""ÖMRÜN SÖZ YADİGARI""
Bu günlərdə
mətbuatda belə bir bilgiyə rast gəldim: - tanınmış jurnalist,
millət vəkili,
"Azərbaycan" qəzetinin
baş redaktoru Bəxtiyar Sadıqovun yeni kitabı işıq üzü görüb.
Bu informasiya təkcə
bir mətbuat adamı kimi yox, həm də
yeni nəşrlərlə,
böyük sözlə
maraqlanan bir oxucu kimi mənim
üçün sanki
xoş müjdə oldu. Elə ürəyimdən
keçən xoş müjdənin də necə deyərlər, özü qapımı döydü. Qələm dostum, jurnalist həmkarım, həqiqi mənada ədəbiyyatı
ürəyinə köçürmüş
İxtiyar Hüseynli Bəxtiyar müəllimin
avtoqraf yazdığı
həmin kitabını
mənə bağışladı.
Çox nəfis şəkildə, əsl naşir məharəti ilə araya-ərsəyə
gətirilmiş bu kitab bu günkü
mətbuatın, ictimai-siyasi
çevrənin, eyni zamanda mənəvi dəyərlərin və
aşınmaların bir
növü usta qələmlə yazılmış
xronikası, təsviri
və mən deyərdim hətta müdaxiləli əksidir.
Kitab geniş oxucu auditoriyası üçün nəzərdə
tutulub və dörd fəsildən ibarətdir. Birinci fəsildə "Tarixi yaradanlar və yaşadanlar", ikinci fəsildə "Ziyalı sözü, vətəndaş mövqeyi",
üçüncü fəsildə
"Qarabağa gedən
yol", dördüncü
fəsildə isə
"Mətbuat və mənəvi dəyərlər"
müəllif qələmi
ilə oxuculara sanki bir həmsöhbət
kimi pıçıldanıb.
Yəni yazıçı-publisist Bəxtiyar Sadıqov öz düşüncələrini onunla
həmsöhbət olanlarla
bölüşüb.
Bir oxucu kimi mənim
diqqətimi çəkən
müəllifin bizlərə
ünvanladığı müraciət
oldu. Çünki bu müraciətdə
Bəxtiyar müəllim
vurğulayır ki,
"Dünya sözlə
yaranır, sözlə
yaşayır, sözlə
idarə olunur. Söz ürəyin açarı, düşüncənin
gerçəkliyidir. Elə
ki, sözün yerinə silahlar danışır, onda fəlakət başlayır".
Zənnimcə, bu bir neçə kəlmə artıq oxucunu "Ömrün söz yadigarı" kitabı ilə ünsiyyət qurmağa, həmsöhbət olmağa
çəkib aparır.
Elə həmin o yol yoldaşı olmaq missiyasını daşıyan
Böyük Söz mənim də əlimdən tutdu. Və başladım
kitabı bir maraq, bir öyrənmək,
bir də təkrar-təkrar olub-keçənləri yaşamaq istəyi ilə yaşamağa. Ona görə bu fikirləri dilə gətirirəm ki, Bəxtiyar Sadıqovun mütaliə etdiyi bu kitabındakı yazıların böyük
əksəriyyətinin rəhbəri
olduğu "Azərbaycan"
qəzetinin səhifələrindən
oxumuşdum və həmkarlarımla bu barədə fikir mübadiləsi də etmişdim. Açığını deyəcəm, kitabdakı
(onları da "Azərbaycan"ın səhifələrində oxumuşdum)
mənəviyyatla, şou
dünyası ilə,
peşə etikası
ilə, reketçiliklə
və nəhayət Qarabağla bağlı yazılar mənim demək olar ki, bir növü
düşüncələrimi özündə əks etdirmişdi. Hətta
mənə elə gəlmişdi ki, (təvazökarlıqdan uzaq
olsa da) bu yazıları elə mən özüm yazmışam.
Çünki mövzular,
fikirlər, baş verən hadisələr mənə də son dərəcə doğma və tanışdı.
Bəxtiyar müəllimin kitabını
qısa bir zamanda gözdən keçirib isti-isti yazdığım bu cümlələr əslində
kitabın bütün
məziyyətlərini açmır.
Çünki bu kitabda qaldırılan məsələlər, toxunulan
mövzular bir günün, iki günün yetirməsi, bəhrəsi deyil. Bu, böyük bir zaman kəsiyini əhatə etdiyindən onun fəsadları da ağrıları da, sevincləri də elə o zaman boydadı.
Mən də bunları bir oxucu kimi duyub
dərk etdim və isti-isti olsa da, hər
şeyi əhatə etməsə də, amma ürəyimdən keçən bu bir neçə kəlməni yazmağa
tələsdim. Düşündüm
ki, ürəyimdən
keçənlər ədəbi
mühitə, daha doğrusu, nəşrlər
mühitinə yenicə
qədəm qoymuş
"Ömrün söz
yadigarı" üçün
xoş bir xeyir-dua olar. Uğurlu olsun.
ƏBÜLFƏT MƏDƏTOĞLU
Ədalət qəzeti.- 2009.- 10 sentyabr.- S. 4.