Məhərrəmli, Nuşirəvan

 

Biz güzəşt siyasəti həyata keçiririk

 

"Xarici radiostansiyaların yayımını gərək 6 il əvvəl dayandıraydıq". Azərbaycan Milli Televiziya Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsi

 

- Xarici radiostansiyaların yayımının dayandırılması ilə bağlı qəti qərar vaxt veriləcək?

- Bu il dekabr ayının ikinci yarısında Milli Teleradio Şurasının iclası keçiriləcək. Xarici radiostansiyaların Azərbaycanda yayımı ilə bağlı son qərar da həmin iclasda çıxarılacaq. Müzakirələr zamanı müxtəlif variantlara baxıla bilər. Xarici radiostansiyaların ölkə ərazisində yayımının daha bir il müddətinə uzadıla biləcəyi də müzakirə mövzusu ola bilər. Ancaq bu, tək məndən asılı olan məsələ deyil. Şuranın digər üzvləri də var. Məsələ müzakirə olunacaq həllini tapacaq. Məsələ bundadır ki, xarici ölkəyə aid hər hansı televiziya radio kanalı Azərbaycan ərazisində fəaliyyət göstərə bilməz. Qanunun xüsusi maddəsi var ki, yalnız Azərbaycan vətəndaşları televiziya, radio qurumlarının sahibi ola bilərlər. Sadəcə, bizim günahımız ondadır ki, 6 il əvvəl etməli olduğumuzu indi edirik. Əslinə baxanda, "Teleradio yayımı haqqında" qanunun tələbi ilə Azərbaycanda xarici ölkəyə aid televiziya, radio qurumları fəaliyyət göstərməməlidir. Biz bu məsələni mərhələli həyata keçirməyin tərəfdarı olmuşuq, elə etmişik. İndi artıq son mərhələyə gəlib çatmışıq. Bu müddəti 1 il uzatsaq, yenidən müzakirə obyekti olacaq. Hər dəfə müddəti uzatdıqca, bu məsələ gündəlikdə qalır. Ona görə bu problemi birdəfəlik həll etsək, daha doğru olardı.   

- Radiostansiyaların xarici ölkələrdə yayımına cavabdeh olan ABŞ-ın Yayım Məsələləri üzrə Direktorlar Şurası bildirib ki, MTRŞ xarici radiostansiyaların yayımının dayandırılması ilə bağlı onlarla heç bir məsləhətləşmə aparmayıb. Bundan başqa, Direktorlar Şurası Azərbaycan hökumətindən planlarına yenidən baxmağı xahiş edib. MTRŞ ABŞ-ın Yayım Məsələləri üzrə Direktorlar Şurası ilə bu məsələni müzakirə etməyi düşünürmü?   

- Biz bu barədə onlara yalnız məlumat verə bilərik, məsləhətləşməyə isə lüzum yoxdur. Buna baxmayaraq, həmişə qarşı tərəfə bildirmişik ki, bu məsələ müvəqqətidir. Məlumdur ki, bizim qanunvericiliyin öz tələbləri varbütün prosedurlar ona uyğun həyata keçirilməlidir. Bizi günahlandırırlar ki, niyə bu problemi indi həll edirik. Mən etiraf edirəm ki, gərək xarici radiostansiyaları 6 il əvvəl, "Televiziya, radio yayımı haqqında" qanun qüvvəyə minəndə bağlayaydıq. Biz güzəşt siyasəti həyata keçiririk, lakin görürsünüz ki, bəziləri bunu qəbul etmirlər. ABŞ Yayım Şurası istədiyi bəyanatı verə bilər, amma biz milli qanunvericiliyə uyğun hərəkət edirik, gördüyümüz işlər ancaq Azərbaycana aiddir.  

- TRT-nin yayımı məsələsi necə olacaq? Rabitə İnformasiya Texnologiyaları Nazirliyi ilə Türkiyənin teleradio sahəsində nəzarət edən qurumu arasında ötən il TRT-nin yayımının genişləndirilməsi ilə bağlı müqavilə imzalanıb. Lakin Siz TRT-nin də Azərbaycan ərazisində yayımının dayandırılacağını bildirmisiniz... 

 - TRT müqavilə əsasında fəaliyyət göstərir. Həmin müqaviləyə uyğun olaraq da biz qarşı tərəflə müzakirələr aparacağıq. Həm də müqaviləyə yenidən baxmaq üçün müəyyən müddət lazımdır. Biz Xarici İşlər Nazirliyinə müraciət edəcəyik ki, bu məsələyə yenidən baxılması üçün müzakirələrə başlasın. Biz qarşı tərəfə deyirik ki, AzTV də Türkiyə milli tezliyində yayımlanarsa, biz bu yayımı davam etdirə bilərik. Hazırda AzTV orada kabel şəbəkəsi vasitəsi ilə yayımlanır. Türkiyə tərəfi bizim təkliflə razılaşmasa, biz TRT-nin Azərbaycanda yayımını kabel şəbəkəsi vasitəsilə həyata keçirəcəyik. 

