Məhbus xanımın ölüm
rəqsi
I yazı
İnsan niyə rəqs edir? Əhvali-ruhiyyəsini, ovqatını, qəlbini
riqqətə gətirən
hissləri bildirmək
üçün. Bəzən
insan sözlə deyə bilmədiyini, ürəyində yığılıb
qalmış həsrəti,
nisgili, sevgini, ən çətin və
müəmmalı mətləbləri
rəqsin dili ilə çatdırır.
İnsanı əl qaldırıb oynamağa kim məcbur
edə bilər? Heç kim!
Əgər daxilindəki təlatüm
istənilən həddə
çatmayıbsa, ürəyinin
səsini eşidə
bilmirsənsə, arzuların
qanadlanmayıbsa, heç
nə alınmayacaq, boş-boşuna ortalıqda
hərlənəcəksən.
Bir də ölüm rəqsi var. İblisin od saçan
vəhşi baxışları
önündə, bəlkə
də, onun acığına, düz ölümün gözlərinə
baxa-baxa, çarəsiz
çırpınan kəpənək
kimi süzürsən,
musiqisiz-filansız. İblis
dişlərini qıcıyıb
gözləyir ki, rəqs bitsin: “Faydası yoxdur, əvvəl-axır mənimsən!” Amma oynayan adam
üçün bu rəqs bəlkə də, taleyin son fürsətidir, ömrünə
ayrılmış vaxtı
uzatmaq üçün
bəhanədir. Ona görə də elə hey oynayır... Bədəninin bütün məsamələri
hərəkət edir,
ruhu başına fırlanır.
...Heç kim əl çalmırdı, heç
çəpik vurmağa
da taqətləri yox idi. Bu soyuq, yarıqaranlıq zindanda kimin haqqı vardı ki, cınqırını
çıxarsın? Nəzarətçilər duyuq düşməsin deyə, pıçıltı
ilə danışırdılar. Məhbus Xədicə isə
gözlərini yumub, ortalıqda süzürdü.
Bu ölüm rəqsinə etinasız baxanlar da vardı,
göz yaşı axıdanlar da. Hərə öz gününə ağlayırdı. İndi çöhrəsi
solmuş, cavan ikən qocalmış, “Vətən xaini” damğası vurulmuş, qəm-qüssədən beli
bükülmüş, əyninə
nömrələnmiş qara
sırıqlı geymiş
bu qadın məhbuslar bir müddət əvvəl evlərin yaraşığı,
ərlərin sevimlisi,
gül balaların anası, Azərbaycanın
adlı-sanlı şəcərələrinin
davamçıları idilər.
İndi zaman və məkrli
İblis bu günahsız qadınları
bir damın altına toplamışdı.
...1938-ci ilin yağışlı payız axşamı NKVD zindanının soyuq döşəməsində ölüm
rəqsi ilə sanki quş kimi havada süzən
Xədicə Qayıbova
da məhkumluq həyatı yaşayan 30 adlı-sanlı qadından
biri idi. O, Azərbaycanın
ilk peşəkar qadın
pianoçusu və bu alətdə ilk muğam ifaçısı
kimi tanınırdı.
1893-cü il mayın 24-də Tiflisin məşhur müsəlman
ruhanisi Osman Müftizadənin ailəsində
dünyaya gəlmişdi.
Atası
qızına mükəmməl
təhsil vermək arzusunda idi. Ona görə də övladını Müqəddəs
Nina qızlar məktəbində
oxutmuşdu. Xədicə ilk musiqi təhsilini burada almış, musiqi nəzəriyyəsini,
fortepianoda çalmağı
öyrənmişdi. Bir müddət
Tiflisdəki tatar məktəbində dərs
deyəndən sonra
1919-cu ildə həyat
yoldaşı Nadir Qayıbovla
birlikdə Bakıya köçmüşdü.
Onun evində
mütəmadi olaraq musiqi məclisləri keçirilirdi. Ü.Hacıbəyov,
F.Köprülüzadə, R.Qlierin, L.Rudolf, M.Pressman, Sarabski, Bülbül, eyni zamanda, Azərbaycanın və Türkiyənin dövlət adamlarının,
görkəmli ziyalılarının
iştirak etdiyi musiqi gecələrində
Xədicə Qayıbova
Azərbaycan milli musiqisinin gələcəyi,
xalq nəğmələrinin
mühafizə olunması,
qadın musiqiçilərin
təhsil imkanları haqda müzakirələr aparırdı. Onun təşəbbüsü ilə 1920-ci ildə qadın musiqi müəllimləri hazırlamaq
üçün “Qısamüddətli
Şərq musiqisi kursları” açıldı,
uşaq xoru yaradıldı. Xədicə xanım həm də Bakıda ilk Türk Konservatoriyasının
yaradıcısı idi.
