HEÇ AĞLIMA GƏLMƏYİB

 

  Sənə şirin söz demək,  

  Üzümə xoş baxmasan.  

  Səndən küsmək, incimək  

  Heç ağlıma gəlməyib.

  

   Gülüm, səni izləmək,  

   Səni izlədiyimi  

   Dostlarımdan gizləmək  

   Heç ağlıma gəlməyib.

  

   Gözlərin gözəlmiş,  

   Boy-buxunun elə bil  

   Arzulardan düzəlmiş -   

   Heç ağlıma gəlməyib.

     

   Qonşum nazlı yar imiş,  

   Hələ tay-tuşlarımdan  

   Rəqibim var imiş -   

   Heç ağlıma gəlməyib.  

  

     ***

    Ölüm-dirim arası -   

   Günün ağı, qarası.  

   Ömrün ən xoş anları,  

   Ən acı macərası

   Cəmi ikicə addım.

   

   Mən hara, ölüm hara,  

   Ömür səpdim yollara.  

   Çətin yollar keçmişəm -   

   Beşiyimdən məzara.  

   Cəmi ikicə addım.

     

   Dərə aşdım, dağ aşdım,  

   Yer üzünü dolaşdım.  

   Ömrümü girov qoyub   

   İnsanlara yol açdım -   

   Cəmi ikicə addım.

  

  

      GÖZƏL DƏRD    

  

   Məhəbbətdə taleyin öz nuru var,  

   Gözəl arzu, saf niyyətdi məhəbbət,  

   Var-dövləti neyləyirsən, bəxtəvər,  

   Tükənməyən var-dövlətdi məhəbbət.  

  

   Vurulursan, adın çıxır yadından,

    Həzz alırsan alovundan, odundan.

  

   Doymaq olmur ağrısının dadından,  

   Şirin-acı həqiqətdir məhəbbət!

     

   Sevirsənsə bilinəcək, gizləmə,  

   Heç kəsdən kömək, vəfa gözləmə.  

   Sən alçalma, kölgə olub izləmə.  

   Öz-özünə sədaqətdi məhəbbət.

        

   Yanırsan yan, tüstülənmə, alışma,  

   Öz sevgini kimə gəldi danışma.  

   Bu bəladan sağalmağa çalışma,  

   Haqdan gələn gözəl dərddi məhəbbət.

      

 

   QADIN

   

   Həmişə arzudu, bahardı qadın.  

   Qadın gözəlliyi daşqındı, daşar.  

   Bir nəğmədi qadın, küləkdi qadın,  

   Baharda hər bəndi-bərəni aşar.

     

   Gözəl ruhumuza salıb yanğını,  

   Dinc dura bilmirəm bu yaşımda mən.  

   Subay oğlanların azadlığını,  

   Qızlar bir baxışla alır əlindən.

     

   Boylanın dünyaya, baxın yollara,  

   Açarı sizdədi göylərin, yerin.  

   Sizə and verirəm gözəl bahara,  

   Qadınlar bizə azadlıq Verin.  

     

 

   GÖRƏNDƏ... GÖRMƏYƏNDƏ...

  

   Səni görməyəydim mən fağır, təki, -   

   Səni görən yazıq, görməyən yazıq.  

   Görməyən dünyada görübdürki,  

   Görən çəkmişəm bilir mən yazıq.

     

   Desəm ki, mənim ol, el mənə gülər,  

   Deyirlər, get otur qafiyə tap yaz.  

   Bütün yer üzündə qalan dəvələr  

   O qızın nazını çəkib aparmaz.

     

   Əl göydən üzülüb, ayaq da yerdən.  

   Görüb öz başıma açmışam, .  

   "Kaş ki, görməyəydim" desəm hərdən,  

   Onu görməyincə mən heç nəyəmmiş...

     

 

   SƏNSİZ    

  

   Sənsiz üşüyürəm türyan istidə,  

   Sənsiz söhbətlərdə yersiz sözəm mən.

  

   Bəzən haylı-küylü bir məclisdə   

   Qəribəm, tənhayam, kimsəsizəm mən.

