"ƏRGÜNƏŞDƏ OXUYUB SONRA ÖLMƏK
İSTƏYİRƏM"
50 ildən çox xanəndəlik
edən və ömrünün 71-ci ilini yaşayan Təvəkkül
Musayev belə deyir
Elə gözəl səslər,
elə ifaçılar var ki, onları uzun müddət
heç kim yada salmır. Ona görə yada salmırlar ki, belələri
kiminsə qapısını döyə bilmir və kimdənsə
kömək istəmir. Amma heç bir istedadı, səsi və
ifaçılıq texnikası olmayan "müğənnilər"
fəxri ad da alır, mükafat da qazanır və həftə
səkkiz, mən doqquz müxtəlif televiziya ekranlarından
düşmürlər. Mən haqqında söhbət
açmaq istədiyim Təvəkkül Musayev də belə
unudulan, yaddan çıxan və yada salınmayan xanəndələrdəndir.
- Təvəkkül müəllim, hələ biz uşaq olanda sizi Füzulidə gözəl səsi, avazı və ifaçılıq texnikası olan xanəndə kimi tanımışıq. O vaxt siz toylarda oxuyanda nəinki səs-küy gəlirdi, hətta milçək uçsa belə onun səsi eşidilərdi və ağsaqqal kişilər sizin oxuduğunuz muğamlara elə diqqətlə qulaq asırdı ki, elə bil oxuduğunuz mahnılardan bal damırdı.
- Sənətkara ən yaxşı qiyməti xalq, tamaşaçı verir. Mən ha durum deyim ki, məndən yaxşı oxuyan yoxdur. Axı, bu xalqın gözü tərəzidi. Camaat yaxşı bilir ki, kimin səsi var, kimin səsi yoxdu?!
- Siz Seyid Şuşinski və Əlibaba Məmmədov kimi böyük muğam ustalarından dərs almısınız. Daha doğrusu, onların əlindən su içmisiniz...
- Tək mən
deyil, Azərbaycan musiqi sənətində və muğam aləmində
çox möhtəşəm izlər qoyan sənətkarlar
Seyid Şuşinskinin yetirmələridir. Bu kişi muğamla
bağlı elə bir sistem və elmi ardıcıllıq
yaradıb ki, onu heç bir ustad sənətkar təkrarlaya
bilməz. Təsadüfi deyil ki, bizim muğam oxuyanların çoxu
Seyid Şuşinskinin məktəbini bitirib.
- Rəhmətlik xalq artisti İslam Rzayev deyirdi ki, Qarabağ torpaqları işğal altında olandan həmin yerlərdən zil səsə malik olan xanəndələr çıxmır...
-
Böyük ustad İslam Rzayev o sözü yerində deyib. Həqiqətən də
Qarabağ torpağının gözəlliyi başqadır.
O torpaqda gəzən, onun suyunu içən və
havasını udan insanlarda zil səs ola bilər. Bu gün də
həmin torpaqdan oxuyanlar çıxır. Amma İslam müəllimin
dediyi kimi zil səslər yoxdur.
- Sizin vaxtınızda toy aparmaq çox çətin idi. Çünki ən azından həmin dövrdə mikrafon yox idi. Təbii ki, burda xanəndədən və müğənnidən səs tələb olunurdu.
- Mənim 20 yaşım olanda Nardarana toya aparmışdılar. Bilirsiniz də orda oxumaq nə qədər çətindir? Camaat həm muğamı yaxşı bilir, həm də qəzəlləri. Bir vurğunu düzgün qoymayanda, bir zənguləni artıq vuranda həmin xanəndəni muğamsevərlər elə hörmətdən salardılar ki, ikinci dəfə o, əlinə qaval götürüb Bakı kəndlərinə toya getməzdi. Bax, onda biz böyük məsuliyyət hiss eləyirdik. Azərbaycanın o yeri olmayıb ki, ora məni toya aparmasınlar və muğam tələb eləməsinlər.
- Bizcə, indi nəinki muğam, heç adi bir mahnı oxuya bilməyən adamı çox vaxt toylara aparırlar. Hətta ona sizin kimi yaxşı səsi olan xanəndələrdən qat-qat çox pul verirlər.
- İndi toylara kim hansı müğənnini ürəyi istəyirsə,
onu da aparır. Əgər toy sahibinin arvadı,
oğlu, qızı deyir ki, mənim filan müğənnidən
xoşum gəlir, o da toyda gəlib oxuyur.
