Ayın görünməyən tərəfi
Adil Şirinin yeni çapdan çıxmış "Laçın şikəstəsi" şeirlər kitabını vərəqlədikcə sözlərlə çəkilmiş lirik-romantik təsvirlərlə, belə demək mümkünsə insan qəlbinin portreti ilə üz-üzə hiss edirsən özünü, lakin bu təsvirlərin arxasında bir insan ömrünün akkordlarını da eşitməyə bilmirsən. "Laçın şikəstəsi" kitabında toplanan şeirlər bir mənada müəllifin oxucular qarşısındakı hesabatıdır, kitabda əski şeirlər də öz əksini tapır, bir şair ömrünün döyüntülərini bu kitab vasitəsiylə tam yelpazədə eşitmək mümkündür.
Adil Şirinin yüksək poetik ilhamla yazılmış şeirlərini oxuduqca, şeirlərdə əks olunan Vətən sevgisi, təbiət gözəllikləri, real həyat səhnələri ilə yanaşı olaraq mistik bir çaların olduğu, şairə ilham verən nəsnələrin real olduğu qədər, eyni zamanda irreal olduğu diqqəti cəlb edir. Az qala bütün kitab boyu keçən "ay işığı" motivi Adilin şeirlərini gözəgörünməz tül pərdəyə bürüyür, şairin təsvir etdiyi gerçəkliklər sanki ay işığında görünür gözlərimizə, bu şeirlərin romantik səciyyəsini artırır, onları daha oxunaqlı, yaddaqalan edir:
Ay işığı
qaranlığın pərdəsini
aralayır səssizcə...
Bu mənzərə, ay içığından söhbət getməyəndə belə, Adilin bütün şeirlərinə hakimdir. Şairin poetik dünyası ay işığına bürünüb, onun oxucuya sunduğu həqiqətlər ay işığı tülünə bürünüb. Bəzən ay işığının yoxa çıxması qara qüvvələrin gəlişi kimi səciyyələndirilir:
Ay da yoxa çıxıb göyün üzündən,
Taleyim dönəndə, bəxtim yatanda.
Çünki, ay
içığı talismandır, qoruyucudur, şairin tale
yollarında sığındığı, tutunduğu ilahi
bir başlanğıcdır:
Mənə sirdaş olub göylərdə hilal,
Dərd diddi içimi mən ağlamadım.
Öz övladına həsr
etdiyi həmin şeirlərdə şair Ayın müqəddəsliyini
bu cürə ifadə edir:
Bədrlənmiş Aydan salam yolladım,
Mübarək Ay öpsün alnından sənin.
Ay işığı
eyni zamanda xoşbəxtliyin müjdəçisidir, xeyir
başlanğıcıdır, onun varlığı sevginin
var olması, ayrılığın isə sona
çatması deməkdir:
Bir gün bu ayrılıq sona yetəcək,
Yenə ay döyəcək pəncərəmizi...
"Səni
düşünmək" adlı şeirdə "ay
işıqlı üzün xatirimə gəldi" ifadəsi
orijinal poetik tapıntı sayılmaqla, şairin ay
işığına verdiyi intim mənanı gözlər
önündə sərgiləyir.
Adil Şirinin şeirləri
nəşəli, əhli-keyf şerlər deyil, kədər
motovi demək olar ki, bütün şeirlərdə hiss
olunur. Lakin bu, yalançı, saxta kədər deyil,
şair oxucuya kədər sırıyıb onun
duyğularını sömürmək niyyətində deyil.
Bu kədər dərk edən, məsuliyyətli bir insanın
kədəridir, oxucunu basıb əzmir, onunçün bir
yükə çevrilmir, əksinə insanı yüngülləşdirir,
təsəlli mənbəyi olur. Şairin kədəri də
Ay işığında ilahi bir özəllik qazanıb:
Nə ömürdən qaçmaq olur,
Nə də xatirələrdən.
Ah, bu həzin gecədə
Ay kimi yalqızam mən...
Adilin, son kitabından da
göründüyü kimi, yaradıcılığına
bütövlük hakimdir. Bəzən, "şeir nədir?"
sualına cavab axtararkən: "şeir insan qəlbinin həqiqi
səsidir" ifadəsini işlədirlər. O, nədən
yazırsa yazsın və necə yazırsa yazsın, əgər
bu səs ürəkdən gəlmirsə, onu yazan insanın həqiqi,
əsl duyğularını ifadə etmirsə heç bir dəyəri
olmayacaq. Şair müasir nəzəri priyomlardan istifadə edə
bilər, söz oynatmaq, cinas tutmaq, qafiyə qondarmaq qabiliyyəti
hamıdan yüksək ola bilər, lakin bütün bunlar
boğazdan yuxarı edilərsə heç bir mənası və
təsiri olmayacaq. Adilin şeirlərində bəzən qafiyələr
pozulur, heca bölgülərinə əməl olunmur -
şairin üslubu belədir, o, yersiz qafiyə və ritm
yaratmaqla öz ürək sözünə "qafiyə, hec
xatirinə yazılmış" səciyyəsi
qazandırmaq istəmir, qəsdən, bilərəkdən
vaxtı keçmiş bu ədəbi kanonlardan imtina edir.
Adilin öz poetik axtarışlarında səmimi olması, səsinə yalan notlarını qarışdırmaması müasir Azərbaycan poeziyasında ən nadir bir keyfiyyətdir deyə bilərik. Başqa boğazlarla havacatlar oxumaq, öz nəfəsi olmamaq günümüzün bədii məhsullarında ən yayğın olan haldır. Zahirən hər kəs şeir yazır, əsl olanla saxta olanlar arasında fərqləri aşkara çıxartmaq bəzən çox dərin müşahidə tələb edir. Şübhəsiz, ən etibarlı redaktor, əlahəzrət Zaman ən nəhayət hər şeyi yerbə-yer edəcək. Bu mənada, Adilin şeirlərinə gələcəyin şeirləri demək olar, çünki həssas insan ürəyindən süzülüb gələn bu şeirlərin əsl dəyərinin üzə çıxması üçün bəzən bir neçə onilliyə ehtiyac olur. Bu mənada Adilin şeirlərini, onun öz üslubu ilə desək, Ayın görünməyən tərəfi adlandırmaq olar.
Məhəmməd Salur
Ədalət.- 2009.- 31 yanvar.- S. 19.