TANIDIĞIM KAMAL

 

(Və ya Kamala çatmış amal)

 

Ağsaqqal yerində gördüyüm növbəti adam indiyə kimi söhbət açdıqlarımın ən gəncidir. Üstəlik, gənclik illərindən tanıdığım, ömür və yaradıcılıq yolunu izləyə bildiyim bir amal və kamal sahibidi. Bu günlərimizdə, çoxsahəli və çoxşaxəli yarıdıcılığa malik barmaqla sayılan ədiblərimizdəndi. Həm də külüng vurduğu, araşdırma apardığı, qələm çaldığı, təşkilatçılıq elədiyi bütün sahələrdə uğurları danılmazdı.  

Onun barəsində ağzıgöyçəklərin xoşagəlməz sözlərini, kağızı gül-çiçəklərin təriflə dolu yazılarını dəfələrlə eşitmiş və oxumuşam.   

Kamal Abdulla: alim, filologiya doktoru, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Dədəqorqudşünas, türkdilli xalqların, bulaqlardan, irmaqlardan başlayan ortaq lisanlarının sistemli araşdırıcılarından.  

Kamal Abdulla: şair, bir-birinin poetik davamı olan şer toplularının müəllifi. (Qopuzsuz, Qorqud atası). Şerlərindən dilimizin baş götürdüyü yerlərin şırıltısı, inciləşdiyi dövrlərin parıltısı və bu günlərimizin gurultusu duyulmadadı.  

Kamal Abdulla: nasir, hekayələr, romanlar müəllifi (Son illərin ən çox mübahisələrə səbəb olmuş əsərini ərsəyə gətirən). Bu əsərlərin hamısı da özündən əvvəlki, janrca müxtəlif sənət nümunələri ilə səsləşmədə.  

Kamal Abdulla: Bakı Slavyan Universitetinin rektoru. Azərbaycanı son illərdə dünyanın elm ocaqları ilə dostluq telləriylə bağlamış elm müəssisənin nümunəvi bir təşkilatçısı. Gəncləri müasir Dədə Qorqud kimi elm meydanlarında yarışdıran, onlara boy boyladan, söz söylədən və ad verən layiqli bir sələf.  

Təəssüflər olsun ki, son zamanlarda gənc qələm sahibləri ilə yaşlı nəslin nümayəndələri arasında xoşagəlməz bir feodal döyüşü yaratmağa cəhd edənlər var. Əfsuslar olsun ki, gənc nəslin də istedadlıları deyil, bir-iki cızmaqaraya malik nümayəndələri həmin gənclərin cəngavərlərinə çevrilmək istəyir. Belələrnin hədəfinəsə ən çox, çoxşaxəli yaradıcılığa və ictimai fəaliyyətə malik Elçin, Kamal Abdulla çevrilir. (çayxana və meyxanalarda buğlanan, köpüklənən belələrinin zərbələrinə içi mən qarışıq bir çox qələm dostum məruz qalıb və əsərləri maklatura hesab edilib).  

Əvvəla, heç kəsin heç kəsi ədəbiyyat meydanında lənətlənməyə ixtiyarı yoxdur. Bu bir söz yarışı, cıdırı və marafonudur. Azərbaycanın şair xalq olmasından xoşlananlar, onun qələm sahiblərinin hər birinə ehtiram bəsləməlidi. Şairlərin çoxluğu əslində poeziyamızı çoxsəsli xora, çoxrəngli vernisaja bənzədir. Onların da içərisindən zaman-zaman Nəsimilər, Füzulilər yetişir.  

Qaldı, istedadı parçalamağa (bir neçə janrda fəaliyyət göstərənlərə belə bir ədəbi ittiham verilir. Mən Vaqif Nəsib də dəfələrlə belə mühakimə olunmuşam. Bir para adam şeri buraxıb nəsr yazmağımı, bir çox bəndə ozanlığımı davam elətdirməyimi məsləhət görüb) - belə bir ittihamın yanlışlığının tərəfdarıyam. İstedad, - sahibinin ərintisindən başqa bir şey deyil. Həmin ərintinin yiyəsi kimi ondan istəsə cəh-cəh vuran quşlar yaradar, (yəni şer yazar), arzulasa bir daşlı qala yapar (dünənimizin, bu günümüzün hekayətinə, dastanına çevrilər).  

