Azərbaycanda Musiqi Günü qeyd olunur

 

Sentyabrın 18-i Azərbaycanda Musiqi Günüdür. Bayram münasibətilə ölkənin paytaxtında və bölgələrdə təntənəli tədbirlər keçirilir. Dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü 1995-ci ildən etibarən prezident Heydər Əliyevin xüsusi sərəncamı ilə Musiqi Günü kimi qeyd edilir. Bu il ilk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar Beynəlxalq Musiqi Həftəsi keçirilir.

Musiqi Günü ilə bağlı tədbirlər Fəxri Xiyabanın ziyarət olunması ilə başlanıb. Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Musiqi Günü ilə əlaqədar bu gün Bakıda səfərdə olan TÜRKSOY-un baş direktoru Düsen Kaseinov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri görkəmli Azərbaycan musiqiçilərinin məzarlarını ziyarət ediblər. Mədəniyyət və incəsənət xadimləri mərhum dövlət başçısı Heydər Əliyevin, oftalmoloq Zərifə Əliyevanın, Azərbaycanın görkəmli bəstəkarları, Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin, eləcə də Zülfüqar Hacıbəylinin, Qara Qarayev, Müslüm Maqomayevin (oğul) məzarlarını ziyarət edib, gül dəstələri qoyublar.

Daha sonra Musiqi Günü Bakı Musiqi Akademiyasının (BMA) qarşısında təntənəli açılış mərasimi konsert proqramı ilə davam etdirilib. Üzeyir Hacıbəyovun "Koroğlu" uvertürasının sədaları altında açıq elan edilən mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanda illərdir təntənəli şəkildə qeyd olunan bayram münasibətilə Azərbaycan mədəniyyət və incəsənət xadimlərini, eləcə də musiqisevərləri təbrik edib. Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov da təbrikə qoşulub. O, bildirib ki, Üzeyir Hacıbəyov öz yaradıcılığında Azərbaycan xalqına xas olan bütün keyfiyyətləri əks etdirib: "Öz musiqisi ilə bütün dünyaya səs salan Üzeyir Hacıbəyovun böyüklüyü qarşısında hər birimiz baş əyirik. Hətta Stalin kimi bir diktator Üzeyir Hacıbəyovun istedadı və yaratdığı musiqilər qarşısında yenilib. Azərbaycanda onun doğum gününün bu cür təmtəraqla qeyd olunması hər birimizi sevindirir".

APA-nın məlumatına görə, BMA-nın rektoru, xalq artisti Fərhad Bədəlbəyli Üzeyir Hacıbəyovun irsinin öyrənilməsi üçün müvafiq şərait yaradılmasına kömək edənlərin hamısına təşəkkürünü bildirib. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edərək Üzeyir Hacıbəyovun yaratdığı hər bir əsərin əsrlərlə yaşayacağını bütün dünya ölkələrində seviləcəyini vurğulayıb.

Tədbirə qatılan TÜRKSOY-un baş direktoru Düsen Kaseinov isə Üzeyir Hacıbəyovun Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərinə toxunub, bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq ictimai xadim olan Üzeyir Hacıbəyovun musiqisinin ölkəmizin hüdudlarını aşaraq bütün dünyada sevildiyini maraqla dinləndiyini vurğulayıb. Mərasim Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin, Dövlət Xor Kapellasının və Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin ifasında dahi bəstəkarın əsərlərinin ifası ilə davam etdirilib.

  

  

V.MƏMMƏDLİ

 

Ədalət.- 2009.- 19 sentyabr.- S. 24.