Qarabağ türkündür, türkün olacaq

 

Türkiyəli jurnalistlərlə azərbaycanlı jurnalistlər arasında baş tutan dialoq bu şüarın hakim olduğunu təsdiq etdi

 

Yenə öndə qəzetçilərdir   

 

Siyasətçilərin başladığı müzakirələri həmişə mətbuat davam etdirməli olur. Bəzən bir siyasi fikir lazım olandan daha çox qəzetçilərin gündəmini məşğul edir. Elə mövzular da var ki, sona qədər analiz edilib cavab tapılmayana qədər gündəmdən düşmür. Həm Azərbaycanın, həm Türkiyənin ortaq problemi olan Qarabağ da bu kimi mövzulardandır.

Rəsmi Ankaranın Rəsmi Ermənistanla isti münasibətlər qurmaq bunun nəticəsində illərdir bağlı qalan sərhədləri açmaq arzusu Azərbaycanda hər kəsin hiddətinə səbəb olub. Elə bir mətbu orqan yoxdur ki, Türkiyənin bu anlaşlımaz hərəkətinə təəccüblənməsin qardaşın qardaşa qarşı məlum mövqeyini pisləməsin. Türk həmkarlarımız da bizim fikirlərimizi bölüşür. Mayın 11- Mətbuat Şurasında Türkiyənin nüfuzlu media təmsilçilərindən ibarət nümayəndə heyəti ilə azərbaycanlı yazarların müzakirəsinin ana xəttini Türkiyənin Ermənistan sevgisi təşkil edib. Dialoq xarakteri daşıyan toplantıda əsas diqqət Türkiyə-Azərbaycan münasibətlərinin son durumuna, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələlərinə yönəlib.   

 

Biz sizə müraciət etmişik axı   

 

"Media Forum" saytının məlumatına görə, tədbiri açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, indi iki ölkə arasında əlaqələr müzakirə edilərkən nəzərlər Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair söz-söhbətlərdə cəmləşir. Ə.Amaşov şuranın təşəbbüsü ilə aprelin 7- Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin Türkiyə jurnalistlərinə müraciət ünvanladığını xatırladıb: "Müraciət sərhədlərin açılıb-açılmayacağı ilə bağlı Türkiyə hökumətinin konkret mövqe sərgiləmədiyi bir dönəmə təsadüf edib. İstər buna, istərsə sərhədlərin açılması məsələsinə etiraz edən digər çağırışlarımıza həssas yanaşılması müsbət haldır. Bizim fikrimiz budur ki, Qarabağ məsələsi həll olunmayanadək Türkiyə-Ermənistan sərhədləri açılmasın".  

 

Həmkar məntiqi: Türkiyənin gücü Azərbaycanın gücünü artırar   

 

Avrasiya Qəzetəçilər Cəmiyyətinin rəhbəri Kürşad Zorlu təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətlərində türk toplumlarındakı media vasitələri arasında əlaqələr yaradılmasının başlıca yer tutduğunu vurğulayıb. O qeyd edib ki, informasiya mübadiləsi lazımi səviyyədə olmayanda meydana problemlər çıxır: "Zaman-zaman Qarabağ həqiqətlərinin dünyaya düzgün çatdırılmaması da bunlardan biridir. Ona görə türk dövlətlərinin mediaları, başlıca olaraq Azərbaycan Türkiyə mediası bir olmalıdır. Hazırda dünyanın mədəni coğrafiyasında bir sıra amillər dəyişməkdədir. Türkiyə bütün bunlara qarşı ciddi müqavimət göstərir. Hesab edirik ki, bu müqavimət Azərbaycanın xeyrinə olacaq. Türkiyə beynəlxalq aləmdə qədər güclü olarsa, Azərbaycan da güclü olar".   

 

Türk jurnalist Ərdoğana inanır   

 

Türkiyənin "Yeni Şəfəq" qəzetinin müxbiri Murat Palavar bilgi, informasiya mübadiləsi məsələsini iki ölkə mediası arasındakı münasibətlər sistemində əhəmiyyətli cəhət kimi dəyərləndirib. Onun fikrincə, bunun zəifliyi bəzi xoşagəlməz məqsədli fikirlərin ortaya atılmasına rəvac verib. M.Palavar səfərlərinin belə meyllərə qarşı olduğunu diqqətə çatdırıb. Sərhədlərin açılıb-açılmayacağına gəlincə, jurnalist bu məsələdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın mövqeyinə inandığını dilə gətirib. 

 

"Yeni Şəfəq"in yazarından qəbuledilməz fikir   

 

"Yeni Şəfəq" qəzetinin yazarı İbrahim Qaragül çıxışında müzakirə edilən mövzunun beynəlxalq müstəvidə dəyərləndirilən istiqamətlərindən söz açıb: "Mənim baxışlarımda Qafqaz bir bölgədir. Beynəlxalq aləmdə belə qəbul olunur. Burada söhbət təkcə Azərbaycan torpaqlarının işğalından getmir. Türkiyənin Qafqaz siyasətində Azərbaycan ayrıca amil kimi müstəsna əhəmiyyətə malikdir. Türkiyənin Ermənistanla münasibətləri Qafqaz siyasətinin tərkib hissəsidir".  

