Məşəqqətlərdən keçmiş veteran

 

Bu gün faşizm üzərində qələbə günüdür. Bu bayramı sevinclə qeyd edən Böyük Vətən Müharibəsi iştirakçılarının sırası getdikcə seyrəlir. İndi onlar daha kövrəkdirlər, daha çox qayğı və diqqət umurlar.

Sizə həmin dəhşətli müharibənin indi bizimlə bir sırada olan iştirakçılarından biri haqında danışmaq istəyirəm.

... 2003-cü ildə Rusiya mətbuatı 72 yaşlı aktyor, məşhur sovet və Rusiya filmlərində çəkilmiş, xüsusilə də Vladimir Vısotskinin baş rolda çəkildiyi "Görüş yerini dəyişmək olmaz" bədii filmindəki bandit Foks rolu ilə şöhrətlənən Aleksandr Belyavski və onun 53 yaşlı xanımı Lüdmilanın qızlarının doğulması barədə sensasiyalı xəbər yaydı. Ən maraqlısı isə o idi ki, 72 yaşında "gənc" ata olmuş "Foks"a Rusiya prezidenti təbrik məktubu göndərmişdi. Daha əhəmiyyətlisi isə o idi ki, Rusiyanın o zamankı prezidenti Vladimir Vladimiroviç Putin aktyoru "qüdrətli rus kişisi" və həmin hadisəni buna dair gözəl nümunə adlandırırdı. Rusiya prezidenti qeyd edirdi ki, bu hadisə rus "mujik"inin gücünün, qüdrətinin hələ tükənmədiyini bir daha sübut etdi. Rusiya prezidenti bu "qüdrətli rus kişisinə" və onun ailəsinə iki otaqlı mənzil də hədiyyə etmişdi. Bu maraqlı əhvalat barədə oxuduqdan sonra keçmişdə uzunömürlülər diyarı hesab olunan Azərbaycanımız barədə düşünməyə başladım. "Görəsən bizdə də belə kişilər varmı?". Əlavə edim ki, "Foks"un 72 yaşında "gənc" ata olmasından bir az qabaq məşhur fransız aktyoru Belmondo da 71 yaşında bu hünəri eləmişdi. Və Aleksandr Belyavski fransız həmkarının rekordunu təzələmiş sayılırdı.

Sən demə, bizdə onlardan da qüdrətli kişi var imiş. İndi onun 91 yaşı var. Daha dəqiq desək, 91 yaşı bu ilin mart ayının 15-də tamam olub. Sonbeşik oğlu Nicat isə 11 yaşındadır. Yəni Nicat dünyaya gələndə atası Adil Quliyevin 80 yaşı olub.

Quliyev Adil Muxtar oğlu 1918-ci il mart ayının 15-də Şuşa rayonunun Səfixanlar kəndində anadan olub. 1932-ci ildə həmin kənddəki ibtidai məktəbin beşinci sinifini bitirib. "Latın əlifbasıynan qurtarmışam, - deyir, - 60 ildən sonra təzədən mənim əlifbama qayıtdılar". 14 yaşından kolxozda işləməyə başlayıb. 1938-ci ilin payızında Sovet Ordusu sıralarına çağrılıb: "Gedib düşmüşəm Ukrayna SSR-in Odessa vilayətinin Pervomaysk şəhərinə, alay məktəbinə. Orada 1 il təlim aldıqdan sonra məni göndəriblər 512-ci polka manqa komandiri. O vaxt Ukrayna hərbi dairəsinin komandanı general Jukov idi. Ona sonralar marşal rütbəsi verdilər". Bir qədər orda xidmət etdikdən sonra onu tank diviziyasında artilleriyanı mühafizə edən tank pulemyotunun komandiri təyin ediblər. 1941-45-ci illərin Böyük Vətən müharibəsi başlayandan o, "Qərbi Ukraynanın Stanislavski vilayətinin Qaluş" şəhərində olub. "Bugünkü kimi yadımdadır, iyunun 22-də səhər saat 5-də divizion komandiri həyəcan siqnalı ilə bizi qaldırdı ki, müharibə başlayıb. O vaxt əsgərlik 3 illik idi. 3 ilimin tamamına 2 ay yarım qalmışdı. Müharibənin birinci günü Qərbi Ukraynada Bukovin deyilən yer var, bax, orda, səhər saat 10-11-də artıq biz başladıq atmağa".

