Bir günün
nigarançılığı
Ernest HEMİNQUEY,
(ABŞ)
O, pəncərələri bağlamaq üçün otağa daxil olanda biz hələ yatağımzdan qalxmamışdıq. İçəri girən kimi, xəstə olduğunu hiss elədim. O titrəyirdi, sifəti ağappaq ağarmışdı. Asta yerişindən harasınınsa ağrıdığı hiss edilirdi və sanki hər addım atdıqca ağrısı daha da çoxalırdı.
- Nolub sənə, Şatz?
- Heç nə, bir az başım ağrıyır.
- İstəyirsən, get bir
az uzan.
- Yox, yaxşıyam.
- Get, get bir az uzan, paltarımı geyinib mən də gəlirəm.
Amma mən aşağı düşəndə
o, yerində uzanmamışdı. Paltarları əynində
buxarı qarşısında
oturmuş və doqquz-on yaşlı xəstə, yazıq bir oğlan uşağının görkəmini
almışdı. Əlimi alnına
qoyan kimi, qızdırmasının olduğunu
hiss elədim.
- Şatz, get otağına,
bir az
yat, xəstələnmisən.
- Yox, istəmirəm, yaxşıyam.
Bir azdan həkim çağırdıq. Həkim gələn
kimi, ilk işi xəstənin hərarətini
ölçmək oldu.
- Neçədi?- həkimdən soruşdum.
- Yüz iki.
Həkim
müxtəlif rəngli
kapsullarda üç dərman verdi,
gedərkən onlardan
necə istifadə etmək lazım olduğunu dedi. Dərmanlardan biri qızdırmanı
salmaq, digəri turşuluğun artmasının
qarşısını almaq
üçün idi.
Üçüncü dərman isə
işlətmə dərmanı
idi. Həkim izah elədi
ki, turşuluğun qarşısı alınmasa,
xəstə qripə tutula bilər. Deyəsən, o, qrip haqqında
hər şeyi bilirdi, əgər qızdırması yüz
dörd dərəcədən
yuxarı qalxmasa və xəstə pnevmaniyadan qoruna bilsə, qorxulu heç nə yoxdur.
Həkimi yola salandan sonra
balaca bir kağızda Şatzın
temperaturunu və dərmanların verilmə
vaxtlarını yazdım.
- Bəlkə, sənə nəsə oxuyum, qulaq asasan, Şatz?
- Bilmirəm, oxumaq istəyirsənsə, oxu,- dedi.
Onun rəngi-rufu
hələ də ağappaq idi, gözlərinin altı qaralmışdı. Sakitcə çarpayıda uzanmış və sanki bütün ətrafındakılardan uzaqlaşaraq
öz aləminə qapılmışdı.
Mən ucadan Hovard Paylın “Piratların kitabı” əsərini oxumağa başladım. Amma bir az oxuyan kimi gördüm
ki, fikri başqa yerdədir.
- İndi necəsən,
Şatz? - soruşdum.
- Elə bayaqkı kimi, - dedi.
Mən çarpayının
ayaq tərəfində
oturub o biri dərmanın vaxtı gələnəcən özüm
üçün kitab
oxumağa başladım. Bir neçə
səhifə oxuduqdan sonra elə bildim ki, o, artıq
yuxuya gedib. Amma gözlərimi kitabdan qaldıranda onun oyaq olduğunu və çox qəribə bir tərzdə çarpayının
ayağına baxdığını
gördüm.
- Niyə yatmırsan? Yum gözlərini, bir azca yat.
Dərmanın vaxtı gələndə
səni oyadaram.
- Yox, yatmaq istəmirəm,
oyaq qalmaq istəyirəm.
Bir neçə dəqiqədən
sonra isə dedi:
- Ata, əgər darıxırsansa,
get. Mən tək də
qala bilərəm.
- Yox, narahat olma,
darıxmıram.
- Yəni, deyirəm getmək istəsən, get. Mənə görə narahat
olma.
Mənə elə gəlirdi ki, o, qızdırmanın
təsiri ilə belə danışır. Saat on birdə onun dərmanını verəndən
sonra bir az təmiz
havada gəzmək üçün evdən çıxdım.
Hava soyuq, amma günəşli idi. Hər tərəfi örtmüş
nazik qar donduqdan sonra adama elə təəssürat bağışlayırdı
ki, sanki bütün çılpaq
ağaclar, kol-kos, yerə tökülmüş
çır-çırpı, otlar və torpaq
qarla rənglənib.
İrland cinsindən olan
balaca, qırmızı
itimiz də yanımda idi. Yollar buzlu olduğundan, it yeriməkdə çətinlik
çəkir, tez-tez sürüşərək yıxılırdı.
