Fəxriyyə Xələfova:
BİZDƏ QEYRİ ADİ GÖRÜNTÜLƏR QƏBUL
OLUNMUR
Azərbaycanın əməkdar incəsənət
xadimi, modelyer Fəxriyyə Xələfovanın APA-ya
eksklüziv müsahibəsi
- Bizdə olan məlumata
görə, maraqlı bir layihə üzərində işləyirsiniz.
Layihənin mahiyyətinin açıqlaya bilərsiniz?
- Mənə çox
maraqlı bir dəvət gəlib. Adətən elektron
poçtumu açanda orada çox maraqlı dəvətlərlə
rastlaşıram. Bu dəvətlərin çox maraqlı
coğrafiyası var. Dəvətlərin əksəriyyəti
Amerikadandır. Adətən müxtəlif tədbirlərdə
və mükafat təqdimatı mərasimlərində
iştiraka dəvət olunuram. Düşündüm ki, mənə
bu qədər dəvətlər varsa, daha çox bu istiqamətdə
iş aparmalıyam. Çox sevinirəm ki, indiyə qədər
Fəxriyyə Xələfovanı tanıyır və qəbul
edirlər. Amma etiraf edim ki, hələ brendimi, reklamımı
ifadəli şəkildə təqdim eləməmişəm.
Əslində buna zərurət də olmayıb. Artıq geyim
və ətriyyat istehsalçısı kimi təqdim ediləndə
reklama ehtiyac olacaq. Hazırda reklam işlərinə baş
vurmağa hazırlaşıram. Hazırda ətriyyat üzərində
işləyirəm. Düşündüm ki, ətriyyatın
özü ilə yanaşı, gözəl də reklamı
olmalıdır. Bu istiqamətdə bir neçə
ideyalarım var. Yaxın günlərdə təcrübə
şəkilləri çəkdirəcəyəm. Təbii
ki, şəkillərin reklam üzü özüm
olacağam. Hələlik zahiri görünüş
baxımından bu imkanım var. Ona görə də ilk ətriyyatımın
reklam sifəti özüm olacağam. İndiyə qədər
qəlbimdə olan ideyaların çoxunu
reallaşdırmamışam. İstər-istəməz
hansısa çərçivələrdə öz
fantaziyamı saxlamışam.
- Buna səbəb nə
olub?
- Bəlkə də
İtaliyada və Fransada çalışsaydım, bəzi
işlərimin ifadəsi çox fərqli olardı. Səbəb
odur ki, bizdə qeyri-adi görüntülər o qədər
də qəbul olunmur. Fəxriyyə Xələfovanın birdən-birə
dəyişməsinin maraqlarıma, yoxsa ziyanıma işləyəcəyini
bilmirəm. Yenə də bunu təcrübədən
keçirməliyəm. Bir az ictimai qınaq obyektinə
çevrilmək istəmirəm. Amma ətriyyat
üçün mən fərqli bir obraz yaratmalıyam.
- Fikrimcə, ətriyyat
hazırlamaq xüsusi bir istedaddır. Bunun üçün
insanda hansı xüsusiyyətlər olmalıdır?
- İlk
öncə bu insanın həssaslığı
olmalıdır. Mən
psixoloji baxımdan çox həssas insanam. Mən insanın
mimikasından, energetikasından onu başa düşə
bilirəm. Ətirlərə, rənglərə, hətta dəyişən
havaya da həssasam. Bilirəm ki, insanlar nəyi istəyəcəklər.
Bəzən deyirlər ki, insanlar üçün gözəl
ətriyyat yaradanda, hansısa arzularını onlara bəxş
edirsən. Əslində bu çox qeyri-adi prosesdir. Əgər
belə olmasaydı, dünyada 10 minlərlə ətir
olardı. Amma statistikaya əsasən, dünyada cəmi 50-60
çeşiddə ətir var.
- Ətirlər əsasən
çiçəklərdən hazırlanır. Sizin ətrinizdə
hansı çiçəklərdən istifadə olunacaq?