Onlar ərintidən yaratdıqlarını ədəbi mühakiməyə çıxarırlar. Bunun üçünsə əvvəl-əvvəl təəssüf ki, son zamanlar münasibətli olmuş ədəbi tənqid, sonra da elm mühakiməsi var.   

 ... Bir yazıçı olduğuma görə rəğbət bəslədiyim bütün məslək sahiblərimi əvvəl-əvvəl bir insan kimi tanımağa çalışmışam. O baxımdan Kamal Abdullanı da... Onunla tanışlığım, Kamalın gənclik, mənim yetkinlik illərimə gedib dayanır. "Azərbaycan gəncləri" qəzetinin ədəbiyyat şöbəsindəki "müəllimlik" Kamal Abdullanın isə Azərbaycan Dövlət Universitetindəki tələbəlik dövrünə. Gözlərində sabahına qığılcımlar çıtıldaşan bir gənc şerləri ilə qarşımda tez-tez dayanırdı. Dayısı - alim etalonu hesab elədiyim Əli Sultanlıya böyük hörmətim vardı. Atamın tanışı, dostu olduğundan qayğıkeş gözlərini, kürəyimdə, əllərini çiynimdə hesab edirdim. Müəllimlərimizdən Mir Cəlalın sözlərini bir növ iş meyarım hesab edirdim: sənətin şöhrət tərəfi tez, zəhmət yanı gec görünür. Kamal şerdən, şerə cilalanır, ətirlənir, öz ləkləri boyu sətirlənirdi. Onunla hər görüşdə ürəyimdən keçirirdim: əsil oğul dayıya çəkər. Nə xoşbəxt ki, bu təfəkkürlü cavanın Əli Sultanlı kimi dayısı var. Kamal redaksiyaların o zaman ki, get-gəllərindən bezmədi, seçdiyi cığırdan izini üzmədi. Beləliklə də sənətin zəhmət tərəfini keçə bildi. (Belə də olmalı idi. Çünki istedad qanda olanda yol bir ölçülür, bir biçilir. Məzahir Daşqın demiş: Məhəbbət qandasa silmək çətindi. Sənətə məhəbbət Kamal Abdulla qanına, ana südü ilə qarışmışdı).  

Kamal Abdulla qələmindən əsil yaradıcılıq nümunələri doğulmağa başladı. Onlar yan-yana düzülüb bir qələm sahibinin yaradıcılıq sərgisinə çevrilməyə başladı. Həmin sərgiyə əl-ayaq açıldı. Beləliklə də hafizələrə Kamal Abdulla imzası nəqş olundu.  

Çoxşahəli Kamal Abdulla yaradıcılığı ortasından onun öz ekvatoruna bənzəyən bir ana, bir qırmızı xətti keçir. Çünki onlar ömrü istedad sahibi kimi yaşamış bir yaradıcılığın dünya görüşündən, hissiyatından (ağrısı-acısı, sevinci-nəşəsindən) yaranmış eyni ərintinin məhsuludur. Onların hamısının mənbəyi (bulağı, irmağı) eynidir.   

Kamal Abdulla: şair. Əslində bir Dədə Qorqud estafetçisi, Qobustan qaylarındakı rəsmiləri xatırladır şerlərinin çoxu. Hissiyyatın səmalarda göyərçinlər kimi süzdüyü, qartallar kimi üzdüyü zamanlarda onları misraların qəlibinə tökür. Necə deyərlər kəlamları ilə söz söyləyir, boy boylayır şəkilləyir dünyadakı daşları və qayaları.   

Kamalın şerlərini necə sevdiyimi, onlara hansı ülvi məhəbbət bəslədiyimi həm misralarından duyur, həm də öz qəlbimdə oxuyuram. Yəqin ki, şerləri ona öz bənövşə ətirli, iydə çiçəkli ilk məhəbbətini xatırladır. Həmişə də xatırladacaq və bahar buludlarına döndərəcəkdi! (Mən - bu bəlkə də bir yaradıcının subyektiv fikridir, təkcə şerlə məhdudlaşan qələm yoldaşlarıma həsəd aparmıram. Çünki şer hissiyatların kluminasiyasından doğulur. Bu da tez-tez baş verməyir. Yəni əsl şairlər çox da məhsuldar ola bilmir. Bunu şer yazmaq naminə nəzm şumlayanlara aid etmirəm).  