Döyüşlərin birində sağ çiynində yaralanan Adil Quliyev Ukraynanın Uman vilayətində hospitalda yerləşdirilir. Bir gecə almanların hücumu zamanı sovet döyüşçüləri hospitalı müdafiəsiz qoyub qaçır. Faşistlər həmin kəndi, o cümlədən hospitalı ələ keçirərək yaralıları da əsir götürür.

Əsirlərin yarısını şəkər zavodunda, yarısını isə yolların təmirində işlədirmişlər. Əsir düşərgəsindən qaçmağa qərar verir. "... Bir əsir yoldaşım var idi. Gürcüstanın Lüksemburq rayonundan, Güləhmədov Əhməd. Onunla çörək yoldaşı idik. Milliyyətcə gürcü olan bir polisay var idi, adı da bilmirəm nə idisə, elə Senya deyirdilər. O Əhmədi döymüşdü. O da əsir idi. Amma faşistlərə polisay olmuşdu. Gəldim onun yanına, dedim ki, axı Əhməd məndən qabaq sizin yerlinizdir, onu niyə döyürsən? Qayıtdı ki, istəyirsən səni də döyüm? Bununla yaxalaşdıq və bu mənim yaxamdan tutub çəkdi tərcüməçinin yanına. Tərcüməçi mənimlə bir polkda işləmiş, 512-ci polkun intendant rəisi olmuş bir yəhudi idi. Onun yəhudi olduğunu təkcə mən bilirdim və o, məni tanısa da ehtiyat edirdi. Polisay məni onun yanına gətirib dedi ki, bu qaçacaq. Tərcüməçi onun dediklərini tərcüsmə etmədi, dedi ki, bu hələ qaçmayıb, düşərgədədi. Əgər düşərgənin çölündən tutub gətirsən cəzalandıra bilərik. Mən də bu gürcüyə acıqlanmışdım deyə dedim ki, bu, Stalinin tayfasındandır. Ona görə də əsirləri tutub döyür, onları qaçmağa təhrik edir. Güləhmədovu da çağırdılar, gördülər ki. bunu həqiqətən də döyüblər və bizə dedilər ki, çıxın. Çıxdıq, çöldə dedim ki, Senya, bilsəm ki, hər kəsin vaxtında qaçsam gedib evimizə çıxacam, amma sənin vaxtında qaçsam, o yana gedən kimi məni güllələyəcəklər, yenə də sənin növbəndə qaçacam. Bax, anamdan əmdiyim süd haqqı onun vaxtında da qaçdım...".

Birinci dəfə əsirlikdən qaçan Adil Quliyev partizanlarla əlaqə yaradıb onlara qoşula bilmir. Ukrayna ərazisində "sovxoz Zatışka" deyilən sovxozda gizlincə yaşamağa başlayır. "Aprel ayı idi, hər yanı qar basmışdı. Heç yerə getmək mümkün deyildi. Sovxozun direktoru bizi saxladı, iş verdi...". Bir gün sovxozu almanlar mühasirəyə alıb axtarış apardılar və 90 nəfər mənim kimi qaçmış əsir yığdılar...".

Oradan onları Avstriyanın paytaxtı Vyanaya aparırlar. Orada da əsir düşərgəsində öz həmkəndlisi Dadaşla görüşür.

Arada eşidirlər ki, sovet ordusu artıq əks hücumdadır və əsirləri İtaliyaya aparacaqlar. Adil Quliyev bir neçə başqa şəxslə yenidən qaçmaq planı hazırlayır. Öz həmkəndlisi Dadaşa da təklif edir, lakin o, razılaşmır. "Dadaşın mənə sözü bu oldu ki, mən gedib təzədən Sibirdə Stalinə şalban qırmayacam".

