HAQQ-ƏDALƏT GEC DƏ OLSA
ÖZ YERİNİ TAPIR
Mərhum Xalq Artistimiz Yusif Vəliyev: Hər dəfə Tariyeli görəndə sanki cavanlaşıram, yenidən aktyor peşəsini seçmək istəyirəm. O, sözün həqiqi mənasında klassiklərin ənənəsini uğurla davam etdirir.
Xalq Artisti Zəroş Həmzəyeva: Tariyelin Naxçıvana gəlişi bir canlanmaya səbəb oldu. O, az bir zamanda tamaşaçıların qəlbində özünə yer tutmağı bacardı. Tariyel bizim teatrda bir neçə rol oynadı. Çox gözəl oynadı. Naxçıvanlılar ona "bizim Tariyel" deyirlər.
Nodar Şaşıqoğlu (Mixaylo rolunun ifaçısı): Tariyel Qasımov həyatda necə var, səhnədə, ekranda da eləcə görünür. Aktyor oynadığı rolun xarakterinə uyğun mütləq qiyafəsini, xarakterini dəyişməlidir. Amma çox vaxt səsləndirmədiyi fikri baxışlarıyla, imkanlarıyla tamaşaçılara çatdırmağı bacarmalıdır. Bu müsbət cəhət Tariyel Qasımovun ifalarında aşkar görünür.
Xalq şairi Zəlimxan Yaqub:
- Mənim hörmətli dostum, qardaşım, sevimli sənətkarımız Tariyel Qasımov haqqında söz demək mənim üçün çox xoşdur, çox şərəfdir. Ona görə ki, Tariyeldə böyük ürək var, güclü məntiq var, coşğunluq var, özünə sığmamazlıq var.
Tariyel sənətkar kimi güclüdür, gözəl xarakterlər ustasıdır. Bununla belə, onun kino ilə bağlı yaradıcılığı haqqında kinoşünaslar, sənətşünaslar daha çox danışa bilər. Amma mən bir ziyalı kimi onun insani tərəflərini qabartmaq istəyirəm. Tariyel Allah adamıdır, hal əhlidir, səmimidir, xəlqidir, millidir. İnsanı baxışdan duyandır. Dostu, tanışı, meydanı genişdir. Yəni özünü dartsın, rəsmiyyət göstərsin, fəxri adları var, nəyi var, bunlar öz yerində. Amma heç vaxt hiss elətdirməz ki, o, filan sənətkardır, filan obrazları yaradıb. Onda böyük bir həyat eşqi var. Bu da onu həmişə cavan saxlayır. Mən arzu eləyərdim ki, mənim gözəl sənətkar dostum, aktyor qardaşım bundan sonra da gözəl obrazlar yaratsın.
Akademik Teymur
Bünyadov:
- Azərbaycanın qərb qapısı sayılan Qazax mahalı dünya şöhrətli şairlər, yazıçılar və əvəzsiz qəhrəmanlar yurdudur. Lakin bu torpaqdan, bu bölgədən aktyorlar demək olar ki, yox dərəcəsindədir və yaxud barmaqla saymaq olar. Onların önündə gedən, təkcə mahala deyil, Azərbaycan xalqına şöhrət gətirən sənətkarlardan biri bizim xalq artisti Tariyel Qasımovdur. Onun yaradıcılığında əsas yeri həm kino sənəti tutur, həm də dram - Fərman Kərimzadənin "Axırıncı aşırım"ında epizodik rolda oynaması nə qədər baxımlı, nə qədər gözəgəlimlidir.
Yazıçı, millət vəkili Aqil Abbas:
- Tariyel Qasımov həm kinoda, həm teatrda öz sözünü demiş sənətkardır. Həm Azərbaycan məkanında, həm də keçmiş ittifaq məkanında. Tariyel müəllim bir çox yerlərdə fəaliyyət göstərib, teatr yaradıb. Məsələn, Dağıstandakı Azərbaycan Dövlət Teatrı Tariyel müəllimin adı ilə bağlıdır. Özbəklərin neçə filmlərində baş rollarda oynayıb. Yəni Azərbaycan məkanından çıxan sənətkarlardan biri, bəlkə də birincisi Tariyel müəllimdir.
