Müharibə dövrünün
kinosu
«Sosializm quruculuğunu başa
çatdırmaq və tədricən kommunizmə keçmək»
əzmində olan SSRİ yaxınlaşan müharibə təhlükəsindən
yaxasını qurtara bilmədi.
Müharibə
ərəfəsində Azərbaycan mədəniyyətinin,
eləcə də kinosunun başlıca
qayğılarından biri ölkəmiqyaslı əlamətdar
hadisəyə – böyük şair və mütəfəkkir
Nizaminin anadan olmasının 800 illik yubileyinə
hazırlıq idi. 1939-cu ildə respublika rəhbərliyi səviyyəsində
tədbirlər planı hazırlanmış, Nizaminin həyat
və yaradıcılığına həsr olunmuş bədii
və sənədli filmlərin çəkilməsi nəzərdə
tutulmuşdu. Bədii lentin ssenarisi qısa müddət ərzində
təsdiq olunmalı, 1940-cı ilin ortalarında istehsalata
buraxılmalıydı. Film üçün ədəbiyyatşünas
M.Rəfili və yazıçı M.S.Ordubadinin
yazdıqları təqdimat Bakı kinostudiyasının ssenari
şöbəsində və Xalq Komissarları Sovetinin (XKS)
İncəsənət İşləri İdarəsində
müzakirə edilmiş, təsdiq üçün Moskvaya -
SSRİ XKS yanında Kinematoqrafiya İşləri Komitəsinə
göndərilmişdi. Komitədə M.Rəfilinin təqdimatı
qəbul olunmamış, M.S.Ordubadinin təqdimatı isə
bir sıra iradlarla üzləşmişdi. Komitənin ssenari
şöbəsinin rəisi L.N.Çernyavski Bakı
kinostudiyasının direktoru Ş.Abbasova yazdığı 7
fevral 1940-cı il tarixli məktubunda göstərirdi ki,
«...yol. Rəfilinin zayavkası bir sıra səbəblərə,
tematik və istehsalat mülahizələrinə görə qəbul
olunmur. Yol. Ordubadinin zayavkası böyük maraq doğurur və
istehsalat cəhətdən daha realdır. Ona görə ki,
komitənin sədri yol. Bolşakovun göstərişinə əsasən
4-5 hissəyə sığışa bilər».
M.Rəfili
ssenarinin süjet xəttini «Nizaminin bioqrafiyasının ən
vacib mərhələsi olan faktı – «Leyli və Məcnun»
poemasının yaradılması dövrü, Nizaminin həyatının
və obrazının xarakterik cizgilərini göstərmək,
şairin feodal dünyası ilə münasibətləri,
öz vətəni və doğma xalqı ilə üzvi əlaqəsi
üzərində qurmağa» üstünlük verirdi.
Nizaminin ««Xosrov və Şirin» poemasında təsvir etdiyi Afaqa
məhəbbəti, Şirvanşahın məşuqu,
kübar qadın Məhsətinin qəddarlığı və
vəfasızlığı, şairin Gəncənin
başı üstünü almış fəlakət
zamanı xalqın vəziyyətini yüngülləşdirmək
üçün gördüyü tədbirlər» filmin
süjet xəttinin əsas faktlarını təşkil etməli
idi. M.Rəfiliyə görə, «...əsl bədii əsər
hazır sxem üzrə yazılmamalı, böyük
yaradıcı vüsətin, nəhəng humanist və vətənpərvərin,
şərəfli və məğrur insanın, şairin və
feodal despotizminə qarşı mübarizin obrazını
yaratmaq ideyasından ilham alan uzun və gərgin işin nəticəsi
olmadı idi».
Bakı
kinostudiyasının ssenari şöbəsinin məsləhətçi-redaktoru
Monoşkonun verdiyi rəydə M.S.Ordubadinin zayavkasının
böyük dramatik tarixi hadisələr fonunda Azərbaycan
xalqının xarici işğalçılara qarşı
apardığı mübarizəni düzgün
işıqlandırdığı, maraqlı və dramaturji cəhətdən
sanballı material olduğu qeyd edilir, Qətibə
obrazının həddən artıq şişirdildiyi isə
irad tutulurdu. Zayavka bədii filmin əsasını təşkil
edəcək variantlardan biri kimi qəbul edilsə də,
gerçəkləşdirilməmiş qaldı.
M.S.Ordubadinin
yazdığı «Nizami» librettosuna görkəmli şərqşünas-alim,
professor Y.Bertels də rəy vermişdi. O, ssenaridəki
faktların tarixi hadisələrlə uyğunluğunu nəzərdən
keçirmiş, çatışmazlıqları göstərmişdi.