- Vaxtı ilə siz
böyük maestro Niyazi tərəfindən Azərbaycan
Dövlət Filarmoniyasının Ü.Hacıbəyov adına simfonik orkestrinə dəvət
alıbsınız. Dünya şöhrətli Niyazinin rəhbərliyi
altında 5 il fəaliyyət göstəribsiniz.
- Niyazi kimi böyük sənətkarla bir yerdə işlədiyimə görə, qürur hissi keçirirəm. Həmin dövrdə filarmoniyada bizim konsertimiz olanda tamaşaçı əlindən tərpənmək mümkün deyildi. Çünki o vaxt sənətə və sənətkara böyük qiymət verilirdi.
- Sizin sözünüzdən
belə çıxır ki, indi sənətkara elə qiymət
verilmir.
- Mən elə demək istəmirəm. Elə sənətkarlar var qiymətini alıblar. Amma Süleyman Abdullayev kimi, mənim kimi xanəndələr və muğam ifaçıları 50 ildən çox sənətə namusla qulluq eləmişik, bir fəxri adı bizə çox görürlər. Axı, elin gözü tərəzidi. Oxuya bilməyən fəxri ad alır, Süleyman Abdullayev kimi xanəndə isə heç bir ad almır. Heç bunu Allah götürər?
- Ötən il
Sizin 70 yaşınız qeyd olundu. Amma bu 70
yaşda da səsinizdəki şirinlik, məlahət və təravət
itməyib. İndi də oxuyanda 30-40 il
bundan əvvəlki kimi şirinliklə muğamları ifa
edirsiniz.
- Yox, səsim əvvəlki
gözəllikdə və şirinlikdə qalsa da, ancaq elə
çox oxuya bilmərəm. Məsələn,
hər hansı bir dostun-tanışın toyunda bir
ağız muğam oxuyanda hamı məni
alqışlayır. Ancaq biz yaşda xanəndələr
bir qədər ehtiyatlı olmalıyıq. Çünki cavan yaşda qazandığımız
hörməti və tamaşaçını səsimizdəki
bir xaric notla itirə bilərik. Amma xanəndə də
var görürsən ki, 60-70 yaşı olanda da oxumağa can
atır. Ancaq səs qaçanda və yerində
olmayanda o dəqiqə arif adamlar bunu bilir.
- Səhv eləmiriksə, 1982-ci ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə sizin kütləvi tirajla valınız buraxılıb.
- Yox, səhv eləmirsiniz, 1982-ci ildə "Melodiya" firması 70 min tirajla mənim muğamlardan və xalq mahnılarından ibarət valımı buraxıb. Bunun özü mənim üçün böyük təsəllidir . Axı, heç kimə sirr deyil ki, xanəndələri uzun müddət heç kim arayıb-axtarmır və yada salmırlar. Bəzən yaşı 70-ə çatmış və daha çox xanəndələri televizorda göstərməyəndə çoxları elə bilirdi ki, o rəhmətə gedib. Nə yaxşı son vaxtlar muğama, xalq musiqisinə, eləcə də xanəndələrə münasibət dəyişib.
- Bayaq dediniz ki, 70 yaşında xanəndənin oxuması çox çətindir. Amma siz bu yaşda da oxuyur və tələbələrinizə muğamın sirlərini öyrədirsiniz. Həm də 1985-ci ildən Füzuli rayonunun Uşaq İncəsənət Məktəbinin direktorusunuz.
- Əvvəllər
Füzuli yerində olanda çox istedadlı uşaqlar bizim məktəbin
yetirmələri olublar. Qaçqınlıq dövründən
sonra 18 saylı peşə liseyinin binasında bizə yer
veriblər. Bu gün də musiqiyə və
muğama maraq çox böyükdür. Məsələn,
Eldəniz Məmmədov, Faiq Cəfərov, Səlim
Hüseynli, Qoçaq Əsgərov bizim məktəbin yetirmələridir.
Onların nə qədər şirin və məlahətli
səsi olmasını hamıdan yaxşı
tamaşaçılar və dinləyicilər bilirlər.
- Uşaqlara muğamdan dərs deyəndə təbii ki, özünüz həmin muğamdan bir ağız oxuyub sonra tələbələrinizə deyirsiniz ki, indi həmin muğamı ifa elə görüm necə oxuyursan.
