ATA OLMAQ HAQQI
BU GÜN ATATÜRKÜN
İSTİQLAL SAVAŞINI BAŞLAMAQ ÜÇÜN ANADOLUYA
GEDİŞİNDƏN 90 İL ÖTÜR
Bu sevgi mənim ürəyimdə çoxdan yaşayır - yeniyetməlik çağlarından. Yaddaş heç bir yasağa, qadağaya baxmır. Eşitdiyin söhbətlər, ixtiyarların ara-sıra danışdığı nağılabənzər əhvalatlar çocuq qəlbinin hansısa bir guşəsində özünə yer salır. Və sonra yaşlanıb könlünə üz tutanda, xatirələrini yır-yığış edib lazımlısını, lazımsızını götür-qoy edəndə şimşək çaxar kimi gözünün qabağına gələn, heç vaxt görmədiyin, səsini eşitmədiyin insanlara bir özləm, bir istək duyursan...
***
Hər zaman belə olub. Böyüklər danışanda qulaq asmırıq. Sonra özümüz böyük olanda və həmin söhbətləri xatırlayıb xırdalamaq istəyəndə danışanlar artıq yanımızda olmur. Öyrənə biləcəyimiz çox hikmətləri sinələrində aparırlar...
... Nənəm yatağında
oturub öz-özüylə danışır. Eyni söhbətləri
eşidəcəyimi fikirləşirəm - yenə
atasından, əmilərindən, babasından, müharibədə
ölən qardaşından, Nikolay padşahdan. Qulaq asmağa
həvəsim yoxdur, həyətdə oynamaq varkən... Amma
deyəsən bu dəfə mövzu dəyişib:
- Nikolay padşahın çörəyini yeyirdik, amma qocalarımız namaza oturanda Ənvər paşaya, Kamal paşaya dua edirdilər.
- Onlar kimdir, nənə? (Nikolayın kim olduğunu "Tarix" kitabından
oxumuşam, bəs bu paşalar? Doğrusu,
"paşa" sözünün nə anlama gəldiyini
doğru-düzgün bilmirəm. 10 yaşım var).
- Bizi qırırdılar, onlar qurtardı.
- Bizi kim qırırdı ki?
- Ruslar, ermənilər.
- Nə vaxtı, ay nənə? (Elə bir yaşdayam ki, mənim üçün savadsız nənəmin danışdığı yox, dərs kitabları mütləq həqiqətdi. O vaxt mən sidq-ürəklə günəşin şimaldan doğduğuna inanırdım).
... Nənəm vaxtını demədi, görünür, uşağın yanında qorxulu söhbət elədiyini başa düşdü. Savadı olmasa da siyasətdən anlayırmış. Bir az susub davam elədi:
- O vaxt uşaqlar mahnı da oxuyurdular - "Sən yaşa, mən yaşa, Mustafa Kamal paşa!"
... Vəssəlam. Söhbət bitdi. İndi təxmin eləyə bilərəm ki, bəlkə nənəm mənə baxıb öz uşaqlığını xatırlayıb, öz nənəsini xatırlayıb. Onun uşaqlığı I Dünya müharibəsinin qızğın vaxtlarına düşüb. Həmin vaxtda II Nikolayın müsəlman rəiyyəti ürəyində müsəlman padşahının (yəni sultanın) qələbəsinə ümid eləyirmiş. Təbii ki, sadə insanlar üçün savaş səhnəsinin qəhrəmanlarına rəğbət onların dini kimliyi ilə bağlı ola bilərdi. Nənəmin nənəsi də namaz qılanda müsəlman paşalara dua edirdi. Onlar əslində nə Ənvər paşanın, nə də Kamal paşanın kim olduğunu heç bilmirdilər də. Amma görünən budur ki, uzaq cəbhələrdə atılan topların əks-sədası Azərbaycanın ucqar kəndlərində də insanları diksindirirmiş. Və taleyin cilvəsinə bax ki, tamam əks-qütbdə dayanan bu iki generalın adı müsəlman ümmətinin dualarında yanaşı çəkilir. Nənəmin sadəcə adlarını bildiyi bu şəxslər haqqında çox sonralar öyrəndim. Oxuduqlarım, öyrəndiklərim ürəyimdə böyük və möhtəşəm bir obraz yaratmışdı. Əlbəttə, onda mən çox təəssüfləndim ki, nənəmin söhbətlərinə əməlli qulaq asmamışam. Çünki bəzən olurdu ki, o, Qubadakı evlərini ermənilərin yandırdığını da deyirdi. Mənim üçün isə həyətdəki gülərüz erməni uşaqları ilə oynamaq daha maraqlı idi. Çox ola bilər ki, bir vaxt biz də nəvələrimizə olub-bitəndən danışmaq istəyəndə bu uşaqlar da qaçıb həyətdəki erməni dostları ilə top qovalamaq həvəsində olsunlar...
