SEYRAN SƏXAVƏTİN "BƏHANƏ"Sİ VAR
Yazıçının yeni kitabı işıq üzü görüb
Yusif Səmədoğlu mükafatı laureatı, tanınmış yazıçı Seyran Səxavət yeni bir romanını - "Bəhanə"ni kitab halında oxucuların ixtiyarına verib.
"Mənim yazdıqlarımın hamısı Dünyanın mən baxan tərəfindən görünən hissəsidir. Əziz oxucu, gəl yanaşı dayanaq, bir az da mən baxan tərəfdən bax Dünyaya. Nə vaxt darıxsan çıxıb gedərsəng" Adətən kitablarında oxucularına bu cümlələrlə müraciət edən Seyran Səxavətin yeni romanı tanınmış xanəndə, muğamlarımızın və xalq mahnılarımızın gözəl ifaçısı Süleyman Abdullayev haqqındadır: "Süleyman Abdullayev, haqqında roman yazılan ilk xanəndədir. Onun ifasında muğamlar, xalq və bəstəkar mahnıları əvəzsiz, təkrarolunmazdır. Dədə Süleymanın həyat və yaradıcılığından bəhs edən bu sənədsiz roman, həm də təxminən son yüz ilin muğam mənzərəsini oxucuların gözləri qarşısında büsbütün dirildir, canlandırır. Mən Dədə Süleymanın həyat və yaradıcılığını göründüyü kimi yox, görmək istədiyim kimi qələmə almışam".
Kitab Babək Aruslunun ""Bəhanə" romanının müəllifi, Seyran Səxavətə bəhanəsiz məktub" məqaləsi ilə açılır: ""Bəhanə" romanı adından da göründüyü kimi ilahi səs və onun möcüzəsi olan Muğam dünyasına baş vurmaq üçün bir bəhanədir. Bu dünyanın qayğıları çətini Muğam dünyasına baş vurana qədərdir.
...Nə qədər ağır olsa da Muğam dünyasının buz bağladığı günlər də olmuşdur. Xoşbəxtlikdən buz bağlamış Muğam dünyasının buzları tez bir zamanda xalqımızın ləyaqətli qızı, Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın isti nəfəsi ilə əriyib dünyanın zəngin mədəniyyət dənizinin yenilməz dalğasına çevrildi.
Həmin Muğamdır ki, səsinin ahəngi "Bəhanə" romanında Sizin sözünüzün ahənginə çevrilmişdir.
...Əsər bütövlükdə bir Muğam "dəstgahı"dır. O, "dəstgahın" təsiri onu oxuyanların "ifasından" və dünya görüşündən asılı olacaqdır".
Seyran Səxavətin "Bəhanə"si "VEKTOR" Nəşrlər Evində min tirajla çap olunub. Kitabın redaktoru professor Elçin İsgəndərzadə, cildin tərtibatçısı rəssam Rəşid Cəlillidir.
Turan İsmayılzadə
Ədalət qəzeti.- 2009.- 10 sentyabr.- S. 4.