 Kamal Abdulla ilə mübahisələrimizin birində bədii sözün nə vaxt yarandığı dövrə də baş vurmaq istəmişdik. Mülahizələrimiz məzmunca eyni, mənaca başqa-başqa olmuşdu.   

Vaqif Nəsib: mənə elə gəlir ki, sənət ilk insanı dünyada rahatlandığı dövrlərdə yaranmağa başlamışdı. Yəni birləşib daş silahları ilə mamontları, dinozavorları zərərsizləşdirdikdən sonra. Daş silaha - daş yaraqdan bezib, bir insafsıza - daşürək dediyi andan. Sonralar da ətrafındakı nə varsa obrazlanmağa başlayıb. Birinə tülkü adı qoyulub, o birinə canavar.   

Kamal Abdulla: məncə, bir az ibtidaya getmək olar. İlk insanın dünyasını oxumağa başladığı dövrə. Ətrafındakı hər şeyə ad verməyə başladığı vaxtlara.  

Siz deyirsiniz ki, bu başlanğıc insanın öz düşməninə daş atmaq əvəzinə, hansısa metatonik sözlə adlandırmasından, yəni onu başqa cilddə görməsindən qaynaqlana bilər. Amma niyə də tutalım, ağacı ağac adlandıranda yox. Çünki ibtidai insan "ağac" deyəndə bu artıq onun nəyisə ümumiləşdirmək qabiliyyətindən xəbər verirdi. Fikir verin, artıq o alma, armud, küknarı bir adda birləşdirirdi. Bir təbiət hadisəsini ümumiləşdirərək birdən-birə onu ağac adlandırmağa başlamışdı... İnsan dağı təpədən nə vaxt ayırmağa başladı, nə vaxt onlara ayrı-ayrı adlar verdi? Konkret bir təfəkkür, bir idrak tərzinə yiyələndikdən sonra...   

Mübahisəmizdə Kamalın nisbi üstünlüyü hiss olunurdu. Çünki mən bir şair kimi hisslərimi ifadə edirdim. O isə, həm bir şair, həm də Dədə Qorqud dünyasından qaynaqlanan bir dilçi kimi.   

Kamal Abdulla, məncə, bir tək şer yaradıcılığında ilk gəncliyində olduğu kimi həmişəyaşıl, həmişəbahar qalır. Burda onun sonrakı yaş dövrləri hiss olunmur.   

Şair Kamal Abdulla ilk məhəbbətinin, ilk gəncliyinin şairidir. Həmişə də (yəni ömrü-boyu) bax belə də qalacaq. Şer yaradıcılığı əslində onun o birisi, monimental yaradıcılıq sahələrinin ülvi bir od-ocağı, əfsanəvi qol-qanadından başqa bir şey deyil.   

Kamal Abdullanın şerlərini Elçin Səlcuq bütün poetik incəlikləri ilə özünün "Kədərin sirri" esse toplusunda təhlil etmiş, məncə heç bir şübhə və mübahisə yeri qalmamışdı.   

 Qəribədir ki, öz mülahizələrimə Azərbaycandan xeyli uzaqlarda, Qafqazın gözəllik mərkəzlərindən Naçikdə həmfikir tapdım. "Ədəbi kabardin-balkar" jurnalına ədəbiyyatımızdan nümunələr təqdim etmişdim. Jurnalın baş redaktoru gənclik illərimdən dostum, tanınmış kabardin şairi Hasan Tıxazelkov Kamalın şerlərini oxuyandan sonra dedi: bu şair yəqin ki, çox da cavan deyil. Amma şerləri ilə gənc kimi qalmağı bacırır. Bir bənd Kamal şeri ilə sözünə qüvvət də verdi: 

  

   Zaçem tvoy sled vpered tebya bijit?  

   Komu tak nujna delat speçki eti?  

   Vse tot je Boq na nebesax bryzjit,  

   İ tak je neposluşnı mı, kak deti.