Tariyel Qasımov çox ciddi rollar oynadığı üçün onu kinodan, teatrdan tanıyan adamlar elə bilir ki, o, çox qaraqabaq, gülməyən bir adamdır. Amma Tariyel müəllim çox sadədir. Çox gözəl bir dostdur. Bizim Tariyel Qasımovla yaradıcılıq haqqında, teatr və kino barədə çox söhbətlərimiz olub.
Bütün yaradıcılıq adamlarında bir sirr var. Rəssam görürsən şeir yazır, ya şair rəssamlıq edir. Böyük bir yazıçı fotoqraflıq edir, yəni xobbiləri olur. Amma bu, xobbilikdən çıxıb onun yaradıcılığına çevrilir. Bu mənada Tariyel müəllimin yaxşı şer yaradıcılığı da var.
Hərdən öz-özümə xəyala
dalıb
Düşünüb deyirəm, çox qəribədir
Ömrün yetmiş ili arxada
qalıb
İnsanlar səksəndə görən
neynəyir?!
Tariyel Qasımovun bir
şerindən
Əhatəli arayış
Adı: Tariyel
Soyadı: Qasımov
Atasının adı: İsgəndər
Doğum tarixi: 4 fevral 1939-cu il
Doğulduğu yer: Qazax rayonu, Köçəsgər kəndi
Milliyyəti: azərbaycanlı
Təhsili: Ali
Ailə vəziyyəti: evli
İctimai vəziyyəti: qulluqçu.
Təltifləri: Azərbaycan Respublikasının Əməkdar
Artisti və Xalq Artisti.
Azərbaycan prezidentinin fərdi təqaüdçüsü
Qabaqcıl Maarif Xadimi
Dörd kitab müəllifidir
Tamaşaçıların
qəlbində özünə yer tutub.
Sənətə
vurğunluğu Oleq Strijenovun baş rolu oynadığı
"Ovod" filmində Artur roluna aşiqliyi ilə
başlayıb. Sonra oxuduğu kənd məktəbində
dram dərnəyi yaradıb və Səməd Vurğunun
"Vaqif" pyesini tamaşaya qoymaqla "rejissor və
aktyor" sənətinin yolçuluğuna
çıxıb. Özü də
tamaşada baş rolu yox, Təlxəyi oynayıb. Məktəbi bitirəndən sonra atası İsgəndər
kişinin istəyi ilə mühəndis olmalı idi.
Amma kişinin "tanıdığı" adam
həmin vaxt şəhərdə olmur. İncəsənət
İnstitutuna isə sənəd qəbulu
qurtarmışdı. Sənədlərini
Bədən Tərbiyəsi İnstitutuna verir və qəbul
olunur. Yeri gəlməsə də deyək
ki, indi müxtəlif titulları olan və Bədən Tərbiyəsi
Akademiyasının rektoru olan Ağacan Abiyevlə tələbə
yoldaşı olurlar. Tələbə
ola-ola o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə
gedir və o dövrün bir çox aktyorları kimi,
Lütfi Məmmədbəyovun həvəskarı olur.
İdman institutunda üç il oxuyandan
sonra sənət istəyi üstün gəlib və institutu
buraxaraq sənədlərini Teatr İnstitutuna verib, aktyor sənəti
fakültəsinə daxil olur. Atasının onu
artist görmək istəməməsi və buna görə də
küsülülüyü, pul göndərməməsini
ötürərək onu deyək ki, institutu bitirəndən
sonra təyinatını Milli Akademik Teatra verirlər. Qeyd edək ki, bu da heç təsadüfi deyildi.
