Baş Polis İdarəsində müşavirə keçirildi

 

Yanvarın 24-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2008-ci ilin yekunlarına həsr, olunmuş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

Qeyd edilib ki, paytaxt polisi qanunla müəyyən edilmiş vəzifələrin, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirləri davam etdirib, kriminogen durum nəzarətdə saxlanılıb. Hesabat dövründə Bakı şəhərində qeydə alınmış 10390 cinayət hadisəsinin açılması 81,4 faiz olub, əvvəlki illə müqayisədə ölümə sui-qəsdlərin sayı 34,3 faiz, qəsdən sağlamlığa ağır xəsarət yetirmələr 9,3 faiz, nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 1,8 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 6,2 faiz azalıb. Əllərdə qanunsuz saxlanılan 257 odlu silah, o cümlədən 28 avtomat, 60 tapança, 164 tüfəng və xeyli sayda sursat götürülüb, 146 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Axtarışda olan təqsirləndirilən şəxslərin 75,4 faizinin tutulması təmin edilib. Eyni zamanda, vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu məsələlərinə də xüsusi önəm verilib.

Baş İdarənin rəisi mövcud nöqsanların aradan qaldırılmasının planlı şəkildə həyata keçirilməsi sahəsində görülən işlərdən də danışıb.

Məruzə ətrafında çıxış edənlər mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.

Əməliyyat müşavirəsinə yekun vuran nazir, general-polkovnik Ramil Usubov qeyd edib ki, 2008-ci ildə daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, asayişin mühafizəsi sahəsində ölkənin qanunlarından, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və konkret tapşırıqlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi işi məqsədyönlü şəkildə davam etdirilib.

Həyata keçirilən tədbirlər - ölkədəki əlverişli investisiya mühitinin, iqtisadiyyatın inkişafı, strateji əhəmiyyətli beynəlxalq layihələrin uğurla həyata keçirilməsi üçün mühüm amillərdən olan ictimai-siyasi sabitliyin etibarlı qorunmasında, orqan və hissələrdə fəal inkişaf tempinin saxlanılmasında böyük rol oynayıb.

Əvvəlki illərdə olduğu kimi, 2008-ci ildə də Bakı şəhərinin polis orqanları cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetiriblər.

Qeyd edilib ki, ötən il paytaxt üzrə cinayətlərin açılma faizi ümumən yüksək olub, cinayətkarlığa qarşı aparılan məqsədyönlü mübarizə nəticəsində quldurluq, soyğunçuluq və oğurluq cinayətləri törətmiş 89 nəfərdən ibarət 38 cinayətkar qrup zərərsizləşdirilib. Odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı 19,4 faiz azalıb. Cinayətlər nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş maddi ziyandan 72,2 faizinin ödənilməsi təmin edilib. Küçələrdə baş vermiş cinayətlər 14,9 faiz, yol-nəqliyyat hadisələrinin sayı 9,2 faiz, qəzalarda ölənlərin sayı 13,1 faiz, yaralananların sayı 11,6 faiz azalıb.

Yol verilmiş qanun pozuntularının sayı, o cümlədən insan hüquq və azadlıqlarının pozul-ması halları əvvəlki illə müqayisədə xeyli azalıb.

Daxili işlər naziri Ramil Usubov müşavirə iştirakçılarının diqqətini şəhərin polis orqanlarının fəaliyyətində mövcud olan nöqsanlara, eləcə də qarşıda duran həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib. Nazir qeyd edib ki, əməkdaşların peşəkarlığının və fiziki hazırlığının artırılması, nizam-intizamın daha da gücləndirilməsi, onların cinayətkarlığa qarşı mübarizənin yeni forma və üsullarını mənimsəmələri, bu yöndə işin müasir tələblər səviyyəsində təşkili məqsədi ilə lazımi tədbirlər görülməlidir.

Ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycanın inkişafı ilə bağlı müəyyən etdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi, bu məqsədlə həyata keçirdiyi möhtəşəm quruculuq işləri, iqtisadi və sosial sahələrdə əldə olunmuş uğurlar, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, regionun lider dövlətinə çevrilməsi daxili işlər orqanlarının da üzərinə müasir dövrün tələblərinə uyğun məsul vəzifələr qoyur. Nazir deyib ki, bu gün şəxsi heyətin öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün Azərbaycan Prezidenti tərəfindən bütün lazımi şərait yaradılıb, əməkdaşlarımız və hərbi qulluqçularımız xüsusi diqqət və qayğı ilə əhatə olunublar.

Dövlətimizin başçısının daxili işlər orqanlarına göstərdiyi diqqət və qayğıya cavab olaraq hər bir əməkdaş üzərinə düşən vəzifələri nümunəvi yerinə yetirməli, Vətəninə, dövlətinə, xalqına ləyaqətlə xidmət etməlidir.

General-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, daxili işlər orqanlarının, o cümlədən Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti cinayətkarlığa qarşı mübarizəni davam etdirəcək, dövlət başçısının sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyduğu bütün vəzifələri əzmlə yerinə yetirəcək, dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində bundan sonra da ayıq-sayıq dayanacaqdır.

 

 

Ədalət.- 2009.- 27 yanvar.- S. 3.