Başına 18 nəfəri toplaya bilən Adil Ouliyev onlarla birlikdə alman mühafizəçiləri öldürüb, silahlarını da götürərək, partizanlarla əlaqəsi olan bir nəfərin bələdçiliyi ilə meşəyə üz tuturlar. "O, "çexoslovak" idi. Yaxınlıqdakı kənddə olurdu. Gündüzlər almanlara işləyirdi, gecələr Sovetə".

Patizanlara qoşulan Adil Quliyev Çexoslovakiyanın Yavarina dağınadək gedib çıxır. "Partizan dəstəsinin rəisi, baş leytenant İtkin idi. Paraşütçü olan bu zabiti Sovet hökuməti özü atmışdı oraya ki, partizan hərəkatını təşkil etsin". Burada Adil Quliyev partizan andı içir və Sovet qoşunları gələnədək partizanlıq edir. Dəfələrlə şücaət, hünər göstərir, bir dəfə də burada yaralanır.

"... Sovet qoşunu gəldi, keçdik sovetin tərəfinə, silahlarımızı aldılar və yığdılar bir düşərgəyə. Sonra başladılar bizi yoxlamağa, məlum oldu ki, hətta Vlasovun ordusundan da partizanların arasında adamlar var. çox çəkevirdən, çox sorğu-sualdan, çox əzabziyyətdən sonra bizi - bir 800 nəfər köhnə partizanı yığıb apardılar Urala. İndi Perm vilayəti adlanan o zamankı Molotov vilayətinə. Orada da bir ildən bir az artıq işlədik. 1946-cı ilin avqustunda yoxlamalar başa çatdı. Həmin 800 nəfərdən təxminən 600 nəfərini tamamilə azad etdilər. Bir hissəsinə 10 il, bəzilərinə 15 il həbs cəzası kəsdilər. 25-30 nəfəri isə ömürlük məhkum etdilər. Onların arasında Zərbəli adlı bir bakılı da var idi. Əvvəllər söhbət zamanı o özü mənə demişdi ki, Vlasov ordusunda xidmət edib".

Adil Quliyevin isə tam günahsızlığı sübuta yetirildikdən sonra başqa bir dəstə ilə dustaqlar üzərində hərbləşdirilmiş mühafizə sistemində xidmətə təyin edirlər. Bir müddət də burada qulluq etdikdən sonra, nəhayət onu tərxis edirlər və 1947-ci ildə evə buraxırlar. "...1947-ci il mart ayının 17-də gəldim çıxdım öz yerimizə...".

Beləliklə, Adil Quliyevin əsgərliyi bütövlükdə 9 il çəkib. 9 ildən sonra doğma Səfixanlara gələn 29 yaşlı Adil elə zənn edir ki, o daha bütün sınaqlardan çıxıb və bütün çətinliklər arxada qalıb. Lakin yalnız öz saydıqlarını sayan fələk Adil Quliyevə sürprizlər hazırlayırdı: "Əsgərlikdən gələndən bir müddət sonra - 1949-cu il yanvar ayının 1-də evləndim. Yoldaşım Şuşanın Şırlan kəndindən idi. Qaratellə 1990-cı ilədək birgə yaşadıq. Övladımız olmadı. Biz evlənəndə Qaratelin qabaqkı yoldaşından 6-7 yaşında Mələk adında bir qızı var idi. Qaratelin qızı olduğuna görə mən düşünürdüm ki, yəqin günah məndədir. Müharibədə min zillət çəkmişəm, bomba altına düşmüşəm. Qaratelə nə olub ki, sağlam adamdı, bir qızı da var... Onunla 42 il yaşadıq. 28 aprel 1990-cı ildə o vəfat elədi. Qaldım tək. 1991-ci ildə ot çalınan vaxt iiknci dəfə ailə qurdum. Muxtar anadan olanda (10.02.92) mənim 74 yaşımın tamamına 1 ay qalırdı. İkinci oğlumun adı İxtiyardır. O dünyaya gələndə isə 77 yaşımdan 4 ay 7 gün keçmişdi (22.07.95). Sonbeşiyimiz Nicat doğulandan (23.02.98) 20 gün sonra isə mənim artıq 80 yaşım tamam oldu. Yoldaşım 1957-ci ildə anadan olub. Məndən 39 yaş balacadır. O da Xocalı rayonunun Kosalar kəndindəndir".

