HADİ RƏCƏBLİ: "OBAMANIN BƏYANATINI TƏZYİQİN QEYRİ-REAL FORMASI HESAB EDİRƏM"

 

Məlumdur ki, ABŞ prezidenti Barak Obamanın mayın 1-də hər il mayın 3-də qeyd olunan Dünya Mətbuat Azadlığı günü ilə bağlı bəyanatı Azərbaycanda birmənalı qarşılanmayıb. Artıq ölkəmizin bir sıra dairələri və tanınmış şəxsləri bu məsələyə öz münasibətlərini bildiriblər. Mətbuat azadlığı ilə bağlı problemli ölkələr sırasında Azərbaycanın da adının çəkilməsi ölkə ictimaiyyətində narazılıq və etiraz doğurub. Hazırda bu məsələ ölkənin rəsmi dairələrində siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında, mətbuat orqanlarında ciddi müzakirələrə səbəb olub. Biz isə məsələyə münasibət bildirmək üçün Milli Məclisin deputatı, Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru Hadi Rəcəbliyə müraciət etdik. Həmsöhbətimiz bu bəyanata geniş yanaşmaq lazım olduğunu vurğuladı:  

- Ümumiyyətlə, bu bəyanat cəmi bir səhifədən ibarət olsa da, ziddiyyətlərlə doludur. Hesab edirəm ki, onun mətnində olan uyğunsuzluqlar ABŞ prezidentinin mətni hazırlayan köməkçilərinin səriştəsizliyinin və yaxud qərəzinin və B.Obamının da bunun fərqinə varmadan, diqqət yetirmədən həmin mətni oxumasının nəticəsində özünü göstərir. Barak Obama Dünya Mətbuat Azadlığı gününün yalnız 1993-cü ildən bəri qeyd olunmasına baxmayaraq, onun köklərinin daha dərində olduğunu, 1948-ci ildə qəbul edilmiş "İnsan Hüquqlarının Universal Bəyannaməsi"ndə ifadə və fikir azadlığının təsbit edildiyini bildirib. Bizim ölkəmiz bu sahədə heç də müstəqillik tarixi daha öncələrə gedib çıxan digər ölkələrdən geri qalmır. SSRİ kimi totalitar bir ölkənin tərkibində dünyaya qapalı bir cəmiyyətdə yaşamış, dövlət müstəqilliyini cəmi 17 il büundan əvvəl bərpa etmiş Azərbaycan söz və mətbuat, ifadə və fikir azadlığının bərqərar olması və inkişaf etməsi sahəsində çox qətiyyətli addımlar atmış, çox böyük uğurlar əldə etmişdir. Lakin onu da qeyd etmək lazımdır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa və elan etdiyi ərəfələrdə ədalətsiz və işğalçı müharibəyə cəlb olunmuş, bu isə ölkədə ümumiyyətlə demokratik inkişaf proseslərinin ləngiməsinə səbəb olmuşdu. Yalnız ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə ölkə hakimiyyətinin rəhbərliyinə qayıdışından sonra digər bütün sahələrdə olduğu kimi bu sahədə də həlledici addımlar atılmış və böyük uğurlar əldə edilmişdir. Ulu Öndər H.Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə uzun illərdən bəri mövcud olmuş senzuranı ləğv etmiş, həm də azad mətbuatın qarantı olmuşdur. Onun 11 il əvvəl 1998-ci ilin 6 avqustunda imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman ölkəmizdə demokratiyanın inkişafını sürətləndirən mühüm tədbirlərdən biri olmuşdur. Ümumiyyətlə, ümummilli lider Azərbaycan mətbuatının problemləri ilə bağlı 10-dan çox fərman və sərəncam imzalamışdı, həmin sənədlər Azərbaycanda mətbuatın ictimai mövqeyinin möhkəmlənməsinə, nüfuzunun artmasına güclü təkan vermişdir.   

