ƏLİQİSMƏT LALAYEV: "MUSİQİLİ KOMEDİYA TEATRI TAMAŞAÇILARIN ƏN ÇOX SEVDİYİ SƏNƏT OCAĞIDIR"

 

Yaxından tanıdığımız müsahibi daha yaxından tanıyaq:

Əliqismət Lalayev 1956-cı ildə anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Gənc rejissor kimi səkkiz il Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında çalışıb. 1988-ci ildə doğma Salyana qayıdan Ə.Lalayev bir müddət qəzetçiliklə məşğul olub - yerli "Qələbə" qəzetində məsul katib işləyib, sonra rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışıb. 1993-cü ildən Bakıya köçüb. Müslüm Maqomayev adına Flarmoniyanın direktor müavini olub. Sonrakı 11 ildə Mədəniyyət Nazirliyinin İncəsənət Baş İdarəsinin rəisi kimi çalışıb. Nazirliyin strukturundakı dəyişiklikdən sonra Mədəniyyət və turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri olub. Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin 2008-ci il 6 may tarixli əmri ilə Şıxəli Qurbanov adına Dövlət Musiqili Komediya Teatrının direktoru təyin edilib.

Əliqismət Lalayev əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, "Azərbaycan - Orta Asiya Teatr əlaqələri" kitabının müəllifidi.

Müsahibimizin Musiqili Komediya Teatrının direktoru təyin olunmasından bir il ötdü. Gələn il isə teatr 100 illik yubileyini qeyd edəcək. Əliqismət müəllimlə müsahibədə bu məsələlərə toxunacağıq.

- Uzun illər Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyində təmsil olunan şəxs kimi, bir il əvvəl Musiqili Komediya Teatrına direktor təyin ediləndə birinci nədən başlamaq barədə yəqin ki, çox düşünməli olmadız...

- Mədəniyyət və Turizm Nazirliyində çalışarkən ölkədəki bütün teatrların problemləri mənə tanış idi. Bu baxımdan kollektivə rəhbər təyin ediləndə "Nədən başlamaq" sualının cavabını bilirdim. Uzun illər bu teatrın fəaliyyətinə nəzarət edən bir şəxs kimi, kollektivi yaxından tanıyırdım. Onların arzu və istəklərindən xəbərdar idim. Kollektivin təkcə yaradıcılıq imkanları barədə deyil, eləcə də şəxsi problemləri haqqında ətraflı məlumatım vardı. Ona görə də burda nədən başlayacağımı yaxşı bilirdim.

- Sirr deyilsə nədən başladız?

- Təkcə Musiqili Komediya Teatrında deyil, ümumiyyətlə hər yerdə nizam-intizama ciddi əməl olunması əsas şərtdi. Çünki nizam-intizam olan yerdə uğur da var. Bizim teatrdı bu məsələyə ciddi önəm verməyin özəl səbəbi də ondan ibarətdir ki, Musiqili Komediya Teatrı böyük bir yaradıcı və texniki heyəti özündə birləşdirir. Burada aktyor heyəti ilə yanaşı, orkestr, xor, balet turppası fəaliyyət göstərir. Onların arasında təmas yaratmaq, əlaqələri gücləndirmək çox vacibdi. Çünki bu kollektivlər sonda eyni işə xidmət edir. Yeni tamaşa hazırlanırsa bu işə təkcə aktyor heyəti deyil, orkestr də, xor da, balet truppası da eyni səviyyədə köklənməlidi. Sevinirəm ki, bir il ərzində biz bu məsələnin həllinə nail ola bildik. Kollektivimizin hər bir üzvü nizam-intizam məsələsinə ciddi yanaşdı. Bir il ərzində əldə etdiyimiz uğurlarda bu faktorun mühüm rolu oldu.

- Teatrın Azərbaycan teatrları arasında ilk dəfə Musiqili Teatrıların Beynəlxalq Assosiasiyasının qəbul ediməsi də məhz bu bir ildə mümkün oldu...

