KÖNLÜM KEÇƏR QARABAĞDAN...

 

Azərbaycan Respublikasının Kiçik Qafqaz dağlarından başlayaraq Kür və Araz çayları arasındakı torpaqları əhatə edən ərazisi qədim zamanlardan "Qarabağ" adlanır. Qarabağ ərazisində bizim eradan əvvəl II minilliyə və I minilliyin əvvəllərinə aid zəngin və maraqlı arxeoloji kəşflər o dövrlərdə burada mədəniyyət ocaqlarının olduğunu sübut edir.

Tarixi, elmi faktların araşdırılması göstərir ki, hələ eramızdan xeyli əvvəl Qarabağ ərazisndə maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olan yerli tayfalar yaşamışlar. Bu barədə antik müəlliflərin əsərlərində və elmi mənbələrdə kifayət qədər məlumat vardır. Qarabağın dağlıq hissəsi əsrlər boyu Qafqaz Albaniyasının vilayəti olmuş və "Arsak" adlanmışdır. Bu isə təsadüfi deyil, çünki məlum olduğu kimi hələ eramızdan xeyli əvvəl Qafqaz dağlarından cənubda türk dilli sak tayfaları yaşamışlar. Qafqaz Albaniyasının ərazisində sakların adları ilə bağlı Sakasena, Balasakan, Sisakan, Saki, Arsak və bir sıra digər yer adları mövcud olmuşdur. Eramızın birinci əsrində yaşamış antik müəllif Strabon "Coğrafiya" əsərində bu faktı təsdiq edərək yazır: "Saklar da kimmerlər və trerlər kimi yürüşlər edib ən yaxşı torpaqlarda məskunlaşmışlar və bu ərazilərə öz adlarını qoymuşlar, məsələn - Sakasena".

Qarabağ ərazisi eramızdan əvvəl IV əsrdən eramızın VII əsrin ortalarınadək Qafqaz Albaniyası dövlətinin, VII-IX əsrlərdə Ərəb Xilafətinin, IX-X əsrlərdə Saçilər dövlətinin, X əsrdə Salarilər dövlətinin, XI əsrdən XII əsrin Şəddadilər dövlətinin, XII-XIII əsrlərdə Atabəylər dövlətinin, XIII-XIV əsrlərdə Hülakilər dövlətinin, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, XVI-XVII əsrdə Səfəvilər dövlətinin, XVIII əsrin II yarısından XIX əsrin I yarısınadək Qarabağ xanlığının, XIX əsrdən 1917-ci ilədək Rusiya imperiyasının, 1918-20-ci illərdə Azərbaycan Demokratik Respublikasının, 1920-1991-ci illərdə isə Azərbaycan SSR-in tərkibində olmuşdur.

Elmə çoxdan məlum olan belə bir tarixi həqiqəti bir daha xatırlamaq istərdik ki, nəinki Naxçıvan Muxtar Respublikası, heç Qafqaz ərazisi də heç vaxt ermənilərin vətəni olmamışdır. Nüfuzlu şərqşünas alimlərin fikrincə, erməni etnosu eramızdan əvvəl II minilliyin sonu, I minilliyin I yarısında Fərat çaının yuxarı vadilərində formalaşmışdır.

Məlum olduğu kimi eramızdan əvvəl 66-cı ildə II Tiqranın hakimiyyəti dövründə Ermənistan dövlət müstəqilliyini itirərək Roma imperiyasının vassalına, əyalətinə çevrilmişdir. Bu hadisəni təsdiq edən antik Roma müəllifi Fest "Roma xalqının tarixinin qısa xülasəsi" əsərində yazır: "...İmperator Troyanın hakimiyyəti dövründə Böyük Ermənistan çarının hakimiyyəti əlindən alındı: Ermənistan, Mesopotomiya. Assuriya və Ərəbistan əyalətlərə çevrildilər". Qədim erməni salnaməçisi Movses Xorenatsi eramızın I əsrində baş vermiş hadisələrdən bəhs edərkən Albaniyanın cənub sərhəddinin Araz sayı olduğunu təsdiq edir. 387-ci ildə bağlanmış sülh müqaviləsinə əsasən vassal Ermənistan dövlətinin mövcudluğuna son qoyulmuşdu. Onun bütün ərazisi Roma imperiyası və Sasani dövləti arasında bölüşdürülmüşdü. Orta əsrlərdə heç bir müstəqil erməni dövləti mövcud olmamışdır.

