Məzahir Pənahov: "Biz referenduma
hazırıq"
Referendumu 2000 beynəlxalq müşahidəçi
izləyəcək
Sabah-martın 18-i ümumxalq səsvermə keçiriləcək. ANS-ə müsahibə verən Mərkəzi Seçki Komissiyasının sədri
Məzahir Pənahov seçkiyə hansı səviyydə hazırlaşdıqlarına
dair sualları cavablandırıb. MSK sədri
"Referendumun keçirilməsinə
hazırsınızmı" sualına konkret cavab verib: "Əlbəttə hazırıq".
M. Pənahov
seçki məntəqələrinin
referenduma hazır olmasını hansı kriteriyalarla müəyyənləşdirdiklərinə
də aydınlıq gətirib: "Bizim 5 min
300-dən çox məntəqəmiz
var. Həmişə həmin
məntəqələri yüksək
səviyyədə səsvermə
üçün rahat,
hazırlıqlı vəziyyətə
gətirmək üçün
hazırlaşırıq. Biz
çalışırıq ki, məntəqələrdə
narahatçılıq olan
xırda məqamları
belə aradan qaldıraq. Məntəqələrdə kifayət qədər
səsvermə kabinələri
quraşdırmışıq. Bu, referendum üçün əlamətdar olan məqamdır. Bilirsiniz ki,
bülletenin ölçüləri
böyükdür. Seçicilər 29 maddə üzrə 45 düzəlişə səs
verəcəklər. Ona görə
də kabinələrin
sayını kifayət
qədər artırmışıq.
Təsəvvür edin
ki, məntəqələrdə
kabinələrin sayı
ən az
olan yerdə
4-6-dır. Bizim 50-dən başlayaraq, 1500-ə
qədər seçici
olan məntəqələrimiz
var. 16, 18, 14 kabinə olan
məntəqələrimiz çoxluq təşkil edir. Çalışırıq ki, seçicilərimiz
səsverməyə gələndə
heç bir problemlə üzləşməsinlər.
Həm də səsvermə bülletenini atmaq üçün kifayət
qədər qutular paylamışıq. Hər bir
qutunun ən azı 450-500 bülleteni sərbəst tutmasına baxmayaraq, biz 1500-ə qədər
seçici olan məntəqələrə 4 qutu
paylamışıq. Ən
az qutusu
olan məntəqələrdə
4 daşınmaz qutu
var. Hesab edirəm ki, bununla da
bağlı heç bir problemimiz olmayacaq. Seçici siyahıları ciddi
şəkildə dəfələrlə
dəqiqləşdirilib, düzəlişlər
aparılıb. Məntəqələr səviyyəsində çox
detallı siyahılar
artıq divarlardan asılıb. Seçici siyahısı
çox ciddi məsələdir. Ümumilikdə, həm seçicilərimiz
üçün, həm
də komissiyaların
normal işləməsi üçün
bütün şərait
yaradılıb".
Seçki prosesinin şəffaflığını
göstərən amillərdən
biri müşahidəçilərə
yaradılan şəraitlə
bağlıdır. MSK sədri iddia edir ki, müraciət
edən bütün müşahidəçilər akkreditasiyadan keçib:
"47 mindən yuxarı
müşahidəçimiz olacaq. Onların 200-ə qədəri beynəlxalq müşahidəçilərdir.
Bunlar Avropa Şurasının, Müstəqil
Dövlətlər Birliyinin
(MDB) Parlament Assambleyasının,
MDB-nin Müşahidə
Missiyasının, nüfuzlu
Avropa ölkələrinin
parlamentlərinin, seçki
üzrə ixtisaslaşmış
qurumların nümayəndələridir.
Seçki məntəqələrimiz səhər saat 8-də səsvermə üçün
hazır olacaq. Amma 8-ə qədər məntəqə
seçki komissiyaları
Seçki Məcəlləsinin
tələbinə uyğun
olaraq müəyyən
addımları atmalıdırlar,
hazırlıq işləri
getməlidir, bəzi sənədləşmə işləri
aparılmalıdır və
bu sənədləşmə
məsələləri də
müşahidəçilərin nəzarəti altında həyata keçirilməlidir.
Seçicilərin səs verməsi
üçün lazımi
şərait yaradılıb.
Məntəqələrimiz kifayət qədər
abad binalarda yerləşdirilib. 500 məntəqədə veb-kameralar
quraşdırılıb və
Mərkəzi Seçki
Komissiyasının internet xətti
vasitəsilə dünya
ictimaiyyətinə imkan
yaradılacaq ki, həmin məntəqələrdə
bütün prosesləri
əvvəldən axıra
qədər müşahidə
etsinlər.