- Sovet dönəmində Musiqili Komediya Teatrının SSRİ-nin ayrı-ayrı respublikalarına yüksək səviyyəli qastrol səfərləri çox olub. Lakin ölkəmiz müstəqillik qazandıqdan sonra teatr qastrola gedə bilmirdi. Biz keçmiş əlaqələri bərpa etməyə çalışdıq. Rusiyanın tanınmış kollektivləri - Novosibrisk Musiqili Komediya Teatrı, Yekatrinburq Musiqili Komediya Teatrı ilə sıx əməkdaşlıq eləməyə başladıq. Həmin kollektivlərin aparıcı sənətkarlarını Bakıya dəvət etdik. Şəxsən mənim üçün çox maraqlı idi, həmin o nüfuzlu teatrların primaları bizim teatrın tamaşaları, aktyorları, orkestri barədə hansı fikirdədi? Tamaşalarımıza baxan qonaqlar kollektivimizin imkanlarını yüksək qiymətləndirirdi. Musiqili Komediya Teatrının Musiqili Teatrların Beynəlxalq Assosiasiyasına qəbul edilməsində onların fikirləri də mühüm rol oynadı. Assosiasiyanın ötən il Moskvada keçirilən yığıncağında kollektivimiz yekdilliklə bu nüfuzlu quruma üzv qəbul edildi. Çox sevinirəm ki, 136 illik tarixi ərzində Azərbaycan teatrları arasında ilk dəfə məhz Musiqili Komediya Teatrı beynəxalq qurumda təmsil olunmaq fürsəti qazandı.

- Assosiasiyaya üzv olan məşhur teatrlarla birgə layihələr həyata keçiriləcəkmi?

- Təbii ki, biz bu quruma üzv olmaqla işimizi yekunlaşdırmaq fikrində deyilik. Birgə əməkdaşlıqla bağlı planlarımız var. Qurumun 35 üzvü arasında həm dünyaca məhşur, həm də yeni yaranan teatrlar yer alıb. Həmin kollektivlərlə sıx ünsiyyət qurmağa çalışırıq. İstəyirik ki, təkcə rejissor və aktyorlarımız deyil, həm də texniki işçilərimiz nəhəng teatrlarda təcrübə keçsinlər. Bununla bağlı danışıqlar aparırıq. Beynəlxalq Assosiasiyanın yaratdığı imkanlardan istifadə edərək teatrımızı dünyada tanıtmağa çalışırıq.

- Musiqili Komediya Teatrının özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, bura yeni əsərlər tez-tez təqdim olunmur. Bu məsələni necə həll etmək istəyirsiniz?

- Hər kəs bizim teatr üçün əsər yaza bilmir. Bir tərəfdən baxanda bəlkə də bu bizim xoşbəxtliyimizdi. Yəni müəlliflər bu işin çətinliyini başa düşürlər. Digər tərəfdən isə bu janrda yazan müəlliflərin barmaqla sayılacaq qədər az olması problem yaradır. Bu üzdən klassik operettalara daha çox diqqət ayırmaq istəyirik. Keyfiyyətli əsər təqdim edən müasir müəlliflərin üzünə qapılarımız həmişə açıqdır. Bu yaxınlarda Sərdar Fərəcovun Oruc Qurbanovla Əziz Nesinin "Öldür məni, əzizim" əsəri əsasında yazdıqları "Şəhərdə manyak var" tamaşasını təhvil verdik. Tamaşaçıların rəyindən də göründü ki, yaradıcı kollektiv uğurlu bir işə imza atıb. Maarif Məmmdovun "Matəm marşı, yaxud gözünüz aydın" tamaşası isə teatrımızın ən son işidi. İnanıram ki, bu tamaşa da maraqla qarşılanacaq. Gənc Tamaşaçılar Teatrının istedadlı aktirisası, əməkdar artisi Naibə Allahverdiyeva da bu tamaşada rol alıb.