Orta əsr yazılı mənbələrində Qarabağ ərazisindəki qalalar, şəhər-qalalar, qəsrlər və digər memarlıq abidələri barədə məlumatlara rast gəlmək olur. XII əsr ərəb səyyahı Yaqut əl-Həməvi "Mücam əl-buldan" əsərində Bərdə şəhərinin bişmiş kərpicdən və daşdan tikilmiş binaları və şəhər yaxınlığında yerləşən İzz qalası, Şamkur qalası, Gəncə yaxınlığındakı Şatar qalası, Akna qalası, barədə məlumatlar verir. Onun fikrincə "Kazanc" sözünün mənası "kizlənc yeri" deməkdir. Babək Xurrəmi vaxtilə kazanc qalasında müdafiə olunmuş. Müəllif Beyləqan qala şəhərinin və Bərdə şəhərindəki tikililərin monqol-tatarların hücumları zamanı yerlə-yeksan edildiyini xəbər verir. XIII əsr səyyahı Həmdullah Qəzvini "Nüzhət əl-qulub" əsərində Kür və Araz çayları arasındakı ərazini "Arran vilayəti" adlandırır. Əsərdə göstərir ki, Bərdə şəhəri eramızdan əvvəl Makedoniyalı İsgəndər tərfindən salınıb.

Sonralar Sasani şahı Qubad ibn Firuzun (459-484-cü illər) göstərişi ilə Albaniya çarı II Vaçe (444-463-cü illər) şəhərdə geniş inşaat işləri aparıb. Möhtəşəm qala divarları ilə möhkəmləndirilmiş şəhər uzun müddət Bərdə-"Firuzabad" adlanmışdır.

Ölkəyə müntəzəm olaraq şimaldan viranedici talançılıq hücumları edən xəzərlərdən, hunlardan və digər barbar tayfalardan qorunmaq üçün 551-ci ildə Albaniyanın paytaxtı Kabala (Qəbələ) qala şəhərindən Bərdəyə köçürülmüşdür. Bərdə ərəb işğalı dövründə möhkəm daş divarlarla qorunan əzəmətli qala - şəhər olmuşdur. Ərəb salnaməçisi Əl Bələzuri yazır ki, 654-cü ildə xəlifə Osmanın əmri ilə sərkərdə Salman ibn Rəbiənin qoşunları Bərdəyə hücum edərkən qala darvazaları bağlanmışdır. Qalanı yalnız uzun müddət mühasirədə saxladıqdan sonra fəth etmək mümkün olmuşdur.

Bərdə şəhərində məşhur İmamzadə mavzoleyinin əsası XVIII əsrdə qoyulmuşdur. XIX əsrdə mavzoleyin ətrafında bişmiş kərpicdən əhəng məhlulu ilə dörd minarəli məscid binası tikilmiş, günbəz hissəsi yaxşı yonulmuş üzlük daşlarla örtülmüşdür.

Azərbaycanda orta əsrlərdə Arran, Naxçıvan və digər memarlıq məktəbi mövcud olmuşdur. Qarabağ ərazisində Arran memarlıq məktəbinin nümayəndələri tərəfindən məscidlər, karvansaraylar, türbələr, körpülər və digər abidələr yaradılmışdır. Azərbaycandakı memarlıq məktəbləri yerli memarlıq ənənələrini və yüksək professional sənətkarlığı üzvi şəkildə birləşdirirdi.

Orta əsrlərdə əhəmiyyətli ticarət yolları Azərbaycandan keçdiyindən şəhərlərdə və yollarda çoxsaylı karvansaraylar tikilirdi. Qarabağın Füzuli rayonunda və digər bölgələrində bu karvansarayların bəziləri qalmışdır.

Həmdullah Qəzvini Gəncə qala şəhərinin hicri 39-cu ildə (659-cu ildə) salındığını bildirir. Müəllifin Xudafərin körpüləri barədə məlumatları xüsusilə maraqlıdır. O yazır ki, Araz çayı üzərində Zəngiyan yaxınlığındakı (on bir aşırımlı) körpü hicri tarixi ilə 15-ci ildə (636-cı ildə) Məhəmməd peyğəmbərin yaxın adamlarından Bəkr ibn Əbdallah tərəfindən salınmışdır. Buna görə də "Xuda-Afərin", yəni "allah yaratmış" körpü adlanır. On beş aşırılmı körpünü isə Karkar ticarət mərkəzinin yaxınlığında xeyriyyə məqsədilə Diya əl-Mülk Naxçıvani saldırmışdır.

