BİR BAHAR OVQATI
Baharın gəlişi hər bir elə,
hər bir obaya və hər
bir evə özü ilə yeni təravət, yeni sevinc və
yeni ovqat gətirir. Bu ovqatın gözəlliyi ondan ibarət olur ki, Novruzda
bütün insanlar sevinir və fərəh hissi keçirir.
Əlbəttə, həmişə insanlar Novruzun gəlişinə böyük ümidlə baxıblar. Çünki torpağın oyanması ilə hər yan yaşıllaşır və dünyamız güllərə, çiçəklərə bələnir. Novruzda elə adam olmur ki, evinə-eşiyinə nə isə təzə bir şey almasın, süfrəsini bayram xonçası ilə bəzəməsin. Novruz bayramı həm də arzuların və ümidlərin çin olduğu, göyərdiyi bir gündür. Bu gün Novruzu məmləkətimizin müxtəlif yerlərində hər kəs böyük sevinclə qarşılayır.
Baharın gəlişi Sabunçu rayonundakı 271 saylı orta məktəbdə də böyük sevinclə qarşılanıb. Həmişə bahar bayramını bu məktəbin kollektivi özünəməxsus bir formada və üslubda qarşılayırlar. Əvvəlcə onu qeyd edək ki, bu məktəb nəinki Sabunçu rayonunda, habelə Bakının qabaqcıl və nümunəvi təhsil ocaqlarından sayılır. Çünki hər il bu məktəbi bitirən onlarla məzun respublikamızın müxtəlif ali məktəblərinə, universitetlərinə qəbul olaraq tələbə adını qazanırlar. Elə məzunlar var ki, onlar 600-dən də çox bal toplayaraq istədikləri universitetin tələbələri olublar. Əlbəttə, bütün bunlar məktəbdə şagirdlərə verilən və aşılanan yüksək elmin, biliyin bəhrəsidir. Təsadüfi deyil ki, təhsildəki qazandığı uğurlara görə 271 saylı orta məktəb dəfələrlə fəxri fərmanla və mükafatla qiymətləndirilib. Məktəbin direktoru, təcrübəli pedaqoq, şair-publisist və gözəl ziyalı Səməndər Məmmədovdur. S.Məmmədov özü Heydər Əliyevin 85-ci ildönümü münasibəti ilə keçirilən respublika müsabiqəsində "Kremlə sancılmış türk bayrağı" elmi-tədqiqat layihəsində respublikada birinci yerə çıxıb. Azərbaycan Milli Dram Teatrında keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov Fəxri Fərmanı və fotoaparatı S.Məmmədova özü təqdim edib. Təbii ki, elmdə, təhsildə qazanılan bu uğurlar məktəbin pedaqoji kollektivini həmişə ruhlandırıb və onlarda yeni bir ovqat yaradıb.
Novruzun gəlişi ilə əlaqədar olaraq həmin məktəbdə "Novruz gəlir..." adlı ədəbi-bədii kompozisiya təşkil edilib. Əvvəlcədən onu qeyd edək ki, bu kompozisiyada Azərbaycanın milli bayramı olan Novruzun bütün elementləri və xüsusiyyətləri öz əksini tapıb. Bir-birindən gözəl səhnələr əvəzləndikcə həmin səhnələrdə Novruzla bağlı şagirdlərin oynadıqları obrazlar yeni bir ab-havadan xəbər verirdi. Ayrı-ayrı şagirdlərin söylədikləri şeirlər və ifa etdikləri mahnılar musiqiyə qatışaraq gözəl bir aura yaradır, insanların içində baharın gəlişi ilə əlaqədar xoş duyğular oyadırdı. Hər il olduğu kimi, bu il də Novruzun 271 saylı orta məktəbdə belə yüksək şəkildə təşkili onu göstərirdi ki, hələ də milli ruhda və milli xüsusiyyətdə yaşamağa üstünlük verən insanlar çoxdur. Məktəbdə keçirilən bütün tədbirlərə təşkilatçılıq edən və eləcə də bu tədbirləri yüksək səviyyədə həyata keçirən təlim-tərbiyə işləri üzrə direktor müavini Rüxsarə Əlizadənin əməyi xüsusi ilə qeyd edilməlidir. Rüxsarə xanım həmişə bu cür tədbirlərdə o qədər həvəslə və maraqla iştirak edir ki, bunun da müsbət nəticələri olur . Çünki Rüxsarə Əlizadə bu cür tədbirlərin keçirilməsində sanki peşəkar bir insana çevrilib. Həmin tədbirlərdə məktəbin müəllimələri Nazilə Əbdülhəsənova və Badisəba Səfərova da yaxından iştirak edib, tədbirin al-əlvan və rəngarəng keçməsi üçün öz töhfələrini veriblər.
Onu da qeyd edək ki, bu cür tədbirlərə adət etmiş məktəbin şagirdləri həmişə Novruzun gəlişini böyük səbrsizliklə gözləyirlər. Yəni onlar hər Novruzda milli bayramı məktəbdə yüksək səviyyədə qeyd edir, baharın sevincini dostları ilə birlikdə yaşayırlar. Əlbəttə, bahar təbiətin ən gözəl və yadda qalan fəsillərindən biridir. Bu fəsli çox vaxt qan qaynayan fəsil də adlandırırlar. Çünki təbiət oyananda insanların da bədənində qan qaynayır, ruhu təzələnir, ümidi daha da artır.
Təsadüfi deyil ki, 271 saylı orta məktəbin müəllimlərinin adı həmişə yaxşılar siyahısında çəkilir. Belə ki, bu məktəbin üç müəllimi - Süsən, Əzim və Kəmalə müəllimə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin Fəxri Fərmanları ilə təltif olunublar. Ona görə ki, onlar TQDK-nın keçirdiyi imtahanlarda öz işlərinə vicdanla, namusla və obyektiv yanaşmış, onlara göstərilən etimadı doğrultmuşlar.
Bahar həm də yeni gün, yeni il deməkdir. Bu yeni günü və yeni ili bütün insanlar kimi, bu məktəbin pedaqoji kollektivi də sevinclə qarşılayır və böyük ovqatla həmin sevinci yaşayırlar. Ürəklərdə isə körpə tumurcuqlar kimi yeni arzular və yeni ümidlər üzü bahara doğru çiçək açır. Bu çiçək hər bir şagirdin, hər bir müəllimin və hər bir insanın ürəyində bir bahar ovqatı yaradır.
FAİQ QİSMƏTOĞLU
Ədalət.- 2009.- 17 mart.- S. 4.