Sözün hikməti
Yaşadığımız gəlimli-gedimli dünyada hər şey bitib-tükənir, zamanın gah əsən, gah kəsən küləyində sovrulub vaxtın dəyirmanında üyüdülür və sona çatır, asta-asta məhvə doğru sürüklənir, yavaş-yavaş saralıb solur, xəzana dönür, arxada qalan hər şey tarixin saxlancına düşüb üst-üstə qalanır. Tükənib bitməyən, ölməyən, solmayan, həmişə təzə-tər qalan, sonu görünməyən bir şey var: SÖZ - hər şeydən uca, qüdrətli, qüvvətli, ülvi, min bir çaları və qayəsi olan SÖZ.
Əsrlərdir SÖZ öz yolundadı. Əbədi məşəl kimi insanların qəlbini işıqlandırır, mənəviyyatını durulaşdırır, ürəklərinə, qəlblərinə nur çiləyir, şəfəq saçır, hamını birləşdirir, bütövləşdirir – tamlaşdırır, insanlar arasında yol olur, körpü olur, onları bir-birilə görüşdürüb qovuşdurur. Söz insanları kamilləşdirir, əlindən tutub arxasınca aparır. Və apardığı o ünvan paklıqdır, duruluqdur, ucalıqdır...
Dünya binə olan gündən bütün millətlər, xalqlar söz danışır, söz anlayır, söz yazır, söz oxuyur, söz qoşurlar, sözdən qüvvət alırlar. Söz xəzinəsi nə azalır, nə tükənir. Çeşmə kimi qaynadıqca qaynayır, coşduqca coşur. Rəvan-rəvan axdıqca axıb ürəklərə sərinlik, sakitlik və rahatlıq gətirir. Söz ritmini pozmadan zamanın nəbzini tuta-tuta öz orbiti boyunca arın-arxayın dolanır. Baş ağrıdan çax-çaxa məhəl qoymur - öz işindədi. Ərşin tufanı, küləyi, seli, suyu söz dəyirmanının ağır daşını öz yerində, öz oxu ətrafında fırlatdıqca fırladır.
Millətlər, xalqlar var ki, indi tarixin səhnəsində yoxdu - zamanın axarında çox duruş gətirə bilməyiblər. İllər keçir, vaxt su kimi axıb gedir. O millətlərin özləri qalmasa da, dedikləri, qaya və daşlara yazdıqları sözlər gəlib bizə çatıb. Tarixin səhifələrində onlardan dərin-dərin, pozulmaz, silinməz izlər qalıb. O izlər sözlə qalıb, sözdə qalıb.
Hər sözdə bir
qüdrət, bir hikmət var.
Sözü insan yaradıb, insan yaşadıb. Yaratdıqları sözləri bizə
çatdırmaq üçün
onu daşlara həkk edib, qaya üzərinə cızıb, kağıza
köçürüb saxlayıblar.
Əvvəlcə yer, göy, planetlər, səma cisimləri, çaylar, dənizlər, okeanlar, bir sözlə, uzanıb gedən ucsuz-bucaqsız çöllər,
səhralar, başı
buludlara söykənən
uca dağlar var idi. Onlar keçmişdən
bu günə gəlib çatan çox qiymətli yadigarlar idi. Hələ insanlar yer üzünə
gəlib bu gözəl yerləri görməmişdilər. Torpağa, daşa izlər düşməmişdi. Yer
kürəsi adamlarsız
idi - yaraşıqsız
və işıqsız
idi. Torpağa, daşa, suya
bəndə ayağı
dəyməmişdi. Onda yer üzü bütöv idi, hələ ölkələrə, bölgələrə
bölünməmişdi. Tikanlı, tikansız sərhədlər
yox idi.
Tanrı hələ insanları xəlq eləməmişdi. Onda hələ
sözün xəmiri
yoğrulmamışdı. O vaxtlar hələ söz doğulmamışdı,
sonu görünməyən
yollarda idi, dayanmadan gəlirdi. Onda hələ söz yerin, göyün bətnində
yatırdı.