- Hadi müəllim, ABŞ prezidenti elə bəyanatının əvvəlində vurğulayır ki, Dünya Mətbuat Azadlığı gününün bayram edilməsi mətbuat azadlığının oynadığı mühüm rolun nümunəsidir. Həmin gündə hakimiyyətdən sui istifadə hallarının üzə çıxarılmasında jurnalistlərin oynadıqları əvəzsiz rol bayram edilir. Lakin jurnalistlərin ölüm və ya həbslərinin artımının həyəcan verdiyini də bildirir  

- Bəli, elədir. Elə ziddiyyət də bundan sonra başlayır. Həmin hissədən sonra B.Obama qeyd edir ki, bu günün qeyd olunmağa başladığı 1993-cü ildən bu vaxtadək 692 jurnalist öldürülmüşdür. Əslində Azərbaycan Respublikası öz vətəndaşları olan jurnalistlərin xarici terrorun qurbanı olmasından əziyyət çəkən bir ölkə olmuşdur. Gəlin xatırlayaq, 1991-ci ilin 20 noyabrında Azərbaycanın görkəmli dövlət və hökumət xadimlərini aparan vertalyotun Dağlıq Qarabağın ermənilər yaşayan Qarakənd kəndi yaxınlığında vurulub partladılması nəticəsində Azərbaycanın Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov kimi jurnalistləri də həlak olub. 1991-ci ilin 9 yanvarında Şuşa rayonunun ermənilər yaşayan Yeğsahoğ kəndi yaxınlığında Azərbaycanın tanınmış jurnalistlərindən biri, "Molodyoj Azerbaydjana" qəzetinin bölgəyə ezam olunmuş əməkdaşı Salatın Əsgərova öz peşə borcunu yerinə yetirərkən erməni terrorçu dəstəsi tərəfindən qətlə yetirildi. 1992-ci ilin iyununda isə məşhur telejurnalist Çingiz Mustafayev Əsgəran rayonunun ermənilər yaşayan Nacxçıvanik kəndi yaxınlığında erməni yaraqlıları tərəfindən qətlə yetirilib. Onlardan əvvəl isə 1991-ci ilin dekabrında Moskvanın "Mayak" radiostansiyasının müxbiri Leonid Lazareviç Xankəndi yaxınlığında yenə də erməni yaraqlıları tərəfindən öldürülmüşdü. Bu cür misalları çox çəkə bilərik. Amma çox təəssüf ki, bütün bu halların heç biri konkret ünvan, qatillərin ölkəsi, milliyyəti göstərilməklə nə ABŞ, nə də başqa özünü söz azadlığının qəyyumu kimi göstərən ölkələr tərəfindən qeyd olunmayıb. Burada da ABŞ-ın və digərlərinin ikili standart mövqeyi ortalığa çıxır. Düzdür, sadaladığım hadisələr 1993-cü ildən o yana təsadüf edir. lakin heç o zaman da bu hadisələr adı çəkilən ölkələr tərəfindən pislənilməmişdi. Amma elə həmin vaxtlarda ABŞ-da Azərbaycana maliyyə dəstəyini qadağan edən 907-ci düzəliş qüvvəyə minmişdi. Digər tərəfdən də Çeçenistanda, dünyanın bir çox başqa qaynar nöqtələrində azərbaycanlı jurnalistlər də həlak olub və yaralanıb.  

- ABŞ prezidentinin bəyanatında Azərbaycan jurnalsitlərin təqiblərə, senzuraya, həbslərə məruz qalan, narahat edilən, sıxışdırılan ölkələr siyahısına qoyulur: "Azərbaycandan Zimbabveyə, Birmadan Özbəkistana, Kubadan Eritreyayadək"  

- Əvvəlcə onu qeyd edək ki, Azərbaycanda konkret olaraq senzura yoxdur. Hələ 2001-ci ildə ümummilli liderimiz Heydər Əliyev ona "Jurnalistlərin dostu" mükafatının təqdimat mərasimində deimşdi: "Azərbaycanın böyük tarixi var. Bu tarixə nəzər salanda görürük ki, heç vaxt Azərbaycanda söz bu qədər azad olmayıbdır, fikir bu qədər azad olmayıbdır, mətbuat bu qədər azad olmayıbdır". Bu sözlər həqiqət olmaqla bərabər həm də ilk növbədə bu böyük şəxsiyyətin mətbuatımızın inkişafı üçün gördüyü işlərin bəhrəsini göstərirdi. Bu gün də Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasətin bir hissəsi kimi söz və mətbuat azadlığı sahəsində qazandığımız nailiyyətlər məhz Ulu Öndərin özülünü qoyduğu həmin o böyük işlərə söykənir, əsaslanır. Hazırda Azərbaycanda mətbuat hüquqi dövlətin, vətəndaş cəmiyyəti quruculuğu prosesində demokratiyanın mühüm amili kimi çıxış edir.   

