“Atamın ömrü boyu yazı masası
olmadı”
“Aydın yol” qəzetinin “Tanınmışların övladları” rubrikasında respublikanın tanınmış şəxslərinin övladları öz valideynləri haqqında danışır. Bu dəfə mərhum şair-rəssam Adil Mirseyidin qızı Ayan Mirseyid atası haqqında acılı-şirinli xatirələrini bölüşür. O, bu gün də atası ilə, yuxularda da olsa, görüşür. Onun və ailəsinin Adil Mirseyidə böyük ehtiyac duyduğu anda şair onları gözlətmir. Sevincli günlərində gülümsər, kədərli günlərində qəmgin baxışlarla yuxularına gəlir:
Yuxuda görüş, yaxud gülümsəyən ruh
-
Saqqalından damla-damla nur süzülən atamın
yoxluğu, təbii ki, mən və ailəsi üçün
çox çətindi. Atam bizi tez tərk etdi. Çətinliklərlə
üzləşəndə ona daha çox ehtiyac duyuram;
ağlayıram, dualar edib ruhundan kömək istəyirəm. Ruhun gücü sınırsızdı, tükənməzdi.
İnsanın ölümündən sonra maddi
varlığı – cismi bizi tərk edir, amma onun gerçək
mahiyyəti əbədi və güclü olan ruhdur.
İnanın, Adil Mirseyiddən, onun əbədi və
güclü ruhundan hər gün kömək, güc-qüvvət,
xeyir-dua istəyirəm. Hər an atamın yeri hiss olunur, hara
baxıramsa, onu görürəm. Təsəvvür
edin, xəstə olan zaman atam da yuxuma xəstə halı ilə
gəlir. Özümü yaxşı hiss edib
sağaldıqda, yuxuma qonaq gəlib sevinc içində
gülümsəyir. Adil Mirseyid adına
bir iş görəndə, mütləq həmin gün mənə
gülümsəyər, yuxuda da olsa...
Yağışın
apardığı adam
Ömrünün
sonuna qədər çətinliklərin, problemlərin məngənəsində
qalan Adil Mirseyid üçün həm şeir yazmaq, həm də
rəsm çəkmək, bir növ, ağrılarından
müvəqqəti də olsa, uzaqlaşmaq, necə deyərlər,
öz xəyallarına baş vurmaq idi. Möhtəşəm
Parisi bir anlıq kiçilmiş şəkildə
yağış damlasının içində təsəvvür
edək, bax, Adil Mirseyidin də xəyalları o cür idi.
Ayanın sözlərinə görə,
yağışın Adil Mirseyid üçün gətirdiyi
xəyalları elə həmin yağış da yuyub
aparırmış...
- Sabah yağacaq
yağış Adil Mirseyidin pəncərəsini bu gündən
döyərdi... Xüsusən,
yağışlı axşamların melanxolik qüssəsi
onun ruhuna çox yaxın idi. Bəli,
yağışlı havaları, bir də yağış səsini
öz səsindən çox sevərdi. Saatlarla
yağışı izlərdi, çətirsiz və
papaqsız gəzintiyə çıxardı. Narahat qalardım ki, soyuq olar, xəstələnər.
“Yasəmən qoxulu may yağışları”, “Yağmurlar
mövsümündə”, “Yağış xalçası”,
“Yağış motivi” – bunlar atamın yağışa ithaf
etdiyi şeirlərin bir neçəsidir.
Olmayan
yazı masasında yazılanlar
Xəyalları yuyulub getsə də, o, yorulmadan
yazırdı.
Özü də, olmayan yazı masasında “yazırdı”... Bu gün Adil Mirseyiddən nə oxuyuruqsa, həmin
yazı masasının yoxluğuna borcluyuq. Kim bilir, bəlkə
də, o yazı masası olsaydı, Adil Mirseyidin şeirləri
belə təbii alınmazdı:
- Adil
Mirseyid azad adam idi. Atam
üçün yazmaq, rəsm çəkmək çətin
deyildi. Üzərində hər zaman qələm-kağız
olardı. Elektrik qatarını çox
sevərdi, Buzovnada yaşayanda işə onunla gedib-gələrdi.
Yolboyu mütləq nələrsə yazardı,
qeydlər aparardı. Hətta
yastığının altına belə qələm-kağız
qoyardı. Bəzən gecələr
oyanaraq, nələrisə qeyd edib yenidən yatardı.