***
May ayının ortalarında İstanbuldan Anadoluya istiqamət götürmüş kiçik, köhnə "Bandırma" gəmisinin göyərtəsinə qalxanda onları da, gəmini də əməlli-başlı yoxlamadan keçirdilər. İstanbul - ehtişamlı Osmanlının paytaxtı işğal altındadı və hər tərəf ingilislərin nəzarətindədi. İndi onlar özlərini ağa sayırlar. Ancaq inam, iradə və əzm əllə toxunulan, gözlə görünən silah deyil. gəminin göyərtəsində dayanıb sis və dumanın içində qalan məlul İstanbula tamaşa edən hərbçi çox düşüncəlidi. Ona elə gəlir ki, minarələr də insan kimi əllərini göyə qaldırıb imdad diləyirlər. Şəhər gözdən itdikcə əminliyi artır. O, bu şəhərə qalib kimi dönəcək. Bir neçə gündən sonra gəmi Samsunda lövbər salacaq. Tarix 1919, may ayının 19-u. Yeni dönəmin başlanğıcı. Əslində o, dekabrda doğulmuşdu. Salnamələrə isə onun doğum tarixi 19 may kimi düşdü. Bu gün onun yaratdığı Türkiyə Cümhuriyyətinin yüksəlişi də məhz bu tarixlə bağlıdır. Mustafa Kamalın Anadoluya gedişi və İstiqlal savaşının başlanması. Mustafa Kamalı - Atatürkə çevirən tarix. 19 may 1919.
***
Onun haqqında
indiyədək cild-cild kitablar yazılıb. Müxtəlif
ölkələrdə müxtəlif müəlliflər tərəfindən.
Müəlliflərin ona münasibəti birmənalı
olmayıb. Kimsə onu diktator
adlandırıb, kimsə qəhrəman, kimsə
situasiyalardan, təsadüflərdən gözəl istifadə
edə bilən avantürist siyasətçi. Ancaq hamı bir fikirlə razılaşır - o,
böyük unikal şəxsiyyət idi. Zəngin
panoramlı XX əsrin ən ziddiyyətli, ən maraqlı
fiqurlarından biri idi. 57 illik qısa
ömründə uzun və əzablı həyat
yaşamışdı. Həbsxanalar,
sürgünlər, inqilablar, şəxsi faciələrdən
keçmişdi. Bu həyat romantik
düşüncəli gənc zabiti mahir və bəlkə
amansız bir siyasətçiyə çevirmişdi.
Valideynlərinin Mustafa adı verdiyi, zəkasına görə
müəlliminin Kamal çağırdığı, minnətdar
insanların Atatürk dediyi bu şəxs qazandığı
bütün rütbələri də, adları da zəhməti
və əziyyəti bahasına qazanmışdı.
19-cu ildə
Anadolunu istiqlal savaşına qaldırmağa gedən
paşanın arxasında isə Çanaqqala zəfərinin
müəllifi imzası dayanırdı. Çanaqqala
savaşı I Dünya müharibəsinin ən möhtəşəm
və ən müəmmalı döyüşlərindən
biridir. Burda türklər özlərindən
iyirmi dəfə böyük qüvvə ilə üz-üzə
gəlib zəfər qazanmışdılar. Mustafa Kamalın yüksəlişi də
Geliboludakı yüksəkliklərdən
başlamışdı. Hər zaman bütün
döyüşlərdə əsgərlərin önündə
olan bu komandan öz məşhur kəlamını da bu
savaşda söyləmişdi: "Mən sizə
döyüşmək, hücum əmri vermirəm! Mən sizə
ölməyi əmr edirəm! Biz ölənə
qədər keçəcək zaman ərzində yerimizə
başqa qüvvələr gələ bilər!" Döyüş bilək işi deyil, ürək
işidir. Kim bilir, səngərdə əsgərlərlə
yatıb-duran, özünü onlardan ayırmayan bu gənc
zabit olmasaydı Çanaqqala döyüşünün aqibəti
nə olacaqdı? Ancaq tarixdə təsadüfünmü,
zərurətinmi daha önəmli olduğundan danışmaq
olmur. Bu sərt, acıdil, çılğın, bir az da hikkəli türk oğlunun mavi gözləri
insanlar içində tənha olmanın nə anlama gəldiyini
çox gözəl ifadə edirdi.
***
Əslində
tənhalıq bütün ömrü boyu yol-yoldaşı
olmuşdu. Atasının ölümündən sonra ailə
çox məhrumiyyətlərlə üzləşirdi,
varlı qohumlarının evinə sığınıb birtəhər
günlərini başa vururdular. Belə həyatdan
bezib ikinci dəfə ərə gedən Zibeydə xanım
oğlunun onu nə vaxtsa anlayacağını,
bağışlayacağını düşünür.
Ancaq nə bağışlamaq?.. Onun xarakterinə bu anlam çox zidd idi. Və görünür, ailə, yuva kimi sözlər
onun uşaq qəlbində elə o vaxtdan öz əhəmiyyətini
itirmişdi. Heç zaman da
doğru-düzgün ailəsi olmadı. Oxuduğu
hərbi məktəblər, kazarmalar ailə ortamının əvəzi
oldu.
