Elbəy Rzaquliyevin sənət
dünyası
Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, professional kino rəssamı, yaradıcılığında kino rəssamlığı, rəngkarlıq və qrafika sahələrinin özəlliklərini və incəliklərini xüsusi məharətlə birləşdirməyi və kamil sənət nümunələri yaratmağı bacaran rəssam barədə söz açmaq istəyirik. Bu şəxs Azərbaycanın Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyevdir (1926-2007).
Elbəy Rzaquliyev 1926-cı ildə Bakı şəhərində anadan olub. Atasının sənət adamları ilə tanışlığı və münasibətləri balaca Elbəydə lap kiçik yaşlarından bu sahəyə xüsusı maraq oyadıb. E.Rzaquliyev 1946-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra təhsilini Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib (1946-1953). Orada dövrünün tanınmış rəssamları və pedaqoqları olan Q.Şeqal, F.Pimenov, M.Boqdanov və A.Dixtiyardan kino rəssamlığı sənətinin incəliklərini öyrənib. Təhsilini başa vurub Vətənə dönən gənc rəssam 1953-cü ildən başlayaraq C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb. Rəssam həmçinin ictimai sahədə də çalışıb. Belə ki, o, Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinin katibi vəzifəsinə seçilərək, on ildən artıq (1977-1987-ci illər) bu vəzifədə çalışıb.
Rəssamın çoxşaxəli yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, rəssam Əməkdar incəsənət xadimi (1964) və Xalq rəssamı (1977) fəxri adlarına, eləcə də SSRİ Rəssamlıq Akademiyasının diplomu (1974), Dövlət Mükafatı (1986) və müstəqillik illərində Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeninə (1998) layiq görülüb.
E.Rzaquliyevin yaratdığı sənət tabloları bir çox muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Onun 1960-cı ildə “Meksikada” ad altında Bakıda və Moskvada, 1965-cı ildə “Şərq ölkələrində” adında Bakıda və Moskvada, 1967-ci ildə Moskvada və Kaunasda, 1989-cu ildə Moskvada, 2006-cı ildə isə Bakıda fərdi sərgiləri təşkil olunub. Rəssam dəfələrlə xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub: Meksika (1959), Rumıniya, İtaliya (1960), Hindistan, Tailand, Yaponiya (1962), ABŞ (1963), Türkiyə, Suriya, Yəmən, Küveyt, İordaniya (1965), Hindistan (1978), İsveçrə (1980), Nepal (1983), Lüksemburq (1984), Almaniya (1995) və s.
İstedadlı kino rəssamı kimi E.Rzaquliyev bir çox filmlərə bədii quruluş verib, obrazların geyim eskizlərini hazırlayıb. Nə qədər qəribə görünsə də, indi də sevə-sevə izlədiyimiz bədii filmləri seyr edən tamaşaçı, nədənsə, həmin filmlərin daha gözəl baxılması, filmin süjet xəttinin açılmasına xidmət edən məkanın seçilməsi və ya hazırlanması, eləcə də obrazların filmin ideya qayəsi ilə səsləşən geyim eskizləri və s. cəhətdən dolğun alınmasında gərgin rəssamların əməyinə bir o qədər də qiymət vermir. Təbii ki, E.Rzaquliyev ilk öncə kino rəssamı idi və onun əsasən bədii filmlərdəki yaradıcılıq uğurları və bir çox filmlərə vermiş olduğu bədii quruluş həlli rəssamın hərtərəfli elmi-bədii yaradıcılıq potensialına və güclü yaradıcılıq dünyasına malik olmasından irəli gəlirdi.
Rəssamın, üzərində çalışdığı filmlər sırasında “Onun böyük ürəyi” (1958), Ögey ana” (1958) (Məmməd Hüseynovla birgə), “Telefonçu qız” (1962), “Möcüzələr adası” (1963), “Arşın mal alan” (1965), “Uşaqlığın son gecəsi” (1968), “Sevil” (1970), “Fitnə” (1970), “Gün keçdi” (1971), “Skripkanın sərgüzəşti” (1972), “Sözsüz mahnı” (1972), “Dənizə çıxmaq qorxuludur” (1973),
“Bakıda küləklər əsir” (1974), “Tütək səsi” (1975), “Arxadan vurulan zərbə” (1977), “Vulkana doğru” (1977), “Yarımçıq qalmış mahnı” (1979), “Onun bəlalı sevgisi” (1980), “Musiqi müəllimi” (1983) və eləcə də başqa müəlliflərlə müştərək çalışdığı digər filmləri qeyd etmək olar.