 

"Türkiyədən münasibətimizin qarşılığını istəyirik"  

 

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli məsələnin bu cür qoyuluşu ilə razılaşmadığını dilə gətirib. Onun sözlərinə görə, Azərbaycan Türkiyəyə Avrasiya siyasətinin tərkib hissəsi kimi yanaşmır. "Biz Türkiyəni elə Türkiyə kimi qəbul edirik münasibətin qarşılığını istəyirik" deyən baş redaktor tarixi faktlara müraciət edərək diqqəti 1905-1918-ci illərdə Osmanlı İmperiyası daxilindəki erməni qırğınlarına yönəldib bildirib ki, Qarabağda baş verənlər əslində həmin mənfur siyasətin tərkib hissəsidir.

Məlumatsızlığa gəlincə, E.Mirzəbəyli Türkiyə mediasının Azərbaycanı tanımamaqla bağlı probleminin mövcud ola biləcəyini istisna etməyib. Azərbaycan mediasının isə Türkiyə barədə kifayət qədər xəbərdar olduğunu vurğulayıb: "Fikirlər səslənib ki, Azərbaycan mediası sərhəd məsələsini qabardır. Amma gəlin unutmayaq ki, Ermənistanla sərhədin açılacağını ilk olaraq yazan Türkiyənin "Hürriyyət" qəzeti olub".

 

Prezidentin sadə sualı hələ cavabsız qalıb   

 

Mövzunu davam etdirən "Azəri press" Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı Azərbaycandan Türkiyəyə yönələn müxtəlif miqyaslı əks fikirləri Türkiyə rəsmilərinin sərhəd məsələsindəki anlaşılmaz mövqeyi ilə izah edib: "Prezident İlham Əliyev Belçikada səfərdə olarkən Türkiyə hökumətinin indiyədək bir suala cavab vermədiyini dilə gətirdi. Həmin sual "yol xəritəsi" planında Qarabağ məsələsinin yer alıb-almaması ilə bağlıdır. Təəssüf ki, cavab yoxdur. Belədə media qurumlarının məsələni istədikləri kimi yozmaları mümkündür".

Türkiyənin "Radikal" qəzetinin beynəlxalq xəbərlər şöbəsinin müdiri Ceyda Karan Türkiyə Azərbaycanın bölgədə mühüm güc sahibləri kimi çıxış etdiklərini vurğulayaraq onların səylərini birləşdirmələrinə zərurət duyulduğunu önə çəkib.

"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun fikrincə, sərhəd məsələsinin gündəmə gəlməsi dünya iqtisadi böhranı ilə bağlıdır. Onun bildirdiyinə görə, böhran Ermənistanı acınacaqlı vəziyyətə salıb: "İkili standartlardan çıxış edən beynəlxalq birlik isə hər vəchlə ölkəni düşdüyü durumdan çıxarmağa çalışır. Türkiyənin sərhədləri üçün bağladığı hamımıza bəllidir. Qarabağla bağlı gündəmdə qalıb-qalmayacağı bilinmir".   

 

Kipr başqa, Qarabağ başqa...   

 

Tədbirdə Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanımaması ilə bağlı türkiyəli jurnalistlərin açdıqları müzakirəyə münasibət bildirən "Ədalət" qəzetinin təsisçisi Aqil Abbas ölkənin türk Kipri ilə münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib, bununla əlaqədar bir sıra faktları açıqlayıb. Müstəqilliyin tanınmamasına gəldikdə bu məsələni Qarabağ problemi ilə eyni müstəvidə dəyərləndirməyin tərəfdarı olmadığını deyib. Onun fikrincə, Şimali Kipr türklərin tam ixtiyarında olan ərazidir, türk torpağıdır: "Dünya qəbul etsə , etməsə bu, belədir. Qarabağ isə işğal altındadır".   

 

Ermənistan Türkiyənin düşmənidir    

 

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında diqqəti Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfərinə yönəldib. O, həmin səfərdən sonra türk jurnalistlərin Yerevana səfərlərinin mütəmadi xarakter aldığını, qələmə alınan yazılarda ermənilərə məhəbbət rəğbət hissinin aşılanmasına geniş yer verildiyini vurğulayıb: "Məsələnin bu formada qoyuluşu yanlışdır. Ermənistan elə Türkiyənin özü ilə bağlı hansı məsələdə güzəştə gedib ki, ona belə münasibət sərgilənir?"

Türkiyəli media nümayəndələrinin səfərinin təşəbbüsçüsü Avrasiya Qəzetəçilər Dərnəyidir. Bu missiyanın reallaşdırılmasında Azər-Türk Qadınlar Birliyi yaxından iştirak edib.

 

 

Anar İsaoğlu

 

Ədalət.- 2009.- 13 may.- S. 2.