Kamalın tələbə
yoldaşları sonralar Türkiyə tarixində önəmli
yer tutacaq insanlar oldu. Bu da çox təbii idi. Oxuduğu Monastır hərbi litseyində gələcək
tarixin iki böyük ismi təhsil alırdı - Mustafa Kamal və
Ənvər. Ənvər - Azərbaycan tarixində də
imzasını qoyacaq Ənvər paşa. Onları
əhatə edən yoldaşları da gələcəkdə
onlarla bərabər ya yüksələcək, ya da
aşağı yuvarlanacaqlar. Ənvər
iki sinif yuxarıda oxuyur. Bu iki illik fərq onların
taleyində öz izini qoyacaq - Ənvəri çox-çox
irəliyə aparacaq, Mustafanı çox-çox geridə
saxlayacaq... Görünür, sonradan düşmənçiliyə
çevriləcək rəqabətin də təməli elə
o illərdə qoyulmuşdu. Kamalın tələbə
yoldaşları Osmanlı ordusunun yüksək rütbəli
zabitlərinin övladlarıydı. Əyalət
gənci isə bu şıq geyimli şəhər
adamlarından çox fərqlənirdi. Əli
Fuad - paşa oğlu, paşa nəvəsi, Kazım Qarabəkir
paşa oğludu. İlk günlərdən onu
özünə abi sayan, iradəsinə tabe olan Mehmet Arif, Əli
Fəthi də var. Onların hər biri Mustafa Kamalla birgə
ağır və əziyyətli həyat yolu keçdilər,
sonra isə taleyin acı istehzası bu dostları
ayırdı. Mustafa Kamalın fərmanı ilə ölkədən
sürgün olunanı da oldu,
***
Mustafa
Kamalı sevməyənlər də məhz bu keyfiyyətlərinə
görə ona zalım, zülmkar, despot, diktator deyirdilər. Çanaqqala zəfərinin
müəllifi o olsa da, uzun müddət general rütbəsinə
təqdimatını imzalamayan Ənvər paşaya bunu
xatırladanda demişdi: "Siz bu adamı yaxşı
tanımırsınız, o, həmişə hər şeydən
narazıdır. Paşa olsa könlündən
sultanlıq keçəcək. Sultan olsa,
Allahlıq iddiasına düşəcək". Əslində bu sözlər həqiqətdən
uzaq da deyildi. Hər halda 35 yaşlı
general bu sözləri eşidəndə "Heç vaxt
düşünməzdim ki, Ənvər belə müdrik
adamdı" - demişdi. Və içində
bu qədər hirs olmasaydı ordusu tərxis olunmuş,
paytaxtı işğal olunmuş bir ölkəni yenidən
yarada bilərdimi? Boğazın sularında
ağır-ağır ləngər vuran Antanta gəmilərinə,
ağa kimi gəzən Britaniya zabitlərinə baxıb
dediyi: "Gəldikləri kimi gedəcəklər" -
sözünü yeridə bilərdimi?
***
Mən liderləri
bütləşdirməyin, ilahiləşdirməyin əleyhinəyəm. Onlar da bizim
kimi insandırlar - ətdən, qandan, sümükdən.
Onların da sevdikləri, sevmədikləri olur.
Zəifliyi, qüdrəti olur. Yorulurlar, bezirlər. Haqsızlıq
da edirlər, amansız da olurlar, öz zəmanələrinin
girovuna da çevrilirlər. Ancaq onlar bizdən
həm də fərqlənirlər. Müəyyən
zaman kəsiyində, müəyyən şərtlər
daxilində verdikləri qətiyyətli qərarlarla, cürətkar
addımlarla.
Şüuru
orta əsrlərdə qalmış insana nəinki yeni
düşüncəni, hətta yeni geyimi də bəzən
şallaqla geyindirmək lazım gəlir. Hansı
ölkədə inqilablar qansız olur?
Düşmənləri
ona deyirdilər ki, "bəli, o, böyük sərkərdədir
və onun yeri kazarmadır, yaxşı olar ki, öz yerinə
qayıtsın və bildiyi işlə məşğul
olsun". O
isə cavab verirdi ki, "Türkiyə mənim əsərimdir!
Mənə qəsd eləmək Türkiyəyə
qəsd eləməkdir, o mənimlə nəfəs alır, mən
də onunla yaşayıram. Xalq özünə yeni yol
göstərən və rəhbər seçənə qədər
mən bu yolu gedəcəyəm!". O
deyirdi ki, "Ədalət sistemi bəzən günahsız
adamları da mühakimə edir, ancaq Tarix hər zaman
günahkarları cəzalandırır!" Və o, haqlı
idi...
***
Çox
şeylərdə haqlı idi. Bu gün onun
yaratdığı dövlətin başında oturub onu bəyənməyənlərin
yenə də heç nəyə gücü çatmır.
Axı, onun Vətənə Oğul, Millətə
Ata olmaq haqqı da var.
19 MAY - MUSTAFA KAMALI ATATÜRKƏ
ÇEVİRƏN TARİX. VƏTƏNƏ
OĞUL, MİLLƏTƏ ATA OLMAQ TARİXİ.
İradə TUNCAY
Ədalət.- 2009.- 19 may .- S. 3.