YADA DÜŞDÜ

 

Son vaxtlar içimdə qəribə bir qorxu yaranıb. Düşünürəm ki, böyüklərimiz bizi tərk etdikcə, onların fiziki yoxluğu, mənəvi yoxluğu həm də bir tarix, salnamə boşluğu da yaradacaq. Nə qədər söyüb yamanlasaq da, nəhəng bir dövlətin içində hardasa biz də var olmuşuq. Və var oluşumuz bizim də hardasa bir intibah dövrü yaşamağımıza səbəb olub. Mənim üçün həmin dövr 60-cı illərdən üzü 90-a qədər davam edir vəg qırılır. Xəyalımda həmin dövrün şəxsiyyətlər qalereyası yaşayır. Bu qalereyanın məkan labirintlərinə girəndə Yazıçılar İttifaqının "Natəvan" klubu, Şüvəlandakı yaradıcılıq evi, yazıçıların poliklinikası gəlir göz qabağıma. "Natəvan" klubunda təntənəli kürsülərdən danışan adamları Şüvəlandakı üçmərtəbəli kiçicik yaradıcılıq evinin bağında çox yaxından və tamam başqa atmosferdə görmək şansı vardı. 6-7 yaşlı uşağın yaddaşı nəyi qoruya bilibsə, onu xatırlayıram...    
   Gənc və yaraşıqlı Səyavuş Məmmədzadəni, o taydakı hadisələrdən danışıb ağlayan Mədinə Gülgünü, eynəyini sındırdığım Hökumə Billurini, qırmızıyanaqlı Əbülhəsəni, dənizə girəndə qabaritləri ilə məni heyrətləndirən Xəlil Rzanı xatırlayıram. Çox sonralar müharibədə şəhid olacaq kiçicik Təbriz də gözümün qabağındadı.    
   Bir də yadımdadı ki, o vaxtlar çox cavan bir uşaq şairi var idi. Biz balacalar hovuzun qabağında dümələnəndə bizə qumdan evcik düzəltməyə yardım edirdi.
Əzbər bildiyimiz    


   Ağ cücə, qara cücə,   
   İki avara cücə...
   


   şerinin müəllifi idi. Çox təəssüf, adını unutmuşdum, yazını yazanda Tofiq abidən soruşdum - Sabir Məmmədzadə - dedi.    
   Uzun illərdən sonra yaradıcılıq evinin yeni binası tikiləndə orda dincələn atamın yanına getmişdim. Çoxmərtəbəli binanın balkonundan o biri kiçicik evə boylanmaq istədim. Hər şey çox yad gəldi mənə.    
   ... Yazıçıların poliklinikası isə ayrı bir aləm idi. Burda yazı-pozu dünyasına aid bütün son xəbərləri, son qeybətləri eşitmək mümkün idi. Bəs eləyirdi ki, yarımca saat o uzun koridorda həkim kabinetlərinin qabağında oturasan. Kimin evində hansı mebel dəsti var, kimin arvadı pintidi, kim ərindən boşanır, kim oğluna kimin qızını alır... Hər yazıçı öz kaprizi ilə, nazı ilə, öz dahilik ədası ilə... Və bu şıltaqlıqlara dözən tibbi personal. Yəni o vaxtlar "yazıçı" sözü xüsusi anlam daşıyırdı. Və mənim uşaqlıq dövrümdə atam yuxarı eşelonda təmsil olunmasa da, hər halda biz də bu imtiyazlardan istifadə edirdik. Orda hamı bir-birini tanıyırdı. Hər kəs doğma olmasa da, hər halda yaxın idi. Bir müddət əvvəl ora da getdim. Tanıdığımız həkimlərin çoxu indi haqq dünyasında idi. Yeni personal məni tanımırdı, mən də onları. O uzun koridor da çox kiçik gəldi, sıxıldım.   
   İndi bu uzun-uzadı girişdən sonra deyim də niyə xatirələrə daldığımı. Təxminən bir ay əvvəl Nahid Hacızadə yeni çapdan çıxmış kitabını göndərdi mənə. Kitab
ı "Yada düşdü" adlandırıb. Oxudum, özü də birnəfəsə oxudum və mənim də yadıma düşdü. Son vaxtlar memuar ədəbiyyatı məni çox cəlb eləyir. Kitabın girişində müəllif yazır ki, "Könül dünyamda lay-lay, bəlkə də qalın cildlərə sığmayan xatirələr uyuyur. Hərdən görkəmli sənətkarların yubileyləri, anım günləri ilə bağlı yaddaşımı silkələyir, uzaq-yaxın illərin ayrı-ayrı təəssüratlarını, epizod və əhvalatlarını qələmə alır, qəzet və jurnallarda dərc elətdirirəm. Saralmış mətbuat səhifələrində nə qədər xatirələrim, məqalələrim gözdən-könüldən uzaq düşüb.   
