VAR
Ömür yollarını
ehtiyatla keç
Enişi, yoxuşu, nərdivanı var.
Əzəldən qurulub mizan-tərəzi,
Xəlbiri, ələyi, dəyirmanı var.
Çalış ömrü,
günü mənalı
yaşa,
Şirin arzuların dəyməsin daşa.
Namusla, qeyrətlə ömrü vur başa,
Hər günün sınağı,
imtahanı var.
Necə də gözəldi, şirindi həyat
Sevgidi insana verən qol-qanad.
Üzmə ümidini həyatda heç vaxt
Hər dərdin əlacı, öz dərmanı var.
Köksünü ötürüb
yollara baxma,
Fikirlə, xəyalla evini yıxma.
Çətinə düşəndə,
çaşma, darıxma,
Hər işin öz vaxtı, öz zamanı var.
İnsafı, mürvəti
sən vermə əldən,
Yaxşılıq görəcək,
yaxşılıq edən.
Ay Əziz Tanrıdı
köməyə yetən,
Unutma tanrının haqq- divanı var.
QORXU
Çiynimə almışam
həsrət yükünü
Qərib bir yolçuyam yurddan uzaqda.
Başlayıb bağların
yarpaq tökümü,
Hələ getməliyəm
qarda, sazaqda.
Bağlıdı yurduma uzanan yollar,
Çatlı ürəklərdə
ümid göyərməz.
Çiynim dar ağacı-asılıb qolum,
Neyləyim fələklər
köməyə gəlməz.
Dəyişib dünyasın
ağıçı nənəm
Ağlaya bilmirəm özüm özümü.
Çox da ki,
o yurdun yiyəsi mənəm,
Duman, çən bağlayıb çoxdan gözümü.
İndi dərdim, qəmim özümdən
böyük,
Hay-haray daşıyan qərib durnaym.
Dizini qatlayır
bu əzab, bu yük
Gecə də, gündüz
də mən yollardayam.
Daşıya bilmirəm
bu dərdi-səri
Çəkilib gözümün şirin yuxusu.
Alıbdı canımı
nə vaxtdan bəri
Bu qərib yollarda ölmək qorxusu.
Əziz
Musa
Ədalət.- 2009.- 23 may.- S. 20.