     

   Mənə bir ömürdür bir anlığın da  

   Çağırsan qəbirdə dayanmaram mən.  

   Uyusam gözünün qaranlığında  

   Yeddi günəş yansa oyanmaram mən.

     

   Bilsəm ki, sevirsən, sonsuz səhrada  

   Ulduzsuz gecədə, mən tək deyiləm,   

   Sənsiz biganəyəm, tanışa, yada,  

   Sənsiz özümə gərək deyiləm.

     

   Dostlar qayğısıyla neyləsin buna,  

   Kollektiv neyləsin, yalqızam, yalqız.  

   Mənim ürəyimin tənhalığına   

   Neyləsin həmkarlar təşkilatımız.

     

 

   BALALARIMA  

    

   Ağlama, balam, ağlama,  

   Bu dünya düzələn deyil.  

   Ağlama, balam, ağlama,  

   Gedənləri gələn deyil.

     

   Demə ki, "var", deynən "vardı".  

   Ömür köç gedən yollardı.  

   Getdi borcunu qaytardı,  

   Öldü bir ölən deyil,  

   Ağlama, balam, ağlama,

     

   Heç bura da gəlməz hər gün,  

   Sağ ol, yada salıb gəldin.  

   Sən ağladın, ya da güldün,  

   Atan burda bilən deyil,  

   Ağlama, balam, ağlama,

   

   Vüqarlı gəz bundan belə,  

   İnsanlarla ver əl-ələ,  

   Heç bir ölü dirilərlə  

   Qalxıb dərd-sər bölən deyil,

   Ağlama, balam, ağlama,

     

 

   A DÜNYA!

     

   Öz urvam var, öz unum var,  

   Ələyimi ələyirəm.  

   Seyrəldikcə dost-tanışlar  

   Mən yır-yığış eləyirəm,  

   A dünya, sənə yaxşı yol.

  

  

  

   Qaralır köz, sönür ocaq,  

   Gözü örtür göz üstə qaş.  

   Mən düşəsi dayanacaq.  

   Yaxınlaşır yavaş-yavaş,  

   A dünya, sənə yaxşı yol.

     

   Mənim çox az görüşüm var,  

   Salam verəm, ya verməyəm,  

   Yolüstü bir az işim var,  

   Vaxt ola görəm, görməyəm.  

   A dünya, sənə yaxşı yol.

     

   Qılıncımı qına qoyub,   

   Kəhərimdən mən düşmüşəm.  

   Çox şeylərdən gözüm doyub  

   Yerişimi dəyişmişəm.  

   A dünya, sənə yaxşı yol.

     

   Son baxışım səni öpər,  

   Sənə duadır son sözüm.  

   Nəğməmi özünlə apar,  

   Uğur olsun canım, gözüm,  

   A dünya, sənə yaxşı yol.

     

 

   KEÇİB GEDƏCƏK

  

   Dünyanın işləri keçib gedəcək,  

   Hər şeyi sahmana salacaq həyat.  

   Yerin allahları köçüb gedəcək,  

   Qalacaq insanlar, qalacaq həyat.

    

   Xatirə çalacaq qaynar sazında,  

   Buludlar göylərdə göllənəcəklər.  

   Ağaclar torpaqla göy arasında  

   Yaşıl tellər kimi dillənəcəklər.

     

   Ölən gözəlliklər, ölən gözəllər  

   Təzədən yaranar, sevilər yenə.  

   İnsanlar yenə vüsal gəzərlər,  

   Həsrət apararlar mənzillərinə.

     

   Bulaqlar qaynayar qədim illərdən,  

   Uzaq əsrlərdən küləklər əsər.  

   Min ilin tanışı rastlaşar hərdən,  

   Hərəsi bir yana yenə tələsər.

     

   Yenə güləşərlər - "görək kim haqdı",  

   Torpağa qoyular asılan, asan.  

   Yenə xoşbəxtlik axtaracaqdı  

   Dünyanın ən xoşbəxt canlısı insan.

 

 

Fikrət Qoca 

 

Ədalət.- 2009.- 31 yanvar.- S. 20.