AYSEL, ARAŞ VƏ "BAKI"     

 

Oxumaqda üçüncü, oynamaqda birinci

 

Müstəqillik qazanmağımızdan düz 18 il ötüb. Amma hələ gözümüzü Moskvadan çəkə bilmirik. Çox vaxt şad xəbərin məhz Rusiyadan gələcəyinə ümid edirik. ATƏT-in boş-bekar həmsədrlərindən biri - rus Yuri Merzlaykovun Qarabağla dediyi hər sözün nöqtə-vergülünə həssas yanaşırıq. Elə bilirik ki, Qarabağ məsələsi rusiyalı həmsədrin vergülündən asılıdı.

İşin tərsliyindən ötən həftə bir neçə gün yenə gözlərimiz Rusiyaya boylandı. yaxşı ki, Moskvadan gələn xəbər qanımızı qaraltmadı. Rusiya paytaxtında düzənlənən "Evrovision-2009" mahnı yarışmasında Azərbaycanı təmsil edən Aysel Teymurzadə Araş 25 finalçı arasında 3-cü oldular. Ölkəmizin bu nüfuzlu musiqi yarışmasında ikinci dəfə iştirak etdiyini nəzərə alsaq sevinməyə dəyər. Aysel Araşın çıxışı əldə olunan nəticə pis hadisə olmadı. Yeri gəlmişkən, Türkiyə təmsilçisi Hadisə bizdən sonrakı - 4-cü yeri tutdu. Ermənilər isə bu dəfə Moskvadan xeyir görə bilmədilər. Rusiya belədi, tərsliyi tutanda Moskva heç göz yaşlarına da inanmır. Erməni nümayəndələri Azərbaycan Türkiyənin uğuruna əməlli-başlı heyfsləndilər. Erməni bacıları İnqa Anuşu bu dəfə bəyənən az oldu. Onlar final yarışında yalnız 10-cu yerə çıxa bildilər.

"Evrovision" mahnı yarışmasının xeyli biclikləri var. Necə düzüb-qoşdularsa, Norveç təmsilçisi qalib gəldi. Yeri gəlmişkən, birincilik qazanan Aleksandr Rıbak heç norveçli deyil, əslən belarusdu. Futbol termini ilə desək Norveçə transfer olunub. Bütün dünya gördü ki, finalda Norveç təmsilçisindən də gücli ifaçılar vardı. Elə bizim Aysellə Araş, türkiyəli Hadisə yarışmanın qalibi ola bilərdilər. Yunanıstandan gələn Sakis Ruvas da qalib sayılası ifaçılardan idi. Lakin "Evrovision"un bicliklərindən heç fələk də baş aça bilməz. Norveç təmsilçisini yarışmanın qalibi elan etdilər. Aleksandr Rıbak da mükafatı alanda hamını şoka saldı. Müğənninin dediklərinə başqa nə ad vermək olar: "Moskvada geylərin nümayişini keçirməyə imkan vermədiniz, alın, bu da sizə geylərin nümayişi".

Bəzi ölkələr var ki, bu yarışmada qalib gəlmək üçün dəridən-qabıqdan çıxır. Lakin bəzi dövlətlərin heç vecinə də deyil. Təki "Evrovision"a çıxıb bir-iki ağız oxusunlar. Götürək elə Fransanı. Əvvəlki illərdə göstərdiyi xidmətə görə, Parisdən gələn musiqiçilər finala birbaşa vəsiqə qazanırlar. Bu dəfə Fransa Moskvaya Patrisiya Kaası göndərmişdi. Patrisiya Kaasa deyən lazım, qoca arvadsan, sənin mahnı yarışmasında nə işin var, evdə oturub pensiya pulu gətirən poçtalyonun yolunu niyə gözləmirsən? Şarl De Qolu taxtda görmüsən, Sarkozini qundaqda.

Dünyanın elə vaxtıdır ki, başqalarının təcrübəsindən yararlanmaq adama çox vaxt uğur gətirir. Gənc Aysel Teymurzadəni səhnəyə Avropada az-çox təcrübə qazanan Araşla birgə çıxardıb sonda nəticəsini gördük, Azərbaycan üçüncü oldu. Gərək ötən il də Samirlə Elnurun yanına xaricdə təcrübəsi olan bir ifaçı qoşaydıq. Onsuz da bütün dünya bu üsuldan istifadə edir. Onda bəs niyə yararlanmayaq? Necə deyərlər, palaza bürün, "Evrovision"da sürün.

Futbolda belə şeylərə çox adi baxırlar. "Bakı" klubu Makedoniyanın ən təcrübəli çalışdırıcısı Qoyko Hacıyevskini baş məşqçi gətirən kimi işləri qaydasına düşdü. Baxımlı oyun sərgiləyən "Bakı" klubu ötən bazar günü futbol üzrə Azərbaycan çempionu oldu. "Bakı" uzun müddət idi ki, premyer-liqanın qalibi ola bilmirdi. Makedoniyalı Hacıyevski gələn kimi klub arzusuna çatdı. Hacıyevski Bakıya, Araş isə Ayselə kömək etdi. Oxuyanlarımız üçüncü, oynayanlarımız birinci oldu. Ayselin, Araşın və Hacıyevskinin sağ əlləri Almaniyadan dəvət etdiyimiz Berti Foqtsun başına...

  

  

Etibar Cəbrayıloğlu

 

Ədalət.- 2009.- 19 may.- S. 8.