BU DA 50 YAŞ...
İLHAM QƏHRƏMANA DOST İSMARICI
Hələ gənclik
illərində fikirləşirdim ki, 50 yaşa çatmaq
böyük bir qəhrəmanlıqdı və 50
yaşın xüsusi bir əzəməti var. Amma həyat
öz axarı ilə məni də gətirib o məqama
çatdırandan sonra baxıb gördüm ki, əslində
İlhamə Quliyevanın dediyi "Yaşın nə fərqi
var" məsəli daha gerçək yanaşmadı. Çünki
elə 5 il, 3 il bundan öncə hansı qayğılarla,
hansı dərdlərlə yaşayırdıqsa, elə 50-dən
sonra da onlarla yol yoldaşıyam.
Mən bu sözləri
təsəlli üçün yazmıram. Çünki
başına gələn başmaqçı olub deyiblər. Yaşayıb
gördüklərim, şahidi olduğum məqamlar mənə
bunları dedi. O ki qaldı İlham Qəhrəmana...
Şair dostum,
sözüylə, nəfəsiylə vətən həsrətinin
bütün ağrı-acısını təkcə
özündə yox, həm də oxucularında
yaşamasına, eləcə də bu nisgilin unudulmamasına
çalışan İlham Qəhrəman... Sən də 50
yaşın kürəyini vurdun yerə və yəqin sən
də nə vaxtsa mənim kimi fikirləşmisən ki, qoy bir
50-yə çatım, görün nə tufanlar qoparacam. Amma
neyləyək ki, nə sənə, nə mənə
bulaqlarının suyunu, çəməninin şehini,
qayalarının xına rəngini unuda bilmədiyimiz,
dadını-tamını, ətrini-qoxusunu ancaq
qanımızda, yaddaşımızda, xəyalımızda
yaşatdığımız əsir ellərimiz bizi
qolsuz-qanadsız qoydu. Doğulduğumuz ocaqdan, güvəndiyimiz
dağlardan uzaq düşdük. Ona görə də hamı
kimi kürəyimizin ardında dağ vüqarını, zirvə
ucalığını görmək bizim üçün zor
bir işə çevrildi və qanadları uzanmış,
qolları sındırılmış ağaclar insanlar kimi,
eləcə özümüz-özümüzə söykək
olduq və bir də gördük ki, gəlib
çıxmışıq 50-yə. Amma bu bizim arzuladığımız,
həsrətində olduğumuz 50 deyildi.
Sən də bunu
yaxşı bilirsən və elə ona görə də
yazırsan ki:
Sən olan yerlər necədi,
Buralar yaman tünlükdü
İl ildən pis gəlir, gülüm,
Həsrətin yamangünlükdü.
Və yaxud da deyirsən ki:
Sən
gedib qayıtmadın,
mən
Öldüm, ölümdən
qayıtdım
Ölsəm, canım
qurtarmışdı
Sənin əlindən qayıtdım.
Bəli, İlham qardaş, indi özün 50-nin dadını-duzunu çıxardırsan
və görürsən
ki, o 50 nə deməkdir. Laçından uzaqda, doğmalardan
kənarda, həsrətini
çəkdiyim bulaqlardan,
ormanlardan, təbiətdən
gendə. Hələ üstəlik
gorgahlardan, şəhid
ruhlarından nigarançılıqda.
Nə deyim, özün yazırsan ki:
Mənim bir tut qardaşım vardı,
Laçında qaldı.
Bizim neçə-neçə qardaşlarımız,
bacılarımız tut
ağacı kimi, bənövşə kimi,
xan çinar kimi, yarpız kimi, bulaq otu
kimi, kəklikotu kimi, çaşır kimi, qıjı kimi, daha nə
bilim nələr, nələr kimi. Biz onsuz da doğulandan
dərd çəkməyə
öyrəşmişik. Bu həm də
sözlə, qələmlə
bağrı-badaş olmağımızdan
irəli gəlir.
Necə deyərlər, boyumuza biçilibdi. Camaata günəş
gülümsəyəndə, bizə kədər təbəssüm bağışlayıb.
Bunun da öz şirinliyi,
gözəlliyi var. Elə
həmin o gözəlliyin
işığında da
gec də olsa sənin 50 yaşını ürəkdən
təbrik edirəm.
Son olaraq,
eşitdiyim bir şad xəbərə də qoşularaq, oxucularımıza bildirmək
istəyirəm ki, bu günlərdə sənin Tehranda "Əsir dağlar" adlı yeni kitabın əski əlifbayla işıq üzü görüb. Bu sevincinə də
şərik oluruq.
Deməli, 50-nin ayağı sayalı olub. Uğur olsun.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2009.- 22 may.- S. 7.