Məhbus xanımın ölüm rəqsi

II yazı

 

Soyuq, yarıqaranlıq, ölüm kabusu dolaşan darısqal otağın divarı qan susayıb. Bu divarlar minlərlə ölüm hökmünə, bir güllə ilə xoşbəxt həyatını və şirin arzularını itirən insanların son anına şahidlik edib, zavallı, günahsız adamların ah-naləsinə, göz yaşına, hıçqırığına dözməyib, qaralıb, bozarıb, qocalıb, heç rəngibilinmir.

 

1938-ci il, 19 oktyabr axşamı. Tavandan asılmış yeganə elektrik lampasından süzülən zəif işığın altında dayanmış hərbi geyimli üç adam üçün otağın ölçülərinin, divarın rənginin və küncə sıxılmış məhbusun kimliyinin fərqi yoxdur. Görünür, bu işə çoxdan alışıblar. Qısa boylu, dolu bədənli, eynəkli hərbçi gözünü kağızdan - tribunalın qərarından çəkmir, sürətlə, birnəfəsə, nöqtəsiz-vergülsüz oxuyur. Çalışır ki, canını bu zəhlətökən mətndən tezliklə qurtarsın. Yanında dayanmış cılız, hündürboy, gözündən məkr, çöhrəsindən hiyləgərlik yağan adamı isə qadın yaxşı tanıyır. Bu, hətta soyadı belə məhbusları qorxuya salan, günahsız adamlara işgəncə verməkdə ad çıxarmış cəllad - Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini, leytenant Tevosyandır. Hökm səsləndikcə, başını tərpədib gözlərini qıyır, otağın qaranlıq küncündəki qadının üzünə baxmağa çalışır.

 

Üçüncü adam, yəqin cəlladdır, ölüm hökmünü yerinə yetirəcək” – Xədicə özlüyündə belə düşündü. Otaqda yalnız onun gördüyü dördüncü varlıq da dolaşırdı. Bu, İblis idi, səbirsizliklə məsələnin bitməsini gözləyirdi, vücudu od püskürürdü, hərdən də müdhiş qəhqəhələriylə qaranlıqda qeyb olurdu.

 

Onsuz da Xədicə heçeşitmirdi. “Bu erməni axır ki, dediyini elədi, yalana, böhtana elə don geyindirdi ki, eşidən dəhşətə gələr. Vətən xaini, casus, millətçi, əks-inqilabi fəaliyyət, dahabilim, nələr...” Xədicə ömrünün son dəqiqələrində bu sözləri eşitməmək üçün gözlərini yumub ürəyində piano üçün işlədiyi muğamlardan birini səsləndirməyə başladı. Əlləri qandallı idi, amma soyuqdan donmuş nazik barmaqlarını yavaşca tərpədirdi, sanki pianonun dilləri üstündə gəzdirirdi. Musiqinin ruhu onu alıb uzaqlara apardı...

 

“Çıxış edir, Azərbaycanın ilk qadın pianoçusu, istedadlı musiqiçipedaqoq, ictimai xadim Xədicə Qayıbova!”

 

Aparıcının cingiltili səsi Filarmoniyanın zalında əks-səda verdi. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının növbəti ildönümü münasibəti ilə təntənəli tədbirdən sonra konsert verilirdi. Zalda respublikanın partiya və hökumət rəhbərləri, adlı-sanlı elm və incəsənət xadimləri əyləşmişdilər.

 

Xədicə xanım həyəcandan titrəyən zərif barmaqlarını pianonun dillərinə toxundurdu, Muğam kompozisiyası çaldı. Bu, qəlbindən süzülən sirli bir melodiya idi... Xədicə bironda ayıldı ki, salonu gurultulu alqış sədaları bürüyüb. Dəfələrlə təzim etdi, həyəcandan ayaqları dolaşa-dolaşa səhnə arxasına keçdi.

 

Qrim otağının qapısı döyüləndə Xədicə hələ konsert libasını dəyişməmişdi. Gələn filarmoniyanın inzibatçısı idi. Əlində böyük çiçək dəstəsi vardı.

 

- Xədicə xanım, bu, məxsusi sizin üçündür. Göndərən şəxs dedi ki, onu tanımırsınız. Söylədi ki, çiçəklərin arasında sizə çatacaq məktub var. Xahiş elədi, oxuyasınız...

 

Xədicə çiçək dəstəsini məmnunluqla qəbul etdi. Düşündü ki, yəqin pərəstişkarlardan biri göndərib. Güllər həqiqətən gözəl idi – tər qızılgüllər sanki indi dərilmişdi.