İndi Adil Quliyevin 91 yaşının tamamından artıq 2 ay keçib. O, ailəsi ilə birlikdə dəfələrlə yaşadığı yeri tərk etməyə məcbur olub. Şuşanın işğalından sonra gəliblər Beyləqana, S.Vurğun kolxozunda müvəqqəti məskunlaşıblar. "3-4 aydan sonra Surətin qoşunları getdi çıxdı Vəngi aldı mühasirəyə. Televizorda gördük ki, Surət Vəngdədi. O yerləri də mən gedib gəzmişəm. Köçdük qayıtdıq Ağdamın Qaradağlısına. Fikirləşdim ki, bizimkilər daha Vəngi alıb. Səhər Ağdamdan piyada çıxsam axşama Şuşadayam. Biz gəlib Ağdama yığışandan sonra Surətin dəstəsi də qayıtdı qaçdı ağzı geri, erməni də gəldi o yandan bəri... Oradan köçdük Yevlaxa. Əvvəldən Yevlaxda yaşayan qardaşım oğlunun evinə. Sonra da Heydər Əliyev gəldi, bu atəşkəsi əldə elədi, daha ermənilər bəri gələsi olmadı... Ondan sonra uşaqları toplayıb başıma köçdük bura. Dedim ki, burada yaşayanlar öz el-obamdır, qohumqrəbamdır. İndi də, vallah, qocalıq çox üstələyib məni, amma dolanırıq. Vəziyyətimiz babatdır. Amma ev sarı vəziyyətimiz çox pisdir. İkimiz də pensiya alırıq, bir də çörəkpulu. Vəssəlam. Başqa bir yerdən gəlirimiz yoxdur".

Söhbətimizin sonunda Adil kişinin aldığı mükafatlara, orden və medallara baxdıq. Söylədi ki, ordenlərinin və medallarının çoxu Şuşada qalıb. Təsadüfən əşyaların arasında gəlib çıxanları bizə göstərdi.

Ayrılanda arzularını, istəklərini, ürək sözlərini soruşdum. Bunları dedi: "Hamıdan razıyam. Camaatdan da, hökumətdən də, prezidentimizdən də. Mehriban xanımın gördüyü çoxsaylı xeyirxah işlərdən də. Hamısı sağ olsunlar. Amma bircə xahişim var. Martın 15-də mənim 91 yaşım tamam oldu. İndi 92-nin içindəyəm. Bu 91 ildə heç kimdən heç nə xahiş etməmişəm. Amma indi vəziyyətim başqa cürdür. İndi biz 5 nəfərlik ailə ilə bax, gördüyün bu balaca vaqonda oluruq. Bu heç insafdandırmı? Xahiş edirəm ki, dövlətimiz bu uşaqları mülhaz eləsin. Onların hər biri hazır Azərbaycan əsgəridir. Özləri də yaxşı oxuyurlar. Nə bilmək olar, bəlkə də savadlı, bilikli, Azərbaycana xeyirli adam oldular. Mən elə böyük, təmtəraqlı bir şey istəmirəm. Elə bircə otaqlı, balaca bir ev tikib versinlər. Vallah, özüm tikərəm, heç kimə də demərəm. Özü də mən şəhərdə-zadda istəmirəm, elə burda, bu yataqda, bircəcə balaca otaq istəyirəm...Ancaq pensiyalarımız heç gündəlik dolanışığımıza çatmır".

Ağcabədi şəhərinin 30 kilometrliyində yerləşən Şuşanın Mirzələr qış yatağına məni öz şəxsi avtomobilində aparmış qardaşım Cabirə (mən ona zarafatla Cəsur təxəllüsü vermişəm və yaxın dostlar ona Cabir Cəsur deyirlər) ürəkdən minnətdarlığımı bildirərək ümid edirəm ki, Adil Quliyevin ailəsi ev arzusuna çatacaq.

     

 

KƏRİM KƏRİMLİ

 

Ədalət.- 2009.- 9 may.- S. 7, 9.