   İnsan yaşa dolduqca kövrəkləşir, daha çox xatirələrlə yaşayır. Hərdən oxuduğum hər hansı bir əsər, dinlədiyim həzin bir musiqi, gördüyüm bir yarpaq titrəyişi, bir vaxt keçdiyim yollar, seyr etdiyim mənzərələr, görüşdüyüm köhnə dostlar və daha nələr-nələr məni duyğulandırır. İstər-istəməz xatirələr dənizinin ənginliklərinə baş vururam. Vaxt olur ki, qələmim səmtini dəyişir, əlimin altındakı yazıdan günlərlə, həftələrlə, bəzən də aylarla uzaq düşür, xatirəsini əziz tutduğum insanlarla xəyalən baş-başa qalıram".   
   ...Yadıma düşür ki, burda adı çəkilən insanların bir çoxunu yaxından görmüşəm, onlarla ünsiyyətdə olmuşam, mənə dərs deyənləri olub. Və hətta bir redaksiyada çalışdıqlarım da olub. Oxuyuram və düşünürəm ki, nə qiymətli kitabdı. Bir gün gələcək bizim bu maddiyyata başı qarışmış millətimiz ayılıb görəcək ki, tarixini, mədəniyyətini öyrədəcək bir kimsə qalmayıb çevrəsində. Yenidən düz yola, imana qayıdacaq və yenidən kitablara qayıdacaq. O zaman tariximizin ən maraqlı dövrlərindən biri olan Sovet dövrünü araşdırmaq ehtiyacı duyulacaq. O zaman biləcəklər ki, bir vaxtlar qəribə bir hökumət vardı, yazıçılara yaradıcılıq evləri, poliklinikalar, klublar ayırırdı, kitablarını 40 min tirajla çap edirdi. Çap eləmək bir tərəfə, hələ qonorar da verirdi. Özü də bu kitablar təkcə öz dilində yox, müxtəlif xalqların dilində də çap olunurdu. Böyük Sovetlər ölkəsinin dilbər guşələrində dincəlib yaradıcılıqla məşğul olmaq şəraiti yaradırdı. Bütün murdar cəhətləri ilə bərabər bu dövr həqiqətən mədəniyyətimizin intibah dövrü idi. Həmin dövr bizə nə qədər nəhəng simalar bəxş etmişdi. Nahid Hacızadə "Yada düşdü"sündə həmin dövrün gözəl təsvirini verib, bütün təzadları ilə. Özü də tam əks qütbdə dayanan şəxsiyyətləri xatırlayaraq verib. Oxuyuram, uşaqlıq yaddaşımın dəyişməz cığırları ilə yenidən addımlayıram:    
   "O, çox mərd-mərdanə, sözü üzə şax deyən, yar-yoldaşa vəfalı, dostluğu ucadan-uca tutan, Tanrısı zəhmət olan, qəlbi xalq hikməti ilə dolu, işıqlı bir şəxsiyyət idi. Uşaqlıq illərindən həyatın hər cür ağrı-acısını dadmış, əsl "həyat universiteti" keçmiş, çalışqanlığı və dönməz iradəsi ilə özünə şərəfli bioqrafiya yaza-yaza "Xalq yazıçısı" fəxri adına layiq görülmüşdü. Öz xeyirxahlığı və nəcib əməlləri ilə ad çıxarmışdı.   
   O, ürəyincə vəzifə də görmüş, pillə-pillə yüksəlmişdi: Yazıçılar İttifaqının katibi, "Kommunist" qəzetinin, "Azərbaycan" jurnalının redaktoru, Bədii-Ədəbiyyat Fondunun sədri...   