Böyük
şair haqqında yazılmış sənədli film ssenarilərindən
biri də yazıçı A.Nəsibova məxsus idi. Müəllif
qısa panoramlar və keçidlərlə Azərbaycan,
Bakı mənzərələrini göstərməyi, Azərbaycan
xalqının nailiyyətlərini qeyd etməyi, sonra Gəncənin
xarabalıqlarında qərar tutmağı təklif edirdi.
Filmdə qoca çoban uzaq Şimaldan gəlmiş turistlərə
Nizami haqqında rəvayətlər söyləməli, onun
yaradıcılığından danışmalı, ekranda
şairin «Xosrov və Şirin», «Leyli və Məcnun» əsərlərindən
səhnələr göstərilməli idi. Finalda Nizami
dövrü ilə bağlı mədəniyyət abidələri,
muzey eksponatları, tədqiqat əsərləri və s. sərgilənməliydi.
Lakin ssenari, komissiyanın diqqətini çəkmədi.
Kinematoqrafiya
İşləri Komitəsinin və professor. Y.Bertelsin rəyi
öz rolunu oynadı – Bakı kinostudiyasının rəhbərliyi
və respublika XKS yanında İncəsənət İşləri
İdarəsi, eləcə də Nizaminin yubileyini keçirən
komitə ssenarilərin istehsalata buraxılmasını
mümkünsüz saydı. Beləliklə, Azərbaycan
kinosu 1941-ci ildə böyük şairin yubileyi münasibətilə
yalnız birhissəli sənədli filmi nümayiş etdirməklə
kifayətlənməli oldu.
Müharibənin
başlanması Azərbaycan bədii kinosunun perspektiv planlarında
da köklü dəyişikliklər etdi. 1941-ci ildə ssenari
planına salınmış mövzular əsasən hərbi-vətənpərvərlik
məsələlərinə həsr olunmuşdu. Bu filmlər
arasında XVIII əsrdə Azərbaycanın feodal
xanlıqlara parçalanmasına qarşı mübarizə
aparmış, bütün həyatını Azərbaycanın
milli birliyinə həsr etmiş, öz mübarizəsində
rus imperatriçəsi I Yekaterina və gürcü
çarı II İrakliyə arxalanmış dövlət
xadimi Fətəli xan haqqında tarixi «Fətəli xan» filmi
(ssenariçilər Ə.Məmmədxanlı və
M.Hüseyn), Sovet xalqlarının monolit birliyi və
almanların «beşinci kolon» ümidlərinin boşa
çıxması haqqında hərbi-macəra filmi –
«Görüş» (M.Təhmasib), arxa və ön cəbhələrin
mənəvi birliyi, traktorda öz sevgilisini əvəz edən
qız, onları birləşdirən daxili tellər barədə
musiqili komediya filmi olan «Solonka» (müəlliflər A.Medvedkin və
İ.Qasımov), «döyüş şəraitində
yetişən komandir» haqqında «Komandir» (müəllif
N.Leşşenko), Məşhur Azərbaycan qırıcı təyyarəçisi,
Leninqrad cəbhəsində qəhrəmanlıqla həlak
olmuş Hüseynbala Əliyevin həyat və fəaliyyətindən»
bəhs edən «İradə» (müəlliflər
İ.Qasımov və İ.Əfəndiyev), dağ müharibəsi
materialı əsasında qurulmuş «Şimal yamacda» (müəlliflər
C.Cabbarov və İ.Anisimov) adlı ekran əsərləri
olmalı idi.
1943-cü
ilin ortalarına qədər ssenariləri təhvil verilməli
olan bu mövzularda partiyanın müharibə dövründə
qarşıya qoyduğu əsas ideoloji vəzifələr
ön plana çəkilirdi. «Görüş» lentinin baş qəhrəmanı
«cəbhəyə getmiş, almanlar tərəfindən
tutulmuş, ancaq onların provokasiyalarını dəf edib,
düşmənin əlindən qurtulmuş, Qırmızı
Ordu komandanlığına faşistlərin niyyətləri
haqqında qiymətli məlumat çatdırmış azərbaycanlı
rəssam qız» idi. Filmdə qəhrəmanın
bütün ailəsi – qoca mühəndis atası, hərbi təyyarəçi
qardaşı əks etdirilməli, arxa cəbhənin təsvirinə,
cəbhəyə yeni yüksək keyfiyyətli bienzin verən
Bakı neftayırma zavodundakı fəaliyyətə geniş
yer verilməli idi.
«Solonka»
lentinin süjeti tankçı Kərimin yarı bölüb,
bir parçasını öz sevgilisinə verdiyi solonka ətrafında
baş verən gülməli anlaşılmazlıqlar üzərində
qurulmalı idi. «Komandir» filmində əvvəl istehsalı
dondurulmuş «Sovet bahadırı» lentinin materiallarından
istifadə edilməsi planlaşdırılırdı.
Kinematoqrafiya işləri Komitə tərəfindən təsdiq
olunmuş «İradə» ssenarisi bir sıra dəyişikliklər
və əlavələrdən sonra «müharibənin
doğurduğu yeni böyük hissləri, ölümə
qalib gələn iradəni» ekrana gətirməli idi.
