İnama söykənib yazar

 

Mətbuatda dərc olunan yeni şeirlərini bundan əvvəl oxuduğum "Ad günləri qarşıdadır" kitabı məni Musa Aslanxanlı haqqında yazmağa vadar etdi. Mən Musanı ciyərləri vətən -yurd yanğısı ilə yanan milli dərdlərimizi qələmə almağa çalışan şairlərimizdən hesab edirəm. "Şuşaya gedən yol" şeiri Azərbaycanın ərazi bütövlüyünə gedən yoldur. Bu yol milli özünü dərkdən inamdan ayrı deyil.

 

Şuşaya gedən yol elə bir bahar,

Rəng alar dağların laləliyindən.

Şuşaya gedən yol-dönməz yol olar,

Keçsə qanunların aliliyindən.

 

"Dağların laləliyi", "qanunların aliliyi" tarixi yaddaşımıza müasir həyatımıza güzgü tutan məcazlardandır...

Musa xalq şairimiz Zəlimxan Yaqubun "ordum varsa, yurdum var" harayına qoşulur, dövlətimizin ordu quruculuğunun nəticəsi olacaq "ordum var, yurdum var" sevincini yaşamaq istəyir. Şairin təmkinli, gərəkli harayına ehtiyac olduğunu düşünür.

 

Siz bir az çıxıbsiz zilə deyirəm,

Bir kim çixacaq zilə qarşıda.

 

Şair bəzən hadisələrin gedişindən ehtiyatlanaraq yazır :

 

Biz qurban gedərik əyər-əksiyə

Bilinməz qədər tələ qarşıda.

 

Musa bir çox şeirlərində məhz belə narahatlığını ifadə edir. Yaxşı olanı qiymətləndirməli, qorumalıyıq. Pis olacaqlardan qorunmaq lazımdır, şair cəmiyyətimizi ayıq-sayıq olmağa çağırır:

 

"Azadlıq!" - bu sözdə qüdrət, möcüzə

Təzədən durulub arınmalıyıq.

Köhnə "Gülüstan"lar milli faciə,

Yeni "Gülüstan"dan qorunmalıyıq!

 

Musa bir qarış torpağımız da işğalda qalmayacaq - dövlət mövqeyini müdafiə edir deyir yaxın tariximizə qayıdır: "Yüz on dörd min kvadrat kilometr... gör ondan qalıb - bir neçə şurum..."

 

Şair qələmi ilə apardığı mübarizəyə tarixçilərimizi səsləyir.

 

Qalx tarixçim, sənədlərlə,

qalx ayağa!

Sənədlərlə tələbini

Qoy ortaya.

Yer qalmasın

Qışqırığa, çığırtıya

Sənədlərlə tariximi

Üzə çıxart.

 

Vətənin bu başından o başına, Təbrizdən, Dərbənddən, Göyçədən, Anadoludan daha haralardan keçən yollar Musa Aslanxanlının şeirlərindən keçib Qarabağa-Şuşaya, Laçına, Xocalıya- qanı axıdılan irizlərə, bəndərgahlara qədər adama bələdçilik eləyir. Musa, onun bir çoxlarının yaradıcılığına qayğı ilə yanaşan M.Araz, X.R.Ulutürk, B.Vahabzadə poeziyasından keçib gələn Vətən, Azərbaycançılıq xətlərini uğurla davam etdirir. Bu cəhətlər onun əksər şeirlərindən boylanır:

 

Ata ocağına arxa çevirmə

Kəsib hər tərəfi, yanı soyuqlar

İsti ocaqları suya qərq edir

Xalqı ki düşünmür qanısoyuqlar!

 

Yaxud, yenə ərazi bütövlüyümüzlə bağlı:

 

Təzyiqlər səngimir, düşmən deyil az,

Qorxu işləməsin qana, iliyə.

O xətlə, yazıyla barışmaq olmaz,

O bizi çəkirsə təslimçiliyə.

 

 İtirdiyimiz rayonlar, kəndlər, şəhərlər... Hər qarış torpağımızın belə əfsanəvi qızıl alma qədər qiymətli olduğunu indi dərk etmişik. Qızıl almalar acı-acı nağıllara-dərdimizi bizləyən, dəlik-deşik edən şeirlərə dönəndən sonra. O şeirlər ki, qara divin saçından asdığı gözəllərin xilaskar ümidi ilə bir haray, bir imdad istəyən gözlərinin yaşına bürünüb ərliyimizi, ərənliyimizi soraqlayır! Biz şirəvan yağışdan qorxub daldalarda gizlənən kimi gizlənmişik qara div adlı ermənilərdən. Şair ha yazsın, ha desin, daldalardan ha çıxan deyilik. Başımıza nələrə qarışmayıb ki... Daha anlamırıq ki, pul da, hər cürə sərvət , külçə-külçə qızıllar da torpağın, böyük mənada Vətənin bizə verdikləridir. bu gün o sərvət vətən yaralarına torpaqların işğaldan azad olunmasına xərclənməlidir. Bunu necə həyata keçiririk? Necə xərcləyirik... Bir ki, insanın ayağı torpaqda olanda yığdığı sərvətini gözü görür. Olmayanda bir parça torpağın həsrətini dünyanın heç bir varına dəyişmək istəmir, doğru dürüst olan Allah bəndəsi

Musa Aslanxanlının "Qar yağır" şeiri dolayı yolla mətləbin üstünə yeriyir.