- Mən ətirlərin həm
çiçək istiqamətini, həm kimyəvi tərkibini
öyrənmişəm. Bunun üçün o
qarışığı tapana qədər üç ay
laboratoriyadan çıxmamalısan. Mənə deyilənlərə
görə, hətta elə ola bilər ki,
yaratdığım ətir iki aydan sonra özümə
xoş gəlməyə bilər. Buna görə
özümü sanki çətinliyə salmışam. Amma
indiyə qədər çox çətinliklərin öhdəsindən
gəlmişəm. Mənim karyeramda ən çətini o idi
ki, Azərbaycanda ilk peşəkar modelyer olmuşam. Əslində
mənə qədər bu işi bu səviyyədə edən
olmayıb. Çətin işlərin öhdəsindən gəlirəm.
Mən yavaş-yavaş bunu edə bildim.
- Azərbaycanda bu anonsu verənlərin
sayı çox olub. Ancaq deyəsən, reallığa
çevirən Siz olacaqsınız?
- Düşünürəm
ki, bu şəxs mən olacağam. Ona görə də
özümü hər şeydən təcrid etməliyəm.
Ətriyyat işində özümü tamamilə
tapmışam. Bir ilə yaxındır ki, bu işlə məşğulam.
Bu iş məni modadan ayırmayacaq, ona görə ki,
modanın içində ola-ola bu işi görürəm. Fəaliyyətim
dövründə o qədər xoşbəxt modelyer
olmuşam ki, təsadüflər nəticəsində Pier
Karden, Pakuraban, Valentin Yudaşkinlə tanış olmaq
fürsətim olub. Pakurabanın uzaqgörənliyi var və
onunla Moskvada rastlaşanda çox xahiş etdim ki, mənə
bir proqnoz versin. O da dəqiqliyi ilə dedi ki, bu müddətdən
sonra elə bir şey baş verəcək ki, sən məşhurluğun
zirvəsində oturacaqsan. Onunla görüşümüz
1999-cu ildə olub. Əslində mən də çox fərqli
insanam, sadəcə fərqli cəhətlərini hələ
təqdim etməmişəm. Çalışmışam,
özümü real insan kimi təqdim edim.
- Parisdə və Milanda
modelyerin geyimlərinin nümayişi neçəyə
başa gəlir?
- Mən bunların
hamısını öyrənmişəm. Məsələn,
moda həftələrində ən bahalı nümayişlər
Paris və Milandır. Orada da ən üst kateqoriyalı moda
evləri təqdim edilir. Parisdə "Cristian Dior" moda
evi, "Shanel" moda evi, "Valentino" və
"İfsen Loran" moda evlərinin geyimlərinin
nümayişi təşkil edilir. Konkret olaraq moda həftəsində
bir moda nümayişinə 70 min avrodan 100 min avroya qədər
vəsait sərf olunur. Bu məbləği də yalnız
maliyyə qurumları verə bilər. Sadəcə bu moda həftələrindən
sonra artıq bütün dünya ictimaiyyəti bilir ki, bu
modelyer hansı istiqaməti hansı rənglər və
çalarları təqdim etdi. Bundan sonra həmin istiqamət,
rəng və çalarlar çox reklam olunur. Milan moda həftəsi
çox bahalı moda həftəsidir.
- Bəs, yerli modelyerlərin
geyimlərinin nümayişi üçün neçə
müddət gözləmək lazımdır?
- Hazırda bizim
imkanlarımız ancaq festivallar keçirməyə
çatır. Moda həftəsi bizim üçün
çox böyük rəqəmdir. Varını-dövlətini
satıb ora gedə bilərsən, amma lüzumu yoxdur.
Çünki orada geyimlərin nümayişindən sonra
dünyanın müxtəlif ölkələrindən zəng
gələcək ki, mən bu paltardan yüz ədəd istəyirəm.