Hələ institutun 3-cü kursunda oxuyanda Akademik Teatrın
baş rejissoru Tofiq Kazımov Tariyelin tələbə Ramiz Əliyevin
dövlət imtahanı üçün
hazırladığı "Romeo vaə Cülyetta"
tamaşasında oynadığı Romeo rolunu çox bəyənir
və elə həmin ildən onu teatra işə
götürür. Amma Tariyel Qasımovun böyük sənətə
yolu Gənc Tamaşaçılar Teatrından başlayır:
"1964-cü ildə institutu bitirəndə Tofiq müəllimin
istəyi ilə təyinatımı Dram Teatrına verdilər.
Amma həmin vaxt Gənc Tamaşaçılar
Teatrının aktyoru Firdovsi Naibov Moskvaya rejissorluq kursuna getdi
və məni onun oynadığı rolları ifa etmək
üçün həmin teatra dəvət etdilər. O
vaxtdan bu günə qədər, 45 ildi Gənc
Tamaşaçılar Teatrında
çalışıram"...
Xalq Artisti
Tariyel Qasımov teatrda 150-dən çox obraz yaradıb. Kino fəaliyyətinə
isə "Liftçi qız" filmində Nəriman
obrazı ilə başlayıb. Sonralar "Türkmənfilm",
Tacikfilm", "Özbəkfilm" studiyalarında çəkilən
filmlərdə rollar alıb, müxtəlif xarakterli obrazlar
yaradıb. 1981-1983-cü illərdə
"Mosfilm"in çəkdiyi "Çili üzərində
gecə" və Almaniyanın "DEFA"
kinostudiyasının çəkdikləri filmlərdə
müxtəlif hərbçi obrazlarını yaradıb.
1979-cu ildə "Qabaqcıl Maarif Xadimi" və
"Respublikanın Əməkdar Artisti" fəxri
adlarını alır. 1991-ci ildə Respublikanın Xalq
Artisti adına layiq görülür. Qazax Dövlət Teatrının bərpa
olunmasında, Dərbənddə Azərbaycan Teatrının
yenidən fəaliyyətə başlamasında birbaşa və
müstəsna xidmətləri var. Bir müddət İrəvan,
Naxçıvan, Ağdam Dövlət Teatrlarında rejissor və
aktyor kimi fəaliyyət göstərib.
Tariyel
Qasımovla şəxsi tanışlığım İrəvan
Teatrında işlədiyim vaxt oldu. Onda Hidayətin "Məhəbbət
yaşayır hələ" tamaşası
hazırlanırdı. Tariyel müəllim
baş rolu - Əliş Əlişov rolunu oynamaq
üçün teatra dəvət olunmuşdu. Mən onun dublyoru oldum. Elə o vaxtdan da adətən
haqqında qaraqabaq, yovuşmaz adam kimi
eşitdiyim Tariyel Qasımovu tamam başqa cür adam kimi,
olduğu kimi tanıdım. Bu günlər
redaksiyaya gəlmişdi. İnanmasam da
bilirdim ki, fevral ayında 70 yaşı tamam olacaq. Görüşdük, danışdıq,
suallarımı yazıb verdim, bir müddət sonra
yazılı cavablarını və özü haqda daha bir
neçə materialları gətirdi. Təxminən belə
bir yazı alındı:
- Tariyel müəllim, 70 ilin
kürəyini yerə vurdunuz. Necə keçdi
ömrün bu hissəsi?
- Mən təkcə öz
ömrümü yaşamamışam ki. 200-ə
qədər teatr və kino obrazının da həyatı bura
daxildir. Şəxsən Tariyel
ömrünə gəldikdə isə mənim sənət
yolum nə hamar, nə də asan olmayıb. Bu yolda kövrək sevinc də dadmışam,
sarsıdıcı kədər də. Qismətimə
yuxusuz gecələr də düşüb, gözəl
günlər də. Lakin heç bir çətinliyə
baxmadan öz məqsədimə çatmağa, sənətə
qovuşmağa can atmışam.
Mən aktyoram,
ömrüm boyu bağlandığım sənətin
peşmançılığını da çəkmişəm. Hər cəfanın
bir səfası var. Bu, həyatdır. Onun
enişinə də, yoxuşuna da alışmaq
lazımdır. Hər çətinliyə
görə sənəti - fərq etməz hansı peşə
olursa-olsun - qınağa çəkməzlər.