"Ad günləri qarşıdadır" kitabında toplanmış şeirlər poemalar, həqiqi mənada, vətəndaş qayəsindən yoğrulub. İctimai münasibətlərin formalaşmasına, haqqın, ədalətin təntənəsi uğrunda döyüşə, mübarizəyə çağırış, insanı mənəvi ideallarla birgə fəaliyyətə aparan düşüncələrin məhsuludur.

 

əksəm, dərrəm barını...

Taleylə zəhmət yarımı?

"Kiş-kiş" qurtarmaz darımı,

Güc, qətiyyət istəyirəm!-

 

-deyən şair donuzun kiş-kişlə darıdan çıxmadığını xatırlatmaqla torpaqlarımızın yağı düşməndən azad olmasını millətin bütövlüyündə, birliyində, həm mənəvi, həm fiziki mətinliyində - daha çox bu daxili enerji hesabına əməli bir görməsində axtarır.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vəzir Orucova həsr edilmiş poema da, istərsə qanlı Qarabağ hadisələrindən, böyük ərazilərin işğalından bəhs edən digər ədəbi nümunələr məqsəd vətənpərvərlik işığında ən ali hisslər, möhtəşəm duyğular aşılamaqla oxucuda ədalətsiz düşmənə nifrət oyatmaq, hər cürə umu-küsüləri yaradan ictimai ziddiyyətlərdən, sosial bərabərsizliklərdən yan keçərək milli heysiyyatı itirməməyə, anamız vətəni sevməyə, qorumağa səsləməkdir.

Bütün bunlarla yanaşı şairin məhəbbət ünvanlı xatirə şerlərini oxuduqca adamın içi sevinir. Yır-yığıntı dərdlərin üstünə illərin sevgi qanadlı həzin pıçıltıları çökür. Bu pıçıltılar məhəbbət dolu gəncliyin xatirələrini şirin bir nəğmə kimi oxuduqca oxuyur.

Elə bu baxımdan, yenə Musanın kövrək bir yaddaşa, xatirəylə bağlı misralarını nəzərdən keçirək:

 

Bir vaxt bu yerlərə bir qız gələrdi

Gələr, bəzənərdi göy biçənəklər

İndi bu yerlərdə... susun, dinməyin,

Pıçıltı-pıçıltı açır çiçəklər.

 

Yaxud, unudulmayan xatirələrə boylanış:

 

İndi uzaqlarda qalan ünvanıq,

Demə unutmuşam üzünü sənin.

Bəlkə yollarda qalan küləklər,

Arayır-axtarır izini sənin.

 

Musa Aslanxanlının həyat, zaman, ömür pillələrində qarşılaşdığı təzadlı anlar, qaranlıq məqamlar barədə bədii-fəlsəfi düşüncələri ötəri, sönük təsir bağışlamır. Əksinə ciddi, yaddaqalan təəssüratlar oyadır. Bizim özümüzün həyat axarında, ömür girdabında rast gəldiyimiz hadisələri, poetik imkanlardan uğurla bəhrələnməklə göz önündə yenidən canlandırır. Nifrətimizə nifrət, məhəbbətimizə məhəbbət qatır. Vicdan damarımızdakı, ədalət kürsülərimizdəki mənəvi detalları, həyat yivlərini ovxarlayır, kütlüyü, mənəvi iflası aradan qaldırmağa səy göstərməklə, doğru-dürüst qənaətlər hasil edir.

Müəllif şeirlərinin birində işıqda qaranlığın, qaranlıqda işığın qidalandığı mühiti yada salaraq aldadıcı parıltıların alışmağa, yanmağa "canatmalarının" heç xeyirxah niyyətlə olmadığını bədii sənətin həssas, zərif dili ilə bizə çatdırır:

 

...Hər gələn işığa getməz ürəyim,

Yadıma işıqda yananlar düşər.

Nədənsə yadıma soyuq işıqlar,

Dərisi bəzəkli ilanlar düşər...

 

...Yenə üz-üzədir işıq-qaranlıq,

Yollara çıxmışıq biz sınaq üçün.

İşıqlanmalıyıq, özgə yolmu var,

Gələn işıqları tanımaq üçün.

 

Görünür şairin özünü həyat yollarında belə soyuq işıqlar az yandırmayıb. Bir gün Qarabağa dönmək arzusuna sığınan şairin bircə təsəllisi var ki, bu da soyuq işıqlardan qorumaq istədiyi Vətən sevgisidir. Nəsillərə yadigar qalan poeziya adlı böyük xalının ilmələrində Musa Aslanxanlının da barmaq izləri, ürək döyüntüləri var. Bizcə, bu izlər, bu döyüntülər həmişəyaşardır... Musanın inamı ümidi daha güclüdür: ad günləri qarşıdadır - deyir. Bu millətin, bu dövlətin ad günləri. O bu inama söykənib yazır.

  

  

Fariz Çobanoğlu

 

Ədalət.- 2009.- 19 sentyabr.- S. 8.