 

Kamal Abdulla: dilçi və tanınmış filoloq. Vaxt tapıb mavi ekrandan dilimizin sözlərinin rəngindən, ətrindən, məna çalarından açıqlamalar verir. Kamalı hal-hazırda bir xalqın deyil, türk dünyasının böyük araşdırmaçısı hesab etmək olar. Stalin kimi rəhbərlərin Rusiyaya xidmət etdikləri, türkdilli xalqları bir-birlərinə yabancılaşdırmağa çalışdırdıqları təkcə türkoloqlora deyil, adi vətəndaşlara da bəllidi. Təəssüflər olsun ki, çar Rusiyasının qırmızılara bürünmüş varisi sovetlərin vaxtında da türkdilli xalqlara münasibət Pyotrun vəsiyyətlərindən kənara çıxmamış. Əslində bu ən böyük təhlükə hesab edilərək ona qarşı sistemli mübarizə başladılmışdı. Bu günlərdə ortaq türk dili yaratmaq təşəbbüsləri eşidilir. Halbuki sovetlərin ilk illərində belə bir ortaq dil mövcud idi. "Molla Nəsrəddin" kimi jurnallar bütün türk aləmində çətinliksiz oxunurdu. Təəssüflər olsun ki, təbii mənbələri qurudub, təbii kökləri dəhrələyib toplumlarımızı, tayfalarımızı, xalqlarımızı nəinki bir-birinə yabançı, az qala düşmən etmişdilər. Amma bu günlər yenə Kamal kimi hər eldən dilçilərimiz sayəsində türk irmaqları, seyləri (çayları) hun dəryaları (Amu dərya Sır dəryaya çevrilmiş Ceyhunlar, Seyhunlar) yenidən birləşir və gurlaşır.  

Kamalla hər fürsət düşəndə dilçilikdə özüm üçün qaranlıq sahələri işıqlandırmağa çalışmışam. İlk dəfə dil uzmanına bir şagird ehtiyatı ilə yanaşmağa başlamışdım.  

Vaqif Nəsib: Kamal bəy, dilçi olmayan qardaşına bir-iki bilmədiyini mümkünsə izah et...  

Kamal Abdulla: Əvvələn hər yazıçı özü nəinki dilçi, dilin yaradıcılarındandı. Özün də Oljaslardan xəbərdarsan (hər ikimizin Oljas Süleymanovla yaxınlığımız var idi. Amma bir dəfə Almaatada söz gəlişi Oljas Kamaldan söz salıb, belə dilçilərimizlə öyünməyimizi söylədi). Yeri gəlmişkən deyim ki, "Dilçiliyə səyahət" adlı bir əsər üzərində işləyirəm. Bu əsər dilçi olmayan adamlarda dilçilik haqqında təsəvvür oyatmaq və onları belə deyək, daxildə dilçi olmalarına inandırmaq üçün nəzərdə tutulub.  

Vaqif Nəsib: Günlərin bir günü dilçi kimi meydana atılmış Stalin tərəfindən dilçilik sahəsindəki demək olar ki, bütün mülahizələri darmadağın edilmiş akademik Marın yaradıcılığından bir az məlumat verərsinizmi?  

Kamal Abdulla: Marın böyük dilçi alim olmasına şübhəm yoxdur. Onun gürcü, abxaz dillərinin tarixinə dair elmi əsərləri çoxdur. Ancaq, Marın dilin fəlsəfəsinə, dilçiliyə, dil nəzəriyyəsinə həsr olunmuş yazılarına, məsələn kinetik nəzəriyyəsinə gəlincə, burda xeyli mübahisəli məqamlar var. O, bütün dünya dillərinin sal, ber, yom, roş elementlərindən - Yafəs dillərindən çıxdığını iddia edirdi. Və öz nəzəriyyəsini bu, dörd ünsür üzərində qururdu. Orada kifayət qədər fantastik və kifayət qədər Marksizmin prinsiplərinə uyğunlaşdırılmağa yönəlik müddəalar özünə yer alıb. Yəni o nəzəri dilçilikdə başdan-ayağa doğmalara istinad edən bir dilçi idi. Amma digər tərəfdən konkret dilin öyrənilməsinə gəlincə Mar çox böyük dilçi idi. Mənim üçün iki Mar var: bir əsl, böyük bir dilçi, bir də Marksizm qasırğasına uyan fantast.  

