HƏSƏNQULUNUN XORUZU

 

(Ulu Mirzə Cəlil, bağışla, səndən sonra əlimizə qələm alırıq)

 

Srağagün Həsənqulunun xoruzu bərk əsəbiləşib ki, nə qədər hər səhər gözümüzü açıb görəcəyik ki, yenə bu çadır şəhərciyindəyik? Belə səhərlər day məni boğaza yığıb. Acıqnan üzümüzə açılacaq səhər banlamayacam, qoymayacam səhər açılsın və bir də deyir ki, duxu var şəhərcikdə hər hansı başqa bir xoruz banlasın? Bu sözləri deyə-deyə təkəş-təkəş başlayır şəhərciyin adsız küçələrində var-gəl edib xoruzlanmağa. Həsənqulunun qohum-əqrəbası da, kəndçiləri də inanmayıblar ki, bəyin xoruzu belə bir qələt iş görə. Lakin axşama yaxın görürlər ki, məsələ alayı cürdü, deyəsən xoruzun xoruzluğu tutub. Deyəsən bu dəfə banlamayacaq və camaatı səhərsiz qoyacaq. Camaatın da səhər bir sürü işi var.

Şər qarışanda yığışıb gəldilər Həsənqulunun çadır iqamətgahına. Həsənqulunun heç nədən xəbəri yox idi. Teksun yağında iki yumurtanın qayğanağını yeyib "Səs" qəzetində İsa Qəmbərin eninə-boyuna çəkilmiş göyçək məqaləni ləzzətlə oxumuş, az qala dadı damağından getmiş kərə yağı kimi bu məqalə canına yayılmış və ləzzətlə də qırx eşşəyi sağına gələn kişi kimi uzanıb kefnən yatmışdı. Və yuxusunda görürdü ki, Topxanada Armud ağacının kölgəsində əmlik ətindən kabab çəkir. Və gördü ki, vaxtilə evlərində dülgərlik eləmiş Aşot da yazıq-yazıq...

Səs-küyə ayıldı. Gördü içəri adamla doludu. Əvvəl-əvvəl elə bildi onun tasrağagün "Ədalət"də dərc olunmuş məqaləsinə görə camaat onun çadırının qarşısında piket keçirir. Qorxdu. Yığışıb burdan da qovarlar, qalar düzdə. Əmisi oğlu yeridi irəli.

- Sənin xoruzun...

- Nə xoruz, ə? Mənim xoruzuma sataşanın belə...

- Ağlın itirib.

Qalxıb çıxdı bayıra. Və məsələdən hali olub dedi, ürəyinizi sıxmayın, qələt eləyir, tutun gətirin bəri. Onu elə banladım ki, səsinə ermənilər də diksinsin. Töküldülər şəhərciyin adsız küçələrinə. Xoruz özünü ha ora vurdu, ha özünü bura vurdu, canını qurtara bilmədi. Tutub gətirdilər Həsənqulunun hüzuruna. Həsənqulu xoruzun başına yüngül bir şapalaq çaldı, xoruz başını çəkdi qoltuğunun altına.

- Ə, petux, o nə qələtdi eləmisən?

Xoruz cavab vermədi. Həsənqulu ha dedi, xoruzdan səs çıxmadı. Camaat Həsənqulunu qınadı:

- Ə, sən öz xoruzunun da dilini bilmirsən.

Həsənqulu:

 - Görün şəhərcikdə xoruz dili bilən varmı?

Şəhərciyi ələk-vələk elədilər, amma xoruz dili bilən tapılmadı.

- Ə, bu boyda şəhərcikdə xoruz dili bilən bir xoruz, tfu... adam tapılmadı, -deyə Həsənqulu əsəbiləşdi.

Əmisi oğlu:

- Nə bağırırsan, burdakılar Süleyman peyğəmbər deyillər ha. Evdə bişməyib, qonşudan gəlməyib. Xoruz sənindi, canın çıxsın özün birtəhər danış.

Kimsə dedi ki, qaçqınlıqdan qabaq toyuqçuluq fermasında işləmişəm, toyuq dili bilirəm. Yer-yerdən üstünə bağırdılar:

- Kəs səsini, toyuq oğlu toyuq. Toyuq dilini nənəm də bilir.

Həsənqulu çöməlib oturdu xoruzun qabağında, başladı yalvarmağa:

- Saa qurban olum, ay xoruz, dədəm-nənəm saa qurban. Bu camaata yazığın gəlsin.

 Amma xoruz cavab vermək əvəzinə başladı maddım-maddım Həsənqulunun üzünə baxmağa. Qabağına arpa tökdülər, amma xeyri olmadı. Kimsə snikers tapıb gətirdi, xeyri olmadı. Şəhərcikdəki ən gözəl fərəni gətirdilər, gözünün ucu ilə də baxmadı. Həsənqulu gedib içəridən bir çörək bıçağı gətirdi, başladı xoruzun gözünün qabağında oynatmağa. Yenə xeyri olmadı. İstədi boğazını üzsün, qoymadılar ki, bəs o biri xoruzlar?

