BİR AZ MƏSLƏHƏT, BİR AZ DA DANLAQ

 

11 ölkə səfirinin müxalifətlə qapalı görüşündən çıxan ilkin nəticələr

 

Mətbuatda xəbər verildiyi kimi, ötən həftə Azərbaycanda akkreditə olunmuş xarici səfirliklərin nümayəndələri, hətta bəzi səfirlərin özləri də iştirak etməklə müxalifət liderləri ilə gizli görüş keçirilmişdir. Doğrudur, bu "gizli" sözünü bəzi mətbu orqanlar "qapalı" kimi təqdim etmişdilər, amma fərq etməz.   

Söhbət ondan gedir ki, bu görüş guya Azərbaycan xalqından, Azərbaycan ictimaiyyətindən, ilk öncə isə Azərbaycan iqtidarından və mətbuatından gizli təşkil olunmuşdu. Amma görüşü təşkil edənlər ya bilib deməmişdilər, ya da fərqinə varmamışdılar ki, bizdə heç nəyi gizlətmək mümkün deyil. Hətta atalarımız deyib ki, "oğurluqla əxlaqsızlığın ömrü qırx gün çəkər". Bu atalar sözünü şərh eləsək onda belə çıxır ki, bir-birinə dost, qardaş, əmioğlu, dayıoğlu, kəndçi, həmyerli, əsgər yoldaşı, türmə yoldaşı, tələbə yoldaşı olan 9 milyonluq Azərbaycanda insanların nəyisə başqasından gizləməsinin ömrü uzağı qırx gün çəkər. Qırx birinci gün başlar-başlamaz, loru dildə desək, "arvadinform" telefon qeybətlərində, ya bazar-dükan görüşlərində mütləq sirrin üstünü açacaqlar, necə ki, açdılar...  

Bəli, səfirlərin müxalifət liderləri ilə gizli görüşündən heç qırx gün də keçmədi, cəmi üç gün ötüb dördüncü günə ayaq qoyanda artıq məsələnin bütün məğzi ictimaiyyətə bəlli oldu. Öyrəndik ki, Avropa Birliyinə üzv olan 11 ölkənin Azərbaycandakı səfirləri müxalifət liderləri ilə görüş təşkil edəndə onların konkret məram və məqsədləri var imiş. Bu barədə görüşdən sonra mətbuata açıqlama verən AXCP sədri Əli Kərimli bildirib ki, o, görüşdən razı qalıb və burada müzakirə olunan məsələlər barəsində isə bir neçə gündən sonra açıqlama verəcək. Lakin elə həmin fikrin ardınca da Əli bəy söyləyib ki, "hər bir məsələyə dair ayrı-ayrı müzakirələr aparılır və zaman-zaman toplanaraq nəticəsini verir. Referendumla bağlı müzakirələr bir müddət sonra öz nəticəsini verəcək".   

Göründüyü kimi, Əli bəyin söylədiyi bu "zaman-zaman" məsələsi qeyri-müəyyən müddətə hesablanıb. Bilmək olmur ki, referenduma cəmi məlum saatlar qaldığı bir vaxtda, nəyi "zaman-zaman" bir yerə yığacaq? Axı, söhbət referendumdan gedirsə, onun keçirilməsinə, məntəqələrə seçicilərin gəlməsi vaxtına saatlar qalıb. Nəsə çox yozulması və anlaşılması qaranlıq olan bir açıqlamadı və bu, görünür, Əli Kərimlinin siyasi lider, partiya rəhbəri kimi öz siyasi gedişidir. Hər halda burda nəyin necə yozulmasını elə Əli bəyin dediyi kimi, zaman özü göstərəcək. Axı, bir sözün bir neçə yozumu olur. O cümlədən də fikirlərin.   