Uzun müddət mənim üçün qaranlıq qalmış maraqlı bir dilçi barədə Kamal Abdulla vasitəsiylə ap-aydın, dop-doğru, düppə-düz məlumat ala bilirəm. Həm də dilçilik barədə neçə monoqrafiya müəllifinin səviyyəsinə heyran ola-ola. Özümü saxlaya bilməyib bir sual da verirəm:  

 Vaqif Nəsib: Bizdə necə dünya səviyyəsində dilçilər varmı? Əgər varsa kimlərdi?  

Kamal Abdulla: Azərbaycanda, onun hüdudunu aşmış dilçilər çoxdur. Elə öz müəllimlərimi örnək gətirə bilərəm. Ağamusa Axundov, Tofiq Hacıyev, Yusif Seyidov, dünyasını dəyişənlərdən Muxtar Hüseynzadə, Fərhad Zeynalov, Musa Adilov.

Kamal Abdulla: yazıçı. Məncə qələm dostum son illərdə yazıçı kimi daha çox uğur qazanıb. Bu barədə özündən soruşmağı uyğun bilmədim. Yazıçıların bütün əsərlərinə bala kimi eyni gözlə baxdıqlarını bildiyinə görə, Kamalın həmin məlumatımdan çox gümankı heç xəbəri yoxdu. Türkiyədə, sənələrcə əvvəl "Yeni günaydın" qəzetində köşə yazarlığı etdiyim zaman baş redaktor İrfan Ülküdən bizim yazıçılardan hansına maraq göstərdiyini soruşmuşdum. (İrfan bu yaxınlarda qəflətən öldü, - Allahdan rəhmət diləyirəm). Cavabı mənim üçün bir növ gözlənilməz oldu. Türkiyədə günaşırı nəşr olunan yazıçılarımızdan birinin adının söyləyəcəyini gözləyirdim.  

İrfan Ülkü: Kamalın nəsriylə maraqlanmağa başlamışam. O, mənə bir növ Borxesi xatırladır. Elə hesab edirəm ki, Azərbaycanın özünün milli koloritli, bənzərsiz üslublu, orijinal temalı, yeni nəfəsli belə bir yazıçısı meydana atılır.  

Mən, əsl nasirlərin hekayədən doğuşunu qəbul edənlərdənəm. Həm də bu çətin janrda əsl bir əsər ortaya qoymayanların nəsrdəki sonrakı uğurlarına inanmıram. Sözün düzü, qələm dostlarımın uğurlarına sevinənlərdənəm. Çox zaman əsərlərini üzlərinə tərifləməsəm də. Vaxtsız tərifləri bir növ baş altda qoyulan balışlara bənzədirəm. Qələmləri əllərində olduqları zaman heç kimi gözəlləmələrlə rahatlamaq istəmirəm.  

Ən son Kamal yaradıcılığından oxuduğum 2008-ci ildə işıq üzü görmüş "Hekayələr" kitabıdır. Mövzuca bir-birinə həm yaxın, həm də uzaq olan həmin hekayalərdə də müəllif öz bənzərsiz yaradıcılıq üslubuna sadiq qalmışdır. "Qərar", "İlişin qayıtmağı", "Son gəliş", "Dəvə yağışı" hekayələri mövzuca bir-birindən fərqli, olduqca orijinal üslübda yazılmış əsl hekayə nümunələridi. Ən maraqlısı odur ki, Kamal Abdulla üçün nəsrdə zaman, məkan anlayışı bir-biriylə qaynayıb qarışıb. O tarixi məkanda da, indiki zamanda da eyni vüsəti saxlaya bilir.  

 "Dəli Kür"dən sonra ən uğurlu romanımızı Yusif Səmədoğlunun "Qətl günü"nü hesab edirdim. Öz dar meydanımızda növbətçi tənqidçilər (əslində tərifçilər) tərəfindən şişirdilmiş əsərlər çoxdur. Ancaq onların heç biri Biləcəridən o yana qatırla, ya qatarla keçə bilməyib. Addayanların da yalançı şirinliyi Əkrəm Əylislinin təbiriylə söyləsək Ağdam çaxırınınkı kimi bir şey olub. "Qətl günü" ümumittifaq səviyyəsində ilin ən yaxşı romanı hesab olundu.   

