ALLAHIN DƏRGAHI
Yaxud dünya bir pəncərədir
Allah-Təala həmişə çox istədiyi insanları vaxtından tez öz dərgahına aparır. Ona görə öz dərgahına aparır ki, belələrinin qədrini çoxlarımız yaxşı bilmirik. Allah da görür ki, bu cür bəndələrin qədrini yaxşı bilmirik, ona görə də götürüb aparır göy üzünə. Vaqif Bayatlı Odər şeirlərinin birində yazır:
Ancaq Tanrı üzlü
ruhlar
bilib
uçurlar ora,
orda
dönüb göy üzünə,
qulaq
söykəyib göyə
Göy üzündən
Allahın
ayaq səsini
dinləməyə...
Ruhları göy üzünə çəkilən adamlar orda Allahla bir yerdə və bəndələrdən uzaq rahat yaşayır. Ruhu Allaha qovuşan və həmişə haqqı-ədaləti hər şeydən üstün tutan insanlardan biri də tanınmış hüquqşünas Məmməd Kərimovdur. O Məmməd Kərimov ki, yaşadığı 60 il ərzində haqqı-ədaləti hər şeydən üstün tutub. Füzulidə, Xaçmazda, Şirvanda (Əli Bayramlı) məhkəmə sədri işləyəndə nə icra başçısının, nə prokurorun, nə də başqa vəzifə sahiblərinin hökmünü yerinə yetirməyib. O, həmişə qanunu ali tutub və haqqı-ədaləti unutmayıb. Harda işləyibsə ilk amalı haqq-ədalət olub. Dədəsi də gəlsəydi heç vaxt haqqı ona verməzdi. Çünki bu kişi dünyanın ən təmiz, ən vicdanlı və ən cəsarətli hakimlərindən olub. Azərbaycanda məhkəmə hakimiyyətində öz çəkisi, sanbalı və yeri olan Məmməd Kərimov haqqında onu tanıyan hüquqşünasların çoxu deyir ki, biz bu cəsarətdə və bu ədalətdə hakim görmədik. Prokuror hər hansı bir müttəhimə cəza istəyərkən Məmməd Kərimov prokurorun fikrini yox, konkret olaraq dəlil-sübutlara, müttəhimin törətdiyi cinayətin ağırlıq dərəcəsinə görə hökm çıxarırdı. Bəzən prokurorlar müttəhimlərin müdafiə haqqını qoruduğuna görə Məmməd Kərimova təzyiq eləyir, hətta ondan dost kimi küsürdülər də. Deyirdilər ki, bu hakim bizdə çox müttəhimləri müdafiə edir. Amma Məmməd Kərimov nə prokurorları müdafiə edirdi, nə də müttəhimləri. O, haqqı-ədaləti qoruyurdu və qanunun aliliyini hər şeydən üstün tuturdu. Məhkəmə hakimiyyətində çalışdığı uzun müddət ərzində o, onlarla adamın məhkəmə salonunda günahsızlığını sübut edərək azadlığa buraxıb. Düzdür, bu hərəkətlərinə görə çox vaxt onun başı ağrıyırdı. Ancaq deyirdi ki, haqq-ədalət yolunda çarmıxa çəkilsəm də, yolumdan dönən deyiləm. Qoy kim məndən inciyir-incisin. Çünki mən hökmü prokurorların sifarişi ilə deyil, qanunun və Allahın iradəsi əsasında çıxarıram. Hətta ən ağır cəza verdiyi adamlar ondan razı qalır, həbsxanadan çıxandan sonra onunla görüşməyə can atırdılar. Çünki bu kişi hamının yanında alnıaçıq, üzüağ idi. Füzulidə işləyəndə Raykom katibi deyib ki, filan cinayətlə əlaqədar məni "SK"-dan incidirlər. Həmin adamlara bir cəza ver, mənim da canım qurtarsın, prokurorun da, sənin də. Məmməd Kərimov da Raykoma deyir ki, mən ona necə cəza verə bilərəm ki, məhkəmədə onun törətdiyi cinayətlər heç birisi sübut edilmir. Əgər bu gun, sabah məhkəmə prosesində mən ədalətsiz hökm çıxarsam birinci siz mənim partiya məsələmi həll edib partiyadan çıxaracaqsınız. Məmməd Kərimov Allahdan başqa heç kəsdən qorxmurdu. Bilirdi ki, bircə Allah nahaq iş gördüyünə görə onu cəzalandıra bilər. Ona görə də Raykomun dediyi adamları onun sözünə baxmadan məhkəmə prosesində irəli sürülən ittiham sübut olunmadığına görə həmin insanları azadlığa buraxıb. Bundan sonra katib ona göz verib, işıq verməyib. Amma yenə Məmməd Kərimov məhkəmə qərarı və hökmü çıxararkən katibin diqtəsi ilə deyil, qanunun və Allahın qoyduğu qaydada çıxarıb.
Mikayıl Müşfiqin bir şerində deyilir:
Bu
vəfasız ömür, bu coşqun dərə
Gərək
boş-boşuna axıb keçməsin,
Bu
gözəl cahanı sanıb pəncərə,
Hər
gələn sadəcə baxıb keçməsin.