İllər ötdü, əsrlər keçdi, dövran dəyişdi. Ulu yaradan insanları
xəlq elədi.
Hələ söz olmadığından, söz
yaranmadığından dünyanın,
yerin ilk sakinləri olan uludan ulu
babalarımız bir-biriləriylə
danışa bilmirdilər,
bir-birilərinə alışa bilmirdilər.
Fikirlərini bir-birilərinə əlləri ilə başa salırdılar.
Onların ürəklərindən, dillərindən, boğazlarından
qarmaqarışıq, anlaşılmaz
səslər çıxırdı.
Belə anlarda sözə ehtiyac yaranırdı.
İnsanların beyni, ürəyi,
qəlbi sanki min illərin dərin yuxusundan oyanırdı.
Dünya,
aləm yavaş-yavaş
nura boyanırdı.
Yer üzünün
ilk insanının dili
açıldı. Ağlına, dilinə söz gəldi. Dünyada sözün səsi
eşidildi. Dağlar, dərələr,
okeanlar, dənizlər
bu səsə diksinib silkələndi.
Dünya
söz işığına
bələndi. SÖZ doğuldu. Onun sonsuz, həmişəyaşar
ömrü başlandı.
O vaxtdan indiyə qədər söz yaşayır, söz yaşadır, söz yol gəlir, söz yol gedir.
Sözün ömrü uzandıqca
uzanır.
Həftələr aylara, aylar illərə
döndü. Vaxt gəldi Yer
kürəsi insanlara darlıq elədi. Belə olanda onlar göyə
də əl açdılar, ayaq açdılar. Oralara da
yiyə çıxmaq
istədilər. Aya uçdular,
Marsa “qarmaq” atdılar, Yupiterə tamah saldılar. Hər şeyin ahəngi, rəngi dəyişdi.
Həyatın ritmi pozuldu.
Gül kimi sözlər, fikirlər yüz yerə yozuldu. Dünyanı uçurub, dağıdıb
yenidən bölüb-bölüşmək
istədilər. Torpaq və
sərvət üstündə
sözləri çəpləşdi,
üz-üzə gəlib
tutaşdılar. Bir-birilərinə daş atdılar, baş yardılar, qan tökdülər.
Uddular, uduzdular, qalib gəldilər, məğlub
oldular. Bir-biriləriylə söz tapıb
danışa bilmədilər.
Yumruğa, oxa, kamana, nizəyə, qılınca,
tüfəngə, avtomata,
raketə əl atdılar. Qılınclar qınından çıxdı,
qanlar töküldü,
başlar kəsildi.
Silahlar od
püskürdü, yer-göy
alışıb-yandı. İnsanların başına güllələr,
qəlpələr ələndi.
Çox
keçmədən insanlar
qayaya, daşa çevrildilər.
Döyüşdülər, vuruşdular, öldürdülər,
öldülər. Tikdikləri evləri
dağıdıb viran
qoydular. Hər şeyi
vəhşicəsinə sökdülər,
dağıdıb alt-üst
elədilər. Yalnız hər
şeydən qüdrətli
olan sözü uçura bilmədilər,
yalnız sözü yandıra bilmədilər,
yalnız sözü basdıra bilmədilər.
SÖZ zamanlara, qərinələrə sinə
gərdi. Bütün güclülərə
qalib gəldi, hökmdarlara, fatehlərə
meydan oxudu. Hər şeydən uca olan SÖZ zaman-zaman igidlikdən, qəhrəmanlıqdan
dastanlar toxudu. Ötüb keçənlərdən bizlərə
sözdən başqa
yadigar qalmadı.
Ondan başqa, qiymətli heç nə olmadı. Ən uzunömürlü SÖZ oldu. Sönmədən yandı, yanar
ocaqlara köz oldu. İlahi SÖZ zaman-zaman, misra-misra, sətir-sətir
ürəyimizə axdı,
qanana kəlam oldu, qanmazı yandırıb-yaxdı. Sözün yaşının
neçə olduğunu
bilən varmı?