O, bir müddət Azərbaycan Maarif Komissarlığında Şərq
musiqisi şöbəsinə
rəhbərlik etmiş,
həmin dövrdə
qadınlar üçün
Musiqili Dram Teatrının
açılmasına nail olmuşdu.
Xədicə Qayıbova 1934-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında
müəllimlik edirdi.
1938-ci ildə isə əvvəlcə Xədicə xanımın
həyat yoldaşını
əks inqilabçı
və millətçi
ittihamı ilə həbs etdilər, sonra da növbə
özünə çatdı.
...Xədicə qəfildən
dayandı. Sanki nəyi isə xatırlayırmış kimi
bir müddət məhbəsin ortasında
səssizcə donub-qaldı.
Sonra ağır addımlarla gedib çarpayıda oturdu. Çox dalğın görünürdü.
Məhbus yoldaşı,
“xalq düşməni”nin arvadı kimi tutulmuş S.M.Əfəndiyevin həyat
yoldaşı Zivər
Əfəndiyevaya qısıldı.
- Zivər, barmaqlarım donur...
Zivər xanım onun əllərini ovcuna aldı, ovuşdurdu. Xədicə elə bil yuxuda
idi, ayıla bilmirdi. Bayaq onu müstəntiqin
yanına aparmışdılar.
Qayıdanda çox bədbin görünürdü,
zindana girən kimi də rəqs
etməyə başlamışdı...
... -Vətəndaş Qayıbova, sizin və ərinizin dövlət əleyhinə
apardığı təbliğatdan,
pozucu əməllərdən
xəbərimiz var. İmtina
etməyinizin mənası
yoxdur. İfadə verin, məsələ
bitsin. Özünüzü
də, bizi də incitməyin!
Azərbaycan Daxili Işlər Xalq Komissarlığının
Dövlət Təhlükəsizlik
İdarəsi birinci bölməsinin 3-cü şöbə
rəisinin müavini,
leytenant Tevosyan bu sözləri deyə-deyə qadının
gözlərinin içinə
baxırdı. Erməni müstəntiqin üz-gözündən qəzəb
yağırdı.
- Mənim, həyat yoldaşımın heç
bir günahı yoxdur, dövlət əleyhinə heç bir pis iş
tutmamışıq...
- Doğrudan? Sizcə, biz dəli olmuşuq?
Görün bu qovluqda nələr var! Oxuyanda adamın tükləri
biz-biz olur.
- Bizi nahaqdan tutublar.
Mən musiqiçiyəm, piano müəllimiyəm,
Vətən xaini deyiləm.
Erməni
müstəntiq od püskürdü:
- Bu dəqiqə sənin o
piano çalan barmaqlarını
sındıraram, bəlkə,
ağlın başına
gəldi! Pianoçuya
bax! Müsavatçı Mustafa Vəkilovu evində gizlətmisən,
sonra da Türkiyəyə qaçmasına
şərait yaratmısan.
Bəs 1924-cü il necə, yadındadır?
Türk ordusunun zabiti
Sultan Hüseynzadəni də
evində gizlədib İrana yola salmısan. İndi o, alman və
yapon kəşfiyyatına
xidmət edir. Deməli, sən də casussan, onlarla əlbirsən!
– Tevosyan yumruğunu masaya vurdu. – Birdir, ikidir bəyəm, hansını
deyim?
Xədicənin baxışları qalın
qovluğa zillənmişdi.
- Məni bundan əvvəl iki dəfə tutublar. Günahsız olduğum üçün azad ediblər...
Müstəntiq onun sözünü
kəsdi:
- Mən o maymaqlardan deyiləm. Sən hələ Tevosovu yaxşı tanımırsan!
...Zivər xanım hələ də Xədicənin barmaqlarını
ovuşdururdu.
- Zivər, düşünəndə
ki, bu barmaqlar
bir də pianonun dillərinə toxunmayacaq, dəli oluram.
- Darıxma, Xədicə, hələ uşaqların
toyunda o qədər çalıb oxuyacağıq
ki!
Xədicənin gözləri doldu. Amma ağlaya
bilmirdi. Mərd qadın
idi, həyatda heç nə onu sındıra bilməzdi.
- Uşaqlardan nigaranam. Görəsən, salamatdırlar? Bu qansızlardan nə desən gözləmək
olar...
O, Zivər xanıma bir az da qısıldı. Çünki ölüm kabusunun meydan suladığı bu qaranlıq məhbəsdə
onun Zivər xanımdan savayı, heç bir dayağı yox idi...
Fərhad
SABİROĞLU
Aydın yol.-2016.-12 noyabr.-S.4.