Mehriban Əliyeva insanlığa səsləndi

 

"Azadlığın və həyatın dəyərini dərk et"

 

Gözlənilən gün  

 

Çoxdandır haqqında danışılan hadisə, nəhayət ki, dünən baş verdi. Milli Məclis deputat, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hazırladığı amnistiya aktı layihəsini 111 səs lehinə, 1 səs əleyhinə olmaqla qəbul etdi. Azərbaycan xalqını sevindirməyə yönələn humanist mövqe nəticəsində böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcək.  

Həmçinin, amnistiya azadlıqdan məhrum edilmiş və cəzalarının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzalarının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara tətbiq olunacaq.   

Bununla belə, qanun layihəsində cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq ağır və xüsusilə ağır cinayətlər, habelə xüsusilə təhlükəli residiv yaradan cinayətlər törətmiş və bəzi digər məhkumlar barəsində amnistiyanın tətbiq edilməsində məhdudiyyətlərin müəyyən edilməsi nəzərdə tutulur.  

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə gündəmə gələn və artıq qəbul olunan amnistiya 9 min şəxsin ailəsinə xoşbəxtlik yaşatmış oldu. 1.700 məhkum isə ən böyük nemət olan azadlığa qovuşma şansı qazandı.

 

Bu Novruz ikiqat sevinc gətirdi

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Milli Məclisdə dünənki çıxışı zamanı irəli sürdüyü amnistiya təklifinin hardan qaynaqlandığına aydınlıq gətirib: "Qəbul olunan hər bir amnistiya aktı humanizm prinsip və ideyalarının qələbəsidir. Əsası 1994-cü ildə dahi Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində minlərlə insan azadlığa buraxılıb. Bu gün də həmin ənənələr davam edir. Allah vergisi olan insan ömrü hər şeydən uca, dəyərlidir və hər bir insan ləyaqətlə azad yaşamağa layiqdir. Eyni zamanda hər bir insan öz ömrünün, öz taleyinin hökmdarıdır. Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, onları bağışlayıb cəmiyyətimizə qaytarmaqla biz onlara yenidən azadlığın, həyatın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edirik. Hər zaman mərhəmətlilik, genişqəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilir. Məhz bu prinsiplərdən çıxış edərək, bu prinsiplərə əsaslanaraq bütün həmkarlarımı amnistiya aktını qəbul etməyə çağırıram. Əminəm ki, Novruz bayramı hazırkı amnistiya ilə azadlığa buraxılacaq insanlara və onların ailə üzvlərinə ikiqat sevinc gətirəcək".

 

Milli Məclisin tarixi qərarı   

 

Başqa cür ola da bilməz. Azərbaycanlılar bayramlarda bir-birini təbrik edərkən belə deyir: "Həmişə doğmalarınızla bir yerdə olasınız". Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın bütün azərbaycanlıların arzusunu gerçəkləşdirən təklifini səsvermədən sonra Milli Məclis bu şəkildə qərarlaşdırıb: "Ümumbəşəri idealları, insan hüquq və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvərlik ənənələrini davam etdirərək; cəzadan azad etmənin vətəndaşlarımızın qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, hüququn aliliyinə, qanunçuluğa və ədalətə əsaslanan cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cinayət törətmiş şəxslərin öz əməllərinin nəticələrini dərk edərək islah olunacaqlarına inanaraq; xalqımızın tarixi adət-ənənələrini ehtiramla xatırlayaraq, Novruz bayramının firavanlıq, xoşbəxtlik, əmin-amanlıq rəmzi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutan, milli dəyərlərimizi daim təşviq edən Heydər Əliyev Fondunun təşəbbüsünü dəstəkləyərək aşağıdakı amnistiyanın elan edilməsini qərara alır".  

