi, bu sualın hamı tərəfindən qəbul edilən formulu hələ ki, tapılmayıb. Tanış olduğum bu cavablar içərisində məni nisbətən qane edən mərhum Aydın Məmmədovun dedikləridir:  

"Poeziya elmdir, peşə. O, sadəcə olaraq poeziyadı... Elmin dəqiq zəka baxımından məntiqi, peşəkarın öz peşə səviyyəsində qanuni saydığı şeylərdə poeziya məntiqsizlik, qeyri-qanunilik görə bilər, çünki poeziyanın öz məntiqi, öz qanunları var bəzi hallarda onlar dünyanın cəmiyyətin təbii axını ilə üz-üzə dayanmalı olur."   

Bu deyimə sığınacaq olsun deyə Vəli Xramçaylının şeirlərindən birinə üz tutalım:

    

   ... Kiminin bəxtinə güldü bu şəhər,  

   Kiminin bəxtinə küldü bu şəhər.  

   Mənim gözlərimdə öldü bu şəhər,  

   Gedək bu şəhərdən, mənim ürəyim,  

   Mənim bu şəhərdə ölümüm var.

 

Bəli, poeziya, söhbət əsil poeziyadan gedirsə, o yalnız heyrətdən yarana bilər. həmin "o" nəyə toxunursa, toxunduğunu oyadıb səsləndirməyə qadirdir.  

Aydın Məmmədovun poeziyanın elm peşədən ayıran "öz məntiqi, öz qanunları" olduğunu təkid etməkdə haqlı olduğu göz önündədir. Ancaq, bu göz önündə olan nəsnəyə necə tərif vermək olar? Bax, bu yerdə möhtəşəm alim yalnız bir nəticə ilə kifayətlənir: "Poeziya elə poeziyadı."

    

   ...Yollar uzaqlara çəkər fikrini,  

   Xəyalın dağılıb, sökər fikrini.  

   Ömrüm budaqdakı son yarpaq kimi  

   Yellənər, yellənər, ay Dərviş Vəli.  

 

Bu misralar mərhum alimin dediklərini bir daha təsdiqləməkdə... 

Bəli, Vəli Xramçaylının şeirlərini oxuduqca poeziyanın, xüsusilə klassik sayılan poetik məktəbin sərhədsizliyinin şahidi oluruq. Bir ucu Dadaloğlundan, Yunis Əmrədən, Aşıq Ələsgərdən gələn "yol" uzandıqca bir daha yəqin edirik ki, həmin yol həm Vəlinin timsalında uzanmaqdadı...   

 Əgər mənə şəkk gətimək istəyənlər (oxucularımdan arxayınam, fəqət, Dərviş Vəliyə ən azından poetik paxıllıqdan dözməyənlər qoy özlərinə təskinlik tapmağa çalışsınlar). Yol barədə söhbətimizə bir qayıdalım. Abinin - Vəli Xramçaylının bu konuda yazdığına üz tutalım:

    

   ... Bu yolda qazandım,  

   Qoynunda bir ozandım.  

   Sonuna yetəmmədim,  

   Mən getdim, o uzandı.

 

Əslində, bizlərin Dərviş Vəlisi yolu uzatmaqla hamımızı ilahinin dərgahına gedən yola dəvət edir... Çünki, bu haqdan gələn səsdi...

beləliklə, mən təxminən 5-6 il öncə gəldiyim qənaətimdə haqlı olduğumu bir daha yəqin etdim. Haqlıyam ki, poeziya öz hisslərini tapmağa, onu öz adı ilə çağırmağa imkan verən ilahi bir gücün obrazlı təzahürüdür. 

Vəli Xramçaylı həm çox az saylı şairlərdəndir ki, özündən yaşlı cavan həmkarları onun haqqında bir çox dəyərli fikirlər söyləməklə yanaşı, adına İbrahim İlyaslı, Alim Məhərrəmli, Ələddin İncəli, Akif Səməd, Aşıq Əli, Teyfur Çələbi, Əfrahim, Vahid Oruc, Firudin Rəhim başqaları şeirlər həsr edib. Bu şeirlərə mən müxtəlif dövri mətbuatlarda rast gəlmişəm. Bir qayda olaraq həmkarları ona " - Ay Dərviş Vəli" deyə müraciət edirlər. Vəlinin dərvişliyi onun dünyaya baxışı ilə yanaşı özünəməxsus yaşam tərzində özünü göstərir. Dünya malında gözü olmayan şair son tikəsini tanıdıqları ilə bölməklə yanaşı, həm onların istənilən işinin dalınca getməklə dəfələrlə təsdiqləyib.

    

   ... Gör kim imiş bu millətin gör xanı,  

   Oğulsansa adamları gəl tanı.  

   Bu millətin ziyalısı bəs hanı,  

   Heç yoxdumu, yoxsa elə budumu?

 

Bu misralarda göstərir ki, Vəlinın adının önünə "pərçimlənən" dərviş sözü səbəbsiz deyil. Cəmiyyətdəki haqsızlığa da şair dözümsüzdü. Türk millətinə sonsuz sevgi, Turan insanın özkürlüyünə biganə qalmaq istəmir qalmır da bizim Dərviş Vəli.

Vəli Xramçaylının Azərbaycan poeziyası qarşısında xidmətlərini birmənalı qiymətləndirmək fikrində deyilik. Onun Azərbaycan şeirini zənginləşdirən nümunələri yetərincə. Bu barədə xəsis olsa da bir neçə kəlmə dedik. Fəqət, bir amil... O da budur: şairin üzüyumşaqlığı sayəsində ədəbiyyatımıza yamaq olan neçə-neçə istedadsız adamlar da özünü hələ ki şair saymaqdadı. Ədəbiyyata dəxli olmayan neçə-neçə cızmaqaraçının kitabında Vəlinin ön sözü, xeyir-duası var. Onların çoxundan, ola bilsin ki, Vəli Xramçaylının xəbəri yoxdu. Xeyir ola, ay Dərviş Vəli?! Ancaq niyə nədən belə olub olur? Bax, burasını şəxsən mən Vəli abiyə bağışlamaq fikrində deyiləm. Mənim kimilər ... Bu günahı Dərviş Vəli, heç şübhəsiz ki, gor evinə qədər daşıyacaq...   

Sonda oxuculara bir daha demək istəyirəm ki, Türk şeirinin, Türk dilinin zənginliyinə, onun harmoniyasıyla yaxından tanış olmaq istəyənlər "Şairin kitabı"nı əldə etməyə tələssinlər.

  

  

Elçin SƏLCUQ

 

Ədalət.- 2009.- 14 mart.- S. 22.