Tanınmış hüquqşünas və cəsarətli
insan Məmməd Kərimov 60 il
yaşadığı ömrü kişi kimi yaşayıb. Həm
ailəsinin, həm kəndinin, həm də
çalışdığı yerlərdəki insanların
yadında cəsarətli, namuslu və kişi
bir adam kimi qalıb. Ona görə qalıb ki,
o, bu həyata gələndə dünyanı pəncərə
sanmayıb və bu dünyada elə işlər görüb
ki, o yaxşılıqlar onun qabağına çıxmasa
da, balalarının, nəvələrinin qabağına
çıxacaq. Məmməd Kərimovun
vaxtsız dünyasını dəyişməsi xəbəri
o qədər insanları sarsıdıb ki, saymaqla qurtarmaq
olmaz. Şair Vaqif Bəhmənli deyir ki, Məmməd
Kərimov kimi kişilər hələm-hələm
dünyaya gəlmir. Çünki bu adam
heç vaxt haqqı-ədaləti deməkdən və
qorumaqdan çəkinməyib. Vaqif Bəhmənli
onu da deyir ki, dəfələrlə Seyran Səxavətlə,
Məmməd Kərimovla bir yerdə çörək kəsmişik.
Onun nə qədər namuslu və cəsarətli
bir hakim olmasının dəfələrlə şahidi
olmuşuq. O, kimsəsizlərin, sadə insanların,
yazıqların dədəsi idi. Harda kasıb adam
vardısa, işi dolaşığa düşən kimi
birinci Məmməd Kərimovun üstünə qaçardı.
O da bacardığı köməkliyi belə insanlardan əsirgəməzdi.
Məmməd Kərimov elə bir adam
idi ki, heç vaxt tərifi, xoş sözləri və təmtərağı
xoşlamazdı. Kimsə ona elədiyi
yaxşılığa görə minnətdarlıq eləyəndə
o dəqiqə deyərdi ki, sən Allah, o barədə
danışma. Vaxtilə öz kəndlərinə
- Dəvəçinin Rəhimli kəndinə 5 km. məsafədə
olan yerə asfalt yol çəkdirib. Amma
kimlərsə deyəndə bu yolu Məmməd çəkdirib,
heç vaxt o sözdən onun xoşu gəlməzdi. Deyərdi
ki, kim çəkdirib bilmirəm. Mən də
bir az kömək eləmişəm. Ancaq adam var ki, balaca bir iş görür, onu
elin-obanın gözünə soxmağa, başına
qaxmağa çalışır.
Həmişə onu gülərüz, zarafatcıl və
şirin söhbətlər eləyən adam
kimi tanıyıblar. Hətta ölümünə
bir neçə saat qalmış həyat yoldaşı
Zöhrə xanımla şirin zarafatlar eləyib. Onlar da
bu zarafatı eşidəndən sonra deyiblər ki, tay Məmmədin heç nəyi yoxdur,
sap-sağlamdır. Amma bir neçə saat
keçib, o, dünyasını dəyişib. O,
dünyasını dəyişəndə də əcəlin
qabağında kiçilməyib. Ölümə
gülüb və qəhqəh çəkib, həyatda necə
mərd yaşayıbsa, ölümü də elə bir mərdliklə
qarşılayıb.
Haqsızlığa dözə bilməyən, ona
üsyan eləyən Məmməd Kərimovun Cavidan,
Pünhan, Ruslan və Orxan adlı dörd oğlu var. Məmməd
Kərimovun nəvəsi də var. Allah-Təala ona nəvə
şirinliyi də qismət eləyib. Ancaq neyləmək
olar ki, Allah-Təala çox istədiyi insanları onun qədrini
bilməyən bəndələrin yanında qoymaq istəmir.
Görür ki, bəndələr bu
insanların mərdliyini, dəyanətini və kişiliyini
qiymətləndirə bilmir, aparır öz dərgahına.
Şair Vaqif Bəhmənlinin "Dünyadan
köçəndə" şeirini oxuyanda bu misralar istər-istəməz
ürəyimin sarı siminə toxundu. Elə bil ki,
şair Vaqif Bəhmənli həmin misraları Məmməd Kərimov
haqqında yazıb:
Yumaram gözümü
görən harda mən,
Nə zaman sönərəm
şam kimi səssiz...
Kiminsə saçına
səpilər ağ dən,
Bu olar
dünyaya məndən qalan iz.
Yarımçıq kəsməyin
toyu-düyünü,
Şənliyə
boylanan ömür gözəldir.
Heç kim
ağlamasın mən ölən günü,
Göz yaşı vaxt
alır, ömür gödəldir.
Bir neçə gündən sonra Məmməd
Kərimovun haqq dünyasına qovuşmağının 40
günü tamam olur. Nə qədər
ağır olsa da, bu 40 gündə onun yoxluğuna qohum-əqrəbası,
ailəsi, övladları inana bilmirlər. İnana bilmirlər ki, nə vaxtsa qapı
döyülməyəcək və Məmməd bu
qapını açıb içəri girməyəcək.
Məmməd Kərimov heç kimin
ağlamasını, saçını yolmasını, dizinə
döyməsini istəməzdi. Heç dəbdəbəli
yas məclisi qurulmasını da arzulamazdı. Ona görə
ki, bu adam dünyaya necə sadə gəlmişdisə,
elə o sadəliklə də Allahın dərgahına
qovuşdu. Ruhu Allahın dərgahında olan bu
insanlar bu dünyada sakitlik tapmasalar da, Allahın dərgahında
bəlkə sakitlik tapalar. Bir daha Allah bu
cür kişiyə rəhmət eləsin, qəbri nurla
dolsun.
Faiq Qismətoğlu
Ədalət.- 2009.- 31 yanvar.- S. 15.