Mətbəxdə işləməyi, yazanda, rəsm
çəkəndə şirniyyatla çay içməyi
çox sevərdi. İnanın, səmimi deyirəm, bir gecəyə
bir-iki ayın işini görərdi. Şam
işığında işləməyi, bir də tuşla,
peroyla yazı yazmağı xoşlayardı.
Bəli, onun yazı masası yox idi. Amma çox istəyərdim,
onun da hamı kimi, emalatxanası və yazı masası olsun,
olmadı...
Bir
“kitab”ın sonu
Olmadı...
Və şair ömrünün sonunda xəstəliklə
mübarizə aparanda həmin olmayan yazı masası hər
saniyə gəlib onun gözlərinin önündə
dayanaraq, yazmaq gücündə olmayan şairin
ağrılarını daha da artırdı. Elə bu
yerdə, qızı Ayana bir sual ünvanlayırıq:
ömrünün sonunda xəstə ikən yaza bilməmək
onun üçün nə dərəcədə ağır idi ?
-
Sualınıza atamın sözləriylə cavab verim: “bu
dünyada, bu gözəlim dünyada yazmaq istərdim, amma
dilimin ucuna “fani dünya” kəlməsi gəlir”. Bəli, bu fani dünyada pərvanətək
özünü yanan çırağın atəşinə
atan, qədərini öpüb gözü üstünə
qoyan aşiqlərin üz-gözündən Haqqdan gələn
bir xəfif işıq sayrışır. Adil Mirseyid 2011-ci ildən ağır qaraciyər xəstəliyindən
əziyyət çəkirdi. 2014-cü
ilin iyun ayına kimi, yəni ömrünün son bir ayına
qədər yazı yazdı, rəsm çəkdi. Son bir ayı isə xəstəxanada reanimasiya
şöbəsində yatdı. Həmin
dövrdə heç nə yaza bilmədi. Bir ay öncəyə qədər – onun “Ekspress” qəzetindəki
“Art ekspress” səhifəsi var idi – hər həftənin şənbə
günləri esseləri yayımlanırdı.
Ömrünü, canını yazıya verən adam üçün, əlbəttə, yaza
bilməmək çox ağır idi. Xəstəxanada
qısa bir müddətdə özünü yaxşı hiss
edən zaman onu normal şöbəyə – palataya
köçürdülər. Dost-tanışları
ziyarətinə gəldi. Xəstəxanaya
kitablarından aparmışdıq. Bir nəfərə
kitab imzalamalı idi, təsəvvür edin, əli qələm
tuta bilmədi, üzümə baxdı, məndən kömək
istədi... Çox kədərli,
ağrılı idi, ürəyim parçalanırdı.
Rafiq Həşimovla
Səlim Babullaoğlu ziyarətinə gəlmişdilər -
sağ olsunlar, tez-tez atama baş çəkərdilər, onu
tək qoymazdılar – söhbət əsnasında, atam Səlim
müəllimə Nazim Hikmətdən bir misra dedi: ”sonu xoşbəxtliklə bitən kitablar
yollayın mənə....” Vəziyyəti
ağırlaşandan sonra yenidən reanimasiyaya
köçürdülər. Öləcəyini bilirdi
- anama demişdi bunu – odur ki, təkidlə evə
aparılmasını istədi, biz də gətirdik... Amma
bizimlə heç iki gün yaşaya bilmədi: 63
yaşında əbədi yuxuya getdi. Hə, Elmin, böyük
şairlərin taleyi, sonu xoşbəxtliklə bitən
kitablara bənzəmir...
Şairin qızı onun xəstəliyindən,
ömrünün sonunda yaşadığı
ağrılardan danışanda sanki o günləri yenidən
yaşayır.
Lakin danışır, nə qədər çətin olsa
da, Adil Mirseyid ömrünün son akkordlarını bizim
üçün səsləndirir:
- Öz
problemi və ehtiyacları barədə axıra qədər
heç kəsə demədi. Onun xarakteri tamam
başqa idi. Hərdən elə olurdu ki, dərmanlara-filana
pul lazım olurdu. Amma atam dostlarının
heç birinə bu barədə demirdi. 2011-ci ildə təsadüf
nəticəsində xəstəliyini öyrəndik:
atamın həmişə mədəsi
ağrıyırdı deyə, həkimə getdik, UZİ
aparatından çıxdıqdan sonra sağalmaz xəstəliyə
düçar olduğunu bildik. Xoşbəxtlikdən çox
gəlirli bir iş götürmüşdü, bu səbəbdən
müəyyən qədər vəsait olsa da, çox
bahalı xəstəlik olduğundan, məbləğ yetmədi.
