HAVA PROQNOZU
Qabaqlar el arasında
belə bir deyim formalaşmışdı:
"Düzgün, dəqiq
olan bircə şey varsa, o da hava
proqnozudu...". Həqiqətən
camaatın təskinlik
kimi istinad etdiyi hava proqnozları
müəyyən dövr
ərzində əsasən
özünü doğruldurdu.
Əslinə baxsan bu, elə də
çətin bir iş deyil, konkret elmə əsaslanır - meteorologiyaya.
Hərçənd, keçmişlərdə quşların, heyvanların,
ağacların, hətta
bəzi xəstələrin
davranış və hal dəyişiklikləri
əsasında yaşlı
adamların da proqnozları düz çıxırmış. Ancaq
bu çox məhdud şəkildə
olduğundan, uzaqbaşı
həmin o "hava bilicilərinin" yaşadığı ərazidə yayılırmış.
Deməli, əsas istinadgah radio-televiziya və qəzet məlumatlarıdır (sonuncuya
o qədər də ehtiyac qalmayıb).
Bir halda ki, məsələyə,
şərh olunacaq mövzuya xalq ənənələrini sintez
edərək giriş
verdik, qoy onda elmi əsaslarına
və praktik inkişafına da diqqət yetirək. Meteorologiyanın
geofizika elmləri sistemində atmosfer haqqında ayrıca bir elm olması
məlumdur. Meteorologiya
termini antik dövrlərdə yaranmışdır.
Ancaq fizikanın bölməsi kimi XVII əsrdən inkişaf etməyə başlamışdır.
Bu dövrdə italyan alimləri Q.Qaliley və E.Torriçelli ilk meteoroloji cihazlar (termometr və barometr) düzəltmişdilər.
Tədricən meteoroloji
stansiyalar şəbəkəsi
yaradılmış və
daha sonra müntəzəmliklə meteoroloji
müşahidələrin aparılmasına
başlanılmışdır. Meteorologiyanın sonrakı
inkişafı bu sahədə stansiyalar şəbəkəsinin genişləndirilməsi,
atmosferdəkı müxtəlif
hadisə və proseslərə dair xüsusi müşahidələrin
yaranması və başqa yeniliklərlə
əlaqədər olmuşdur.
Hava proqnozu, yəni sinoptik meteorologiya iri miqyaslı atmosfer proseslərinin təhlili əsasında havanın gələcək vəziyyətı haqqında irəli sürülmüş elmi fikir və nəticəni tədqiq edərək qabaqcadan xəbərvermədir. Proqnozlar qısa və uzunmüddətli olaraq həm müəyyən ərazi (vilayət, ölkə, dəniz akvatoriyası və s.), həm də ayrı ayrı yaşayış məntəqələri, aeroport, nəqliyyat yolları və s. üçün tərtib edilir. Xalq təsərrüfatının müxtəlif sahələrinin işində çətinliklər törədən və onlara zərər vuran, həmçinin, əhalinin təhlükəsizliyini qorxu altına salan hava hadisələri - siklon, tufan, duman, çovğun, güclü külək, toz fırtınası, ayaz və s. xüsusi hava proqnozlarına daxildir. Beləcə, sinoptik meteorologiyanın məlumatları əsasında tərtib olunan hava proqnozları indi dünyanın hər yerində radio-televiziya vasitəsi ilə gündəlik təkrarlanmaqla əhaliyə çatdırılır.
İndi qayıdıram söhbətin əvvəlinə. Hər gün televiziya kanallarımızın hamısı xəbərlərin sonunda mütləq hava haqqında məlumatlara da vaxt ayırır və bu məlumatları uşaqlar istisna olunmaqla böyüklərin əksəriyyəti diqqətlə izləyir. Hava proqnozları bir çox mənalarda zərurətə çevrildiyindən onun dəqiqliyi ciddiyə alınır. Mən özüm də hər gün hava haqqında məlumatlara diqqət yetirirəm. Və qəribə hallarla rastlaşıram. Bu, özünü daha çox iki cəhətdən göstərir. Birincisi, son vaxtlar (bunu il boyu kimi də nəzərdə tutmaq olar) verilən gündəlik, həftəlik və ongünlük proqnozlar çox zaman düz çıxmır. Xüsusi ilə paytaxtdan kənar bölgələr üzrə. Günəşli, mülayim hava əvəzinə soyuq yağmur gəlir. Yaxud hər şey əksinə baş verir. Hətta bu cür səhv (əks) məlumatlar günlərlə davam edir. Çoxdanki müşahidələri qoyaq bir kənara, yaxın günlər üçün göstərilən proqnozlara və baş verənlərə diqqət yetirək. Martın 9, 10, 11 və 12-nə respublikanın şimal-qərb və şərq rayonları üçün proqnozlar belə idi: dağlarda qar, dağətəyi və digər yerlərdə sulu qar və yağış yağacaq, temperatur 3-5 dərəcə aşağı düşəcək. Həmin günlər nə sulu qar, nə də yağış yağdı. Havanın hərarəti də düşmədi, əksinə oldu. Bunu heç anomaliya da adlandırmaq mümkün deyil. Çünki anomaliya qəfil baş verir və sinoptiklər bunu adi vətəndaşlardan uzaqbaşı 2-3 saat əvvəl bilirlər ki, bunun da heç bir əhəmiyyəti qalmır. Necə ki, 2004-cü ilin aprel ayının, səhv etmirəmsə, 5-dən 6-na keçən gecə gündüzün 15-18 dərəcə isti havasını 4-5 dərəcə şaxta əvəzləmişdi. Həmin il bir çox meyvələr eləcə də soyuqdan qorunması yüngülləşdirilmiş parniklər əsasən tələf oldu, şaxtadan "yandı". Göründüyü kimi, bu, proqnozlaşdırılması mümkün olmayan təbiət hadisəsidir.
İkincisi,
televiziya kanallarının bir-birindən fərqli məlumat
verməsidir. Bu fərqlər bəzən
ayrı-ayrı bölgələr
və daha çox halda rayonlar üzrə 2-3 dərəcəyə qədər
mənfi-müsbət təşkil
edir. Respublikada proqnozlar eyni
mənbədən götürülmürmü?
Məsələn, ANS, Azad Azərbaycan,
"Xəzər" telekanallarındakı
hava haqqında məlumatları bir neçə dəfə izləməklə fərqli
proqnozların şahidi
olmaq mümkündür.
Eyni bölgədə bir-birinə
qovuşuq iki qonşu rayonda 4-5 dərəcə fərq göstəricisi məsələyə,
sadəcə, qeyri-ciddi
yanaşmadır. Özü də
hər cəhətdən
oxşar olan kiçik bir ərazidə, yer və hava məkanında.
Yəqin elə bu səbəblərdəndir
ki, yazının ilk cümləsindəki fərqləndirilən
deyim çoxdan yaddan çıxıb unudulmaqdadır.
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2009.- 17 mart.- S. 4.