İndi ölkəmizdə 4000-ə yaxın kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınmışdır. Onların əksəriyyəti qəzet və jurnal, 40-a yaxını informasiya agentliyi, 50-ə yaxını elektron kütləvi informasiya vasitəsidir. Azərbaycanda 7 ümumrespublika, 14 regional televiziya kanalı, 12 kabel televiziyası və 11 radiostansiya var.   

Bütün bunların mövcud olduğu, reallıq olduğu bir zamanda Azərbaycanı jurnalistlərin təqib olunduğu, senzuraya və həbslərə məruz qoyulduğu, mətbuatın boğulduğu ölkəlr sırasına daxil etmək böyük ədalətsizlikdir. Və bir daha münasibətlərdə ikili standartın olduğunu təsdiq edir. Yeri gəlmişkən, bəyanatda Azərbaycana münasibətdə bir gülməli məqam da var.   

- Nəyi nəzərdə tutursunuz?  

- Fikir verin, ABŞ prezidenti 1993-cü ildən bu vaxtadək öldürülən 692 jurnalistin yalnız üçdə birinin müharibə vəziyyətini əks etdirməyə çalışmış jurnalistlər olduğunu söyləyir. Onun sözlərinə görə, qurbanların əksəriyyəti öz ölkələrində cinayət, rüşvət, milli təhlükəsizlik kimi məsələlərdən yazan jurnalistlərdir və həmin ölkələrin siyahısına Azərbaycanın da adını əlavə edir. Əgər sadə bir hesablama aparsaq, görərik ki, müharibəyə aid olmayan səbəblərə görə ölən jurnalistlərin sayı 461-dir. Azərbaycanda 1993-cü ildən indiyədək ötən 16 il ərzində bircə nəfər jurnalist cinayətkarlar tərəfindən qətlə yetirilib. Amma Obamanın bəyanatından belə çıxır ki, dünyada öldürülən 461 jurnalistin az qala 50 faizi Azərbaycanın payına düşür. Gülməli deyilmi? Digər tərəfdən çoxlu sayda jurnalistlər öldürülmüş neçə-neçə ölkənin - İraqın, Əfqanıstanın, Ermənistanın, İranın, Rusiyanın, Gürcüstanın və başqa ölkələrin adları niyə çəkilmir? Ümumiyyətlə, 461 nəfər bir neçə ölkədə öldürülməyib kig Deməli, bu da bəyanatı hazırlayıb prezidentə təqdim edənlərin ya səriştəsizliyinin, ya qərəzliliyinin, ya da məlumatsızlığının göstəricisidir.   

- İraq və Əfqanıstanla məsələ aydındır. Bu ölkələrdə ABŞ-ın və koalisiya dövlətlərinin silahlı qüvvələri yerləşdirilib və demək olar ki, hər gün müxtəlif kateqoriyadan olan insanlar həyatını itirir. O cümlədən dinc sakinlər və jurnalistlər də

- Yeri gəlimşkən, yaxşı yadıma saldınız. Dünyada ABŞ yeganə ölkədir ki, onun prezidentinə (sabiq olsa da) məhz, - bunu xüsusilə vurğulamaq istəyirəm, - məhz jurnalist ayaqqabı atıb. Elə bu da ABŞ-ın nəzarətdə saxladığı İraq və Əfqanıstan kimi ölkələrdə mətbuatın vəziyyətini əks etdirir. İraqdan söz düşmüşkən, xatırlayaq. ABŞ əsgərləri barədə məqalələr yazdığına görə iraqlı jurnalist Yaser Salihi Amerika əsgəri tərəfindən 24 iyun 2005-ci ildə Bağdadda öldürülüb. Ümumiyyətlə, Sərhədsiz Reportyorlar Birliyinin məlumatına görə, İraqda müharibə başlayan gündən 223 jurnalist öldürülüb. İraqla müharibəni isə ABŞ aparır. ABŞ-ın özündə də keçmişdə çoxlu sayda jurnalistlər öldürülüb. İndi Vaşinqton şəhərində onların xatirəsinə muzey də açılıb. Elə bu günlərdə - 30 apreldə "Ermənistan bu gün" Xəbər Agentliyinin redaktoru Argişti Kiviriyan dəhşətli dərəcədə döyülüb. Amma nədənsə ABŞ prezidentinin bütün bunlardan xəbəri yoxdur.   