- TRT-nin 10 illik müddətə Azərbaycan ərazisində yayımlanması barədə razılığın olması doğrudur?

- Bu məsələni çox müzakirə etməyək. 

- TRT ictimai kanal olduğundan Türkiyədə AzTV-nin deyil, İTV-nin yayımlanması daha düzgün olmazdımı? 

- Gələcəkdə bu məsələlər müzakirə olunacaq. Onda bunu müzakirə etmək olar.

- Hazırda MTRŞ-nin nə qədər tezlik resursu var?

- Müəyyən qədər tezlik var, amma bu o demək deyil ki, bizim tezlik resursumuz kifayət qədərdir. Tezlik resursunun özünün müəyyən qədər limiti var. Bu da çox azdır. Əgər rəqəmsal sistemə keçəriksə, onda bu sahədə işimiz xeyli yüngülləşər.

- MTRŞ kabel televiziyalarına hansı formada nəzarət edir?

- Kabel televiziyaları qanuna uyğun fəaliyyət göstərirlər. Özləri kabelləşdirmə siyasəti aparırlar hər bir abonent onlarla müqavilə bağlayaraq, retranslyasiya etdikləri kanallara baxır. Onların yayımladıqları kanalların siyahısı bizdə var. Təbii ki, bunlar hamısı nəzarət altındadır. Əgər qanunsuz bir şey olsaydı, bilərdik.

- Hazırda Azərbaycanda neçə kabel televiziyası fəaliyyət göstərir?

- Ölkədə 12-yə qədər kabel televiziyası var. Amma onların 4-5-i real fəaliyyət göstərir. İstəyirik ki, kabel televiziyaları Azərbaycanın bütün ərazisini əhatə etsin keyfiyyətli xidmət göstərsinlər.

- Yeni ildə teleradio sahəsində hansı dəyişikliklər olacaq?

- Azərbaycanın teleradio məkanında mövcud qaydaların dünyadakı sivil qaydalara uyğun olmasını istəyirik. İstəyirik ki, Azərbaycan telekanallarında şou xarakterli yox, keyfiyyətli, maarifçilik düşündürücü verilişlər üstünlük təşkil etsin.

- MTRŞ-nin dublyaj olunmayan filmlərin efirə verilməməsi ilə bağlı qərarı olsa da, telekanallar buna əməl etmirlər...

- Bu məsələdə telekanallara bu ilin sonuna qədər müəyyən qədər icazələr vermişik. Bəzi verilişlər var ki, dublyaj olunmaya bilər, amma 2009-cu ildən sonra belə hallar aradan qalxacaq. Bu məsələdə maarifçilik xarakterli bəzi verilişlər, yaxud xarici ölkələrin prezidentlərinin səfərləri, beynəlxalq ictimai tədbirləri zamanı canlı yayım istisna təşkil edə bilər.

- Telekanallarda aparılan monitorinqlərin nəticələrini qənaətbəxş saymaq olarmı?

- Bütün mərkəzi kanalların monitorinqini aparırıq. Bu monitorinqlər ayrı-ayrı detallar üzərində yox, ümumi prinsiplər üzərində aparılır. Amma kanallarda Şuranın ayrıca iclasında müzakirə olunmasına ehtiyac duyulan ciddi qanun pozuntusu yoxdur. Təbii ki, "Reklam haqqında" "Sponsor haqqında" qanunun müəyyən maddələri ara-sıra pozulur. Bu barədə biz kanallara deyirik, onlar səhvlərini düzəldirlər, amma bir müddətdən sonra yenidən başlayırlar.

- Azərbaycan məkanında şou verilişlərin çoxluğuna münasibətiniz necədir?

- Təbii ki, şou xarakterli verilişlərin az olmasını istəyirik. Amma dünyada şou-biznes teleradio məkanına bir bəla kimi daxil olub. Bütün özəl kanallar gəlir əldə etmək üçün şou verilişlərinə üstünlük verir. Onlar maarifçilik xarakterli verilişlər verəndə reklam əldə edə bilmirlər. Bunun da səbəbini insanlar həmin kanalda yox, özlərində axtarmalıdırlar. Bizim dövlət büdcəsindən maliyyələşən kanallarda şou yoxdur, amma bu kanallara baxanların sayının şou kanallara baxanların sayından az olduğunu etiraf etməliyik. Ancaq MTRŞ telekanalların yaradıcılıq işlərinə müdaxilə etmir.

 

 

Ədalət.- 2008.- 5 noyabr.- S.2.