   Söz-sənət adamlarından, xüsusilə də cavan şair və yazıçılardan kimin işi çətinə düşdü ürəklə onun üstünə qaçırdı. O da bu xahiş-minnəti yerə salmır, həmin adamın qabağına düşür, qapılar döyür, telefonları dilə gətirir, müşküllərə açar tapır, nigarançılıqlara nöqtə qoyur, ürəklərdə ümid göyərdir, ümid bitirirdi. Ona görə də yazıçıların böyük bir nəsli onu öz hamisi, ağsaqqalı hesab edirdi. O, çox nadir, təkrarolunmaz, özünəməxsus yerişi-duruşu, danışığı, davranışı olan, sevilən, seçilən, koloritli bir insan idi. Adı, şəxsiyyəti ilə bağlı yaddaşlara yazılan o qədər maraqlı, duzlu-məzəli əhvalatlar, sərgüzəştlər var ki! Onları yada salanda ürəklər işıqlanır, dodaqlara təbəssüm qonur". Oxuyuram və dumanlı-dumanlı Əli Vəliyevin köhnə evini xatırlayıram. Gərək ki, indiki Prezident Aparatının ərazisində yerləşən iki-üçmərtəbəli evlərdən biri idi. Arxa tərəfdən həyətə girib həyətdəki pilləkənlə ikinci mərtəbəyə qalxmağımız yadıma düşür. Qumru xanımın mehriban çöhrəsi gəlir yadıma və bir də həmişə soruşduğu:    
   - Bala, bilirsən haralısan? - sualı.    
   - Bakılıyam - dediyimi xatırlayıram.    
   Xoşuna gəlmirdi:
      - Bala, sən Ağdülüsən, Məşədi İbrahimin törəməsi.    
   Asfaltın üstündə böyümüş beş-altı yaşlı uşaq üçün nə Ağdü, nə Məşədi İbrahim. Amma indi o yerlərə getmək üçün nələri verməzdim...    
   "Rəsul Rzanın 1942-ci ildə "Döyüşən Krım" qəzetində çalışdığı zaman qələmə aldğı bir şeri var - "Bəxtiyar". Məndən soruşsalar ki, Rəsul Rzanın ən çox sevdiyin əsəri hansıdır, fikirləşmədən, tərəddüdsüz deyərəm: "Bəxtiyar"! "Bəxtiyar"! "Bəxtiyar"!!!   
   Bəlkə məni qınayanlar da olar: "Axı Rəsul Rzanın bundan da qat-qat güclü sənət nümunələri var, sən onları bir yana qoyub, niyə "Bəxtiyar"ı önə çəkirsən?"   
   Əlbəttə, burada, bu qınaqda bir həqiqət də var. Ancaq bir həqiqət də var ki, "Bəxtiyar" söz-söz, misra-misra öz melodiyası, musiqisilə ürəyimin başına, könül dəftərimə həmişəlik yazılıb, varlığıma hopub və damarlarımda dövr eləyir.   
   "Bəxtiyar" - Vətənin öz qəhrəman oğluna çaldığı müqəddəs layladır. "Bəxtiyar" - sözdən ilmələnmiş, çeşnilənmiş, toxunmuş tablolar tablosudur, insan hisslərinin qammasından yaranmış elegiyadır, himndir! "Bəxtiyar" - seçilən zirvədir!   
   "Bəxtiyar" - qaları, yaşarı, söz abidəsidir! Hansı ölkədə, hansı dildə, hansı zamanda desən öz müəllifinin adını qürurla səsləndirə, yaşada bilər".   
   Qəribədir ki, mənim də Rəsul Rzadan əzbər öyrəndiyim ilk şer "Bəxtiyar" olub. Və Müşfiqin 60 illik yubileyində, büstünün açılış mərasimində Rəsul Rzanın başımı sığalladığını xatırladım, 9 yaşım vardı.
   Və bu xatirələrin içində Gəray Fəzli, Həbibə Məmmədxanlı, Rauf İsmayılovun adı keçir.