Mən, Kamal Abdullanın "Yarımçıq əlyazma" romanını Azərbaycan nəsrinin son uğuru hesab edirəm. Bu roman həm də olduqca bənzərsiz bir formada ərsəyə çatdırılmışdı ("Qətl günü"nün yeganə tənqidə əl yeri Bulkaqovun məşhur romanına formaca bənzəyişi olmuşdu). Bu monumental əsərdə də (tarix içindəki tarixdə də) müəllif əsrlərin dolambaclarında azıb qalmamış, əksinə dünənlə bu gün arasındakı zaman səddini aradan qaldıra bilmişdi. Romanın son illərin ən çox mübahisəsinə səbəb olmasını da onun bir növ uğuru hesab etmək olar. Düzdü, bəzən tənqidçilər hüdudlarını aşıb müəlliflərin bir növ şərxahına çevrilir, onlara qarşı xələlcanlı hisslər yaradır. Düzünü desək haqsız tənqidlərdən Kamal kimi səbrli, təmkinli yazıçının da hövsələdən çıxdığı anlar olub.  

Kamal Abdulla: mən həmişə söyləmişəm, əsərlərimə haqlı iradlar göstərənlərə həmişə minnətdar ola bilərəm. Çünki açıq danışsaq haqlı tənqidlərin özü də əsərlərin məşhurlaşmasına bir növ xidmət edir. Görürsən ki, bir əsəri asıb-kəsirlər, sən də onu tapıb oxumaq istəyirsən. Amma təəssüflər olsun ki, sənin yazdığını bir yana qoyub hətərən-pətərən danışanlar da olur. "Yarımçıq əlyazma"yla bağlı mən də bunları yaşamışam. Bəziləri ağlına və ağzına gələnləri yazdı. Ağzına gələnləri yazanlarla mənim qiyabi ünsiyyətim çox maraqlı idi. Mənim üçün maraqlı idi ki, görəsən bunların ağılları haracan kəsir, haracan yol gələ bilirlər. Və görürdüm ki, bunların çoxusu yarımçılıqdan gələn şeylərdi.  

Əsərin Türkiyədə nəşr olunub diqqət çəkməsi bir azərbaycanlı yazıçının böyük uğurudu. Həm də romanın türk tənqidçiləri tərəfindən düzgün anlaşılması və qiymətləndirilməsi sevindiricidir.  

Doktor Alı Duymaz: Kamal Abdulla bir çərçivə mətin içrə mətinlər yerləşdirəməklə, həmin mətinləri həm öz içlərində sorğulamaqla, həm də mətinlər arasında əlaqələr yaratmaqdadır. Yəni Kamal Abdulla bu romanında özəlliklə Dədə Qorqud kitabının bilinən əsl nüsxəsindəki semantik boşluq dediyi çatışmazlıqları bir romançı üslubuyla doldurmaqda, Şah İsmayılla bağlı tarixi olayları da Dədə Qorqudla bağlayaraq ədəbi və tarixi bir uyğunluq yaratmaqdadır.   

... Kitabın orjinal nəşrində Kamal Abdulla bu gün Türkiyə türkcəsində işlənən, Azərbaycanca istifadə olunmayan bəzi söz və ifadələrdən də istifadə etmişdi. Bəzi azəri araşdırmaçıları səhv hesab eləyib, tənqid etdikləri bu söz və ifadələr Kamal Abdullaya görə Türkiyə türkcəsi deyil, Oğuz türkcəsidir. Xalqlarımızın Dədə Qorqud dövründəki ortaq dilidir.   

Vaxtilə nəsrimizin uğurları rus dilində yüksək tirajlarla nəşr olunmaq sayılırdı. Dünya alqlarının dillərinə də rusdili üzərindən açılmaq mümkün olurdu.   