 

- Bəs adını söyləmədi?

 

- Xeyr, gülləri verib getdi.

 

- Qəribədir, niyə adını gizlədib? Gərək soruşaydınız. Heç olmasa, diqqətinə görə təşəkkürümü bildirərdim...

 

- Orta yaşlı adam idi, eynəkli. Amma əvvəllər onu konsertlərdə heç görməmişəm...Yaxşı, mən gedim...     

 

Xədicə gülləri masanın üstünə qoydu, güldanı götürüb su ilə doldurmaq istədi. Birdən gözünə məktub sataşdı. Tələsik zərfi açdı. Təmiz səliqəli xətlə yazılmışdı. Görünür, müəllif onu konsertdə yox, əvvəlcədən hazırlamış, sonra da çiçək dəstəsinin arasında gizlətmişdi.

 

Əziz Xədicə xanım. Gözəlliyinizə sənətinizə vurğunam. Amma özümlə bacara bilmirəm. Sizə qarşı hisslərim elə güclüdür ki, dəli olmaq dərəcəsinə çatmışam.

 

Sizinlə daha yaxın münasibətdə olmaq, füsunkar gözəlliyinizdən, ilahi çöhrənizdən hər an zövq almaq, saçlarınızı sevə-sevə oxşamaq istəyirəm. Əgər görüşümüzə razılıq versəniz, gələn konsertdə sizə çiçək məktub göndərəcəyəm...”

 

Xədicə məktubu bir kənara tulladı. Əhvalı pozuldu. İndicə səhnədən böyük sevinclə ayrılmışdı, uğurlu çıxışından ürəyi fərəhlə döyünürdü. Hər şey bir göz qırpımında yox oldu. Düşündü: “Məktubu kim göndərib? Hansı haqla, hansı cəsarətlə mənə belə sözlər yazıb? Bəlkə təxribatdır? Mənə ləkə yaxmaq, yüngül əxlaqlı qadın damğası vurmaq istəyirlər?” Xədicə bu suallara cavab axtara-axtara son vaxtlar həyatında baş verən hadisələri xatırladı. Hər şey heç hamar getmirdi.

 

Xədicə hiss edirdi ki, özünün ailəsinin hər addımına göz qoyurlar. Şübhələr tezliklə özünü doğrultdu. Həyat yoldaşını yalan ittihamlarla həbs etdilər, özünü iki dəfə gəlib evdən apardılar, bir neçə gün həbsxanada saxlayıb buraxdılar. Xədicə bütün bu bəlaların hardan gəldiyini yaxşı başa düşürdü: gözəgəlimli, yaraşıqlı qadın idi, şəhərdə onun haqqında cürbəcür xoşagəlməz söz-söhbətlər dolaşırdı. Bu şayiələri kim hansı məqsədlə yayırdı? Bəli, onun uğurlarına qibtə ilə yanaşanlar, ailəsinə paxıllıq edənlər çox idi. Amma yaxın çevrəsi onun necə namuslu ailəsinə sadiq bir qadın olduğunu yaxşı bilirdi. Nəhayət, üçüncü dəfə zindana atılanda başa düşdü ki, sonu yaxınlaşıb.

 

...Tevosyan dindirmə zamanı onu çək-çevirə salmaq, ən yaxın çevrəsindəki adamlar barədə şərə imza atdırmağa çalışırdı. Xədicə isə sözünün üstündə möhkəm dayanmışdı, əyilmək, satılmaq fikri yox idi. Bu dəfə dözməyib müstəntiqin üstünə bağırdı:

 

- Mən İblislə müqavilə bağlamıram!

 

...Nəhayət, hökmün oxunuşu bitdi. Kağızı oxuyan hərbçi rahat nəfəs alıb cib dəsmalı ilə üz-gözünün tərini sildi. Tevosyan zəfər çalmış sərkərdə kimi ucadan dedi:

 

- Məhkim Qayıbova! Hökmə əsasən, son sözdən məhrum olunursunuz!

 

Xədicə ora-bura vurnuxub qəhqəhə çəkən, onu ölüm girdabına dartan adam cildinə girmiş bu İblislərin məkrli niyyətinin qarşısında əyilmədi, sınmadı. Cəllad tapançanın tətiyini çəkəndə yalnız bunu təkrarlamağa macal tapdı:

 

- Mən İblislə müqavilə bağlamaram!

 

Fərhad SABİROĞLU

Aydın yol.-2016.-19 noyabr.-S.5.