ƏN UZAQ ULDUZA SIÇRAYAN

   YARALI CEYRAN

  

   Hər şair elə bilir

   dünyanın son şerini

   o yazacaq, o ancaq,

   bu dünyada şer , söz

   onunla qurtaracaq.

  

   Bəlkə bundadı ləzzəti

   elə şer yazmağın da,

   bu böyüklükdə dünyanı,

   bu balaca külünglə -

   bu qələmlə qazmağın da.

  

   Mən hər an bir daha

   ruh kimi uçub Allaha,

   söz kimi görünüb gözə,

   yoxladım dünyanın sözə,

   sözün dünyaya tabını,

   beləcə batıb günaha

   mən , mən yazıb getdim

   dünyanın son kitabını.

  

   Elə dünyadan qurtarcaq

   anladım insan alnına

   tale, alın yazısı yox,

   şer yazıl Allah ancaq,

   anladım bu dünyada

   ən son şer Tanrı şeri,

   ən son kitab

   Tanrı kitabı olacaq.

  

   Anladım, Tanrım, anladım,

   alınmaz sənin üçün

   Şerin ən gözəl görünən,

   ən gözəl yazılan yeri,

   qələmin quş kimi süzən,

   min naz ilə gəzən yeri,

   xəttin eşqdən süzülən,

   eşqdən nazilən yeri.

  

   Anladım biz hamımız

   bir tək ələ,

   bir tək qələmə tabeyik,

   bütün alınlar yan-yana

   allahın şer kitabıyıq.

  

   Hər şairin şeri

   Tanrı şeri içində

   yazı içində yazı,

   can içində can kimi,

   qəfil güllədən sıçrayıb

   ən uzaq ulduza qonan

   yaralı ceyran kimi.

  

 

   BU DÜNYADAN BALACA, KÖRPƏ HƏR NƏ VAR

   BAŞQA BİR DÜNYADAN DOĞMA KİMƏSƏ OXŞAR

  

   Mən hara, dağlar, dəryalar, ümmanlar hara,

   zirvələr, sıldırımlar, dumanlar hara,

   mənimki balaca dağlar, balaca təpələrdi,

   balaca talelər, balaca kəndlər, şəhərlərdi,

  

   bu dünyada balaca, körpə hər var

   həm bu dünyadan,

   həm başqa dünyadan

   doğma kiməsə oxşar.

  

   Min illərin yolçusu sular, bəlkə siz biləsiz,

   bir yanı Qara dəniz, bir yanı Xəzər

   bu Qaf oğlu Qaf dağı kimə bənzər?!

   İnciməsinlər, mənə zor gəlir

   bu boyda dağlar,

   xəbərləri olmaz, qartalları bircə ana

   hardan uçar qonar ildırımlarına,

   üç günlük dumanına

   qəribləri nədən min illər ağlar

  

   uca dağlar çox böyükdü,

   təkcə elə onları düşünmək

   mənim bu cansız canıma,

   qələmimə ağır yükdü,

   yazdıqca ağırlıqdan titrəyər qələm,

   ha qaldırsam da zirvələrdən sürüşər

   qələmim,

   sürüşüb qısılar yenə balaca dağların ətəyinə

   min illərdi anamın çocuqluq qoxusu

   gəlir ordan,

   yaxşı, yaxşı, min illərdi, böyümür

   min illərin ən gözəl çocuğu anam,

   balaca dağlarla göyüzünün arasında

   eləcə çocuq qalır hər an.

  

   İnciməsin, inciməsin göyüzündə

   tonqallaşan

   nəhəng ulduzlarım, ayım, günüm,

   bir köynək şam işığıyla daha mərhəm,

   daha doğma, daha gözəl işıqlanır

   mənim könlüm,

   mənim anam.

  

 

   BİZİ TANRI DƏRGAHINA ANCAQ

   BAĞIŞLADIĞIMIZ GÜNAHLAR QALDIRACAQ

  

   Kim dostunu necə tanıyırsa,

   dünyanı da eləcə tanıyır,

   Dünyanın qadasın alaq,

   Ancaq nədəndi, qardaş,

   hərdən dost oluruq -

   sonralar düşmən olaq.

  

   Ömrün bir yerinəcən mənimlə gəlib

   məndən ayrılan dostlar,

   deyən, dünya bir az daşürəkli çıxdı

   biz düşündüyümüzdən,

   deyən, bir-birimizi

   tanıdığımız da oldu, tanmadığımız da.