 "Yarımçıq əlyazma"ya Türkiyə də belə düzgün, zərgər dəqiqliyi ilə qiymət yazıçılarımızın Avropaya, Dünyaya açılma yollarını mütləq və mütləq dəyişməlidi. Ümidvarıq ki, Kamal Abdullalarımız öz bənzərsiz əsərləriylə Asiyadan Avropaya körpü sala biləcəkdi.  

Kamal Abdulla: Slavyan Universitetinin rektoru, həm gözəl təşkilatçı, həm ciddi bir maarifçi. Dayısı Əli Sultanlı kimi elm xadimlərinin işıqlı estafetini bir az da önə aparmış davamçı. Az müddətdə az qala bütün Avropada tanınmış bir elm ocağının örnək rəhbəri.  

Yazıçı və şairlərin əvvəllər də, indi də özlərinə münasib iş tapmaları çətindən, çətin olmuşdu. Vaxtilə bu sahədə ən böyük xeyirxahlığı Azərbaycan Sovet Ensiklopediyasına baş redaktorluğu zamanı Rəsul Rza etmişdir. Bir zamanların gənc ədiblərindən ibarət işsizlər ordusu Rəsul Rza sayəsində özlərinin ilk, həm də şərəfli əmək kitabçasına yiyələnmişdi. Fikrət Sadıq, V.Səmədoğlu, İ.İsmayılzadə, Ə.Salahzadə, V.Nəsb, Məhərrəmoğlu və başqaları R.Rza tərəfindən həmin elm müəssisəsinə işə düzəlmişdi.  

Kamal Abdulla da öz qələm yoldaşlarına böyük etimad göstərir. Başçılıq etdiyi universitetdə onların bacarıq və qabiliyyətlərinə uyğun vəzifələr verir. Onlarla Salam, Etimad, Başkeçid kimi onlarla şair və yazıçı, dekan, nəşriyyat direktoru vəzifəsində çalışır.  

Kamal Abdullanın təşkilatçılığı sayəsində Slavyan Universiteti Azərbaycanımızın dünya ölkələri ilə dostluq və qardaşlıq universitetinə çevrilib.  

 

Gənc ağsaqqalla son, müsahibə əvəzi  

 

Vaqif Nəsib: başda V.Putin olmaqla Slavyan ölkələrinin prezidentləri universitetimizin fəxri professoru diplomu alıb. Necə deyərlər bir növ sizlərin də əbasından çıxıb. Bunlar xidmətdən çox siyasət, siyasətdən çox xidmətdi.   

Kamal Abdulla: Məncə siyasətdən çox xidmət, yəni tələbə mübadilələri, yüzlərlə azərbaycanlı oğlan və qızın xarici universitetlərə ayaq açmasıdı.   

Vaqif Nəsib: Yaradıcılıqları təpədən-dırnağa milli, rusdilli Çingiz Aytmatovla, Oljas Süleymanova necə. Sizin elmi əbalardan qismət olacaqmı?  

Kamal Abdulla: universitetimizin adına baxmayın... Bizim Universitetdə təkcə Slavyan dilləri, filologiyası tədris olunmur. Bərabər hüquqlu ixtisas kimi türkologiya, türk dili və ədəbiyyatı, türkiyəşünaslıq, Azərbaycan dili və ədəbiyyatı, beynəlxalq münasibətlər, jurnalistika ixtisasları da var. Nə Slavyan dünyasını türk dünyasız, nə də türk dünyasını Slavyan aləmsiz öyrənmək mümkün deyil.   

Qaldı O.Süleymanov kimi ədiblərə gəlincə, bir nəfəri də mən əlavə etmək istəyirəm, - serb yazıçısı Milord Paviçi. O qədim türk imperatorluğunu, onun sakinlərini çox gözəl, romantik aurada özünün "Xəzər sözlüyü" əsərində təsvir etmişdi. Yəni gələcəkdə hər şey ola bilər. Belə xidməti olanlar da bizim əbamızı geyinə bilər.  

Vaqif Nəsib: Bir rektor, yazıçı, elm xadimi və nəhayət bir insan kimi həyatda ən böyük arzunuz?  

Kamal Abdulla: Dünyanın xoşbəxti bir baba olmaq!

 

 

Vaqif Nəsib

 

Ədalət.- 2009.- 14 mart.- S. 12-13.