Beynəlxalq Qida Sənayesi Sərgisi keçirilir
Bakıda təşkil
olunan sərgidə 19
ölkədən 98 şirkət
iştirak edir
Dünən Bakıda Azərbaycan
Beynəlxalq Qida Sənayesi Sərgisi (World Food Azerbaijan) işə
başlayıb. Sərgidə 19 ölkədən 90 şirkət
iştirak edir. Hollandiya, Serbiya və Tailand bu ilin
debütantları sayılır. Belarus, Pakistan və Rusiya
öz milli stendləri ilə çıxış edir. Bundan əlavə,
ayrıca stenddə Tambov vilayətinin qida sənayesində əldə
etdiyi nailiyyətlər nümayiş etdirilir. Sərgidə
iştirak edənlərin 60%-ni yerli şirkətlər təşkil
edir. Sərginin açılışında Böyük
Britaniya, Türkiyə və digər ölkələrin Azərbaycandakı
səfirləri, həmçinin sərginin əsas təşkilatçısı
olan "ITE Group" şirkətinin direktoru Edvard Stoun
iştirak edib. Böyük Britaniyanın Azərbaycandakı səfiri
xanım Karolin Braun bildirib ki, bu il "World Food Azerbaijan" sərgisi
öz yubileyini qeyd edir: "Artıq 15 ildir ki, sözügedən
layihə Azərbaycanın yeyinti sənayesində əldə
etdiyi nailiyyətləri nümayiş etdirməklə bərabər,
dünyanın aparıcı şirkətlərini də təqdim
edir".
Türkiyənin Azərbaycandakı
səfiri Hülusi Kılıc isə Azərbaycanda bu sərgi
də daxil olmaqla bütün sərgilərdə türk
şirkətlərinin iştirak etdiyini vurğulayıb. Tədbirdə
qeyd olunub ki, sərgi UFI (Dünya Sərgi Sənayesi
Assosiasiyası) beynəlxalq sərgi cəmiyyəti tərəfindən
qəbul edilib. Sərgi 15 illik fəaliyyəti ərzində
700-dən artıq şirkəti qəbul edib və bu şirkətlərdən
bəziləri sonradan Azərbaycanda bizneslərini qurmağa
müvəffəq olub. "Schaller" (Almaniya),
"Oztiryakiler" (Türkiyə), "Tecnofood"
(İtaliya), "Seydelmann" (Almaniya), "İnter Mik"
(Polşa), "SIPA" (İtaliya) və digər şirkətlər
Azərbaycanla faydalı əlaqələr qurub.
V.Məmmədli
Ədalət.- 2009.- 26 may.- S. 4.