Saday Budaqlı:
“Bulqakov, bəlkə də, mistik
qüvvələrin Yer üzündəki
nümayəndəsi olub”
“Aydın yol” qəzetinin “Ən bəyəndiyim
tərcüməm” adlı rubrikasının növbəti
müsahibi tanınmış tərcüməçi-yazar
Saday Budaqlıdır. O, bizimlə söhbətdə, tərcümə
etdiyi Mixail Bulqakovun “Master və Marqarita”
romanı haqqında fikirlərini bölüşür:
- Saday
müəllim, öncə romanın tərcümə
tarixçəsindən danışaq. Necə oldu
ki, Mixail Bulqakovun “Master və Marqarita” romanını tərcümə etmək
qərarına gəldiniz?
- 1980-ci illərin axırlarında mərhum tərcüməçimiz Natiq Səfərovla birgə “Yazıçı” nəşriyyatında çalışırdım. O, eyni zamanda Azərbaycan Dövlət Radiosu ilə də əməkdaşlıq edirdi. Bir gün “Master və Marqarita”nın pyes formasına salınmış variantını gətirdi ki, onu radio üçün tərcümə edim. Özünün vaxtı olmadığı üçün bu işi mənim görməyimi istədi. Mən də bir həftə müddətinə radiopyesi tərcümə etdim. Əsər indi də radionun “Qızıl fondu”nda qorunur. Sonra yaradıcılığımda bir müddət fasilə yarandı. Sözdən uzaq düşməmək üçün tərcümə ilə məşğul olmaq qərarına gəldim. Fikirləşdim, elə bir əsəri tərcümə edim ki, yaşasın, ədəbiyyatımızda qalsın. Beləcə, “Master və Marqarita”nın tərcüməsinə başladım. Heç bir yerdən sifariş almamışdım, sadəcə, tələsmədən özüm üçün romanı dilimizə çevirirdim.
Roman çox mürəkkəbdir, tərcümə prosesində xeyli çətinliklər meydana çıxırdı. Amma mən bilmədiyimi soruşmaqdan utanan adam deyiləm. Odur ki, bir çətinlik olan kimi soruşurdum, öyrənirdim, dəqiqləşdirəndən sonra tərcümə olunan varianta əlavə edirdim.
“Master və Marqarita”nı tərcümə etdiyimi bilənlər var idi. “Şərq-Qərb” nəşriyyatı o zaman latın əlifbası ilə 50 cildlik dünya ədəbiyyatı nümunələri çap edirdi. İlk dəfə onlardan təklif gəldi.
- Tərcümə prosesində
romandakı hansı detallar sizə daha çox çətinlik
yaratdı?
- “Master və Marqarita“ “roman içində roman”
prinsipi ilə yazılıb, üç
romandan ibarətdi. Biri, Masterin yazdığı Ponti Pilat dövrünə
aid roman, ikincisi, Masterlə
Marqaritanın sevgi romanı, üçüncüsü
isə 1930-cu illərin
Moskvası haqqında
roman. Onların da hərəsi
özünəməxsus yanaşma
tələb edirdi.
İşin bu tərəfi
çətinlik yaradırdı.
Əsas mürəkkəblik bunda idi. Hər romanın özünəməxsus
üslubu tərcüməçidən
əlavə bacarıq
tələb edirdi.
Bəlkə də, bu səbəbdən romanın tərcüməsi
2-3 il çəkdi.
- Bulqakovun özü kimi, şah əsərinin də faciəvi taleyi olub...
- Bulqakov bu romanı
bir neçə dəfə yazıb. Elə olub, yazdıqlarını
yandırıb da.
Doqquz ilə yazılsa da, bu, onun
bütün ömrünün
kitabıdır. Romanın əvvəlcə
bir fəsli çap olunub. Bulqakov da ondan sonra
təzyiqlərə məruz
qalıb. Tamaşaları səhnədən yığışdırılıb.
“Master və Marqarita”ya
görə çox əziyyət çəkib.
Ömrünün son illərində, ümumiyyətlə, yazmaq
iqtidarında olmayıb.
Özü deyib, arvadı
yazıb. Əsərə yenidən yanaşmaq, onu redaktə etmək gücündə
olmayıb.
- Məşhur yazıçılardan biri
deyib ki, “Master və Marqarita”ya yalnız roman desək, onu kiçiltmiş olarıq. O nədirsə, tamam başqa
dünyadır. Saday müəllim,
fikrinizcə, “Master və Marqarita”
mahiyyət etibarilə nədir: yalnız roman,
yoxsa fərqli dünya?
- Öz quruluşuna,
mahiyyətinə görə “Master və Marqarita” nəhəng əsərdir. “Fərqli
dünyanı” sənə doğmalaşdıran, öz ağrı-acısını sənə
də yaşadan, səninki edən – əsərdir.
Hərdən adama suallar
verirlər ki, başqa
planetə getsəniz, özünüzlə hansı kitabı
aparardınız? “Master və Marqarita” məhz belə kitablardandır.
- Bulqakovun fiziki və ruhi ağrıları onun iblisə münasibətinə nə dərəcədə təsir göstərib? Onda Allaha etiqad var, amma ömrünün sonunda yaşadığı ağrıların nəticəsində sanki iblisdən imdad diləyir...
- Bildiyimə görə, Bulqakov
ateist olub. Bilirsiz, burada bir məsələ
var. Niyə Bulqakov iblis Volandı müsbət qəhrəman
kimi təqdim edir? Şərq mədəniyyətində bu yoxdur. Bu, Avropa mədəniyyətindən
gəlir: heç nəyə birmənalı
yanaşmamaq, hər şeyi yaxşılığı,
pisliyi ilə bir yerdə qəbul etmək. Hötenin “Faust”unda da belədir.