Referendumla başqa seçki proseslərinin fərqi seçicilərlə bağlı
yetərsay faktorundadır. Belə ki,
seçicilərin 25 faizdən
çoxu səsvermədə
iştirak edəcəyi
təqdirə referendum baş
tutmuş hesab edilir. M.Pənahovun fikrincə,seçkidən
seçkiyə fərq
var - prezident seçkiləri, parlament seçkiləri, bələdiyyə
seçkiləri və
referendum müxtəlif xarakterli
seçkilər olduğuna
görə burada müəyyən spesifikalar
var. Amma ümumilikdə
Azərbaycan seçiciləri
seçkilərdə həmişə
kifayət qədər
fəal olublar. Baxmayaraq ki, seçkilər üçün
bizdə heç bir kvorum yoxdur,
tək referendum üçün
25 faizdir: "Hesab edirəm ki, seçicilərimiz fəal
olacaqlar. Çünki referenduma çıxarılan
məsələlərə münasibətlə bağlı
bizim müəyyən
yerlərdə müşahidələrimiz
olur. Mərkəzi Seçki Komissiyası
ilə seçicilərin
və müxtəlif qurumların əlaqələri
demək olar ki, mütəmadi xarakter alıb. Bütün bunların nəticəsində
bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, seçki fəallığı
yüksək olacaq.
Digər tərəfdən,
Mərkəzi Seçki
Komissiyası bu istiqamətdə kifayət
qədər iş görüb. Milyonlarla tirajla referenduma
çıxarılan məsələlərin
müqayisəli mətnini,
referendum aktı layihəsini
dərc etmişik və hər mənzilə paylanmasını
təmin etmişik.
Radio-televiziyanın imkanlarından, kütləvi
nəşrlərin imkanlarından
geniş istifadə etmişik. Kifayət qədər maarifləndirmə
işləri aparılıb
və seçicilərin
referendum aktına münasibətini
fəallaşdırmaq üçün
lazımi işlər
görülüb. Eyni zamanda,
9 təşviqat qrupu qeydiyyata alınıb və onlar yerlərdə
fəal işlər görüblər".
MSK sədri müsahibəsində
təşviqat kampaniyasının
gedişatına da münasibət bildirib. Təşviqat
prosesinin dinamikasına
nəzərən bu istiqamətdə əldə
olunanları nailiyyət
hesab edən M.Pənahov indiki seçicini 90-cı illərin
axırlarındakı, 2000-ci illərin əvvəllərindəki
seçici ilə müqayisə etməyin düzgün olmadığını
diqqətə çatdırıb:
"İndiki seçicilər
kifayət qədər
maarifləndirilmiş seçicilərdir,
seçkilərə münasibətdə
özlərinin obyektiv
mövqeyini formalaşdırıblar.
Əvvəllər seçicilər fikirləşirdilər ki,
ürəklərində tutduqları
kimi keçirilsə,
seçkiləri yaxşı
təşkil olunmuş
hesab etmək olar. Amma getdikcə seçicilər
başa düşür
ki, dünyada belə deyil. Seçkilər çoxluğun fikrini
ortaya qoymaq üçün düşünülmüş
tədbirdir. Çoxluğun fikri müəyyənləşdirilsin
və cəmiyyətin
idarəçiliyində buna
icazə verilsin.
Bu, demokratiyanın əsas prinsipidir. Amma eyni zamanda, müxtəlif
fikirlər varsa, onların ən zəifi belə eşidilməlidir. Artıq seçkilərə
münasibət özünün
fərdi seçkinin nəticəsinə olan münasibətilə formalaşmır.
O, nəticələri nə
dərəcədə ictimai
fikri düzgün əks etdirib etdirməmək baxımından
formalaşdırır".
"Səsvermə
günü adını
siyahıda tapmayan seçicilər məntəqə
sədrinə müraciət
etməklə adlarını
əlavə seçici
siyahısına daxil edə bilər".
Bu fikirlər də MSK sədrinə aiddir.
Səsvermənin ilkin nəticəsinin bir qayda olaraq
səsvermə günü
axşam elan olunacağını söyləyən
M.Pənahovun sözlərinə
görə, martın
18-i axşam seçicilər
ilkin nəticələrdən
xəbərdar olacaq.
Anar İsaoğlu
Ədalət.- 2009.- 17 mart.- S. 2.