Axı bu yüz geyimin istehsalı üçün
gücün olmayacaq. Mən Parisdə festivalda iştirak
etmişdim, bu, mənə çox şey verdi. Ondan sonra mən
bir çox festivallara dəvət olundum. Moda aləminin əsas
biznesi sənin gözəl ideyalarının üzərində
qurulur. Təzəlikcə Avropa ölkəsindən çox
gözəl dəvət almışam. İlk dəfə
olaraq moda planeti yaradılır və ora dünyada olan ən
istedadlı insanları yığmaq istəyirlər. Sadəcə
yerini hələ açıqlamaq istəmirəm, ancaq bu layihə
martda olacaq.
- Bəs, Azərbaycanda moda
kanalının yayımlanması nə dərəcədə
realdır?
- Heç şansı yoxdur.
Buna əsaslı cavabım var. Bu gün Türkiyədə,
Rusiyada "Fashion TV" fəaliyyət göstərir. Ancaq
bu tezliyi alacaq iş adamı burdan pul götürməlidir.
Bizdə geyim satışı ilə məşğul olan
butiklər reklam yerləşdirmirlər. Heç yerli kanallara
rekalm vermirlər, o ki qaldı "Fashion TV"yə. Bunu belə
əsaslandırırlar ki, onların reklama ehtiyacı yoxdur.
Bu inanılmaz bir şeydir. Azərbaycanda moda
anlayışının dəyişməsi vacibdir.
- Siz niyə moda jurnalı nəşr
etdirmirsiniz?
- Yenə sərmayə
qoymalıyam, yenə vəsait tapmalıyam. Ancaq heç nə
qazanmayacağam. Təsəvvür edin ki, moda jurnalının
içində makaron, pendir, spirtli içkilər reklamları
yerləşdirilib. Axı orada butiklərin reklamları
olmalıdır. Mən bu işi edərəm, amma mənim
buna ancaq vaxtım və sərmayəm gedəcək. Sevinirəm
ki, heç olmasa bununla bağlı bir veriliş var. Dəfələrlə
efirdən də səslənmişəm ki, moda verilişinin
olması zəruridir. Ancaq mənim bu təşəbbüsüm
qəbul olunmur və heç kim yerindən tərpənmir.
Sonra telekanallardan biri bu təklifi etdi və belə bir
veriliş hazırladıq. Bu ancaq moda ilə bağlı
informasiya verən bir verilişdir. İndi aparıcılıq
etdiyim bu veriliş canlı getmir, ancaq düşünürəm
ki, mən canlı veriliş də apara bilərəm.
Qonaqların suallarını özüm hazırlayıram. Mən
bir stadionda insanların qarşısına çıxıb
nitq də söyləyə bilərəm. Ümumiyyətlə
kütləviliyi çox sevirəm.
- Bir çoxları Fəxriyyə
Xələfovanın geyimlərini geyinir, bəs
özünüz hansı geyimlərə üstünlük
verirsiniz?
- Gecə geyimləri ancaq
özümə məxsusdur. Mən idman üslubunda geyimləri
çox sevirəm. Türk mallarını sevirəm. Deyim ki,
dünya brendlərinə müracət edirəm, yox. Çünki
nəticə etibarı ilə o geyimlər çox baha olur. Mən
geyimi bilən insanam. Tanınməş brendin istehsalı olan
cins paltar 300 avroyadırsa, eyni cins türk malı 50
dollaradır. Düzdür, fərq var. Brend anlayışı
çox güclü anlayışdır.
- Azərbaycanda ən bahalı
modelyer hesab edilirsiniz. Geyimlərinizin qiymətini
açıqlaya bilərsiniz?
- Heç də elə deməzdim.
Müştərilər və qiymətlər modelyer
üçün sirr olmalıdır. Bunu
açıqlamağa lüzum yoxdur. Ancaq Cristian Dior Pier Kardeni
öyrədəndə demişdi ki, əlindən gələn
qədər bahalı satmalısan, elə etməlisən ki,
bahalı satılsın. Əksər halda moda biznesinin mahiyyəti
də itir.
Ədalət.- 2009.- 14 mart.- S. 24.