REKLAMLAR NİYƏ AZƏRBAYCAN DİLİNDƏ YAZILMIR?
Azərbaycan Respublikasının
Konstitusiyasının 21-ci maddəsində
deyilir:
1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
Məlumdur ki, respublikamızın hər yerində olduğu kimi Sumqayıt şəhərində də böyük quruculuq və abadlıq işləri görülməkdədir. Vaxtilə xarabalıq olan yerlərdə indi yaşıl parklar, istirahət ocaqları, sosial obyektlər tikilib əhalinin ixtiyarına verilir. Həmçinin, xarici firmaların, müştərək dükanların, şirkətlərin sayı durmadan artır.
Əvvəllər çətinliklə tapılan malları, məişət texnikasını, kondisionerləri indi hər addımbaşı görmək olar. Çox əfsuslar olsun ki, bu malların içərisində Azərbaycanda istehsal olunanları çox az miqdardadır. Bununla barışmaq olar və ümid bağlamaq olar ki, gələcəkdə bizim də öz maşınlarımız, öz istehsalımız və s. olacaq. Amma çox heyif ki, bu mallarla yanaşı, öz "dilimizi" də şəhərimizin küçələrində görmürük. Dil dedikdə, Konstitusiya və tanınmış Dövlət dilimiz olan Azərbaycan dilini nəzərdə tuturuq.
Şübhəsiz ki, rus imperiyasının əsarəti altında olmaq istər-istəməz dilimizə də öz təsirini göstərmişdir.
Sirr deyildir ki, hazırda doğma ana dilini - Azərbaycan dilini bilməyən həmvətənlərimiz də vardır. Belə insanlar rus dilində və yaxud digər xarici dildə danışarkən elə başa düşürlər ki, "yüksək mədəniyyət" nümayiş etdirirlər. Acınacaqlı hal odur ki, belə adamların içərisində öz doğma ana dilini bilməyənlər, hətta bəyənməyənlər da vardır. Nə qədər ağır da olsa, özümə borc bilirəm ki, bu məsələyə toxunum: - Azərbaycan torpağının suyunu içib, havasını udan bir sıra üzdəniraq vəzifə sahibləri Azərbaycan dilində danışmağı özlərinə yaraşdırmırlar. Hətta danışanda da dilimizin "qol-qabırğasını sındıraraq" elə ifadələr işlədirlər ki, adamda həmin insanlara qarşı qeyri-ixtiyari nifrət hissi oyanır.
Mən o qəbildən olan insanlara üzümü tutub deyirəm: - bilin və agah olun: Azərbaycan dili bütün dillərdən gözəl və zərifdir. Və Azərbaycan dilini bilmək hər bir azərbaycanlının borcudur, şərəfidir.
Eyibimizin bir tərəfi dil bilməməkdirsə, digər tərəfi dilimizin reklamlardan, lövhələrdən əskik olmasıdır. Lövhələrə elə əcaib adlar qoyurlar ki, heç hərf-hərf də oxumaq olmur.
Respublikamızın ikinci böyük sənaye şəhəri kimi tanınan Sumqayıtda da sözügedən məsələ ilə bağlı çox ciddi nöqsanlar vardır. Belə ki, şəhərdə fəaliyyət göstərən mağazalara, ofislərə sahibləri tərəfindən dilə yatmayan xarici sözlər, oxunuşu çətin olan əcnəbi adlar qoyulur. Təbii ki, belə yazılar, reklamlar insanları çaşdırır. Hətta çox adam əcaib adı olan mağazaya və ya ofisə daxil olana qədər içəridə nəyin satılması barədə məlumatı olmur.
Hazırda nə qədər acınacaqlı da olsa, aşağıdakı adlarla Sumqayıt şəhərində fəaliyyət göstərən ofis və mağazalar vardır. Məs: "Toşiba", "Aqrodita" , "Nankook", "İstanbul", "AK-türkler", "Restorant", "Dollarstore", "Sabina", "Tadiran", "Barko" və s.
Təbii ki, hazırda Sumqayıt şəhərində fəaliyyət göstərən yüzlərlə ofis və mağazaların əcaib reklamları əhalinin haqlı narazılığına səbəb olur.
Yaxşı olardı ki, yuxarıda qeyd etdiklərimizi nəzərə alıb, Sumqayıt şəhəri ərazisində yerləşən mağaza vitrinləri, ticarət köşkləri və digər ictimai-iaşə obyektlərində reklam və informasiya xarakteri daşıyan lövhələri, mətnləri başqa dillərlə yanaşı, mütləq Azərbaycan dilində də verilsin.
Ümidvarıq ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti və digər əlaqədar təşkilatlar bu həlli vacib məsələni araşdırıb müvafiq tədbirlər görəcəklər.
Çingiz Ələkbərzadə
Ədalət.- 2009.- 6 may.- S. 7.