E.Rzaquliyev kino rəssamlığı ilə bərabər, zövqümüzü oxşayan çoxsaylı rəngkarlıq və qrafika nümunələri yaradıb. Rəssamın əsərlərinin bir çoxu ideoloji mövzuda olsa da, həmin əsərlər texniki işlənilmə xüsusiyyətləri və ustalıq baxımından bu gün də sənət nümunəsi kimi qəbul edilir. Bununla bərabər, E.Rzaquliyevin Abşerona həsr etdiyi əsərləri də bədii təhlil və sənətkarlıq nöqteyi nəzərindən yüksək qiymətə layiqdir. Rəssamın rəngkarlıq əsərlərinə misal olaraq, “Şirvanşahlar sarayı” (1972), “Mavi eyvan” (1974), “Bakıda qədim küçə” (1974), “Abşeronda” (1974), “Abşeronda qədim hamam” (1974), “Abşeron” (1975),
“Üzeyir Hacıbəylinin dünyası” (1976), “Mirzə Ələkbər Sabir” (1977), “Novruz bayramı” (1987), “Adsız” (1991) və s. qeyd etmək olar.
E.Rzaquliyev İçərişəhərdə dünyaya göz açmış, Abşeronda böyüyüb, boya-başa çatmışdı. Yaddaşına hopmuş İçərişəhərin nostalji xatirələri və Abşeron təbiətinin füsunkar mənzərələri rəssamın yaradıcılığından qırmızı xətt kimi keçir. Hətta rəssam natürmortlarında da bu incəlikləri xüsusi məhəbbətlə tərənnüm edib. Onun yaradıcılığında natürmort janrı xüsusi yer tutur. Buna misal kimi “Qumlar fonunda kuzə” (1977), “Qırmızı və ağ qızılgüllər” (1978), “Ağ qızılgüllər” (1978), “Qərənfillər” (1978), “Bənövşələr və qərənfillər” (1978), “Şərq natürmortu” (1983), “Şərq silahları” (1985), “Qızılgüllər” (1986) və başqalarını göstərmək olar.
E.Razaquliyevin əsərləri dünyanın bir çox ölkələrində əsl sənət nümunəsi kimi qəbul edilir. Qeyd etdiyimiz kimi o, yaradıcılıq ezamiyyətlərində olmuş və səfərlərinin nəticəsi olaraq rəsmlər, eskizlər, etüdlərlə Vətənə dönərək sonradan təəssüratları nəticəsində tamaşaçı və sənətsevərlərin yüksək marağına səbəb olan sənət nümunələri yaratmışdır. Rəssam səfər etdiyi ölkənin mədəniyyətini dərindən müşahidə edərək, həmin ölkənin rəssamlıq sənətinin ənənələrinə uyğun sənət inciləri yaratmağa çalışmışdır. Rəssamın “Meksika silsiləsindən” (1959-1960) “Meksikalı qızlar” “Meksikalı”, “Meydanda”, “Meksikalılar kilsə önündə”, “Meksika insanları”, “Ərəb silsiləsindən” (1965-1966) – “Məscid”, “Yəmənli əsgər”, “Suriyada kənd”, “Ömər məsçidi önündə”, “Qırmızı çalmalı ərəb”, “Ədəndə səhər namazı”, “Yerusəlimdə məsçid”, “Hindistan silsiləsindən” (1977-1978) – “Hindistan memarlıq abidəsi”, “Dehli”, “Tac-Mahal”, “Yaponiya silsiləsindən” (1695) – “Fudzyama dağı”, “Atelyedə”, “Çətirlər. Nikkedə yağış” və s. rəngkarlıq və qarafika əsərlərini göstərmək olar. Sadalanan əsərlərin hər biri yüksək bədii estetik mahiyyəti, texniki işlənilmə xüsusiyyətləri və mükəmməlliyi ilə nəzər-diqqəti cəlb edir.
Əsəd
QULİYEV
sənətşünas
Aydın yol.-2016.-5 noyabr.-S.7.