HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQI İLƏ BİRGƏ YAŞAYIR

 

Vidadi Məhərrəmov Kəlbəcər rayon icra hakimiyyətinin başçısı

 

Hər il may ayının ilk günlərindən Azərbaycanda sanki bir qəribə mühit yaşanır. Bu qəribəliyin kökündə insanların öz xilaskarına, xalqın öz böyük oğluna sevgisi dayanır. Təbii ki, bu sevgini qazanmaq, xalqın ürəyində məşəl yandırmaq öz həyatını da məşələ çevirərək xalqa bəxş etmək hər kəsə nəsib olmur. Bunun üçün böyük düha, müdriklik xalqına böyük sevgi sahibi olmaq lazımdır. Ulu Öndərimiz Heydər Əliyev cənabları məhz sadaladığımız bu keyfiyyətlərin sahibi idi. Ona görə may ayına təsadüf edən doğum günü yaxınlaşdıqca hər kəs Ulu Öndərimizə öz sevgisini büruzə verməyə çalışır.

Tarixi həqiqətləri danmaq mümkün deyil. Bu mənada Heydər Əliyev cənablarının Azərbaycan hakimiyyətinin ən yüksək pilləsində olduğu bütün illərdə xalq üçün qurub-yaratması, özünün dediyi kimi həyatını xalqına həsr etməsi real gerçəklikdir. Bu gerçəkliyi danmaq yaxud da görməyib yan keçmək qeyri-mümkündür. Məhz bu mənada ümummilli liderimizin istər sovet dönəmində, istər yenidən hakimiyyət sükanının arxasına qayıtdığı illərdə həyata keçirdiyi bütün işlərin xronikasını nəzərdən keçirərkən qəti şəkildə birmənalı olaraq söyləmək olar: "Heydər Əlirza oğlu Əliyev xalq üçün yaşayıb, yaradıb, qurub bu gün yaşayır".

Azərbaycanın iqtisadi-siyasi coğrafiyasında böyük izlər qoymuş, elmi potensialının yüksəlməsində müxtəlif təhsil ocaqlarının, səhiyyə, mədəniyyət sahələrinin genişləndirilməsində yaxud da yenidən yaradılmasında, o cümlədən gənc nəslin dünyanın intellekt səviyyəsində yetişməsində Ulu Öndərimizin danılmaz xidmətləri var. Ölkələrarası müqavilələr, birbaşa yaradıcılıq əlaqələrinin qurulması, Azərbaycan insanına sivil dünyanın ən yaxşı nümunələri ilə tanış olmaq, bu nümunələrə qaynayıb-qarışmaq imkanı verdi. Məhz Heydər Əlirza oğlu Əliyevin xidmətləri xalqımızın xalqlar arasında, dövlətimizin dövlətlər arasında tanınmasına, layiq olduğu yerə çıxmasına şərait yaratdı.

Xalqımız öz böyük oğlunun doğum gününü qeyd etdiyi indiki anlarda da onun xidmətlərini xatırlamaqla öz Ulu Öndərinin ruhu qarşısında baş əyir onun daimi yaşayacağına əminliyini nümayiş etdirir.

 

 

Ədalət.- 2009.- 9 may.- S. 10.