- Kaş gəlib bizim dərslərimizdə oturasınız və görəsiniz ki, Təvəkkül Musayev 70 yaşından sonra da, yenə əvvəlki şövqlə muğamı uşaqlara necə həvəslə öyrədir. Müəllim hər hansı muğamı yaxşı bilməsə və oxumasa onu da heç cürə şagirdlərinə öyrədə bilməz. Mən də əvvəl bir muğamı oxuyub onun yolunu uşaqlarımıza göstərirəm. Sonra təkrar-təkrar onları oxutdururam, səhvlərini deyirəm, nöqsanlarını göstərirəm. Uşaqlar da istedadlı gənclər olduğuna görə, o nöqsanları tez də aradan qaldırır.
- Füzuli rayonu Mədəniyyət və Turizm şöbəsinin müdiri, dostumuz Elman Məmmədov sizin adınızı çəkəndə açığı buna mən çox sevindim. Çünki uzun illər idi bir xanəndə kimi nə sizin üzünüzü görürdüm, nə də avazınızı eşidirdim.
- Elman müəllim çox sağ olsun ki, məni sizin yadınıza salıb. Ümumiyyətlə, dünyada yaxşı insanlar olmasa bu dünya çoxdan dağılmışdı. Qoy bir Allahın yadından çıxmayaq, bir də yaxşı insanların.
- Çox maraqlıdır
ki, siz böyük xanəndələr Seyid Şuşinski, Əlibaba
Məmmədov, İslam Rzayev, Qədir Rüstəmov, Habil Əliyev
kimi sənətkarların zamanında yaşamış və
onlarla sıx ünsiyyətdə olmusunuz. Hətta
bir çox tədbirlərdə bu böyük sənətkarlarla
bir yerdə iştirak eləmisiniz. Bu, məsuliyyət
deməkdir, yoxsa qürur?
- Həmin sənətkarlarla bir yerdə olmaq, çıxış etmək, muğam oxumaq çox məsuliyyətli bir işdir. Amma bu məsuliyyətin içində bir qürur də var ki, o, hələm-hələm xanəndəyə qismət olmur. Ancaq mənə qismət olub. Buna görə Allahıma şükür eləyirəm.
- Sizin məktəbdə şirin səslə və ifaçılıqla yanaşı, gənclərə rəssamlıq və xoreoqrafiya peşələri də öyrədilir. Sözün düzü, məktəbinizdə müxtəlif şagirdlərin çəkdiyi rəsmlərə, tablolara baxanda məəttəl qaldım. Sanki bu tabloları və rəsmləri məşhur rəssamlardan kimsə çəkib. Burda dahi sərkərdələrdən tutmuş, dünya şöhrətli siyasətçilərə, şairlərə və musiqiçilərə qədər çoxlarının rəsmlərini gördüm və həm də heyrətləndim.
- Həmin əl işləri hamısı bizim məktəbin şagirdlərinin istedadının bəhrəsidir. Bu əl işləri beynəlxalq müsabiqələrdə diploma layiq görülüb. Hindistan, Polşa, Çinlə sıx əlaqələrimiz var. Xüsusi qürur hissi ilə deməliyəm ki, Polşada keçirilən beynəlxalq müsabiqələrdə qalib adını qazanan üç nəfər - Vüsal Abdinov, Qalib Zeynalov və Nicat Şirinov məktəbimizin yetirmələridir.
- Sonda Sizə bir sual da vermək
istəyirəm: taleyinizdən narazı deyilsiniz ki?
- Niyə də narazı olmalıyam? Allah mənə bu qədər ömür verib. 70 yaşı keçmişəm, çox şeyə nail olmuşam. Şükür İlahinin məsləhətinə. Mən naşükür adam deyiləm. Allah mənə nə verməli idi? Şirin səs verib, gözəl el-oba verib və bir də ürəyim istədiyim nə varsa hamısını bəxş eləyib. Allah-Təaladan bircə arzum odur ki, tezliklə Füzuliyə qayıdıb Köndələn çayını görüm, Ərgünəşi görüm, orda oxuyum, Füzulinin buz bulaqlarını görüm və ondan sonra ölüm.
Söhbəti yazdı:
FAİQ QİSMƏTOĞLU
Ədalət.- 2009.- 23 may.- S. 14.