Faiq Zöhrabov İmre Kalmanın "İddialı qaraçı" tamaşasına quruluş verməyə hazırlaşır. İlk dəfə olaraq Avropanın klassik operettası azərbaycanca səslənəcək. Sergey Prokofyevin "Petya və canavar" adlı simfonik əsəri var. Biz onu "Biri vardı, bir yox" adı altında tamaşaya hazırlayacağıq. Gənc tamaşaçılar Teatrının istedadlı aktyoru və rejissoru Nicat Kazımov bu əsərə quruluş verəcək. Tamaşaçılar bu tamaşada orkestri onlar üçün ayrılmış xüsusi yerdə deyil, səhnədə görəcəklər.

- Son vaxtlar Musiqili Komediya Teatrının səhnəsində başqa teatrlarımızdan dəvət olunan aktyorlar çıxış edir, rejissorlar tamaşa hazırlayırlar. Müsahibələrinizin birində hətta populyar müğənni Röyaya da rol verəcəyinizi demişdiz. Röyanı tamaşaçılar sizin teatrın səhnəsində nə zaman görəcəklər?

- Mənə elə gəlir ki, belə layihələr həm teatrımız, həm də tamaşaçılar üçün yenilikdi. Tamaşaçı belə addımları maraqla qarşılanır. Bu iş elə aktyorlar üçün də maraqlıdı. Onlar istedadlıları tam aça bilir, çərçivədən çıxmaq imkanı qazanırlar. İstərdim ki, bizim aktyorlarımız da başqa teatrlara dəvət olunsun. Xalq artisti Valeh Kərimov bizim teatrın səhnəsində "Şəhərdə manyak var" tamaşasında çıxış etdi. Tamaşaçılar onu yeni bir ampulada gördülər. Valeh müəllim orkestrlə oxudu. Müğənni Röyaya gəlincə, belə bir planımız vardı. Hətta onu müqavilə ilə işə də qəbul etmişdik. Lakin görünür teatrda hökm sürən ciddi nizam-intizam hələ estrada sahəsinə şamil oluna bilmir. Hər halda istəyirik ki, tamaşaçılar populyar müğənniləri də bizim tamaşalarda görsünlər. Tanınmış bəstəkar Gövhər Həsənzadə teatrımız üçün "Günəş şərqdən doğur" adlı muzikl yazır. Həmin müzikldə ötən il ölkəmizi "Evrovision"da təmsil edən Elnur və Samir də iştirak edəcək. Bu gün dünyada yeni bir janrda - balet komediyaya müraciət olunur. Növbəti mövsümdə biz bu janrda da tamaşa hazırlayacağıq.

- Yeni mövsümdən söz düşmüşkən, bu Musiqili Komediya Teatrının yubiley - 100-cü mövsümü olacaq. Yubileylə bağlı hansı planlar var.

- Teatrımızın əsası 1910-cu ildə Üzeyir Hacıbəyovun "Ər və arvad" komediyasının tamaşası ilə qoyulub. Sentyabrda teatrımız 100-cü mövsümünü açacaq. Gələn ilin yanvarından başlayaraq il ərzində yubiley tədbirləri keçiriləcək. Söhbət təbii ki, yalnız yubiley gecəsindən getmir. Həm xarici dövlətlərə, həm də ölkənin ayrı-ayrı bölgələrinə qastrollarımız, teatrın fəaliyyətindən bəhs edən kitabın nəşri və sairə nəzərdə tutulub. Bayaq dediyim kimi, il ərzində yubiley tədbirləri keçiriləcək. Çünki Musiqili Komediya Teatrının 100 illik yubileyi böyük bir mədəniyyət hadisəsidi. Teatrımızın Azərbaycan mədəniyyəti və incəsənətində əvəzolunmaz bir yeri var. Uzun illərdi ki, Musiqili Komediya Teatrı tamaşaçıların ən çox sevdiyi teatrdı.

  

    

Etibar

 

Ədalət.- 2009.- 16 may.- S. 16.