- Sizə olan diqqətdən
razılığınız çoxdur, yoxsa
narazılığınız?
- Mənə haqsızlıq
çox olub. Keçmiş müdiriyyət tərəfindən
də, keçmiş nazirlik tərəfindən də. Teatrda baş rolları ifa etmişəm, yanımda
ikinci dərəcəli rol oynayanlar məndən də qabaq ad
alıblar, məndən də qabaq mükafatlar, təqaüdlər
alıblar. Şükürlər olsun ki,
haqq-ədalət öz yerini gec də olsa tapır. Təəccüblüsü o idi ki, hətta sənət
"dostlarım" da mənə paxıllıq edirdilər.
Mən isə təsəllimi yazdığım
şeirlərdə tapırdım. "Sənət
dostlarım"a belə bir şeir həsr etmişdim.
Ucaldığım sənətimdə, min
əzablar görmüşəm.
Sevilmişəm, sevmişəm, iztirablar
görmüşəm.
Bu yolda enişləri, yoxuşları
keçmişəm.
Saysız "dostlar" qazanmışam,
insanları seçmişəm.
Gəzmişəm şəhər-şəhər,
axtarmışam yerimi.
Arzuma çatmaq üçün dəyişmişəm
yurdumu.
Ucalmışam, qalxmışam.
Bu şanı, bu şöhrəti zəhmətlə
qazanmışam.
Üzdə bir, arxada bir çox sözlər
eşitmişəm
Sevdiyim sənət üçün,
güzəştlərə getmişəm.
Bəllidir ki, hər kəsin içində iblis
yatır,
İnsanları çaşdırır,
araya nifaq qatır.
Ancaq əfsus, çox əfsus, mən nə deyim
onlara
Pislərə meydan verib, yaxşını dananlarag
g Bircə onu bilsinlər ki,
paxıllığın sonu olmaz
Kimə qismət nə verilib, ondan geri heç
alınmaz
Bu istedad mənimkidir, onu sənə verəmməzlər
Sən nə qədər məni dansan, inananlar
olmayacaq
Yaşadığım saysız rollar, bil
ki, gizli qalmayacaq.
Məsləhətim budur yalnız,
halallıqla məşğul ol sən.
Çalış yaxşı sənətkar ol, fəxr
edərək sevinim mən
Kitablarda yazılmışam, məqalələr
çap olunub
Oynadığım qəhrəmanlar, ürəklərə
həkk olunub
Demək bunlar bir tarixdir, onu heç kəs poza bilməz
Xəbislərin niyyətisə, ayaq tutar yeriyəmməz!
Və burada başqa bir mənbəyə
verdiyi müsahibədən sitat: "Sənət yolum nə
hamar, nə də asan olmayıb... Mənə paxıllıq
edən, badalaq vuran istedadsızların ucbatından infarkt da
keçirmişəm, ömrümü qısaltmışam...
Acı və uğursuz günləri, mənə
qarşı olan haqsızlıqları unutmuşam. Bu gün Xalq Artistiyəm, Prezidentin fərdi təqaüdçüsüyəm,
tamaşaçıların məhəbbətini
qazanmışam. Möhtərəm
prezidentimizin mənim əməyimə hədiyyə olaraq
verdiyi mənzildə 70 illiyimi qeyd edirəm.
- Cəbbəxananızda
barıt tükənməyib?
- Yaradıcı insanların
cəbbəxanasında barıt tükənərsə, deməli,
o insan həyatda fəaliyyətini dayandırıb. Mənim cəbbəxanamda isə nəinki barıt
azalıb, əksinə, çoxalıb. Möhtərəm
prezidentimizin biz sənət adamlarına göstərdiyi diqqət
və qayğısına görə yaşayıb, yaratmaq
ehtiyacım daha da artıb. Tamaşaçılar
məndən yeni-yeni obrazlar yaratmağımı xahiş edirlər.
Söz verirəm ki, hələ yeni-yeni gözəl
rollarımla onları sevindirəcəyəm.