«Şimal
yamacda» filmində dağ yolunu ələ keçirmək
üçün sovet və alman qüvvələrinin
döşündə sovet əsgərlərinin
psixologiyası və idealı əks etdiriləcəkdi.
Bu
filmlərlə yanaşı, Bakı kinostudiyası yaxın
illərdə Ü.Hacıbəyovun ölməz «Arşın
mal alan» musiqili komediyasının
ekranlaşdırılmasına hazırlıq
görürdü. Eyni zamanda, kinostudiya yazıçılar –
Əvəz
Sadıqla Hadiyət Əfəndiyevə müvafiq olaraq
«Dostluq» və «Qələbə» novellaları sifariş
vermişdi. Lakin onların cəbhəyə getmələri
üzündən bağlanmış müqavilələrə
əməl olunmamış, bu mövzular plandan
çıxarılmışdı.
Planda
nəzərdə tutulan ssenarilərin obyektiv və subyektiv səbəblər
üzündən gerçəkləşdirilməməsi Azərbaycan
K(b)P MK-nı sərt addımlar atmağa, kino istehsalına nəzarəti
daha da möhkəmləndirməyə məcbur etdi. Bakı
kinostudiyasının direktoru Ş.Abbasov qeyri-kafi işinə
görə Rəsul Rza ilə əvəzləndi.
Studiyanın bədii rəhbəri görkəmli rejissor
Q.Aleksandrov, ssenari şöbəsinin rəisi İ.Qasımov
təyin olundu.
Kinostudiyanın fəaliyyətinə ciddi diqqət edən MK Bürosu 1942-ci ilin ikinci yarısında respublikada kinematoqrafiya işinin vəziyyəti ilə bağlı xüsusi qərar qəbul etdi. Qərarda göstərilirdi ki, «son illərdə qeyri-kafi işləmiş Bakı kinostudiyası axır vaxtlar dəyərli bədii filmlər yaradılması işində buraxılmış nöqsanları aradan qaldırır. Studiyanın yenidənqurulma işlərinin kifayət qədər sürətli olmadığını qeyd edən MK bürosu «müharibə dövrünün çətinliklərinə baxmayaraq, partiya və hökumətin Azərbaycan kinematoqrafiyasının inkişafına böyük diqqət yetirdiyi bir vaxtda studiya kollektivinin istehsalat planının yerinə yetirilməsi uğrunda zəif mübarizə apardığını, rejissor, operator, aktyor kadrlarının hazırlanmasında yaradıcı heyəti möhkəmləndirmək üçün incəsənətin qarışıq sahələrindən kadrların az cəlb olunduğunu» irad tuturdu. Qərarda «həm ayrı-ayrı redaktorlar, həm də kinostudiyanın işçiləri tərəfindən ədəbi ssenari müəlliflərinə etinasız münasibətə görə yazıçıların studiyadan müəyyən qədər uşaqlaşması, bunun nəticəsində ssenari portfelinin uzun müddət boş qalması Yazıçılar İttifaqının və yazıçıların studiyanın ssenari şöbəsinə az kömək etdiyi, studiyanın zəif texniki təchizatının istehsalat vəzifələrinin yerinə yetirilməsinə və kadr hazırlığına (çəkiliş texnikasının azlığı, son günlərə qədər səsyazma cihazlarının olmaması, işıq aparatlarının çatışmaması və s.) maneçilik törətdiyi, bunun nəticəsində studiyanın bir neçə filmi eyni zamanda istehsalata buraxa bilməməsi» də qeyd olunurdu. Eyni zamanda Azərbaycan Yazıçılar İttifaqına ssenari şöbəsi ilə birlikdə (Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Sabit Rəhman, Ənvər Məmədxanlı, Mehdi Hüseyn, Mir Cəlal, Məmmədhüseyn Təhmasib, İmran Qasımov) qısa müddət ərzində yüksəksəviyyəli ssenarilər yazmaq, Azərbaycan xalqının Böyük Vətən Müharibəsi günlərində qəhrəman mübarizəsi mövzusunu quruluşla təmin etmək tapşırılırdı. Qərara görə, «direksiyanın təqdim etdiyi tematik plan, rejissor və operatorlar heyəti təsdiq olunmalı, kinostudiyanın rəhbərliyi onların reallaşdırılması üçün ciddi ölçü götürməli, 1943-cü il fevralın 1-də sovet xalqının faşist işğalçılarına qarşı mübarizəsinin siyasi vəzifələrinə cavab verən ən azı 3 yüksəksəviyyəli kinossenari yazılmalı» idi.
(Davamı gələn
sayımızda)
Nəriman
ƏBDÜLRƏHMANLI
Aydın yol.-2016.-5 noyabr.-S.9.