Avropa və Asiya ölkələri arasında "İpək yolu" adı ilə orta əsrlərdə məşhur olmuş ticarət yolu bu körpülərin üstündən keçmişdir. Azərbaycanın coğrafi landşaftı milli memarlığımızda körpüsalma ənənəsinin əsrlərlə davam etməsinə səbəb olmuşdur. Sənətkarlarımız tərəfindən orta əsrlərdə yaradılmış və zəmanəmizə gəlib çatmış bu körpülər mükəmməl memarlıq həlli ilə maraq doğurur.

IX əsr ərəb səyyahı İbn Xordadbeh "Yollar və ölkələr haqqında kitab" əsərində Bərdə və Beyləqan şəhərlərinin çiy kərpicdən hörülmüş qala divarları ilə əhatə olunduqlarını bildirir. 1953-1954-cü illərdə Beyləqan şəhərinin yerində - Örən qalada qazıntı işləri aparmış arxeoloqlar bu məlumatın həqiqiliyini təsdiq etmişlər.

XIII əsrin əvvəllərində monqol-tatar işğalçılarının viranedici hücumları nəticəsində Qarabağ torpaqlarındakı memarlıq abidələrinin böyük əksəriyyəti dağıdılmış, Gəncə, Bərdə və Beyləqan şəhərləri yerlə yeksan edilmişdir.

Yaqut əl-Həməvinin yazdığına görə kərpicdən və daşdan inşa edilmiş gözəl və yaraşıqlı binaları ilə adamı valeh edən Bərdə şəhəri monqol-tatar basqınından sonra xarabalığa çevrilmiş, adi bir kəndi xatırladırmış.XVIII əsrin ikinci yarısı - Qarabağ xanlığının tarixində intibah dövrü olmuşdur. Qarabağ xanlığının yaradıcısı Pənah xan qədim zamanlardan burada məskunlaşmış Cavanşir elindən olmuşdur. Döyüşlərdə şücaət göstərmiş cəsur və bacarıqlı hərbi sərkərdə olduğundan İran hökümdarı Nadir şahın ordusunda qulluq edirdi. O dövrdə şah üsul-idarəsinin zülmünə və baş alıb gedən ədalətsizliyə dözə bilməyən Pənah xan ordunu tərk edərək Qarabağa qayıtmış, 1747-ci ildə Nadir şah öldürüldükdən sonra uğurlu hərbi əməliyyatlar keçirərək bütün Qarabağı özünə tabe edib, burada feodal dövləti - Qarabağ xanlığı yaratmışdır.

1748-ci ildə İran hökümdarı Adil şah rəsmi olaraq Qarabağ xanlığının tanıdığı barədə fərmanı qızıl yəhərli at və qiymətli qaş-daşla bəzədilmiş qılıncla birlikdə Pənah xana göndərmişdir. Pənah xanın və onun oğlu İbrahim xanın hakimiyyəti illərində Qarabağda böyük abadlıq inşaat işləri aparılmışdır. Ardı-arası kəsilməyən xarici hərbi hücumlardan qorunmaq üçün Pənah xan yerli memarların və inşaatçıların qüvvəsilə möhtəşəm müdafiə qalaları tikdirmişdir. Mirzə Camal Cavanşirin "Qarabağ tarixi" əsərində bu qalaların tikilməsi barədə maraqlı və ətraflı məlumatlar vardır. Qarabağın Kəbirli mahalında 1747-1948-ci illərdə Bayat qalası ucaldılmışdır. 1751-1752-ci illərdə Tərnəküt adlandırılan yerdə, Şahbulağının üstündə Avropadakı orta əsr qalalarına məxsus əzəmətli stildə məşhur Şahbulaq qalası tikilmişdir. Qarqarçayın sağ və sol sahillərində iki istehkamdan ibarət Əskəran qalası inşa edilmişdir. Artmaqda olan xarici hərbi təcavüz təhlükəsi qarşısında qalan Pənah xan dağın zirvəsində, keçilməz yerdə elə bir alınmaz şəhər qala tikdirmək istəyirdi ki, onu ən güclü düşmən belə mühasirə edib ala bilməsin. Nəhayət 1756-1757-ci illərdə uca bir dağın başında Şuşa qalası salındı. Qalanın tikilməsinin canlı şahidi olmuş "Qarabağ tarixi" əsərin müəllifi yazır ki, "o vaxtadək burada yaşayış evləri yox idi. Bura şərq tərəfdə qalanın altı verstliyində yerləşən Şuşa kəndi əhalisinin əkin yeri və otlağı idi."