Qərarda göstərilir: Aşağıdakı məhkumlar, bu Qərarın 7-ci bəndində nəzərdə tutulmuş məhdudiyyət nəzərə alınmaqla, təyin olunmuş cəzalardan azad edilsin:  

- müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən artıq olmayan qadınlar və altı aydan artıq olmayan kişilər;  

- intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi altı aydan artıq olmayan şəxslər;  

1.3. Azadlığın məhdudlaşdırılması cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi iki ildən artıq olmayan qadınlar və bir ildən artıq olmayan kişilər;  

- hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza çəkən şəxslər;  

- islah işləri növündə cəza çəkən şəxslər;  

- ictimai işlər növündə cəza çəkən şəxslər;  

- əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər;  

1.8. Əsas cəza kimi cərimə cəzasına məhkum edilmiş qadınlar və min manatdan artıq olmayan miqdarda cərimə cəzasına məhkum edilmiş kişilər.  

2. Bu Qərarın 1.1-ci bəndində göstərilən şəxslərdən başqa, müddətindən asılı olmayaraq aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 5-7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla):   

- qadınlar; 

- cinayət törədərkən 18 yaşına çatmayan şəxslər;  

- bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış kişilər;  

- bu Qərar qüvvəyə mindiyi günədək birinci və ya ikinci qrup əlil sayılmış şəxslər;  

- öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ya ikinci qrup əlil övladı olan kişilər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər;  

- İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin, bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;  

2.7. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin, bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;  

- Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);  

- keçmiş SSRİ dövründə repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları;  

- 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistan SSR-dən deportasiya olunmuş şəxslər;  

- 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər;  

- Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);  

- 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumları;

- Xocalı soyqırımında əlil olmuş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumları.  

3. Bu Qərarın 1-ci bəndində göstərilən şəxslərdən başqa, aşağıdakı məhkumlar təyin olunmuş cəzalardan azad edilsin (bu Qərarın 5-7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla): 

 3.1. İntizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər;  

- azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər;  

- əsas cəza kimi min manatdan artıq miqdarda cərimə cəzasına məhkum edilmiş kişilər;  

- şərti məhkum edilmiş şəxslər;  

- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq cəzasının çəkilməsi təxirə salınmış şəxslər;  

- bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş məhkəmə qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər.  

4. Bu Qərarın 1.1 və 2-ci bəndlərində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş cəzası yarıyadək azaldılsın (bu Qərarın 5-7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla).

 

Həbsxanada nə qədər dustaq qaldı?

 

Amnistiya 9 min məhbusa şamil olunur ki, bu da ölkədəki ümumi məhbusların 35 faizi deməkdir. Hazırkı amnistiya ilə 1700 dustaq azadlığa çıxacaq (ümumi məhkumların 12 faizi), 1200 nəfərin cəzası azaldılacaq. Amnistiya məhkum qadınların 60 faizini əhatə edir. "Media forum" saytı xəbər verir ki, bu statistikanı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov amnistiya aktı layihəsi barədə deputatlara məlumat verərkən açıqlayıb.   

Ə.Hüseynov bildirib ki, indi Azərbaycanda hər 100 min nəfərə 200 məhkum düşür və bu rəqəm Şərqi Avropa ölkələrindəki göstəriciyə uyğundur. Amnistiyadan sonra Azərbaycanda hər 100 min nəfərə düşən məhkumların sayı 190 nəfər civarında olacaq.   

"Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" qərar 4 ay müddətində tam icra olunacaq.

 

Ocağınız gur yansın

 

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın nəcib təşəbbüsünün dəstəklənməsi və MM tərəfindən qərara alınması hadisəsinə iki cümlə ilə orijinal reaksiyada obyektivliyi meyar seçən həmkarlarımızın adından yazaq: Həmişə ocağınız gur yansın. Sizi isitsin, bu ocağın ətrafına yığışanları isə sərinlətsin.  

Bu gün bütün ürəklərə sərin su səpildi.

 

 

Ceyhun Musaoğlu

 

Ədalət.- 2009.- 18 mart.- S. 1-2.