Daha sonra rayondakı dədə-baba evimizi
satdıq. 2011-ci ilin dekabrında ilk fərdi
sərgisi keçirildi. Elə sərginin
pulları da o müalicəyə getdi. Xəstələnəndən
sonra dostları tez-tez baş çəkirdilər. Hər gün gecə saat 12-yə qədər evimiz
adamla dolu olardı. Onu xəstəxanaya
yatıranda isə artıq çox gec idi. Həkimlər deyirdilər ki, bu, artıq
finaldır, amma nə qədər davam edəcəyi bilinmir.
Mən də hər gün onlarla buna görə
dalaşırdım, aqibətlə barışmırdım,
final olduğunu qəbul etmək istəmirdim. Onlar hər “final” dedikcə, mən
ağlayırdım. Sonra infarkt
keçirdi, xəstəxananın dəhlizinə
çöküb o qədər ağladım ki, bir neçə
həkim məni sakitləşdirə bilmirdi.
Atamdan sonra bu evə heç cürə qayıda
bilmirdim. Ömrünün son gecəsi nə təhər
qışqırdımsa, beynimdə ağrı yarandı.
Həmin gecə üç təcili yardım gəldi
– ikisi atama, biri mənə. Elə son gecə
yaxın dostlarının hamısı özünü
çatdırdı. Morfi axtarıldı,
tapılmadı. Allah sanki özü bir
ağrıkəsiciylə onu yatırtdı. Elə yatdı ki, xorhaxor, sən demə, o son
xırıltı imiş. O səs hələ də
qulağımdan getmir.
Parisdən
vəfalı Ləki...
Şair
Əlisəmid Kür Adil Mirseyidin vəfatı ilə
bağlı şeirində yazır:
“Parisə
gedən qatarlara
bilet
satılmır Ləki vağzalında,
Qəbiristanlığında yer tapılır qərib
şairinə.
Bir bax,
bir az
aralıda
sevdiyin əncir
ağacı əl uzadıb
başdaşına...
Bir az aralıda
ana qəbri
– vəfalı,
qardaş
qəbri – aralı.
İnanmırdın,
inanmazdın,
Bakı –
Parisdən,
Ləki –
Bakıdan vəfalı...
Bu gün
də, elə indinin indisində də Adil Mirseyidin ruhu dəfn
olunduğu Ləki torpağından Parisə boylanır –
yağış damlasında gizlənən Parisə...
Amma o yağış da, o Paris də Adil Mirseyid
üçün ana torpaq qədər əziz olmadı. Sonda yenidən
qızını dinləyək:
- Xəyallarının
ölkəsi Fransa, röyalarının şəhəri Paris
idi. Adil Mirseyidə elə gəlirdi ki, əvvəlki
həyatında Fransada doğulub. Atamın öz sözlərilə
sualınıza cavab verəcəm: “Qərbdə – Fransada,
İtaliyada və ya İspaniyada doğulsaydım, həyatımı
bütünlüklə təsviri sənətə həsr edərdim.
Uca Tanrım mənim ruhumu Şərqə
göndərdi, göbəyim bu torpaqda basdırıldı.
Tale məni hara atsa, yenə vətənə, məzarım
olacaq torpağa döndüm”.
Hər
zaman “Mən şərqliyəm” deyərdi: “Şərqdə
forma ruhi dünyanın örtüyüdür. Şərqli
sənətkar rəmzlər vasitəsilə
düşünür – ornamentlərimiz bunun əyani
sübutudur. Şərq sənəti
insanın ruhi dünyasını formalaşdırır.
Bu mənada mənim Pikasso ilə dialoqum uzun illərdi
davam edir. Mən özümü avropalı kimi hiss etmirəm
– mən şərqliyəm. Şərqliyəm,
Şərq isə miniatürdür. Miniatür
isə sözdür, poeziyadır”.
Belə
bir xatirə də danışırdı: “Bir axşam, 6-7
yaşlarında nənəmlə qohumumuzgildən gəlirdik.
Yoldan gözəl bir qəlyan tapdım. Nənəm
qəlyanı mənə verdi, dedi ki, gizlət,
heç kimə göstərmə, böyüyəndə
çəkərsən, kişi qəlyan çəkər”.
2005-ci ildə “Yuğ” teatrında “Vernisaj”
kitabının təqdimatı keçirildi. Dostu Eyvaz
Əlləzoğlu atama tədbirdə bir qəlyan
bağışlamışdı. Eyvaz Əlləzoğlunun
vəfatından sonra atam bir də qəlyan çəkmədi...
Elmin NURİ
Aydın yol.-2016.-10 dekabr.-S.6.