- Pedaqoji fəaliyyətlə
niyə məşğul olmursunuz?
- Mən çox dahi sənətkarlardan
dərs almışam. Adil İsgəndərov,
Rza Təhmasib, Tofiq Kazımov, Mehdi Məmmədov kimi dahilərdən
öyrənmişəm. 65 yaşım
olanda mən də sənətdə qazandığım təcrübəmdən
gələcəkdə aktyor olmaq arzusunda olanlara öyrətmək
istədim. Dahi müəllimlərimizi biz
andığımız kimi, onlar da bizi xatırlasınlar.
Mən aktyor kimi bəlkə də öz
sözümü demişəm. Aktyorun,
xüsusilə də teatr aktyorunun kədəri ondadır ki,
onun işi qısa zaman məsafəsi ilə
bağlıdır. O, tamaşaçıları bu
gün düşündürür, sabah
narahat edir. İllər keçir, o bir xatirəyə
çevrilir, ancaq fotoşəkillər qalır. Tələbələr isə özləri sənətkar
olanda nəsildən nəslə danışır, müəllimlərini
böyük minnətdarlıqla yad edirlər. Bu mənada Mədəniyyət və İncəsənət
Universitetinə bir neçə dəfə müraciət etmək
istəmişəm. Rektorun qəbuluna düşmək
istəmişəmg
-Bəzən deyirlər ki, mədəniyyət
"mədə niyyəti"nə çevrilməkdədir,
necə baxırsınız?
- Mən onu deyə bilmərəm.
Yaxşı olardı ki, həm onu deyənlərdən
soruşasınız, həm də mədəniyyəti mədə
niyyətinə çevirənlərdən
soruşasınız. Mən isə həmişə
çalışmışam ki, mədəniyyətimiz, incəsənətimiz
yüksəlsin. Mən Azərbaycandan
xaricdə ilk dəfə çəkilən aktyor olmuşam.
Çalışmışam ki, mədəniyyətimlə,
sənətkarlığımla dövlətimizi,
xalqımızı yüksək səviyyədə təmsil
edim və buna nail olmuşam.
- Tariyel
Qasımovdan yeni nə görəcəyik?
- Aktyor kimi yeni-yeni parlaq
obrazlar, rejissor kimi yeni quruluşlar, rektorun qəbuluna
buraxsalar, gələcəkdə gözəl sənətkarlar
yetişdirəcəyimə əminəm!
Sonda yenidən
qayıdıram Tariyel müəllimin başda epiqraf kimi
yazdığım şerinə. Tariyel müəllim,
70-i başa vurdunuz. Halalınızdı.
İnşallah, 80-i də, 90-ı da görəsiniz.
Onda biləcəksiniz ki, bu yaşlarda nə
yaşanır. Sonra da 100-ün marağı olacaq...
Özümüzə də Sizin bu günlərinizi görmək
arzusu ilə!..
"Hörmətli
Tariyel müəllim!
Azərbaycan teatrının
inkişafındakı fəaliyyətinizi qiymətləndirərək
bu xoş anlarda, 70 illik yubileyinizi qeyd etdiyiniz gündə Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
kollektivi və şəxsən öz adımdan Sizi səmimi
qəlbdən təbrik edir, ən xoş arzularımı
yetirirəm.
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı səhnəsində,
kino və televiziyada yaratdığınız obrazlar sənətsevərlər
və teatr ictimaiyyəti tərəfindən həmişə
rəğbətlə qarşılanmışdır. Sizin
yaradıcılıq fəaliyyətiniz sənətkar xoşbəxtliyinin
bariz nümunəsidir. Teatr səhnəsində
canlandırdığınız obrazlar əsl sənət
nümunəsi kimi yaddaşlarda həmişəlik
yaşayacaqdır. Bu fərəhli gündə Sizə
can sağlığı diləyirəm.
Ən xoş arzularla: Azərbaycan
Respublikası mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev".
Bir də təbrik edirik, Tariyel müəllim!
Oqtay Salamov .
Ədalət.- 2009.- 31 yanvar.- S. 12-13.