SÖZ zamanın, vaxtın
aşırımlarından, dolaylarından, süzgəcindən
keçib süzülə-süzülə,
dupduru durulaşıb
bu gunumuzə qədər gəlib. Bu gün bizimlə yolyoldaşıdı, can sirdaşıdı,
qan qardaşıdı.
Hələlik bir yerdə
addımlayırıq, yanaşı
gedib, yanaşı gəlirik. Amma bu yoldaşlığın,
dostluğun ömrü
uzun çəkməyəcək.
Sabah, birisigün yaşa dolub qocalacağıq, axıra
qədər gedə bilməyəcəyik, yarı
yolda qalacağıq.
Son mənzilə çatanda dayanacağıq.
Vaxt olacaq, bəlkə də, heç addım ata bilməyəcəyik. SÖZ
isə öz yoluna davam edib
sabahlara gedəcək,
yeni doğulacaq insanlarla yolyoldaşlığı
edəcək, başqa
ürəklərə köçəcək,
qəlblərə hopacaq,
özünə yeni-yeni
doğmalar tapacaq.
SÖZ həmişə dildən-dilə gəzəcək,
yaşayacaq, var olacaq, ümidsiz, inamsız insanlara yar olacaq, adamların
ürəklərinə, qəlblərinə
cığır açıb
yol tapacaq, heç vaxt dillərdən düşməyəcək,
könüllərdən silinməyəcək.
Əbədi, əzəli olacaq SÖZ, bu dünyada həmişəlik yaşayacaq
SÖZ. Zamanla, vaxtla ayaqlaşacaq! Sözün yolu, cığırı
həmişə gəlimli-gedimlidir.
İşıqlıdır, təzə-tərdir, təravətlidir, canlı
və oyaqdır.
SÖZ dar məqamda,
çətin anda hamımıza, hər birimizə mənəvi dayaqdır.
Dünyada sözdən gözəl,
ülfətli, qüvvətli,
əzəmətli, hikmətli
nə var ki? Dünyanın dahi insanları
ülvi hisslərini, qiymətli və dəyərli fikirlərini,
əsərlərini sözlə
danışıblar, sözlə
yazıblar, sözdən
alışıb, sözlə
yanıblar, ətəyindən
möhkəm tutublar, ona güvəniblər.
SÖZ ona tapınanları
heç vaxt darda qoymayıb, yarı yolda atmayıb. Qolları üstünə götürüb onları
zirvələrə qaldırıb.
SÖZ həmişə vəfalı, sədaqətli
olub.
Qərinələrdir bütün olanlar, qalanlar sözün qüdrəti ilə yaşayır. Sətir-sətir, cümlə-cümlə boy atır, pöhrələyib
yarpaqlayır, tumurcuqlayıb
çiçək açır.
Əlahəzrət söz bu günümüzə çatmaq
üçün ulu keçmişlərdən keşməkeşli,
enişli-yoxuşlu yol
gəlir. Bu yerişlə, bu gedişlə, sabahlarımıza
da gedib çıxacaq. Ən uca
zirvələrə qalxacaq.
Oradan aram-aram ürəklərə,
qəlblərə axacaq.
Göydən günəş
kimi doğacaq, şimşək kimi çaxacaq, yağış
kimi yağacaq...
Əsrlərdir sözlə yol gedirik, sözə sirdaşıq. SÖZ canımıza hopub ürək sirdaşımıza çevrilib. Sözlə başlanan yol bitib-tükənmir. Hamımız SÖZ körpüsündən keçib gəlmişik. İndi də sözlə birgə yol gedirik, gələcəyə addımlayırıq. Bizdən sonra da indiyə qədər eşidilməyən sözlər deyiləcək, SÖZ yolunda, SÖZ cığırında, sözün çəmənzarında həmişə güllər, çiçəklər açacaq. SÖZ ölümsüzdü. Bu dünyada yalnız SÖZ yadigar qalacaq, yalnız SÖZ. Başqa heç nə…
Bəs mənim necə, yadigar qalası bir sözüm olacaqmı?!..
Vahid MƏHƏRRƏMOV
Aydın yol.-2016.-12 noyabr.-S.12.