Mən bu adamlarla işləmişəm, bir otaqda oturmuşam. Yadımdadır ki, çox sərt, ciddi Həbibə xanım mənə xoş münasibətilə (yəqin ki, atama görə) seçilirdi və bir az da hamilik edirdi mənə. Yadımdadır ki, Jurnalistlər İttifaqına üzv olmaq üçün sənədlərimi hazırlayanda zəmanətə görə Həbibə xanıma yanaşdım. "Yaz gətir, qol çəkim"- dedi. Yazdım, imza üçün gələndə televiziyanın həyətində rastlaşdıq, "Yasa gedirəm"- dedi - "Belə yerdə qol çəkməyim". Sonra o sənədləri də atdım bir tərəfə, Həbibə xanım soruşanda da "gətirəcəm" deyirdim. İndiyə qədər də sənəd yığıb qol çəkdirməyin ucbatından heç bir ittifaqın üzvü deyiləm. Nahid müəllim yazır: "O, böyük yazıçımız Ənvər Məmmədxanlının bacısı idi. Həm komitədə, həm də kənarda çox ziyalı, nəcib, geniş ürəkli bir insan kimi tanınırdı. Neçə illərdən bəri idi ki, "Teatr şöbəsi"nə fədakarlıqla rəhbərlik edirdi. Bu çətin, emosional, söz-söhbətə, bir az da dedi-qoduya meylli sahənin adamları - rejissorlar, aktyorlar, rəssamlardan tutmuş qrim ustasınacan - hamı ona dərin hörmət, ehtiram bəsləyirdi. Şöbədə çalışan cavanlar isə ona "bizim anamız" deyirdilər. O, bunu ürəyinin böyüklüyü, göz-könül toxluğu, başqalarının dərdini öz dərdi bilməsi, yanımcıllığı ilə qazanmışdı".    
   Yadıma düşdü...   
   ... Daxili telefon cingildəyir.    
   - Gəl görüm bura - xırıltılı səsindən Gəray müəllimi tanıyıram.    
   - Nolub? - deyirəm qorxa-qorxa.   
   - Gəl.    
   İçəri girirəm və məlum olur ki, Gəray Fəzli "prosmotrdan" sonra verilişi efirdən çıxarıb.    
   - Rəngkarlıq sənətimizin (elə belə də deyir) banisi haqqında belə veriliş eləyərlər? Get yenidən işlə.   
   Verilişin efirdən çıxarılması o deməkdir ki, həm töhmət alacaqsan, həm də qonorar almayacaqsan. Yadımdadır ki, o vaxt Gəray müəllimdən möhkəm incimişdim. İndi anlayıram ki, haqlı idi. Ssenari qonorar xətrinə yazılmışdı. Bu gün bizim Gəray müəllim kimi doğru-düzgün adamlara nə qədər ehtiyacımız var.    
   ...Görəsən yeni nəsil Ənvər Məmmədxanlını oxuyurmu? Oxumaq bir tərəfə, tanıyırmı? Mənə görə, özü də elə möhtəşəm buz heykələ bənzəyən Ənvər Məmmədxanlı haqqında Nahid müəllimin müşahidələri çox dəqiqdi:   
   "Yüksək intellekti, zövqü, mədəniyyəti imkan verirdi ki, ədəbi orqanlardan, nəşriyyatlardan birinin başında dursun və yaxud dövlət strukturlarında mühüm vəzifə tutsun. Ancaq bunlardan qaçırdı. "Allah mənə az-çox istedad veribsə" - deyirdi - "Niyə mən onun qədrini bilməməliyəm. Mənim həyatım da, xoşbəxtliyim də yazı stolumun arxasındadır. Yazanda yazıram, yazmayanda da adlayıram tərcüməyə. Yazmaq sağ qolumdusa, tərcümə sol qolumdu. İkisi də yaradıcılıqdı, ayrılmazdı bir-birindən. Ömrüm boyu qara çörəyim tərcümədən çıxıb, bu, ən halal çörəkdi".    
   İstedadından, şöhrətindən, şəxsi əlaqələrindən qətiyyən
istifadə etmirdi. Çətin dolanırdı. Demək olar ki, qələm sahiblərinin hamısından çətin. Dərdini, ağrı-acılarını qəlbində bükülü gəzdirir, bunu heç kəsə, hətta ən yaxın adamlarına belə açmırdı".   
   ...Xatirələri oxuyuram və nə qədər insan portretlərini seyr edirəm. Abbas Zamanovu, Mir Cəlalı, Nəsir İmanquliyevi, Əliağa Kürçaylını, Əjdər Xanbabayevi, Vilayət Rüstəmzadəni, Tofiq Mütəllibovu yada salıram. Bu gün sağ-salamat olan böyüklərimizi (Allah uzun ömür versin), dost-tanışı görürəm bu xatirələrdə - Bəxtiyar Vahabzadəni, İlyas Tapdığı, Əlibala Hacızadəni, Zəlimxan Yaqubu, Əlövsət Bəşirlini, Oqtay Rzanı... Boy-buxunlu, yaraşıqlı, mehriban, cana yaxan Şahmar Əkbərzadə gəlir gözümün önünə:   
   "Şahmar dostlarını çox sevirdi. Qəribə idi ki, qəlbən bağlandığı, ürəyini verdiyi, fəxr etdiyi dostlarının hamısı ondan yaşca böyük idi: Çingiz Aytmatov, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Nurəddin Rza, Zeynal Məmmədov... Bir dəfə səbəbini soruşdum. Gülümsəyib dedi: "Ustadlar yanında şəyirdlik edirəm, məktəb keçirəm. Onların hər biri bir dəryadı".    