Həmin görüşdə iştirak etmiş Sərdar Cəlaloğlu da vurğulayıb ki, "Qərb diplomatları Azərbaycanda hansısa bir tədbirə imza atanda və yaxud hansısa bir məsələni müzakirə etmək istəyinə düşəndə onlar etibarlı hesab etdikləri siyasətçilərlə müzakirələr aparırlar". "Bakı-xəbər" qəzetinin yazdığına görə, Sərdar bəyin təbirincə desək, bu görüş önəmli olmaqla yanaşı, həm də əvvəlki görüşlər kimi sanki əvvəlcədən müəyyən fikirləri təsdiq etməyə hesablanmışdı. ADP sədri Sərdar Cəlaloğlu vurğulayıb ki, "budəfəki görüşə qatılan bəzi müxalifət təmsilçilərinin qeyri-ciddiliyi və onlara etibar edilməsinin mümkünsüzlüyü Qərb diplomatlarına yaxşı məlumdur. Ona görə də hər hansı digər ciddi məqamlarla bağlı müzakirə aparılması inandırıcı deyil. Yəni Qərb diplomatları ilə keçirilən görüşlərdə onlar daim müxalifətin mövqeyinə əks prizmadan çıxış edib, bununla da bu cür görüşlərin sonradan müxalifət liderləri tərəfindən müsbət qiymətləndirilməsi müxalifətin siyasi divident qazanması məqsədini daşıyır".   

Göründüyü kimi, Avropa Birliyinə üzv olan 11 ölkənin səfirinin müxalifət liderləri ilə keçirdiyi görüş nə qədər qapalı keçirilsə də burada müzakirə olunan məsələlər barəsində əvvəlki illərin görüşlərinə istinadən bəri başdan təsəvvür yaratmaq mümkündür. Və bundan əlavə, "Bakı-xəbər"in yazdığına görə, Qərb ölkələrindən birinin səfirliyinə yaxın olan mənbə onlara bildirib ki, bu qapalı görüşdə "əsasən referendum ətrafında müzakirələr aparılıb və Qərb təmsilçiləri birmənalı şəkildə referendumu boykot edən müxalifəti öz mövqeyindən geri çəkilməyə çağırıb. Qəti olaraq vurğulayıblar ki, bəzi müxalifət qüvvələrinin referendumu boykot etməsi onların beynəlxalq ictimaiyyətlə, eləcə də ölkə cəmiyyəti ilə münasibətlərin qurulmasında düşdüyü izolyasiya vəziyyətini bir qədər də dərinləşdirir". "Bakı-xəbər"in bu açıqlamasının ardınca o da nəzərə çatdırılıb ki, "Qərb diplomatları müxalifətçiləri prezident seçkiləri zamanı yaranan vəziyyət və onun nəticələrindən çıxış edərək proseslərin gedişinə qiymət verməyə dəvət edib".  

Bütün bunlar onu göstərir ki, görüş nə qədər qapalı keçsə də, burada əsas müzakirə mövzusu martın 18-də keçiriləcək referendum olub. Və bizim müxalifətdən fərqli olaraq 11 xarici səfirliyin rəhbəri Azərbaycan reallığını daha yaxından bildiklərini nümayiş etdiriblər. Nə qədər utanc gətirən olsa da həmin o 11 səfir bizim müxalifətə Azərbaycanın indiki gerçəkliyini xatırladıb və deyib ki, gözünüzü açın reallığı yaxşı-yaxşı seyr edin. Çalışın bir də prezident seçkiləri dövründəki duruma düşməyəsiniz. Reallıqla barışmaq nüfuzunuzu qorumağa yardımçı olar.  

Bəli, biz bəzən nədənsə gördüyümüzdən daha çox eşitdiyimizə üstünlük veririk. Amma unuduruq ki, gözün yaddaşı qulağın yaddaşından daha dəqiq və daha itidir. Odur ki, Azərbaycan müxalifəti hansısa bir addımı atmaq istəyəndə yaxşı olar ki, reallığa uyğun qərar qəbul etsin. Yoxsa həmin o 11 ölkənin 11 səfiri yenə də qapalı iclas keçirib onları danlamağa məcbur olacaq. Mən bunu heç arzu etmirəm.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2009.- 17 mart.- S. 2.