   Mən bilən heç kəsin

   Günahı yoxdu mənim üstümdə,

   Özünüz bilən varsa, boy şeydi,

   mən günahları

   günahlar olmamışdan bağışlayıram,

   yəni günahdan qabaq gəlir bağışlama.

   Bəlkə bizi Tanrının yanına ancaq

   Bağışladığımız günahlar qaldıracaq.

  

   Dostlar, şükür, günahlarımız da dupduru!

   Yerüzündən bir az dərinə

   Yolumuz düşhadüşdə

   bilin, qardaşlar, elə günah sarıdan da

   mən ancaq sizlərdən biriydim,

   mən zalım

   siz zalımların şairiydim.

  

  

   ÖZÜNDƏN GÖZƏLİ YARATMAQ

   - TANRILIQ BU ELƏ BƏLKƏ

  

   Gözüm yenə hər şeyi

   incəbel bir bulağın

   dibindəki kimi görər,

   həm , həm

   olduğundan daha gözəl

   dupduru, körpə, təzətər.

   Həm görər

   daha gözəl, daha gözəl

   əllər əlcəklərindən,

   barmaqlar üzüklərindən,

   ayaqlar corablarından,

   biləklər bilərziklərindən.

   Daha gözəl, daha gözəl

   Şərablar badələrindən,

   bədənlər paltarlarından,

   bəndələr padşahlarından.

  

   Həm bunun bircə sirri,

   hər insan bir Tanrı gözəli,

   hər insan bir Tanrı əsəri.

   çünki Tanrı yaradandan

   daha gözəl heç vaxt heç

   yarada bilməz bəndələr,

   çünki Tanrıdan gözəl

   ancaq Tanrı rəngləyər,

   ancaq Tanrı rəndələr.

  

   Bu dünyada hər şeyi

   min bir eşqlə qura-qura,

   min bir eşqlə tikə-tikə

   özündən gözəli yaratmaq -

   Tanrılıq bu elə bəlkə.

  

  

   BALACA, KÖRPƏ, ŞƏN DUALAR

  

   Ürəyimin ən qanadlı göyündən

   min illərdi dünyaya

   sevgi qoxusu, eşq qoxusu yayılır.

   tanrı verən eşq payından,

   Tanrıdan doyulur.

  

   Heç kəsin eşitmədiyi sözlər,

   heç kəsin görmədiyi üzlər,

   heç kəsin duymadığı sevgilər,

   heç vaxt böyüməyən,

   hamını hamıya sevdirdiyini düşünən

   balaca, körpə, şən dualar yaşayır orda.

  

  

   SƏNİ NİYƏ BELƏ SEVDİM

  

   Səni niyə belə sevdim,

   belə istədim niyə,

   Canımdakı min tikana,

   bir gülə istədim niyə?!

  

   Eşqdə gizlətdim bu canı

   görəmməyən varmı, hanı?!

   Həm gizlətdim, həm hamı

   bilə istədim niyə?!

  

   Min illərçün Allahdan

   Gecə-gündüz, har an, an

   səni özümə həm sultan,

   həm , həm

   kölə istədim niyə?!

  

 

   GƏL, BİR DƏ SEVİM SƏNİ

   YUPYUMRU BİR EŞQ İLƏ

  

   Sevir kimsə kimsəni

   bir kimsənin üstünə,

   gəl, mən sevim səni

   lap yepyeni,

   yupyumru bir eşqilə

   yenə sənin üstünə.

  

   Gör, sevgi üstə sevgimi

   eşq eşqdən baş alan kimi,

   eşq eşqi daşıran kimi,

   Allah da aşıran kimi

   hər ləçəyi ləçəyin,

   gülü gülün üstünə,

   göyü göyün, ayı ayın,

   günü günün üstünə.

  

   Gör, quş quşa sığıyantək,

   Gül gülə sığınantək,

   Son nəğmə oxunantək

   İlk nəğmənin üstünə.

  

   Gör, ikiqat sevgidən,

   eşqdən bu naşı da dəm,

   gözünün yaşı da dəm,

   ha içər, yenə kəm

   qəmi dəmin üstünə,

   dəmi qəmin üstünə.

  

  

   VAQİF BAYATLI ODƏR

 

   Ədalət.- 2009.- 16 may.- S. 20.