- Hamısını kəsək.

- Bəs onda toyuqlar necə olacaq?

Bir ağsaqqal dedi:

- Yaman da ağıllısınız, toyuq cəhənnəm, hamısını kəssəniz bəs kim banlayacaq? Mən? Sən? Yoxsa nənən?

Həsənqulu yenə başladı xoruza yalvarmağa. Amma çifayda? Kimsə dedi ki, gedək o biri şəhərcikdən bir xoruz gətirək. Dedilər, bizə fikir vermə, xoruz xoruzun ayağını basmaz. Kimi dedi, müsavatçılar yoldan çıxarıb, kimi dedi AMİP - çilər. Kimsə dedi ki, o gün cəbhəçilər buralarda fırlanırdı. Əmisi oğlu da az qaldı Həsənqulunu boğa ki, günah səndədi, bütün günü müxalifət qəzetləri oxuyursan. Həsənqulu da girdi içəri, "Səs" qəzetini gətirib soxdu əmisi oğlunun gözünə:

- Ə, bu müxalifət qəzetidi?!

Bir ağsaqqal çıxdı qabağa:

- Ə, bir-birinizi qırmayın. Səhərin açılmasına az qalıb, bir tədbir tökün.

Bəli, səhərin açılma vaxtı çatırdı. Günəş üfüqdə görünmüşdü. Bu vaxt kimsə dedi ki, bir uşaq tanıyır, o xoruz dili bilir. Uşağı axtarıb tapdılar. Zorla yuxudan oyadıb, sürüyüb gətirdilər Həsənqulunun çadırının qabağındakı mərəkəyə. Uşaq qorxudan sarılarını udmuş əmiləri yuxulu-yuxulu bir süzdü, sonra xoruza nəsə dedi. Xoruz sıçradı uşağın qucağına. Camaatın üzünə bir sevinc gəldi. Uşaq soruşdu ki, niyə banlamırsan? Dedi, kef mənimdi. Özüm bilərəm. Camaat soruşdu ki, o sənə nə deyir? Uşaq işarə elədi ki, susun, mən qonuşuram. Uşaq xoruzdan xahiş elədi ki, uşaqların xətrinə banlasın. Xoruz bir şərtlə razı oldu ki, bura yığışan əmilər bir-iki ağız banlasınlar.

Camaat:

- Ə, bir de görək deyir.

- Deyir ki, bir-iki ağız banlayın, o da banlasın.

Kimsə dedi ki, ə, vallah, bu bizi dolayır. Xoruz bu sözü deyənə necə tərs-tərs baxdısa yazığın rəngi ağardı. Həsənqulu keçdi hamının ortasına, dirijor kimi əllərini qaldırıb havaya:

- Mən işarə edən kimi hamınız bir ağızdan...

Özünü toparladı, sonra dirijor kimi başladı ban üstündə əllərini yelləməyə. Bir banhaban düşdü ki, gəl görəsən.

Xoruz uğunub getdi. Uşağa dedi ki, ə, bunlar banlaya bilmirlər ki?! Sonra ayağının birini irəli qoydu, birini geri qoydu, bir gərnəşdi, qanadlarını çırpdı, boğazını uzatdı qabağa, əda ilə boğazını irəli uzadıb başladı:

- QUQQULUQUUUU...

Həsənqulunun xoruzunun səsini eşitcək şəhərcikdəki bütün xoruzlar verdilər səs-səsə. Şarap... Şarappıltı ilə günəş üfüqdən doğdu. Bu onu qucaqladı, o bunu qucaqladı, kimsə papağını göyə atdı, kimsə də sevinclə papağını yerə vurdu. Həsənqulu da xoruzu basdı bağrına, març o üzündən, març bu üzündən. Dedi ki, şəklini çəkib göndərəcəm Aqil Abbasa, qoy qəzetində çap eləsin, hamı səni tanısın.

Yer-yerdən düşdülər üstünə:

- Ə, nə qəzet, nə şəkil? Səhər birdən yenə tərsliyi tutar...

Hamı gözünü zillədi Həsənquluya. Həsənqulu xoruzu saxlamışdı Novruzda Fatmanisəgilə bayramlıq göndərə, amma gördü ayrı əlac yoxdu. Uşaq da hiss elədi ki, xoruz əldən gedir. Qəfildən xoruzu Həsənqulunun əlindən qapdı və ildırım kimi götürüldü. Hamı düşdü uşağın dalınca, Həsənquludan başqa. Deyəsən ürəyindən oldu.

Heç kəs ağzını açıb göyə, filana baxmasın. Göydən alma-filan düşən deyil.

 

 

Aqil ABBAS

 

Ədalət.- 2009.- 20 mart.- S.11.