- Hadi müəllim, Azərbaycanın adının həmin sıralamada birinci olmasını necə qiymətləndiririsniz? Bu təsadüfdür, yoxsa?  

- Mən sadəlövh və optimist görünmək istəyirəm. Çünki ABŞ prezidentinin bu dərəcədə də insafsız və ədalətsiz mövqe nümayiş etdirməsinə inanmaq istəməzdim. Ona görə də mənə elə gəlir ki, ölkəmizin adının həmin siyahıda birinci olması və "Azərbaycandan Zimbabveyədəkg" deyilməsi sadəcə əlifba sırası ilə bağlıdır. Görünür bəyanatı hazırlayanlar əlifba sırası ilə "Azərbaycandan Zimbabveyə, Birmadan Özbəkistana, Kubadan Eritreyayadəkg" deyə qeyd ediblər. Ona görə də Azərbaycanın adının bu siyahıya salınmasının, o cümlədən də birinci olmasının Obamanın şəxsi təşəbbüsü olmadığı istisna edilməməlidir.

- Bu bəyanatda ölkəmizin adının hallanmasının səbəbləri barədə daha hansı ehtimalları irəli sürmək istərdiniz?  

- Bu səbəblərin son vaxtlar dünya siyasətinin gündəmində olan Türkiyə-Ermənistan-Azərbaycan məsələləri ilə də bağlı ola biləcəyini ehtimal etmək olar. Cənubi Qafqaz regionunda Türkiyə-Ermənistan yaxınlaşmasında maraqlı olan ABŞ rəsmiləri Azərbaycanda söz və fikir azadlığının vəziyyətinin ürəkaçan olmadığını bəyan etməklə rəsmi Bakıya əlavə təsir imkanlarına sahib olmağa çalışa bilər. Azərbaycanın adının çəkilməsinin enerji lobbisinin maraqlarına uyğun olduğu da ehtimal edilə bilər. Azərbaycanın hazırda həyata keçirdiyi balanslı siyasət, Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqları və qaz ixracı yollarının müzakirəsi rəsmi Bakının üzünü birmənalı şəkildə qərbə çevirməsini labüd etmir. Bunu başa düşən Qərb Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarındakı aktivliyini artırmaq görüntüsünü yaratmaqla, Azərbaycana münaqişənin ədalətli həllində maraqlı olduğunu göstərməyə çalışır, eyni zamanda bu cür təzyiq elementlərindən də istifadə etməyə səy göstərir.   

Qeyd etmək istərdim ki, adımızın həmin siyahıda olmasına etiraz etməyimizə tam əsasımız olduğu kimi, ABŞ prezidentinin də öz bəyanatındakı Azərbaycan haqqında fikrinin tam əksini söyləmək imkanı və əsası var idi. Həmin əsaslardan ancaq bir neçəsini söhbətimizin sonunda qeyd etmək istərdim. Azərbaycan jurnalistləri son bir ildə ölkəmizdə fikir, söz və mətbuat azadlığının inkişafına dövlət qayğısının gücləndirilməsi sahəsində ardıcıl olaraq mühüm addımlar atılmasının şahididirlər. Prezident İlham Əliyev ötən il iyulun 31-də kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi və kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncamlar imzalamışdır. Lap bu yaxınlarda KİV-ə Dövlət Dəstəyi Fondu təsis edilimşdir, Fondun şurası artıq fəaliyyətə başlamışdır. Həbsdə olan jurnalsitəlrin bir neçəsi amnistiya aktına salınmış, əfv olunmuşdur. Bütün bunların nəzərə alınmaması, Ermənistan və bir sıra başqa dövlətlərdə mətbuat azadlığı ilə bağlı vəziyyətin daha acınacaqlı olmasına, bir neçə jürnalistin birbaşa peşə fəaliyyətinə görə qətlə yetirilməsi faktlarının mövcud olmasına baxmayaraq, adlarının sadalanmaması ortada başqa məqsədlərin olduğunu nümayiş etdirir. Bu səbəbdən də Azərbaycan ictimaiyyəti haqlı olaraq Barak Obamanın həmin bəyanatını və orada Azərbaycanın adının çəkilməsini o qədər də ciddi qəbul etmir. Ona görə də bu bəyanatda Azərbaycanın adının çəkilməsini qeyri-real, qeyri-ciddi təzyiq forması hesab edirəm.

     

 

KƏRİM KƏRİMLİ

 

Ədalət.- 2009.- 7 may.- S. 6.