Bu, sadəcə, ədəbi gedişdir.
Bulqakov kimi bir şəxsiyyətin
iblisdən imdad diləməsi absurddur.
- Bulqakov “Master və Marqarita”nı
öz taleyinin, həyat ağrılarının
əsəri kimi ustalıqla qələmə
alıb. Onun Moskvası Ponti
Pilat dövrünün
Romasına nə qədər yaxındır?
- Bulqakov romanda Ponti Pilat dövrünün
Roması ilə öz zamanının Moskvası arasında müəyyən paralellər
aparır. Hər iki dövrdə
bir-biri ilə kəsişən detallar
var. Dövrünün sosial
faciələrini, Xeyirlə
Şərin mübarizəsini
çatdırmaq üçün
bunu bir vasitə kimi götürür. Son nəticədə isə yaşadığı mühitin
ağrılarını vermək
istəyir. Əslində iki fərqli dövr arasında mahiyyət dəyişmir.
Geyimlər, binaların görkəmi
dəyişsə də,
insan öz yaxşılığı, pisliyi
ilə yenə həmin insandır. Heç bir inqilab onu
dəyişdirməyə qadir
deyil.
- Romandan sonra “Bulqakov Moskvası” anlayışı
yarandı. Tərcümə
zamanı zülmət
içində olan “Bulqakov Moskvası”nın təmizlənməsinə,
mənəvi cəhətdən
xilasına inanırdınız?
- Bulqakovun Moskvası, təbii ki, xilas ola
bilməzdi. Onun belə bir fikri də yox
idi. Əksinə, o, heç nəyin
dəyişmədiyini, insanın
dəyişə bilməyəcəyini
göstərir. Volandın Varyete
teatrındakı magiya
seansı məhz buna xidmət edir. Volandın missiyası isə
gerçəklikləri bütün
çılpaqlığı ilə göstərib, pisləri cəzalandırmaq,
əzabkeşlərə – Masterə,
Marqaritaya əbədi
rahatlıq bəxş
etmək olur. Bulqakov inqilabı cəmiyyətə
və insanı xoşbəxtliyə aparmaq
ideyasına kinayə ilə yanaşır.
Elə bu inqilablar Rusiyanın özünü əsrlərlə
geri atdı...
- Roman müəmmalarla dolu olsa da, kifayət
qədər gerçək
əsərdir. Sosial gerçəklik burada çılpaqlığı ilə
əks olunub...
- Öz zamanında bu cür gerçəkliyi
mistik fonda
yazmaq böyük ustalıq tələb edirdi. Bulqakov bir şəxsiyyət
kimi də çox mistik insan, bəlkə də, mistik qüvvələrin Yer üzündəki nümayəndəsi
idi.
- Sosial gerçəkliyə bu qədər dərin mistik duman altından
baxmağa, sizcə, nə dərəcədə
ehtiyac var idi?
- O, hələ bu cür yanaşa-yanaşa nə qədər əziyyətlər çəkdi.
Yazıçı təxəyyülüdür, Bulqakov da gerçəkliyi
bu cür vermək istəyib. Həm də Bulqakovun özü mistik şəxsiyyət idi.
Sizə qəribə bir şey deyim:
onun yaradıcılığına
müraciət edəndə
çap haqqında düşünməmişdim. Sadəcə, özüm üçün
tərcümə edirdim.
Amma tərcüməyə başlayan
zaman ard-arda sifarişlər aldım.
Roman bir neçə
dəfə çap olundu. Bu tərcümənin
mənə maddi və mənəvi köməyi çox oldu. Bulqakova yanaşmanın özündə
də qəribə mistika var.
- Belə anladıq ki, bu mistika
tərcümə prosesində
sizinlə baş-başa
olub. Sizi çox heyrətləndirib...
- Hər bir gözəl
əsər insanı yaxşı mənada heyrətləndirir. Hansısa böyük
yazıçının əsəri,
yaxud öz dostunun yazdıqları da səni heyrətləndirə
bilər. Onu da deyim ki, romana
yenidən qayıtmaq,
əl gəzdirib şərhləri ilə bir yerdə çap etmək fikrim var. Həmin şərhlər Bulqakovun
otuzuncu illər Moskvasına, xristianlıqla
bağlı mətnlərə
necə yanaşdığını
aydın göstərir.
- Saday müəllim, sonda bir suala cavab
almaq istərdik: sizin üçün “Master
və Marqarita” kimi mürəkkəb və çoxqatlı romanın əsas mahiyyəti nədən ibarətdir?
- İndi məsələ
dönən bir ifadə var: “Əlyazmalar yanmır”. Hamı öz
ömrünü yaşayır
və bacardıqca onu mənalı eləməyə çalışır.
Ancaq günlərin bir günü ruhdan düşür, nələrsə ürəyini
bulandırır və
necəsə, hər şeyə nöqtə qoyur: ya indiyə
qədər elədiklərinin
üstündən xətt
çəkir, ya öz həyatına son qoyur. Ancaq sən öz
həyatını doğru-düzgün
yaşamağa, onu mənalı etməyə
çalışmısansa, səndən sonra heç nə itmir, səndən sonra bu göy
qübbəsi altında
nəsə qalır.
Odur ki, yaşadığın
ömrə görə
peşman olmaq lazım deyil. “Axı əlyazmalar
yanmır”.
Roman, bax bu barədədir.
Elmin NURİ
Aydın yol.-2016.-5 noyabr.-S.6.