   O adlarını çəkdiyim dostlarına şerlər həsr etmiş, onlar barədə yazmış, ürəkdən gələn sözlər demişdir. Dost qədri bilən idi Şahmar! O, qəzetçilikdə ağır yol keçmişdi - müxbir, şöbə müdiri, baş redaktor. Şahmar jurnalist kimi də özünəməxsusluğu ilə seçilirdi. Yazılarında xalq ruhu , xalq təəssübkeşliyi çox güclü idi. Publisistikası başqa bir aləm idi. Mənim ömrüm boyu şairlərimiz arasında publisist qələminə heyran qaldığım, qibtə etdiyim üç sənətkar olub - Səməd Vurğun, Rəsul Rza, Məmməd Araz. Sonralar bu cərgəyə Şahmar da qoşulub. Son illər Şahmarı daha yaxından tanıdım - şair kimi, insan kimi, ailəsinə, balalarına, nəvələrinə vurğun bir ata kimi, baba kimi... Onun heç bir təltifi, fəxri adı yox idi. Sinəsinə döyənlər, "şair mənəm" deyənlər onu qısqanır, gur məclislərdən, poeziya bayramlarından, görüşlərdən bir az aralı saxlayırdılar. Ancaq o, təpədən-dırnağacan şair idi".    
   Əslində "Yada düşdü" kitabında xatirələr və məqalələr bölümləri ayrı-ayrı toplansa da, elə hamısı bir-birini tamamlayır. Və indi şirin xəyal kimi yaddaşımıza qayıdan o günləri yenidən yaşadır. Biz yenidən həmin o intibah dövrünü keçə biləcəyikmi? Bu nəhəng simalar yenidən doğulacaqmı və onların yenidən doğulması üçün yeni bir utopik quruluşmu gərəkəcək? Bilmirəm. Bildiyim bir həqiqət var ki, olub-keçənləri yazıb qoymaq lazımdı. Olduğu kimi. Düzdür, Nahid Hacızadə burda bildiyi bir çox həqiqətlərin üstündən çox ehmalca keçir, həmişəki kimi ehtiyatlı mövqeyini qoruyur. Bu da onun haqqıdı. Və mən güman eləyirəm ki, günlərin bir günü ayılıb keçmişimizi xatırlayanda söykənə biləcəyimiz qiymətli mənbələrdən biri də bu kitab olacaq.   
   ... Görünür yaşlanıram. Mən də xatirələrlə yaşamağa başlayıram, xatirəsini əziz tutduğum insanlarla baş-başa qalıram. "Yada düşdü" cəmi 500 nüsxə çap olunub. Tirajlanan bu qədər eybəcərliyin içində - cəmi 500 nüsxə xatirə işığı. Çoxdumu? Böyük vəzifələrdə işlədiyi müddətdə Nahid Hacızadə kimsədən bir "zərf" götürməyib. Amma indi bu kitabın çapı üçün ona Moskvadan zərf göndəriblər və göndərən adam önsözdə bunu xüsusi olaraq qeyd edib. Bu da günümüzün gerçəkliyi. Əslində mən bir yazımda bütün bunları yazmışdım. Nahid müəllim də yazını yarıyarımçıq daxil edib kitabına. Nə demək istədiyim heç bilinmir də. Bu da onun haqqıdı.
   Bəlkə səhv edirəm, amma bu gün bizim xatirə-memuar janrına çox ehtiyacımız var. Nəsrdən, şerdən daha çox. BÖYÜKLƏR, nə yaza bilirsinizsə yazın, bir gün yolundan azmışların imana gələcəyinə güman var.    
   "Yada düşdü"... Kitabın son səhifəsini bitirirəm, özlüyümdə deyirəm ki, mənim də...
   

 

İradə TUNCAY

 

Ədalət.- 2009.- 24 yanvar.- S. 6,8.