Şuşa qalası o dövrün ən möhtəşəm müdafiə qurğularından biri olmuşdur. 1758-ci ildə İran şahı Məhəmməd Həsən Qacar çoxminli ordusu ilə Qarabağ xanlığına hücum edib bir ay Şuşa qalasını mühasirədə saxlamış, lakin ala bilməmişdi. 1783-1784-cü illərdə İbrahim Xəlil xan şəhərin qala divarlarını daha da möhkəmləndirmişdir. 1795-ci ildə İran şahı Ağa Məhəmməd şah Qacarın otuz üç günlük mühasirəsinə mərdliklə sinə gərən qala müdafiəçiləri qəhrəmancasına döyüşərək düşməni məğlub edib bir ay Şuşa qalasını mühasirədə saxlamış, lakin ala bilməmişdir. 1783-1784-cü illərdə İbrahim Xəlil xan şəhərin qala divarlarını daha da möhkəmləndirmişdir. 1795-ci ildə İran şahı Ağa Məhəmməd şah Qacarın otuz üç gündəlik mühasirəsinə mərdliklə sinə gələn qala müdafiəçiləri qəhrəmancasına döyüşərək düşməni məğlub edib geri çəkilməyə məcbur etmişdilər. İbrahim xanın hakimiyyəti illərində (1759-1806) Şuşada geniş tikinti-abadlıq işləri aparılmışdır. Şuşa 1757-ci ildən 1822-ci ilədək Qarabağ xanlığının paytaxtı olmuşdur.

Əsrlərin sınaqlarından çıxmış və zəmanəmizə gəlib çatmış memarlıq abidələrimizin uzunömürlülüyü və davamlılığı milli memarlarımızın yüksək istedadını sübut edir.

Orta əsr Azərbaycan memarlarının, inşaat sənəti ustalarının yüksək peşəkarlığı və nüfuzu olmuşdur. Məhz buna görə də İran, Türkiyə, Orta Asiya, Hindistan və ərəb ölkələrində bir sıra gözəl memarlıq əsərlərinin yaradılmasında Azərbaycandan dəvət olunmuş sənətkarlar bilavasitə iştirak etmişlər.

XX əsrin əvvəllərində Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldıqdan sonra azərbaycanlılar gah rəsmi, gah da qeyri rəsmi şəkildə, açıq-aşkar zorakıllıqla öz tarixi vətənlərindən deportasiya edilmiş, bu ərazilərdə xalqımızın mədəni irsinə aid olan memarlıq və sənətkarlıq abidələri - movzoleylər, türbələr, dekorativ qəbirüstü daşlar tamamilə dağıdılmışdır.

Qarabağ torpaqlarında ermənilərin kütləvi məskunlaşdırılması XIX əsrin I yarısına təsadüf edir. Rus tarixçisi N.İ.Şavrovun yazdıqlarından məlum olur ki, Rusiya-İran və Rusiya-Türk müharibələri nəticəsində şimali Azərbaycan Rusiyaya ilhaq edildikdən sonra bu regionda imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə 1828-ci ildən 1880-cı ilədək Türkiyədən 84 mindən artıq, İranın Marağa, Salmas, Xoy və digər xanlıqlarından 40 mindən artıq erməni köçürülüb Qarabağda və Qərbi Azərbaycan torpaqlarında məskunlaşdırılmışdı. Sonrakı illərdə də davam etmiş bu proses Qarabağda demoqrafik balansa nəzərəçarpacaq dərəcədə təsir göstərmişdir. Rusiyanın XIX əsrə aid rəsmi dövlət sənədlərində, o cümlədən Qafqaz Təqviminin illik statistik məlumatlarında bu təkzibedilməz faktlar öz əksini tapmışdır.

1990-cı illərin əvvəllərində Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürüb, beynəlxalq hüquq normalarını kobudcasına pozaraq hərbi təcavüz yolu ilə Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər tərəfindən ölkəmizin rəsmən tanınmış ərazisinin 20 faizindən çoxunu işğal etmiş Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrimizə qəddarcasına divan tutmuşlar. Şuşa şəhər tarixi memarlıq qoruğunun ərazisində işğalçı vandallar Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, dünya şöhrətli müğənnimiz Bülbülün ev muzeyini, Xurşud Banu Natəvanın saray kompleksini, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələrini, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evini, qoruq şəhərin memarlıq xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, dağıtmışlar. İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi hələ də davam edir. İşğal zonalarında dövlət siyahısında olan yüzlərlə abidə qalmışdır. İşğalçılar geniş miqyaslı, qeyri peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar.

Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığını tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Respublikamızın elmi və mədəni ictimaiyyəti YUNESKO-nun rəhbərliyindən mədəni irsin qorunmasına dair beynəlxalq konvensiyaların tələblərinə əməl olunmasını tələb edir.

 

  

Vaqif Əsədov

 

 Ədalət.- 2009.- 21 may.- S. 7.