“Rəşid Behbudov. Biblioqrafiya” kitabının təqdimatı keçirilib

 

Dekabrın 9-da M.F.Axundzadə adına Milli Kitabxanada SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudova həsr olunmuş fotoalbomun və “Rəşid Behbudov. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları kitabxananın foyesində sənətkar haqqında yazılmış kitablar, dövri mətbuat materialları, müğənninin səsyazmalarından ibarət vallardan, CD disklərdən ibarət sərgiyə baxıblar və Rəşid Behbudovla bağlı 6 dəqiqəlik qısa film nümayiş olunub.

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Rəşid Behbudovun Azərbaycan musiqi mədəniyyəti tarixində öz dəst-xətti olduğunu bildirib. Milli Kitabxananın nəşri olan biblioqrafiyadan söz açaraq deyib ki, nəşrdə R.Behbudov barədə rəsmi sənədlər, sənətkarın əsərləri, həyat və yaradıcılığı haqqında kitablar, dövri mətbuatda və məcmuələrdə çap olunan məqalələr yer alıb.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev dünya şöhrətli müğənninin anadan olmasının 100 illiyi ilə bağlı keçirilən silsilə tədbirlərdən danışıb. R.Behbudovun hər mahnının arxasında bir obraz yaradan əsl sənətkar olaraq dünyanın ən məşhur teatr səhnələri və konsert salonlarındakı rəngarəng repertuarlı saysız çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırdığını bildirib.

Nazir müavini qeyd edib ki, ən böyük hadisələrdən biri sənətkarın adını daşıyan Dövlət Mahnı Teatrının önündə Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə Xalq Rəssamı Fuad Salayevin müəllifi olduğu Rəşid Behbudovun möhtəşəm abidəsinin ucaldılması olub.

Nazir müavini vurğulayıb ki, bir neçə gün sonra - dekabrın 14-də Heydər Əliyev Sarayında R.Behbudovun 100 illiyinə həsr edilmiş təntənəli tədbir keçiriləcək.

R.Behbudovun özünəməxsus ifaçılıq tərzindən, həzin lirizm çalarlı ecazkar səsə malik sənətkar olmasından söz açan natiq onun yaradıcılığı boyu sənət aləminə gətirdiyi yeniliklərlə milli musiqi salnaməmizi zənginləşdirdiyini bildirib.

Diqqətə çatdırılıb ki, bu gün Milli Kitabxanada R.Behbudova həsr edilmiş fotoalbomunonun yaradıcılığının kiçik bir hissəsini özündə əks etdirən SD diskin təqdimatı ona olan ümumxalq məhəbbətinin təzahürüdür.

Rəşid Behbudovu xoşbəxt sənətkar adlandıran Ə.Vəliyev deyib ki, onun ifaları, qoyub getdiyi zəngin irs hər gün yenidən səslənir, təbliğ edilir. Bu, bir daha onu göstərir ki, Rəşid Behbudov kimi böyük sənətkarlar heç vaxt unudulmur, yaddan çıxmır.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, Xalq Artisti Mübariz Tağıyev, saksofon ifaçısı, Əməkdar İncəsənət Xadimi Rafiq Seyidzadə və başqaları Rəşid Behbudovla bağlı xoş xatirələrini bölüşüblər.

Sonda müğənninin ailəsi adından Kamil Şahverdiyev Mədəniyyət və Turizm Nazirliyinə, Milli Kitabxananın əməkdaşlarına və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

 

Aydın yol.-2016.-10 dekabr.-S.3.