Mən özüm də iki dəfə yıxıldım. İkinci dəfə
yıxılanda ov üçün özümlə
götürdüyüm tüfəngi
də əlimdən saldım.
İlk hədəfim
ətrafını kol-kos
örtmüş təpənin
aşağısındakı kəklik dəstəsi oldu. Onlardan ikisini vura bildim. Sonra kəkliklər havaya
uçub təpənin
arxasında gözdən
itdilər. Bəziləri ağacların budaqlarına
qondu. Çoxu isə sıx
kolların arasına girib görünməz oldular. Oradan çıxmaları üçün qarla örtülü kolların
üstünə tullanıb
onları hürkütmək
lazım idi. Bu vəziyyətdə də
dəqiq nişan
almaq mümkün olmurdu. Ona görə də
cəmi ikisini vura bildim. Beş gülləm hədəfdən
yayındı. Sonra vurduğum
kəklikləri də
götürüb, növbəti
günlər burada ov edəcəyimi düşünərək kefi,
kök halda evə yollandım.
Evdə dedilər ki, Şatz heç kimi otağına buraxmır.
- Gəlməyin, istəmirəm,
- deyirdi, - istəmirəm,
siz də mənim kimi xəstələnəsiniz.
Mən onun otağına qalxdım. Gedərkən onu necə qoymuşdumsa,
elə o vəziyyətdə
də qalmışdı.
Sifəti yenə də
ağappaq idi və yenə də gözlərini çarpayının ayağına
zilləmişdi. Qızdırması olduğundan, yanaqlarında
xəfif bir qızartı da vardı.
Onun istiliyini
ölçdüm.
- Nə qədərdi?
- Yüzə yaxın. - cavab verdim.
Amma əslində yüz iki yarım idi.
- Səhər yüz iki idi - dedi.
- Sən hardan bildin?
- Həkim deyəndə eşitdim.
- İstiliyin çox
da yüksək deyil, narahat olma.
- Narahat olmuram, - dedi - amma fikirləşməkdən
özümü saxlaya
bilmirəm.
- Fikirləşmə, nə
fikirləşirsən? Bir
az rahat
ol.
- Rahatam onsuz da.
- dedi və başını qaldırıb
qabağa baxdı.
Deyəsən, o, nəsə başqa bir şeyi özünə
əməlli-başlı dərd
eləmişdi.
- Al, bu dərmanı da iç.
- Səncə, bunların bir xeyri olacaq?
- soruşdu.
- Hə, əlbəttə, olacaq.
Bir azdan piratlar haqqında kitabı ucadan oxumağa başladım. Amma o yenə
də məni dinləmirdi. Ona görə
də oxumağı dayandırdım.
- Ata, səncə, nə vaxt öləcəm?
- Nə?
- Deyirəm, səncə, ölməyimə
nə qədər qalıb?
- Nə ölmək? Nə danışırsan?
- Mən bilirəm. Həkim deyəndə eşitdim ki, istiliyim yüz
ikidir.
- Yüz iki dərəcədən
heç kim
ölmür. Nə boş-boş
danışırsan?
- Məni aldatma, ata! Fransada oxuyanda uşaqlar
deyirdilər ki, adamın qızdırması
qırx dörddən
yuxarı qalxanda ölür. Mənimki yüz
ikidir.
Sən demə,
o, düz səhər
saat doqquzdan, bütün günü ölümünü gözləyirmiş.
- Ay səni, səfeh Şatz,- mən
dedim - Allah sənə
ağıl versin. Bunlar başqa-başqa şeylərdir.
Kilometrlə mil kimi. Ölüb eləməyəcəksən,
qorxma. Bu termometr başqasındandır.
Burada doxsan səkkiz dərəcə normaldır.
Sən dediyində isə otuz yeddi dərəcə
normaldır.
- Düz deyirsən?
- Hə, düz deyirəm. Bunlar kilometrlə mil kimi
fərqli şeylərdir.
Bax, məsələn, biz maşınla
yetmiş mil gedəndə
neçə kilometr getmiş oluruq?
- Hə, başa düşdüm - Şatz
dedi və çarpayının ayağına
dikilmiş baxışlarındakı
narahatlıq yavaş-yavaş
itməyə başladı.
Elə bil ki, çiyinlərindən
dağ boyda yük götürüldü.
Səhərisi gün o, ən
xırda şey üçün belə ağlayıb axşamacan yatağından qalxmadı.
Tərcümə
edən: Təvəkkül ZEYNALLI
Aydın yol.-2016.-5 noyabr.-S.13.